• cümə axşamı, 18 aprel, 17:12
  • Baku Bakı 22°C

Siyavuş Aslanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı verilib

27.06.13 13:50 1749
Siyavuş Aslanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı verilib
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri xalq artisti Siyavuş Aslanın vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Lent. az-ın məlumatına görə, başsağlığında deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Siyavuş Məmmədağa oğlu Aslan 2013-cü il iyun ayının 27-də ömrünün 78-ci ilində vəfat edib.
Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakı şəhərində anadan olub. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıtmış və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Siyavuş Aslan zəngin yaradıcılıq palitrasına malik sənətkarlardandır. O, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib.
Siyavuş Aslan qədim ənənələrə malik Azərbaycan teatr məktəbi irsinə daim sadiq qalaraq musiqili teatrın janr özünəməxsusluğunu milli zəmində inkişaf etdirmişdir. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə etməklə çıxışlarını teatrsevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarırdı. Sənətkarın hər dəfə yeni səhnə həyatı verdiyi qəhrəmanlar özünəməxsus davranış tərzləri, şux danışıqları ilə tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. Siyavuş Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilmişdir.
Azərbaycan kinosunun inkişafında Siyavuş Aslanın böyük xidmətləri vardır. Onun ekranda canlandırdığı rəngarəng surətlər səmimiliyi və inandırıcılığı ilə seçilərək uğurlu tale yaşamışdır. Televiziya tamaşalarında yaratdığı personajlar isə bu gün də əsl sənət nümunələri kimi milli televiziyanın fondunda qorunub saxlanılmaqdadır. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olub.
Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Görkəmli sənətkar, istedadlı gülüş ustası, qayğıkeş insan Siyavuş Aslanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Azər Paşa Neymətov
Şəfiqə Məmmədova
Eldar Quliyev
Vaqif Mustafayev
Amaliya Pənahova
Afaq Bəşirqızı
İlham Əhmədov
Ramiz Məlikov
Firəngiz Mütəllimova
Bəsti Cəfərova
İsrafil İsrafilov
banner

Oxşar Xəbərlər