• cümə, 19 Aprel, 03:12
  • Baku Bakı 18°C

«Sizə istiqamət verən adam doğru yol göstərsə…» - Uğur hekayəsi

20.10.14 10:35 2773
«Sizə istiqamət verən adam doğru yol göstərsə…» - Uğur hekayəsi
O, səhvdən nəticə çıxarmaqla yanaşı, hər bir insanın həyatında yaxşı mentorların, istiqamətvericilərin olmasını vacib hesab edir. Düşünür ki, yol boyu bələdçinin onunla getməsinə ehtiyac yoxdur. Sadəcə yol ayrıclarında hansı istiqamətdə gedəcəyinin ona uğur qazandıracağını göstərsə kifayətdir. Hesab edir ki, təhsildə də, həyatda da bu vacib şərtlərdən biridir. Müsahibimiz Kaspi Liseyinin direktoru Tural Əliyevdir.
- 6-cı sinfə qədər Naxçıvanda 11 nömrəli məktəbdə rus bölməsində təhsil almışam. Azərbaycanda ilk türk liseyi 1992-ci ildə Naxçıvanda açılanda təhsilimi orada davam etdirdim. Rus bölməsindən türk, ingilis bölməsinə keçdim. Oranı bitirəndən sonra həm Türkiyədə, həm də Azərbaycanda ali məktəbə qəbul olundum. Nəticədə Türkiyənin Boğaziçi Universitetinin “Kompyuter və təhsil texnologiyaları” ixtisasını seçdim. Əslində mühəndis olmaq istəyirdim. Boğaziçi Universitetinə qəbul olanda elə bilirdim kompyuter müəllimi olub Vətənə geri dönəcəm. Sonra elə oldu ki, həm universitet olaraq, həm də universitetimizlə əməkdaşlıq edən şirkətlərdən biri ilə elektron təhsil layihələrinə başladıq. Mən də Türkiyənin ən böyük elektron təhsil şirkəti sayılan “Enocta” şirkətində yarım ştat, daha sonra isə tam ştat çalışmağa başladım. “Enocta”da həm şirkətlər, həm də universitetlər üçün elektron təhsil resursları hazırlayırdıq. Buna misal olaraq, Qazaxıstanda yerləşən “Ahmed Yesevi Universitetində” keçilən ənənəvi dərslərin elektron dərs formasında resurslarını hazırlayırdıq və mən də bu layihədə həm təhsil ssenarisinin, həm də məzmunun hazırlanmasında iştirak etdim. Universiteti bitirəndən sonra Türkiyədə o vaxt üçün ən məşhur texnologiya şirkəti olan Netron Texnologiyaları Şirkətinin bir bölməsində çalışırdım. “Enocta”dakı təcrübəmdən fərqli olaraq təhsil qurumları üçün yox, şirkətlər üçün elektron təhsil resursları hazırlayırdıq. “Türk Hava Yolları”, Türk Futbol Federasiyası üçün müəyyən layihələr həyata keçirirdik.
- Deyəsən, nə orta, nə də ali məktəbdə ana dilində təhsil almaq sizə qismət olmayıb...
- Elədir. Bakalavrı da ingilis dilində bitirib bir az çalışandan sonra magistratura pilləsində təhsil almaq üçün Amerika və Böyük Britaniyada ixtisasımla əlaqəli universitetə müraciət etdim. Hər ikisindən müraciətimə müsbət cavab verildi. Böyük Britaniyanın Oksford Universitetini seçdim. Ailəmin məni İngiltərədə oxutdurmaq üçün maliyyə imkanı yox idi. O vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramı yeni başlamışdı, mən də həmin proqrama ilk müraciət edənlərdən biri oldum və təqaüdə layiq görüldüm. Beləliklə, Oksford Universitetindəki təhsil və digər bütün xərclərim ARDNŞ tərəfindən qarşılandı. Bildiyiniz kimi, həmin təqaüd proqramının müəyyən öhdəlikləri var idi və onlardan biri qayıdanda müəyyən bir il ARDNŞ-də çalışmalı idim. Elə də etdim, şirkətin yeni yaradılan kadrların hazırlaması şöbəsində işə başladım. Həmin şöbə şirkət üçün yeni kadrların hazırlanması və mövcud kadrların inkişaf etdirilməsini hədəfləmişdi. İnsan resursları sahəsindəki bu və daha böyük hədəfləri həyata keçirmək üçün ARDNŞ-də İnsan Resursları Departamenti yaradıldı və mən də həmin idarənin Təlim və şöbəsinin rəisi vəzifəsinə təyin edildim, orada işlərimiz həm artdı həm də şaxələndi. Bu dövrdə bildiyiniz kimi, ölkə prezidentinin sərəncamı ilə Bakı Ali Neft Məktəbini yaradıldı və həmin prosesdə də iştirak etdim, həmin ali təhsil müəssisəsinin elektron təhsil şöbəsinin rəisi vəzifəsini icra etdim.
- Necə oldu ki, Bakı Ali Neft Məktəbində şöbə rəisi vəzifəsindən imtina edərək Kaspi Təhsil Şirkətində işə başladınız?
- Bakı Ali Neft Məktəbində bir ilə yaxın çalışandan sonra mən işdən çıxdım. Mənim universitetdə aldığım bakalavr və magistratura təhsili, həmçinin Türkiyədə çalışdığım sahə elektron təhsildir. Özümü bu sahədə görürəm. Gələcəkdə də doktorantura təhsilimi bu sahə üzrə almaq istəyirəm. Hər bir sahə üzrə ölkəmizdə mütəxəssisə ehtiyac var, amma elektron təhsil üzrə Azərbaycanda barmaqla sayılacaq qədər mütəxəssis olduğunu düşünürəm. Mən də 7-8 illik təhsil və iş təcrübəmi kənara atmaq istəmədim. Müəyyən hissəsini ARDNŞ-də, Bakı Ali Neft Məktəbində istifadə etdim, daha sonra elektron təhsil layihələri məni cəlb etdiyindən Kaspi Təhsil Şirkətinə öz sahəm üzrə işə davam etdim. Daha sonra Kaspi Təhsil Şirkəti yaranan gündən şirkətin rəhbərliyinin hədəflədiyi Kaspi Liseyi yaradıldı. Bu dəfə də Kaspi Liseyinin yaradılmasına kökləndik. Liseyin sıfırdan yaradılmasında yaxından iştirak etdim.
- ARDNŞ-də də, Bakı Ali Neft Məktəbində də, Kaspi Liseyində də işin sıfırdan qurulmasında birbaşa iştirakçı olmusunuz. Hansı qurumda işinizin daha çətin olduğunu düşünürsünüz?
- Kaspi Liseyindəki işimi indiyədək çalışdığım ən məsuliyyətli iş hesab edirəm. Çünki digər sahələri müqayisə edəndə təhsil sahəsində tərəflər çoxdur. Bu tərəflərin: valideynlər, onların övladları, müəllimlər, liseyin ətrafında yaşayan insanların hamısının bu prosesə bir başa təsiri var. Tərəflərlə iş prosesi məsuliyyətlidir, əsasən də valideynlərlə. Çünki hər birinin gəldiyi mühit və gözləntiləri fərqlidir. O gözləntiləri idarə etmək lazımdır. Müxtəlif məktəblərdən gələn şagirdlərin, müəllimlərin idarə olunması məsələsini də bunun üzərinə gəlsək, işin asan olmadığını daha aydın şəkildə görmək olar.
- Kaspi Liseyi olaraq əsas hədəfiniz nədir?
- Əsas məqsədimiz ana dilində keyfiyyətli təhsil verməkdir. Bununla yanaşı, ingilis və rus dillərini elə bir səviyyəyə çatdırmaq istəyirik ki, şagirdlərimiz məktəbi bitirəndə bu dilləri öz fikirlərini rahat şəkildə ifadə edəcək qədər mənimsəsinlər. Bir çox orta təhsil müəssisələrindən fərqli olaraq bizim məqsədimiz milli məktəb qurmaqdır.
- Təhsilin insan həyatında rolunu necə dəyərləndirirsiniz?
- “Təhsil”dən çox “öyrənmək” sözündən xoşum gəlir. Çünki təhsildə təhsil verən və təhsil alan tərəf var. Hərçənd ki, təhsil verən tərəf kimi müəllim nəsə verirsə, təhsil alan tərəf onu ala da, almaya da, qavraya da, qavramaya da bilər. Ancaq öyrənmə prosesində fəal rolu öyrənən öz öhdəsinə götürür. Öyrənmə prosesini isə mən davamlı və həyat boyu öyrənmək kimi görürəm. Təhsil bitəndə öyrənmə prosesinin də bitdiyinə inanmıram, əksinə olaraq həyat boyu öyrənmənin tərəfdarıyam. 5 yaşında da öyrənmişəm, indi də öyrənirəm, 60 yaşında da öyrənəcəm. Düşünürəm ki, bu prosesə başlama dövrü, baza təhsili sağlam bünövrə üstündə qurulsa davamı da güclü olacaqdır. Bu baxımdan Sovet təhsili dövründə pioner olana kimi oxuduğum üçün bəlkə də şanslı olmuşam. Çünki baza təhsilim həm uşaq bağçasında, həm də ibtidai sinifdə yaxşı qoyulmuşdu. Şansım həm də onda gətirdi ki, türk liseyinə, daha sonra isə Türkiyədəki universitetə qəbul olundum. Baza təhsili ilə yanaşı, universitet təhsili də önəmlidir. Ancaq bir şərtlə ki, universitetə yalnız gedib gəlməklə işini bitmiş saymayasan, yəni dərsə gedib gəlməklə heç bir təcrübi biliklər əldə etmək mümkün deyil. Boğaziçi Universiteti tələbələr üçün elə bir mühit yaratmışdı ki, daim öyrənməli idin. Öyrənmə ancaq dörd divar arasında həyata keçirilmir, öyrəndiklərimizin böyük qismi dörd divar arxasında yox, oradan kənarda baş verirdi. Bəs harada soruşsanız, kitabxanada deyə bilərəm. Boğaziçi Universitetinin kitabxanası Türkiyənin ən zəngin kitabxanalarından biri biridir. Təhsildən əlavə Boğaziçi universiteti bizə həyat dərsi verdi, oradakı mühit daim enişli-yoxuşlu bir həyatda tutunmanı, yaradıcı və məsuliyyətli olmağı öyrətdi.
- Yeni yaradılmış liseyə rəhbərlik edirsiniz. Bundan əvvəl də idarəetmə sistemində çalışmısıznız. Sizcə, idarəetmədə əsas şərt nədir?
- İdarəetmə çətin bir sahədir. Mən də 3,5 il ARDNŞ-də mütəxəssis kimi çalışandan sonra şöbə müdiri işləyəndə gördüm ki, insanlarla ünsiyyət və onları idarə etmək çətindir. İlk olaraq şöbəndəki əməkdaşlar, bundan sonra çalışdığın qurumdakı digər şöbələrin rəhbərləri ilə əlaqələri sağlam qurmalısan. Yaranan konfliktli məqamları aradan qaldırmaq idarəetmənin bir prinsipidir.
- Necə idarəçisiniz?
- Bu, situasiyadan asılı olaraq dəyişir. Mən ARDNŞ-də də bunu gördüm. Ənənəvi idarəetmə ilə indiki idarəetmənin fərqi ondadır ki, artıq təkbaşına heç kim heç nəyi mükəmməl idarə edə bilməz. Buna görə də peşəkar bacarıqlara malik komanda olmalıdır. Əgər komandanı yaxşı seçsəniz, hər şey yaxşı gedəcək. Məsələn, liseyimizdə 80-ə yaxın əməkdaş çalışır. Onları fiziki olaraq bir adam idarə edə bilməz. Buna görə mən birbaşa onlarla yox, onların rəhbərləri və ya müavinlərlə işləyirəm. Komandamızın hədəfinin eyni olması və yaradılan mühit elədir ki, heç vaxt əmr üsul-idarəçiliyinə ehtiyac olmur. Amma bəzən sərt olmaq da şərtdir.
- Ənənəvi sualımız: uğurunuzun sirrini nədə görürsünüz?
- Özümü o qədər də uğurlu saymıram, amma indiyə qədər əldə etdiklərim səhvlərdən çıxardığım nəticələrə əsaslanır. Müəllimlərimə borcluyam çox şeyi, əsasən də Boğaziçi Universitetindəki Erol Enermen adlı müəllimimə minnətdaram. Hesab edirəm ki, səhvdən nəticə çıxarmaqla yanaşı, hər bir insanın həyatında yaxşı mentorların, istiqamətvericilərin olması əsasdır. Ailədə də istiqamət verənlər olub. Amma əsasən Boğaziçi Univetsitetində Erol müəllim mənə yol göstərib. Onunla hələ də əlaqələrimiz var, demək olar hər gün yazışırıq. İndiyədək qazandıqlarımın böyük hissəsində onun payı var.
- Düşünürsünüz ki, insanın uğur qazanmasında istiqamətverici adamların olması mütləqdir?
- Öyrənmə prosesi elə bir prosesdir ki, özünüz müəyyən sərhədə kimi gəlirsiniz. Sərhəddə bir neçə istiqamətə yol ayrılır, bunlardan biri təbii olaraq seçiləcək. Amma əgər sizə istiqamət verən adam doğru yolu göstərsə, o yolla gedib müvəffəqiyyət qazana bilərsiniz. Düşünürəm ki, daim bələdçi olmalıdır ki, qarşınıza çıxan yolları, baryerləri daha rahat adlaya biləsiniz. Demirəm bütün yol boyu bələdçi mənimlə getsin, sadəcə yol ayrıclarında hansı istiqamətdə gedəcəyimin mənə uğur qazandıracağını göstərsə kifayətdir. Məncə, öyrənmədə də, həyatda da bu vacib şərtlərdən biridir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər