• şənbə, 27 Aprel, 08:14
  • Baku Bakı 12°C

Siyasətləri də masaları kimi “dəyirmi” olanlar

07.11.19 20:30 1954
Siyasətləri də masaları kimi “dəyirmi” olanlar
Partiya funksionerlərinin fikrincə, korrupsionerlə "fit müxalifəti”nin "birliyi” ən qısa zamanda dağılacaq

Bir neçə gün öncə radikal müxalifət, allah bilir neçənci dəfə "birləşmək” qərarına gəldi. Məsələ ondadır ki, radikalların təmsilçiləri uzun illərdir "birlik”, "blok”, "şura” və sair adlar altında bir araya gəlir, amma bir müddətdən sonra özlərinin siyasi keçmişlərindəki əməllərindən dolayı bir-birilərini ittiham edirlər və "birlik2ləri də sabun köpüyü kimi partlayır. Bu dəfə radikallar lap "gül vurublar”. Məsələ burasındadır ki, radikal müxalifət dünənə qədər korrupsioner hesab etdikləri şəxsin qoltuğunun altına sığınıb. O şəxs ki, elə dünənə qədər bu radikalları faşist adlandırırdı.
Bütün ölkə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə apardığı halda, demokratiyadan, insan haqlarından dəm vuranların, dünənin korrupsionerindən – Əli İnsanovdan mədət ummalar radikalların əlinin hər yerdən üzüldüyü üçün saman çöpündən yapışmasının təzahürüdür. Korrupsionerin "faşistə”, "faşist”in də korrupsionerə tərəf iməkləməsinin arxasında hansı maraqlar dayanır? Korrupsionerlə "faşist”lərin "birliyi” nə qədər çəkəcək? Kimin marağı kimin boğazında qalacaq? Kənardan idarə edildikləri aşkar sezilən bu adamların bir-birlərini növbəti dəfə ittiham edəcəklərinə də heç bir şübhə yoxdur. Amma görünən odur ki, hələlik, kimsə onları "birləşdirmək” istəyir. Heç vaxt qaynaq tutmayanların birliyi mümkün olacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, istənilən siyasi partiyaların birliyinin yaranması üçün konkret olaraq ideoloji və siyasi platformalar olmalıdır: "Yəni bu siyasi təşkilatların ya ideoloji prinsipləri üst-üstə düşməlidir, ya da ki, konseptual olaraq siyasi platformaları arasında uyğunluq yaranmalıdır. Bu "dəyirmi masa” adlanan formatda iştirak edən insanların ümumiyyətlə, ideoloji prinsipləri yoxdur. Çünki onlar dəfələrlə Azərbaycanın milli maraqlarına xəyanət ediblər. Eyni zamanda özlərinin elan etdiyi prinsiplərə zidd olaraq, tutaq ki, Avropa demokratiyasından danışıblarsa, tamamilə əks qütbün maraqlarından çıxış edərək, Azərbaycan siyasətində özlərinin mövcudluğunu qoruyub saxlamağa cəhd göstəriblər. Siyasi müstəvidə də, eyni formada bu günə qədər hər hansı platformalarının olduğuna şahidlik etməmişik. Yəni faktiki olaraq "dəyirmi masa”dakı siyasətçilərin əksəriyyəti bu gün siyasi baxımdan canlı meyitlərdir”.
E.Mirzəbəyli qeyd etdi ki, korrupsiyada iştirakı faktlarla sübuta yetirilən Əli İnsanov, vaxtı ilə bir-birilərini ən kəskin formada cinayətdə ittiham edən insanlar bu gün hansısa vahid siyasi mövqedən çıxış edəcəklərini bildirirlər: "Ortalıqda konkret olaraq bu insanları araya gətirən bir tendensiya var. Yəni bu insanlar özbaşına bir araya gəlməyiblər və "fitlə” bir yerə toplanıblar. Təsadüfi deyil ki, bu insanları son dövrlərdə "fit müxalifəti” adlandırmağa başlayıblar. Yəni haradansa fit çalınıb, korporativ maraqlar olub. Bu maraqların içərisində ölkə xaricində olan düşərgədən də sifarişlərin verilməsi mümkündür. Digər aspektdən də, bunların bir araya gəlməsinə bu gün Azərbaycanda gedən islahatlara mane olan köhnə, yaxud da hansısa formada özünü hakimiyyətdə qoruyub saxlayan insanlar da ola bilər. Bu da şübhə doğurmur. Çünki Əli İnsanovun personası Azərbaycanda köhnəliyin, keçmişin bariz nümunələrindən biridir. Köhnəliyi, korrupsiyanı simvolizə edən bir adamın hansısa formada Azərbaycandakı siyasi proseslərdə daha üst və demokratik mövqedən çıxış etməsi absurd məsələdir. Əslində bu gün korrupsiyaya qarşı aparılan mübarizənin fonunda korrupsionerlərlə Azərbaycanın "fit müxalifət”inin bir araya gəlməsi çox güman ki, korrupsiya yolu ilə əldə olunmuş vəsaitlərin qorunub saxlanmasına xidmət edir”.
"Yurddaş” partiyasının sədri Mais Səfərli bildirdi ki, bir qrup radikalın birlik yaratması ideyası ilə bağlı toplantıya cəmiyyətin münasibəti birmənalıdır: "Yəni cəmiyyət, ümumiyyətlə, bu görüşə çox soyuqqanlı, inamsız yanaşdı, bir sözlə müxalifət düşərgəsini təmsil edən bu şəxslərə inamsızlıq var. Çünki onların hər birinin arxasınca bir qara kölgə gedir. O kölgə uzun illərdir onların arxasınca sürünür. Nəyə görə onların arxasında kölgə quyruq kimi uzanıb gedir? Çünki adları çəkilən bu şəxslərin heç biri vaxtı ilə verdikləri vədləri yerinə yetirməyiblər və hakimiyyətdə olduqları zaman heç vaxt inkişafa doğru bir addım atmayıblar. Müxalifətdə olanda da həmişə bir-birlərini qırıblar. Demək olar ki, həmişə ölkədə seçkilər keçirilən zaman radikal müxalifət tərəfindən nə isə bir birlik yaratmaq ideyası ortaya atılır. Bir sözlə, hər zaman radikallar tərəfindən bu cür birliklər yaradılıb, amma çox keçmədən elə özləri tərəfindən də dağıdılıb”.
M.Səfərli vurğuladı ki, bu formal birliklərin dağılmasının başlıca səbəbi də onların bir-birini qəbul etməməsi, şəxsi ambisiyalarının olması ilə bağlıdır: "Yəni dost kimi bir araya gələrək birlik yaradan radikallar, çox keçmədən düşmənə çevrilir və yaratdıqları birlikləri də bir-birini günahkar çıxararaq dağıdırlar. Bir sözlə, radikal düşərgəni təmsil edən şəxslər arasında olan bu antaqonist ziddiyyətlər heç vaxt bitməyəcək. Nə qədər ki, radikallar arasında bu ziddiyyətlər mövcuddur, onların yaratdıqları birliklər də iflasla nəticələnəcək. Bir sözlə, bu birlik də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək və daha tez dağılacaq. Hər dəfə radikallar bu cür birliklər yaradıb, amma sonda nəticə sıfıra bərabər olub. Yəni nəticə etibarı ilə bir-birləri ilə münaqişəyə başlayıblar və bu münaqişə çox ciddi konfliktlərə gətirib çıxarıb. Ona görə də, mən də siyasətlə məşğul olan bir insan kimi, adları çəkilən qüvvələrin bu birliklərinə inanmıram. Çünki bu insanlar artıq siyasi baxımından tükəniblər. Tükənən siyasətçilər isə artıq siyasi arenanı boşaltmalı və özlərini daha gülünc vəziyyətə salmamalıdırlar”.
AZAD
banner

Oxşar Xəbərlər