AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sizə cehiz lazımdır? - Polemika

Sizə cehiz lazımdır? - Polemika

Gənclik qəzeti
12 Noyabr 2014, 12:03 2449
Əvvəllər toydan yığılan pul hesabına bunu etmək mümkün idisə, indi şadlıq evlərinin “ceyran beli”ndəki qiymətləri sayəsində qalan pulla nəinki cehiz almaq mümkündür, hətta bir çox hallarda toyun xərcinin borcunu ödəməsi çətinlik yaradır. Yeganə millətik ki, banklarımız “cehiz kredit”i təklif edirlər. Gənclərimiz necə düşünür, cehiz lazımdırmı?

“Oğlan tərəfi ev verdiyi halda, qız tərəf evin əşyalarını aparmalıdır”

Gültəkin Quliyeva, jurnalist

Gültəkin deyir ki, cehiz Azərbaycan ailələrinin “başucalığı” sayılır: “Hətta elə bölgələrimiz var ki, orada ailədə qız uşağı doğulan gündən valideynlər onun üçün cehiz yığmağa başlayırlar. Mən də cehiz verilməsinin tərəfdarıyam. Bir şərtlə ki, oğlan tərəfi də gənc ailəni evlə təmin etsin. Çünki qızın mebel dəsti, elektrik əşyaları və qab-qacağı təxminən şəhərdən kənarda bir otaqlı mənzilin qiymətinə bərabərdir. Yeni qurulan ailənin təzə, təmir olunmuş evində rahatlıq yaratmaq baxımından cehiz verilməsinin tərəfdarıyam”.
Amma Gültəkin hesab edir ki, əgər qız oğlanın valideynləri olan evə gəlin köçürsə, onlarla birgə yaşayacaqsa, bu halda cehiz aparmaq, sadəcə, cəmiyyətdə görüntü yaratmağa xidmət edir: “Çünki qayınana evində yataq dəstindən başqa bütün əşyalar, mebellər, yeni ailə üçün lazım olan hər şey var. Sadəcə, qayınanalar qonşuya, qohum-əqrəbaya göstəri kimi “mənim gəlinim filan mebeli gətirib”, “bu qədər cehiz gətirib” deyərək lovğalanmaq istəyirlər. Elə ailələr də var ki, qız evi kasad cehiz verdiyinə görə gəlini həmişə başıqaxınclı edirlər. Hətta bu səbəbdən intihar edən gəlinlər də olur. Bir sözlə, əgər gəlin yeni mənzilə köçürsə, cehiz verilməsinin tərəfdarıyam. Yəni oğlan evi cehiz kimi mənzil verir, qız evi də evin içinin əşyalarını cehiz olaraq gətirir”.

“Milli mentalitetimiz”ə lazım olan cehiz

Toğrul Salehli, tələbə

Toğrul da düşünür ki, qıza cehiz verilməlidir: “Axı o qız dünyaya gələndən anası nə alacağını, nəyi necə edəcəyini çox götür-qoy edir. Hətta qızı kiçik olanda onun ailə qurarkən mənzilində nəyi hara qoyacağını da təsəvvüründə canlandırır. Bu hisslərlə yaşayan anaların maddi durumu imkan verirsə, qızına cehiz verməsinin tərəfdarıyam”.
Müsahibimiz deyir ki, mentalitetimizdə də qızı cehizsiz yola salmaq heç də yaxşı hal kimi dəyərləndirilmir: “Cehiz əsas “milli mentalitetimiz”ə lazımdır. Düşünürəm ki, maddi imkan yoxdursa, bəy evinə cehiz aparılmaya da bilər və oğlan evi bunu anlayışla qarşılamalıdır. Ümumiyyətlə, cehiz məsələsində qız tərəfin maddi durumu nəzərə alınmalıdır. Qeyd edim ki, cehiz məsələsinə görə bəzən qız evi toyu yubadır. Bir-birinə qovuşmaq istəyən cütlüklər özləri “gəl, ətrafdakıların fikrini bir kənara qoyaq, çünki evlənən bizik, necə istəyirik, elə də edək” deyib ailə qura bilərlər”.
Toğrul hesab edir ki, keçmiş adət-ənənələrimizə nəzər salsaq, cehizin ananın qızına, ona da evlənərkən öz anasından verilən əşyaların ötürülməsi kimi başa düşülməlidir: “Amma bu günkü reallıqda bu haqda danışmaq belə gülüncdür. Bu gün cehiz deyərkən ağıla bahalı mebellər, elektron əşyalar, qab-qacaq, xalça, çil-çıraq və s. gəlir”.
Şəxsi fikrinə gəlincə, Toğrul cehizin tərəfdarı deyil. Deyir ki, bunu zamanla cütlüklər özləri çalışıb ala bilərlər: “Valideynlər özlərini cehiz üçün sıxmaya da bilər. Böyük bir topluluğa qatılaraq, evlilikdən bəhs ediləndə “necə ailədəndir və necə insandır?” sualından dərhal sonra əksəriyyətin ağlına gələn cehiz anlayışının olmamasını istərdim”.
Qeyd edək ki, Toğrul Şimali Kipr Türk Cümhuriyyətində təhsil alır. Dediyinə görə, sözügedən ölkədə 1990-cı illərə qədər cehizi A-dan Z-ə qız tərəf təşkil edərmiş: “Amma hazırda əsasən evi və mebelləri oğlan tərəf alır, yerdə qalan digər əşyaları isə qız evi verir. Yox, əgər evlənərkən qızın evinə köçüləcəksə, bu zaman, demək olar, evin bütün əşyalarını oğlan alır. Çox maraqlı və xoşagələn hal isə burasındadır ki, Şimali Kiprdə cehiz məsələsi üstündə nə söz-söhbət olur, nə də ailələr bu barədə xiffət çəkirlər. Çünki burada ailə quran tərəflər bir-birlərinin vəziyyətini anlayışla qarşılayırlar”.

“Sonucda oğlan qız alır və evi mütləq döşəməlidir”

Saniye Teoman, PR menecer

Saniyə deyir ki, Türkiyənin qədim adət-ənənələrinə görə, cehiz evlənən cütlüklərdən qız tərəfin maddi qatqısı sayılır: “Nəsillərdən gələn adətlərə görə, cehiz yığmaq hər qızın yeniyetməlik dövründən evliliyə qədər olan dönəmdə özünə cehiz yığması lazımdır. Qədimdə cehizin əksəriyyəti əl əməyi ilə hazırlanardı. Günümüzdə də nə qədər hazır məhsullar alınsa da, əksər ailələrdə qızlar zamanında əl işləmələri, yataq örtükləri, dəsmal, yastıq kənarları hazırlayır, onu gələcəkdə cehiz aparmaq üçün saxlayırlar”.
Saniyə deyir ki, ailə qurarkən oğlan tərəfi qədər qız tərəf də yeni qurulacaq ailəyə dəstək olmalıdır: “Hazırda Türkiyədə oğlan tərəfi mebel dəstini, qız evi isə kiçik ev alətləri və yataq dəstini alır. Bir sözlə, evi oğlan tərəf döşüyür. Oğlanın bunu etməməsi mümkünsüzdür. Hansısa şəkildə, ya kreditlə almalı, ya ikinci əl mebellərlə evi döşəməlidir. Sonucda oğlan qız alır və bunları etməlidir”.
Saniyənin sözlərinə görə, Türkiyədə cehiz qız tərəfinin qiymətinin daha çox bilinməsi üçün də verilir. Qızın valideynləri qızlarını önəmsədiklərini, buna görə də evliliklərinə dəstək olaraq onları yalnız buraxmadıqlarını göstərirlər.
Cehiz aparmayan qıza münasibətə gəlincə, müsahibimiz deyir ki, bu, oğlan evinin mənsub olduğu sinifdən asılı olaraq dəyişilir: “Məsələn, çox zəngin bir ailədə bu kimi şeylər gözardı edilə bilər. Amma kasıb ailələrdə gənclərin bütün məsrəfləri qarşılaya bilməyəcəyini nəzərə alaraq qızın cehiz gətirməsinin tərəfdarı olurlar. Kasıb ailəyə gəlin köçən qızlar cehiz aparmadıqları təqdirdə, dedi-qodulara yol aça, oğlanın qohum-əqrəbası tərəfindən rəncidə edilə bilərlər”.
Saniyə cehiz verilməsini dəstəklədiyini deyir: “Cehiz verilməsi bir qızın uşaqlıqdan evlilik çağına qədər olan dönəmdə xəyallarının gerçəkləşməsi, əl işlərini özənlə hazırlaması, onları gözəl paketlərdə qoruyub saxlamasıdır. Buna görə də hesab edirəm ki, hər bir gənc qızın cehizi mütləq olmalıdır. Bu, oğlan evinə kömək məqsədi də daşıya bilər, gəlinin əl əməyini sərgiləməsi kimi də qəbul edilə bilər. Türkiyədə çeşidli adətlərdən biri də cehizin gəlin evindən davul-zurnayla bəy evinə aparılmasdır. Gəlinin ailəsindən bir nəfər cehiz sandığının üstündə oturar və bəy evindən sandıq parası tələb edir. Gəlinlə bəyin yaşayacağı evə götürülən cehiz evdə qohum-əqrəbaya sərgilənir. Gələnlər də özləriylə kiçik əşyalar gətirərək yeni qurulan ailəyə dəstək vermiş olurlar. Hesab edirəm ki, cehiz evlilk dönəmində olan hər bir gənc qızın etməsi lazım olan bir vəzifədir. Bir az məşəqqətli, yorucudur, amma sonucda hüzurvericidir”.

Yağmur MƏMMƏDLİ