• cümə, 29 Mart, 13:31
  • Baku Bakı 14°C

“Şir əlimdəki dondurmaya, mən də ona baxırdım...”

11.06.20 09:00 1394
“Şir əlimdəki dondurmaya, mən də ona baxırdım...”
İş prosesində aktyorların başına gələn hadisələr heç də həmişə gülməli olmur
İncəsənət qurban tələb edir - deyirlər. Bəzən bir tamaşaya və ya filmə baxıb, "burda nə var ki, onu biz də oynaya bilərik” deyənlərimiz də az deyil. Halbuki, aktyorluq böyük bir məktəbdir: onun mimikası, jesti, plastikası, obrazın mənimsənilməsi, dərk edilməsi, məşq prosesi və sair uzun bir yoldur. Baxdığımız tamaşalar və izlədiyimiz filmlər rahatlıqla ərsəyə gələn bir məhsul deyil. Bir tamaşanın hazırlanması üçün aylar, filmin tamamlanması üçünsə illər lazım gəlir.Hətta bunların hazırlanması prosesində yaradıcı heyət üzvlərinin aldığı zədələr, iş zamanı başlarına gələn bədbəxt hadisələr də az olmur. Belə ki, bəzən məşq prosesində aktyorun silahı olan siması, üzü zədələnir və bu onun həyatında silinməz izlər buraxır. Biz də bu gün o aktyorlarla söhbət etdik.

Xalq artisti, prezident mükafatçısı Nübar Novruzova ötən illəri xatırlayaraq, bu illər ərzində maraqlı hadisələrlə qarşılaşdığını bildirir: "Əslində bu kimi hadisələrlə çox rastlaşmışam. Onlardan ən yaddaqalanı "Duel” filminin çəkiliş prosesi oldu ki, burada dəyərli sənətkarlarla - Tariyel Vəliyev, Əliabbas Qədirov, Lütfi Məmmdbəyovla çalışırdıq. Çəkiliş prosesi gölün kənarında baş verirdi. Birdən kamera gölə düşdü, o an halımız dəyişdi. Təsəvvür edin ki, bir aylıq zəhmətimiz hədər getdi. Hamımız oturduq ocağın kənarında ki, nə edəcəyik. Şükürlər olsun ki, çəkdiyimiz materialların müəyyən hissəsi yanmamışdı. Başqa yerdə çəkilişlərə davam etdik”.
Xalq artisti teatrda da başına gözlənilməz hadisələrin gəldiyini deyir: "Uzun illər bundan öncə İsgəndər Coşqunun "Ana laylası” tamaşasında Bahar obrazını canlandırırdım. Bu obrazı məndən öncə Xuraman Hacıyeva, Almaz xanım oynamışdı. Bu mənim sevimli rollarımdan idi. Bu tamaşa ilə qastrol səfərlərinə gedirdik. Günlərin bir günü bir rayona qastrola gəlmişdik. Bizə demişdilər ki, paltarları geyinməyə imkan yoxdur, biz də geyinib hazır gəlmişdik. Musiqi səsləndi, səhnəyə çıxmaq istəyəndə, birdən ayağım səhnədəki deşiyə girdi. Bilmirdim ayağımı çıxarım, yoxsa obrazımı oynayım. Musiqini saxladılar, deşikdən ayağımı çıxardılar. Ağrıya-ağrıya tamaşanı oynamağa davam etdim. Əvvəl bir az axsadım, amma heç kimə bildirmədim. Ondan sonra arğı şiddətləndi. Bir xatirəm də "Qəzəlxan” filmi ilə bağlıdır. Öküzlərin üstü ilə gəlirik, öküzlər birdən aşmaq istəyəndə qolum əzildi. Ağrıdan dayana bilmirdim. Qolumun damarları dartılmışdı və onun ağrısı çox pis idi. Onda qoluma buz qoydular və mən elə obrazımı canlandırdım”.

Tanınmış aktyor Elçin İmanov da başına gözlənilməz hadisələrin gəldiyini bildirir: "Böyük sənətkarlarımızın da başına belə hadisələr gəlib. Misal üçün, Məlik Dadaşov səhnədə yıxılmışdı, gicgahı stolun küncünə dəymişdi. O hadisədən 1 həftə sonra da dünyasını dəyişdi. Mənim də başıma gözlənilməz hadisələr gəlib ki, onların ən təsirlisi Mehriban Ələkbərzadənin hazırladığı "Nuri-didə Ceyhun” tamaşasında tərəf-müqabilim Pərviz Məmmədrzayevlə səhnə oynadığım anda ayağım sürüşüb, diz qapağımın yerindən çıxmasıdı. 2018-ci ilin oktyabr ayında tamaşanı təhvil verdik. Ondan sonra təcili yardım gəldi, bir aya yaxın ayağım gipsdə qaldı. Dekabrın 14-də AzTV sözügedən tamaşanı lentə alırdı. O zaman yenidən obrazımı oynamaq məcburiyyətində idim. Dekabrın 14-də yenidən oynadım, baxmayaraq ki, ayağım tam işlək vəziyyətdə deyildi. Bu dəfə də tamaşanı oynayanda yıxıldım və diz qapağım 4 yerə bölündü. Dekabrın 17-də məni xəstəxanaya qəbul etmədilər. Növbəti gün əməliyyata getdim. Səhnədə yıxılan anda tamaşanı axıra qədər oynamışdım. Təsəvvür edin ki, final səhnəsində iki nəfər aktyor qoluma girib, elə oynamışam. O gündən 2 ilə yaxın zaman keçsə də, bu gün də ayağımdan əziyyət çəkirəm, tam qatlanmır. İncəsənət qurban tələb edir - deyirlər və mən o qurbanı vermişəm. Allah heç kimə göstərməsin və bunu heç kimə arzulamıram. Səhnədə yıxılmaq, belə hadisələrlə üzləşmək dəhşətlidir. Dünyada ən çətin peşə aktyorluqdur”.
E.İmanov bu günə qədər müalicə olunduğunu bildirir: "Hələ də masaja və fizioterapiyaya gedirdim, pandemiyaya görə müalicəm də dayandı. Məndəki cür ayaq sınması nadir hallarda olur. 100-də 5 nəfərdə rast gəlinir, həkimin dediyinə görə. Təsadüfdən mənim bəxtimə çıxdı və uzun proses oldu. Sümüyün sınması asan bir şeydir, bir müddətdən sonra birləşir, amma diz qapağı qırılanda neçə müddət gipsdə qalır. 2 ilə yaxındır bütün damarlar yatır. 2 ilə yaxındır heç bir layihədə, nə də serial və çəkilişlərdə ola bilmirəm. Yəqin ki, yavaş-yavaş unuduluruq”.

Aktrisa Günel Məmmədova teatrda məşq prosesində çox zədə aldığını bildirdi: "Sifət aktyorun silahıdır, bu baxımdan bizim sifətimizdə hər hansı problem yarananda, kompleksə düşürük. Bir neçə il bundan öncə Nicat Kazımovun quruluşunda hazırlanan "Rəvayəti şahzadeyi Xəzər” tamaşasının məşqində gözlənilməz bir hadisə yaşadım. Belə ki, orada taxtadan hazırlanan qılınclarla məşq edirdik. Tərəf-müqabilimlə döyüş səhnəsində bir-birimizi gözləmədik və mən yıxıldım. Mənəvi təsiri çox böyük oldu. Hətta ondan sonra gözlərim zəiflədi. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Məşq prosesində tamamilə təbii olan hadisə idi. Həmin ərəfədə güclü qar yağmışdı. Məni 1 saylı Kliniki Tibbi Mərkəzə apardılar. Hardasa 3 saat Mərkəzin önündə gözlədim. Həkimlərin həmin vaxt mənə baxması mümkün deyildi, çünki qara görə çox hadisələr baş vermişdi. Açığı, bu günə qədər orada əməliyyat olunduğum üçün peşmanam. Çünki burnum hələ də düzəlməyib, rahat nəfəs ala bilmirəm. Ailə üzvlərimdən narahat olmuşdum, onları qorxutmamaq üçün oraya getmişdim. Hər hansı tanıdığım həkimin yanına getsəydim, indiki fəsadlar olmazdı. İndi nəfəs ala bilmirəm və bunun ağrısı da ürəyimə vurur. Nə qədər məşq edib, bunu tənzimləməyə çalışsam da, o öz mənfi təsirini göstərir”.

G.Məmmədova o günləri unuda bilmir: "Normalda burun qırığı 21 aya sağalırsa, məndə çox uzun çəkdi. Bir tamaşaya görə də tez gipsdən çıxartdıq ki, onu oynaya bilim. Tamaşa oynayanda gördüm ki, burnumdan qan gəlir”.

Aktyor Fikrət Məmmədov "Şir evdən getdi” filminin çəkiliş prosesində başına gələn əhvalatı danışdı: "Filmin çəkiliş günlərində havalar çox isti keçirdi. Sərinləmək üçün dondurma aldım. Günün istisində sərinləmək üçün yer axtaran zaman mənə çəkiliş üçün istifadə edilən mikroavtobusa getməyimi məsləhət gördülər. Mini-avtobusun qəribə görünüşü vardı. Elə avtobusun qapısını açıb içəri girmişdim ki, gördüm, bu avtobus başqaları kimi deyil. Burda nə oturacaq var idi, nə də dincəlmək üçün bir yer. İçəri daxil olub, avtobusun qapısını təzəcə bağlayıb pəncərəyə söykənmişdim ki, gördüm ki, yanımdan bir səs gəlir. Bu səs insan səsi deyildi. Sən demə, bu avtobus kinoda çəkilən şiri saxlamaq üçün istifadə edilən minik vasitəsi imiş. Fikir vermədən keçmişəm içəri. İndi şir də yanımda durub dondurmaya baxır... O an nələr yaşadım, Allah bilir. Bilmədim dondurmamı yeyim, yoxsa canımı qurtarım. Geri çəkilib qapıdan yapışmağa da ehtiyat edirdim. Allahdan, şir əhliləşdirilmişdi, yoxsa məni parçalayardı. O zaman gənc idim, 18 yaşım olardı, təcrübəsizliyim hər halımdan hiss olunurdu. Bu günə qədər də o situasiyanı unuda bilmirəm”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər