• cümə, 29 Mart, 03:26
  • Baku Bakı 7°C

Siyavuş Kərimi: Hər kəs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir

01.07.20 15:21 1151
Siyavuş Kərimi: Hər kəs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir
Bu gün dünyanı bürüyən koronovirus pandemiyasına qarşı hamı birlikdə mübarizə aparmalıdır. Təəssüflər olsun ki, görülən tədbirlərə, göstərilən səylərə baxmayaraq virusa yoluxan və ölənlərin sayı günbəgün artmaqdadır.
Azərbaycanda COVID-19-a qarşı çox ciddi və zəruri addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülən preventiv tədbirlər, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində çox böyük işlər görülüb. Sözsüz ki, bu sahədə hər kəsin vətəndaş məsuliyyəti də xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi deyib.
Onun sözlərinə görə, milyonlarla insanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan maskadan istifadə çox vacibdir: "Mütəxəssislər qapalı yerlərdə, hətta açıq sahələrdə də maskadan istifadənin təhlükədən qorunmaqda müstəsna rol oynadığını dönə-dönə vurğulayırlar. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Əlbəttə, bütün bunlar insanların sağlamlığı, onların həyatının qorunması məqsədi ilə edilib. Təəssüf ki, ətrafımızda olanlar arasında hələ də bu bəşəri təhlükəni və onun faciəli nəticələrini anlamayanlar var. Onlar nəinki bu qayda və göstərişlərə əməl etmir, hətta tibbi göstəriş və gidinik qaydalara ciddi riayət edənlər də həqarətlə baxırlar.
Əslində pandemiya çox dəhşətli bəladır. İnfeksiyaya yoluxan hər kəs bu virusu onlarla insana ötürə bilər. Son həftələrdə ölkəmizdə infeksiyaya yoluxmaların sayı 500-dən aşağı enmir. Bu, böyük rəqəmdir. Düşünürəm ki, ciddi karantin rejiminin uzadılması da bu məsələyə bəzi insanların məsuliyyətsiz yanaşmasının nəticəsidir. Dövlət qurumları, operativ qərargahın nümayəndələri, ayrı-ayrı tanınmış şəxslər bu məsələdə məsuliyyətli olmağa, maska taxmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, sosial məsafə gözləməyə çağırsalar da, buna riayət etməyənlərin sayı azalmır. Biz bəşəri təhlükəyə laqeyd münasibət bəsləyənlərə, vətəndaş məsuliyyətini dərk etməyənlərə qarşı kəskin olmalı, onları ictimai qınağın hədəfinə çevirməliyik. Neçə aylardı kı, dünyanın nizamı pozulub, iqtisadi geriləmələr baş verir, bütün mədəni-kütləvi tədbirlər, idman yarışları təxirə salınıb. Şübhəsiz ki, bu, heç kəsin ürəyincə deyil. Hamı əvvəlki qaynar həyatı yaşamaq, dünyanın gözəlliklərindən zövq almaq istəyir. Hesab edirəm ki, pandemiyanın həyatımıza gətirdiyi bu süstlük uzun müddət davam edə bilməz. Lakin bundan da böyük fəsadların olmaması üçün qoyulan qayda və qanunlar əməl etməliyik”.
Xalq artisti Siyavuş Kərimi fikrini belə yekunlaşdırıb: "Xüsusi ehtiyac və zərurət olmadıqda heç vaxt evdən çıxmıram, harasa üz tutanda maska taxır, ara məsafəsi saxlayır və antiseptik vasitələrdən istifadə edirəm. Necə deyərlər, özümə rəva bildiyim bu qaydaları hər kəsə məsləhət görürəm”.
banner

Oxşar Xəbərlər