Sirli adam
Ötən ilin
sentyabr ayında ilk görüşümüz onun kabinetində oldu. Öncədən qiyabi tanısam da
haqqında yetərincə məlumatım yox idi. İnternetin axtarış proqramı üzərindən
adını və soyadını aradım. Eyni ad və soyadlı neftçi, hüquqşünas, professor, xalq
artisti, publisist, hətta digər sənət-peşə sahiblərinə təsadüf olunsa da, onun
haqqında ən yığcam bir qeydə, yazıya rast gəlmək müşkülə çevrildi. Layiq olduğuna
rəğmən çağdaş və nimdaş ensiklopediyalarda, soraq-məlumat toplularında,
təqvimlərdə ən adi informasiya belə qəhətə çıxmışdı...
Qalın,
bəyaz qaşlarının altından parlayan bir cüt dərinmənalı, sual dolu gözlərini
üzümə zilləyərək: Arif Səfiyev sizin haqqınızda mənə çox danışıb... – deyə
dərin bir pauza verdi. Əslində o mənalı pauzası ilə mənə işarə edirdi ki,
kristal saflığı, xeyirxahlığı, ədalətliliyi, prinsipallığı, peşəkarlığı ilə
tanınan, dövlətçiliyə sadiq Arif Səfiyevin uzun illər rəhbərlik etdiyi şöbəyə gəlmisiniz...
Onun ənənələrini davam və inkişaf etdirə biləcəksinizmi?!
Pauzadan
sonra rəhbərliyin tapşırığı ilə bir şikayət məktubunda qaldırılan problemə
toxundu, araşdırılacaq materialın istiqamətini müəyyənləşdirdi, çoxillik
təcrübəsinə söykənərək tövsiyələrini sərgilədi. Fikir mübadiləsi, mübahisəli
məsələlərdə müdrik və məntiqli düşüncələri, həyati misallardan yerli-yerində
istifadə etməsi onu daha yaxından tanımağıma köməklik göstərirdi.
Eyni
qurumda işləsək də sıx-sıx olmayan görüşlərimizin birində esselər yazdığını, bu
bədii nümunələri vaxtilə ilk olaraq Arif Səfiyevə oxuduğunu bildirdi. Doğrusu,
texnika elmləri doktoru, professor, Azərbaycanın dövlət mükafatı laureatı,
Rusiya Tibbi Texnika Akademiyasının akademiki Arif Quliyevin ilk baxışdan bədii
yaradıcılıq sahəsindəki istedadı məni təəccübləndirdi. Ən azı ona görə ki,
Azərbaycanın dövri mətbuatından mənə belə bir imza tanış deyildi... Bu
missiyanın mahiyyəti, məramı mənə xeyli gec məlum oldu... O bir qədər
fikirləşdikdən sonra tərəddüdlərə son qoydu və qəti qərara gələrək Moskvada
nəşr edilmiş bir neçə esse kitabını mənə bağışladı...
Arif
Zülfüqar oğlu Quliyev əslən Qarabağdandır, nəsil-nəcabət etibarilə Şuşanın isteblişmentinə,
elitar dairəsinə mənsub olub. Tale elə gətirib ki, özü düz 85 il əvvəl – 3
fevral 1934-cü ildə Aşqabad şəhərində müəllim Zülfüqar Məhərrəm oğlunun
ailəsində dünyaya göz açıb, orta məktəbi də doğulub boya-başa çatdığı şəhərdə
bitirmişdir.
1957-ci ildə Fərqanə Dövlət Pedaqoji
İnstitutunun Fizika fakültəsini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 23
yaşlı Arif Zülfüqar oğlu Azərbaycana gəlmiş, iyirmi ildən çox Respublika Elmlər
Akademiyasının Fizika İnstitutunda çalışmışdır. O burada kiçik elmi işçidən Təcrübə
zavodu xüsusi konstruktor bürosunun direktoru vəzifəsinədək yüksəlmiş, uğurlu
həyat yolu keçmişdir. Elmin sirli-sehirli aləminə baş vurmuş, o vaxtlar SSRİ
məkanında məxfilik qrifi altında mühafizə edilən fizikanın açılmamış qatlarını
araşdırmış, uğurlu nəticələrə nail olmuşdur. Səmərəli elmi tədqiqatlarının
nəticəsində 1971-ci ildə - 37 yaşında texnika elmləri doktoru elmi dərəcəsi və 1972-ci
ildə professor elmi adı alıb.
Azərbaycan
KP MK və Nazirlər Sovetinin 27 aprel 1972-ci il tarixli qərarı ilə AEA Fizika
İnstitutunun beş əməkdaşı ilə müştərək Arif Zülfüqar oğlu Quliyev "Mürəkkəb
yarımkeçirici birləşmələrin alınması, xassələrinin tədqiqi və onların əsasında
müxtəlif çeviricilərin (termoelektrik, aşırıcı və yaddaşlı cihazların, lazer və
spontan şüalanma mənbələrinin, qəbuledicilərinin və modulyatorlarının)
yaradılması” adlı elmi tədqiqat əsərinə görə Azərbaycan Respublikasının Dövlət
mükafatına layiq görülüb. Bu böyük və nüfuzlu mükafata sahiblənmək sabiq sovet
respublikaları arasında ilk hadisə idi. Ümummilli lider Heydər Əliyev o vaxt ölkənin
ilk dövlət mükafatını ən gənc elmlər doktoru və professoruna təqdim edib.
İftixar hissi yaşadan bu hadisə Azərbaycanın dövlət müstəqilliyi istiqamətində
cəsarətli addım olmaqla yanaşı, həm də o dövrün gənc və istedadlı alimlərinə dövlət
tərəfindən verilən yüksək dəyər və qayğı nümunəsi idi.
Elm
və texnika sahəsində Azərbaycan Dövlət Mükafatı Komitəsinin sədri, akademik
Murtuza Nağıyev "Elmi axtarışların geniş üfüqləri” ("Kommunust” qəzeti,
29.04.1972) adlı müsahibəsində tədqiqat işinin elmi mahiyyətini xüsusi vurğulayaraq
deyirdi: "Fizika İnstitutunda yarımkeçirici elektronika sahəsində aparılan
tədqiqatlar respublikamızın hüdudlarından çox-çox uzaqlarda geniş şöhrət
qazanmışdır. Bu tədqiqatlar əsasında alimlər bir sıra yarımkeçirici
materiallar, cihazlar və qurğular yarada bilmişlər. Əlahiddə dəniz özüllərini katodla
qorumaq üçün cihaz, tibbi-bioloji tədqiqatlar üçün aparatlar, tibbi məqsədlər
üçün yarımkeçirici-soyuducu qurğular silsiləsi bu qəbildəndir.
Fizika İnstitutunda ilk dəfə olaraq bəzi
mürəkkəb materialların dəyişdirilməsi və yadda qalması effekti aşkara
çıxarılmışdır ki, bunun da sayəsində prinsip etibarilə yeni idarə olunan
diodlar yaratmaq mümkün olmuşdur.
Mürəkkəb
yarımkeçirici birləşmələrin əldə edilməsi, onların xassələrinin öyrənilməsi və
bunun əsasında müxtəlif çeviricilərin yaradılması ilə bağlı olan bu işlər
kompleksi üçün Fizika İnstitutu əməkdaşlarının bir qrupu – texnika elmləri
doktoru Arif Zülfüqar oğlu Quliyev və fizika-riyaziyyat elmləri namizədləri ...
texnika sahəsində Dövlət mükafatına layiq görülmüşlər”.
Akademik
Murtuza Nağıyevin tədqiqat işi haqqındakı yığcam və dolğun düşüncələrində elmi
yeniliyin tutumu və beynəlxalq miqyaslı əhəmiyyəti yetərincə aydın ifadə olunub.
Professor
Arif Quliyev 1978-ci ildə Moskva şəhərinə, SSRİ Elektro-Texnika Nazirliyinin
"Kvant” Elmi-İstehsalat Birliyində şöbə müdiri vəzifəsinə dəvət olundu. O,
burada dövlət müstəqilliyimizin bərpa edildiyi vaxta – 1991-ci ilə qədər məxfi
istehsalat sahəsində çalışdı, bir sıra ixtiralarına görə patent aldı.
1991-1994-cü
illərdə isə Yeni Texnologiyalar İnstitutunda rəhbər vəzifələrdə fəaliyyət
göstərdi.
Arif
müəllim ölkəmiz üçün çətin olan vaxtlarda, xüsusilə 1994-2003-cü illərdə Azərbaycan
Aero-Kosmik Agentliyinin direktor müavini, direktorun müşaviri vəzifələrində
çalışdı, bilik və bacarığını gənc, müstəqil respublika üçün böyük gələcəyi olan
aero-kosmonavtika sahəsinə həsr etdi.
Qürurlandırıcı
faktdır ki, professor Arif Quliyev 1992-ci ildə Rusiya Tibbi Texnika
Akademiyasının akademiki, 1996-cı ildə isə Beynəlxalq Mühəndislik
Akademiyasının həqiqi üzvü seçildi.
Onun
taleyi, həyat yolu 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyası ilə sıx bağlıdır. Uzun illərdir ki, AAK-da Rəyasət
Heyətinin üzvü, baş elmi katib, hazırda isə bu qurumun aparat rəhbəridir.
Uzun
illər Ali Attestasiya Komissiyasına rəhbərlik etmiş akademik Arif Mehdiyev
həmkarı, professor Arif Quliyev haqqında yazırdı: "A.Z.Quliyev AAK-da işlədiyi müddət
ərzində işgüzar, bacarıqlı, prinsipal, səriştəli bir işçi kimi özünü tanıtmaqla
kollektivin xüsusi hörmətini qazanmışdır. Özünə və rəhbərlik etdiyi şöbələrin
işçilərinə qarşı ciddi olmaqla yanaşı, səmimidir. Rəyasət Heyətinin və
Kollegiyanın iclaslarına hazırlıq və onların yüksək səviyyədə keçirilməsinə
məsuliyyətlə yanaşır. Xidmətində ciddi və qayğıkeşdir. Daxili intizamın
qorunmasında tələbkardır. İşdəki nöqsanları vaxtında aşkar edir və onların tez
bir zamanda aradan qaldırılmasına səy göstərir. Kollektivin ictimai işlərində
yaxından iştirak edir”.
Akademik
Arif Mehdiyevin professor Arif Quliyev haqqında düşüncələri alimin iş dünyası,
görünən tərəfi barədə gerçəkliyə söykənən ictimai portretidir. Müşahidələrə
əsasən söyləmək olar ki, Arif Zülfüqar oğlunun iş dünyası ilə paralel, eyni
zamanda mübhəm, sirli-sehirli bir iç dünyası da var. Çalışdığı sahələrlə bağlı
məxfi məlumatların böyük bir hissəsi bu gün aktuallığını, gizlinliyini itirsə
də, o ürəyində dəfn etdiyi sirləri sirdaşları ilə də bölüşmək təşəbbüsündə
bulunmur. Ciddi məxfiliyə malik elmi sirlərin yarım əsrdən çox daşıyıcısı olan
bir insanın, alimin həssas ürəyini qorumaq məqsədilə bədii yaradıcılıqla məşğul
olması güman edirəm ki, başadüşüləndir.
Arif
müəllimin müxtəlif illərdə Moskvada nəşr etdirdiyi "Qadın gözəlliyi haqqında
söz”, "İştah”, "Badalaq” və b. yığcam həcmli esse kitabçaları onun fəlsəfi
düşüncələrinin, poetik müşahidə qabiliyyətinin təzahürü olmaqdan daha çox,
məzmun və formanın vəhdəti, bənzərsiz biçim axtarışları baxımından da
əbədi-nəzəri düşüncəmizə təravət, yeni ovqat gətirə biləcək bədii detallarla
zəngindir.
Professor
Arif Quliyevin məxfilik qrifi altında çətirlənmiş həm elmi-tədqiqat işləri, həm
də ədəbi-bədii nümunələri yeni nəslin araşdırıcıları üçün əlçatan, açıq
olmalıdır. Onun həyatı və elmi yaradıcılığı çağdaş gənclik üçün bənzərsiz
örnək, tarixi nümunədir.
Azərbaycan
elminin görkəmli nümayəndələrindən biri,
mənalı və dolğun həyatını ölkəmizin texniki tərəqqisinə, yüksək
ixtisaslı elmi kadrların attestasiyasına həsr etmiş, fizika və tibbi texnika
sahəsində yüzdən çox məqalənin və patentin müəllifi, Azərbaycanın dövlət
mükafatı laureatı, Rusiya Tibbi Texnika Akademiyasının akademiki, Beynəlxalq
Mühəndislik Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Arif
Zülfüqar oğlu Quliyevin 85 yaşı tamam olur.
Səmimiyyəti,
ləyaqəti, həssaslığı, diqqətcilliyi, qayğıkeşliyi, təvazökarlığı ilə tanınan və
sevilən Arif Zülfüqar oğlunu 85 illik yubileyi münasibətilə təbrik edir, ona
möhkəm cansağlığı, elmi və bədii yaradıcılığında uğurlar arzulayıram.
Asif Rüstəmli
filologiya elmləri doktoru, professor