• çərşənbə axşamı, 19 mart, 08:02
  • Baku Bakı 8°C

Şirin səsin sahibi

14.07.20 09:30 1506
Şirin səsin sahibi
Və ya Üzeyir Hacıbəyovun küçədə tapdığı istedad
Uşaqlıqdan musiqiyə böyük marağı olub. Yaşıdlarını başına yığıb onlara mahnı oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə "Koroğlunun ariyası”nı ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca oğlanla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir.
Gülağa Məmmədov həyəcanla səhnəyə çıxanda münsiflər heyətində Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarları görüncə, həyəcanı daha da artır, ancaq özünü itirmir. Balaca oğlanın məlahətli və şirin səsi münsiflər tərəfindən bəyənilir.
Beləcə, Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum” ariyası alqışlarla qarşılanır. Gülağa Məmmədov ailəsi Üzeyir Hacıbəyovun köməkliyi ilə ikiotaqlı ev və 250 manat təqaüdlə təmin edilir. Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. Vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənir. Konservatoriyada oxuduğu illərdə, əsasən Səid Rüstəmovun mahnılarını oxuyurdu. Bəstəkar, mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Eyni zamanda, Tofiq Quliyevin, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub. "Ay qız”, "Ana Kür”, "Oxu, gözəl”, "Şeir deyilmi”, "Mənim qızım” kimi mahnıların hər birinə öz ifaçılıq möhürünü vurub. G.Məmmədov 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan”, "Beşmanatlıq gəlin” və s. tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır.
Müğənni şirin səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblları, simfonik orkestrlərlə birgə çıxışlar edib. Müslim Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub.
Milli-mənəvi dirçəlişə təkan
1989-cu ildə Gülağa Məmmədov Almaniyada olarkən orada əslən Cənubi Azərbaycandan olan vokalist və müğənni Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun "Ayrılıq” mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klip Gülağa Məmmədovun səyi ilə Azərbaycanda yayımlanır. Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında "Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verir. Gülağa Məmmədovun dəvəti ilə Yaqub Zurufçu çoxdan həsrətində olduğu Azərbaycana gəlir. "Ayrılıq” mahnısına ikinci ömür bəxş edən və siyasi məna verən Yaqub Zurufçu, onu Azərbaycanda tanıdan və sevdirən mahnı haqqında söyləyir: "Bu əsər mənim yaradıcılığımın ən üst pilləsində durmaqla yanaşı, həyatımın da yaxşıya doğru dönüşünə səbəb olub. Odur ki, müəlliflərini - Fərhad İbrahimini və Əli Səlimini özümə daha yaxın, daha doğma bilmişəm... Bu mahnı birlik rəmzi idi. Azərbaycanın istiqlalında nə qədər ki, mənim rolum var, o qədər də Əli Səlimi ilə Fərhadın rolu var. Üçümüz birlikdə o mahnını orada səsləndirmişik. Xalq bu mahnını sevib. Xalq bu mahnı ilə birləşib və öz istiqlalını əldə edib. Həmin illərdə "Azadlıq” meydanı xalqın bir araya yığışdığı məkan idi. Üzeyir Hacıbəyovun "Koroğlu uvertürası” kimi "Ayrılıq” mahnısı da o vaxtdan Azərbaycanın iki parçasını - Cənubu və Şimalı mənən birləşdirmişdi”.
Həyat yoldaşı Aliyə xanım xatirəsindən: "Bir dəfə xalam qızının dəvəti ilə Almaniyaya getmişdik. Yaqub Zurufçu gəlməyimizi eşidib yanımıza gəldi. Bir gün də xalam qızının evində qaldı. Yaqub Gülağadan xahiş etdi ki, Bakıya qayıdanda onun üçün dəvətnamə göndərsin. Biz onun kasetini gətirdik. O vaxta qədər Zurufçunu heç kim tanımırdı. O vaxt televiziyada "Ayrılıq” verilişi gedirdi. Gülağa da kaseti apardı ki, mahnı verilişdə səslənsin. Mahnı lap yerinə düşdü. Bu mahnıdan sonra çox adamlar bizə zəng vurub onunla maraqlanırdı. Gülağa Yaquba verdiyi sözü yerinə yetirib ona dəvətnamə göndərdi. Yaqub Zurufçu ailəsi ilə Bakıya gəlib bir ay burda qaldı. Bu müddətdə Gülağa ona xeyli köməklik göstərdi, öz mahnılarını öyrətdi. Şövkət, Gülağa və Yaqub Zurufçu birlikdə sarayda konsert verdilər. Ona görə də Yaqub Zurufçu hər yerdə deyir ki, məni Azərbaycana tanıdan Gülağa olub”.
G.Məmmədov xoşbəxt ailə başçısı idi. Sənətini ailəsindən üstün tutmaz, hər ikisinə vaxt ayırardı. "Tez-tez qastrol səfərlərinə gedərdi”- deyə həyat yoldaşı Aliyə xanım xatırlayırdı: "Evimizə qayıdanda elə bil dünyanın naz-nemətlərini ona verərdilər. Sevinərdi, fərəhlənərdi. Səhər tezdən evdən çıxardı, çəkilişlərdə, səsyazma studiyasında, məşq zalında çalışardı. Gecəyarı gəlsə də, gileylənməzdi. Çünki sənətindən həzz alardı. Əziyyəti də hədər getməmişdi. Xeyli mükafatlar almışdı. Əvvəl əməkdar, az keçmiş Xalq artisti fəxri adlarına layiq görülmüşdü”.
Qonaq-qaralı ev
Qızı Gülarə xanımın xatirəsindən: "Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, anama ən böyük, ən qəribə, gözlənilməz hədiyyəsi, söz yox ki, pasportuna evlənmələri barədə vurdurduğu möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Heç nə demədən evdən anamın şəklini, pasportunu aparıb, bir müddət sonra "Hazırlaş, xaricə gedirik” - deyə aldığı putyovkanı ona uzadıb. Onlar birlikdə, demək olar, dünyanın az qala yarısını gəziblər. Anam özü deyərdi ki, Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar. Atamı xatırlayanda tez-tez uşaqlıq illərim yadıma düşür. Məni özü ilə iş yerinə aparırdı. Artıq orada hamı məni yaxşı tanıyır, hər gəlişimi sevinclə qarşılayırdılar. Orkestrdə bir kamançaçalan vardı. Mən qapıda görünən kimi kamançada adımı səsləndirərdi. Bu elə xoşuma gəlirdi ki. Atam iş yerində məni dahi sənətkarlarla tanış edərdi. Onların çoxunu evimizdə də dönə-dönə görmüşəm. Bizə atamın sənət yoldaşları - müğənnilər, musiqiçilər, bəstəkarlar tez-tez gələrdilər. Evimiz çox qonaq-qaralı olardı. Anam evdar qadın idi. İki gündən bir atamın başına bu qədər adamın toplaşmasından narazılıq eləməzdi. Əslində, biz buna alışmışdıq. Elə bilirdik, belə də olmalıdır”.
Kür çayının ovsunu
Xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimov Gülağa Məmmədovu görən son sənətçi dostu olub: "Onunla bir çox xarici ölkələrə getmişik. Səfərlər zamanı çalışardıq ki, xalqımızın adına, musiqi sənətimizin şərəfinə hörmət, nüfuz qazandıraq. Uğurumuzun əsas səbəbkarı Gülağa olub. Onu həmişə alqışlarla qarşılayardılar. Çoxlu dostu vardı. Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Hacı Xanməmmədov və başqa bəstəkarlar onunla işləməkdən həzz alardılar. Şair Rəfiq Zəkanın sözlərinə yazdığı ”Ana Kürüm” mahnısı lentə alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəldi. Onun bu sözləri indiyə qədər yaddaşımda qalıb: "Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan dəli Kür çayını ovsuna saldın”. Həmin mahnı məşhur "Dəli Kür” bədii filmində səslənir...
"Məgər mən ölmüşəm?”
Görkəmli müğənninin ailəsi Gülağa Məmmədova qarşı olan biganəlikdən də gileylənib: "Sənətinə layiqli qiymət vermədilər. Bu laqeydlik ona çox toxundu. Ən böyük ədalətsizliklərdən biri 60 illik yubileyi ərəfəsində oldu. Yubileyinin qeyd olunması üçün xüsusi komissiya yaradılmışdı. Afişalar asılmış, dəvətnamələr paylanmışdı. Oktyabrın 24-də Filarmoniyada keçiriləcək yubiley tədbirinə digər respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda Mərkəzi Komitədən xəbər gəldi ki, tədbir keçirilməsin. O zaman bunun səbəbini Gülağa Məmmədovun Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirmişdilər. Sonra qərara gəldilər ki, tədbiri Aktyorlar evində keçirsinlər. Oranın da pərdələri cırıq, oturacaqları sınıq idi. Gülağa buna razı olmadı. Dedi, əgər məni Filarmoniyaya layiq bilmirlərsə, ümumiyyətlə, tədbir keçirilməsin. "Məgər mən ölmüşəm? Ölənləri Aktyorlar evindən götürürlər” - dedi. Bu haqsızlıq ona çox pis təsir elədi. Dedi ki, mən Filarmoniyada o qədər zəhmət çəkmişəm. Bircə gün mənə vaxt sərf oluna bilməz? Gülağa da əsəbiləşib gecə ilə bütün afişaları çıxardı. O biri respublikalara da teleqram vurdu ki, qonaqlar gəlməsin”.
Aliyə xanım deyib ki, G.Məmmədovun sağlığında bircə dəfə də yubileyi keçirilməyib. Dünyasını dəyişəndən sonra isə bir dəfə Muğam Teatrında xatirə gecəsini təşkil ediblər: "Qarşılaşdığı diqqətsizlik Gülağa üçün ağır zərbə oldu. O, bu haqsızlıqlara dözə bilməyib şəkər xəstəliyinə tutuldu. Xəstəliyinə baxmayaraq, son günə qədər yeni mahnılar üzərində çalışırdı. Rəhmətə gedən günə qədər orkestrlə mahnı yazdırmağa gedirdi”.
Ölümündən sonra, 2002-ci ildə "Azərbaycantelefilm” studiyası Gülağa Məmmədov haqqında qısametrajlı sənədli televiziya filmi çəkib. Filmdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin videoarxiv materiallarından, əsasən "Dəli Kür” filmindəki kadrlardan istifadə edilib.
Bu il isə görkəmli müğənninin 95 illik yubileyidir. Yenə də sakit, səssiz-səmirsiz keçdi...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər