AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platforması

Siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platforması

Cəmiyyət
31 May 2020, 23:00 209
Sosial şəbəkələr haqqında bu günə qədər həm publisistik, həm də elmi yazılar olub, araşdırmalar aparılıb, onun real vəziyyəti və perspektivi barədə müxtəlif fikirlər, qənaətlər səsləndirilib. Lakin çox az insan gözləyirdi ki, sosial şəbəkələr "virtual terror” platformasına çevriləcək. Doğrudur, sosial şəbəkələr yaradılarkən onların əsas funksiyası insanlar arasında ünsiyyət əlaqəsini daha da sıxlaşdırmaq idi. Amma zaman keçdikcə siyasətin, biznesin, psixoloji hücumların, hətta siyasi inqilabların sosial şəbəkələrə sirayət etməsi bu seqmentin mahiyyətini və funksiyasını tamamilə dəyişdi. Elə bu səbəbdəndir ki, artıq dünya ictimaiyyətində sosial şəbəkələrlə bağlı mənfi qənaət formalaşıb.
Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb və bu səbəbdəndir ki, bir sıra ölkələrdə sosial şəbəkələr ya qismən, ya da tamamilə qadağan edilib: "Banqladeşdə "Facebook" 2010-cu ildə qadağan edilib. Səbəb isə dinsizliyin təşviqatıdır. Çində də sosial şəbəkə və dünyada populyar olan platformaların bir çoxu ya tam, ya da qismən bloklanıb. Çin hökumətinin qurduğu "Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur. "Google”, "Facebook”, "Twitter”, "YouTube”, "Instagram” kimi məşhur şəbəkələr Çində bloklanıb. "Qızıl qalxan”ın 2 milyona qədər əməkdaşı var. Hər gün milyonlarla müxtəlif məzmunlu sorğular monitorinq edildikdən sonra internetə buraxılır. Misirdə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə bu ölkədə "Facebook"a giriş məhdudlaşdırılıb. Şimali Koreyada, ümumiyyətlə, "Facebook", "Twitter" və "YouTube" kimi bütün saytlar bağlıdır. İranda 2009-cu ildəki prezident seçkilərindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək "Facebook"a giriş kəsilib. Daha sonra "Twitter" bağlanıb. Mərakeşdə kral VI Məhəmməd adına yaradılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranıb. Birləşmiş Ərəb Əmirliklərində də saytlar filtrlənir, bəzən siyasi səbəblərdən də bloklanma olur. Ölkənin bəzi hissələrində, xüsusilə də Dubayda turizm və ticarətin inkişafını təmin etmək üçün nisbətən azad internetə rast gəlinir. "Twitter”, "Facebook”, "YouTube” kimi böyük platformalara qarşı da ara-sıra qadağalar tətbiq edilir. "Flickr”, "Skype”, «VKontakte» kimi böyük servislərə də uzun müddətli qadağa qoyulub. Bütün bu ölkələrlə yanaşı, Rusiya, Türkmənistan, Özbəkistan, Tacikistan, Türkiyə və başqa ölkələrdə də sosial şəbəkələr ya qadağan edilib, ya da onlara giriş məhdudlaşdırılıb.
Göründüyü kimi, ayrı-ayrı ölkələrdə sosial şəbəkələrə girişin məhdudlaşdırılmasının səbəbləri demək olar ki, eynidir. Saxta profillər, səhifələr, yalan məlumatlar, ictimai rəyi çaşdırmaq, dağıdıcı inqilablara təşviq, mənəvi terror, həmçinin silahlı qarşıdurmalara və terrora çağırış və s. səbəblərə görə müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə sosial şəbəkələr qadağan edilib. Problemə ümumi yanaşdıqda bir daha əmin oluruq ki, sosial şəbəkələr son zamanlar ünsiyyət vasitəsindən daha çox siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib”.
"Sosial şəbəkələrdəki məlumatlara, paylaşımlara görə məsuliyyət məsələsi artıq ABŞ-da da gündəmə gəlib” deyən Vüqar Rəhimzadə əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb: "Donald Tramp tərəfindən imzalanan sənəd ABŞ-da xüsusən sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun 230-cu bəndini qüvvədən salacaq. Bu, internet şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edir. Beləliklə, sözügedən bənd "Twitter” və "Facebook” şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur. Bununla yanaşı, sözügedən qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsini tanıyır. Lakin həmin bənd qüvvədən düşdükdən sonra sosial şəbəkə şirkətlərinin toxunulmazlıqları da aradan qaldırılacaq və istər sosial şəbəkə şirkətləri, istərsə də sosial şəbəkə istifadəçiləri yazılan statuslara, postlara görə məsuliyyət daşıyacaqlar”.
Baş redaktor bildirib ki, artıq Azərbaycanda da sosial şəbəkələrdəki fəaliyyətə görə məsuliyyətə cəlb olunma qanunvericiliyi və prosedurları tətbiq edilməsinin vaxtı çatmışdır: "Əgər bu gün sosial şəbəkələrin və internetin başlanğıc götürdüyü ABŞ-da bu cür addımlar atılırsa niyə bu, Azərbaycanda da olmasın? Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş "virtual terrorçuların” cəzalandırılması zamanın tələbinə çevrilib. Əli Kərimli və cəbhə trolları, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Arif Məmmədov, Gültəkin Hacıbəyli, eləcə də Qabil Məmmədov, Məhəmməd Mirzəli, Orduxan Temirxan Azərbaycan ictimaiyyətinə yalan danışdıqları, şəxsiyyəti təhqir etdikləri, insanlarımızı mənəvi terrora məruz qoyduqları, hətta iğtişaşlara, fiziki məhv etməyə çağırışlar etdikləri üçün məsuliyyətə cəlb olunmalıdırlar. Bunun üçün milli və beynəlxalq qanunvericilik bazası formalaşdırılmalıdır. Təşəbbüslə çıxış edilməlidir və sosial şəbəkələrdəki mənəvi terrorun qarşısının alınması, bu fəaliyyəti həyata keçirənlərin cəzalandırılması mexanizmləri hazırlanmalıdır”
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, sosial şəbəkələrdəki "terror”un və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması demək deyil: "Əgər mətbuatda, televiziyada kiminsə ünvanına təhqir ifadə olunursa, məsuliyyətə cəlb etmə, həmin media vasitəsinin cəzalandırılması olur və bu heç də söz və mətbuat azadlığının pozulması kimi qələmə verilmir. Bu cür cəza və məsuliyyətə cəlbetmə tədbirləri niyə sosial şəbəkələrdə olmasın? Şübhəsiz, bu gün ABŞ tərəfindən sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı atılan addımlara səsini çıxarmayan Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli, Cəmil Həsənli Azərbaycanda da eyni addımlar atılacağı təqdirdə susmalı olacaqlar. Əgər fərqli mövqe olarsa, bu, onların simasızlığının və ikiüzlülüyünün göstəricisi olacaq”.