AZE | RUS | ENG |


Sitrus meyvəçiliyi – gəlirli və ixrac potensiallı sahə

Sitrus meyvəçiliyi – gəlirli və ixrac potensiallı sahə
Əlverişli təbii şərait, tarixi ənənələr və dövlət qayğısı bu sahənin dirçələcəyinə əminlik yaradır

Prezident İlham Əliyev sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, Lənkəran, Şəki, Yevlax, Ağdaş, Astara, Biləsuvar, Göyçay, Lerik, Masallı, Ucar, Zaqatala və Zərdab rayon icra hakimiyyətlərinə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, sitrus meyvələri, çay və çəltik istehsalının artırılması üçün müvafiq infrastrukturun yaradılmasının iqtisadi cəhətdən səmərəliliyini nəzərə alaraq əkinəyararlı torpaqların müəyyən olunmasını və təsərrüfat subyektlərinə ayrılmasını təmin etmək tapşırılıb. 

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə rayon icra hakimiyyəti orqanlarının təkliflərini və bu sahədə mövcud olan müsbət təcrübəni nəzərə almaqla, müvafiq rayonlar üzrə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına dair proqramların layihələrini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etsin.

Biz də ekspertlərdən sərəncamın əhəmiyyəti və sitrus meyvələri istehsalının perspektivləri haqqında soruşduq. 

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, Azərbaycanda  sitrus meyvələri məhdud ərazidə yetişdirilir: "Sovet dövrünün sonları və müstəqilliyin ilk illərində digər sahələrdə olduğu kimi, bu sahədə də tənəzzül yaşandı. Həmin dövrdə Azərbaycanda sitrus meyvələrinin yetişdirildiyi sahələr azalmağa başladı. Bildiyiniz kimi, Azərbaycanda sitrus meyvəçiliyi daha çox Lənkəran, Masallı və Astara zonasında, yəni məhdud bir ərazidə inkişaf etdirilir. Ona görə də bu ərazilərdən səmərəli şəkildə istifadə etməliyik. Həmin ərazidə sitrus meyvəçiliyi inkişaf etdirmək və sitrus meyvə bağlarının sahəsini artırmaq üçün müxtəlif imkanlar var. Bunun üçün ilk növbədə dövlət dəstəyi mühümdür. Bundan başqa, fermerlərin maarifləndirilməsi də əsas məsələlərdən biridir. Həmçinin ilkin mərhələdə bazar məsələsini də həll etmək lazımdır ki, məhsul fermerlərin əlində qalıb xarab olmasın. Bu sahə inkişaf etdirilərsə, hesab edirəm ki, bizim üçün çox faydalı olar. Çünki kənd təsərrüfatının bu sahəsi bir çox ölkələrdə reallaşdırıla bilmir. Çünki lazımi iqlim və torpaq yalnız bəzi ərazilərdə var. Bu sahə inkişaf etdirilərsə, ölkəyə sitrus meyvələrinin idxalı da azalar”.

Ekspert deyir ki, yerli sitrus meyvələrinin keyfiyyəti digərləri ilə müqayisədə çox yüksək olur: "Daxili bazarı yerli məhsulla təmin etmək üçün hər bir şərait var. Bunun üçün fermerlər dövlət dəstəyi və lazımi kənd təsərrüfatı avadanlıqları ilə təmin olunmalıdır. Azərbaycan yaxın gələcəkdə yenidən tanınmış sitrus ölkəsinə çevrilə bilər. Hətta gələcəkdə ixracat imkanlarını da genişləndlirmək mümkündür. Başqa bir problem sitrus meyvələrinin bazarlarda pərakəndə satılması məsələsidir. Lənkəran, Astara məhsulları adı altında ixtisaslaşdırılmış mağazalarda insanların onları rahat şəkildə əldə edə bilməsi təmin edilməlidir. Bu gün bazarda geni dəyişdirilən meyvə və tərəvəzlərə rast gəlinir. Biz öz yerli sitrus meyvəçiliyimizi inkişaf etdirsək, belə hallar da azalar. Əvvəllər Azərbaycanda Elmlər Akademiyasının müvafiq qurumları, elmi-tədqiqat institutları var idi. İndi yeni yerli sortları inkişaf etdirmək vaxtıdır. Bu həm də elmi cəhətdən tədqiq edilməlidir. Məhsuldar sortlar yetişdirilərsə, istehsal olunan məhsulun da həcmi artacaq. Artıq bu sahəni bilən insanlar və gənc fermerlər arasında maarifləndirmə işləri aparılmalıdır. Fermerlər inkişaf etmiş ölkələrin təcrübəsindən, xüsusən Aralıq dənizi ölkələrinin təcrübəsindən istifadə etməlidirlər. Bundan başqa, bu sahənin spesifikliyini nəzərə alaraq istixanalarda sitrus meyvələrinin yetişdirilmə imkanları da araşdırılmalıdır və düşünürəm ki, bunun müsbət nəticələri ola bilər. İstixana şəraitində yeni texnoloji üsullarla sitrus meyvəçilik sahəsini daha da inkişaf etdirmək olar”. 

Millət vəkili Azər Badamov deyir ki, bu sərəncam özlüyündə böyük sahəni əhatə edir: "Sitrus meyvələrinin istehsalı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamın imzalanması çox mühümdür. Bu sərəncam geniş sferanı əhatə edir. Burada torpağın ayrılması, yararlı torpaqların müəyyənləşdirilməsi və digər tapşırıqlar nəzərdə tutulub. Sərəncamla, həmçinin aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bu sərəncam Azərbaycanda kənd təsərrüfatının inkişafının prioritet məsələlərdən olduğunu bir daha sübut edir. Bizim əsas məqsədimiz kənd təsərrüfatının hər bir sahəsindən yüksək gəlir əldə etməkdir. Bundan əvvəl də kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı prezident müxtəlif sərəncamlar imzalayıb. Sitrus meyvəçiliyinin inkişafı ölkəmizə böyük gəlir gətirəcək. Bunun üçün bizim kifayət qədər geniş imkanlarımız var. Coğrafi mövqe və iqlim sitrus meyvələrinin istehsalına geniş imkanlar açır. Hesab edirəm ki, sərəncamın icrası bu sahənin inkişafı üçün əlverişli şərait yaradacaq. Ölkəyə müasir texnikalar və yeni meyvə sortları gətiriləcək və sitrusçuluq Azərbaycanda əvvəl olduğu kimi yenidən dirçələcək”. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirdi ki, sitrusçuluq gəlirli sahələrdən biri hesab olunur: "Azərbaycanın cənub bölgəsində sitrus meyvələri, çay və çəltik istehsalı uzun müddət ərzində formalaşmış ənənələrə hesablanmışdır. Əlverişli iqlim şəraiti və lazımı biliklərin olması bu sahələrin inkişafını labüd edir. Cənab Prezidentin regiona səfəri zamanı keçirilən müşavirədə cari vəziyyət və gələcək imkanlar ətraflı şəkildə müzakirə olundu. Vaxtilə bu sahələrdə 50 mindən artıq insan çalışırdı. Sahə həm də kifayət qədər gəlirli və ixrac potensiallı bir sahədir. Məhsuldarlığın artırılması üçün texnologiya və elmi araşdırmalar tələb edilir ki, bu barədə dövlət başçısının imzaladığı sərəncamda konkret göstərişlər öz əksini tapıb”.

Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002