• cümə, 29 Mart, 03:06
  • Baku Bakı 7°C

Siqaretin nə fərqi var ki...

22.06.16 12:22 5694
Siqaretin nə fərqi var ki...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nazik ("slims" - red.) siqaretlərin satışını məhdudlaşdırmağı, hətta qadağan etməyi təklif etmək niyyətindədir. APA-Economics xəbər verir ki, bu barədə "Kommersant" qəzeti işçi qruplarından birinin hesabatına istinadən yazır.
Qəzetin iddiasına görə, təklif təşkilatın tütünə qarşı çərçivə konvensiyasına həsr olunan konfransda səslənə bilər: "İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır. Məsələn, Rusiya bazarındakı siqaretlərin 40%-i zərbə altında olacaq".
Bəs görəsən daha az zərərli olduğu söylənilən nazik siqaretlərin satışının qadağan olunması nə ilə bağlıdır? Adətən qadınların istifadə etdiyi nazik siqaretlərə qadağa bazara necə təsir edəcək?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda hələ 17 iyun 2006-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində tütün məmulatlarının qablaşdırılması və markalanmasına dair AZS 335-2016 standartının müzakirəsi keçirilsə də, hələ ki bu standart qəbul olunmayıb: "Bu sahədə müəyyən qədər irəliləyişlər əldə olunub. Texniki komitənin üzvü olaraq bu yığıncaqda mən də iştirak etmişəm. Qəbul olunacaq standartın 5.1.4.5-ci bəndində qeyd olunur ki, çəkilən tütün məmulatlarının markalanması müəyyən tütün məmulatlarının digərlərindən daha az ziyanlı olduğu haqda yanlış təsəvvür yaratmamalı, yəni markalanmada "qətranların miqdarı aşağıdır”, "yüngül, çox yüngül, yumşaq” və s. terminlər olmamalıdır. Nazik siqaretlər adətən istehlakçıları aldadır. Onların üzərində yuxarıda sadaladığım terminlər yazılır və tütün məmulatlarının çəkilişinin başqa cür stimullaşdırılması baş verir. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi qərarla Azərbaycanda tezliklə qüvvəyə minəcək bu standartın bir-birinə tam uyğunluğu var”.
E.Hüseynov bildirdi ki, adıçəkilən standart ilə bağlı qətiyyən razılaşmadığı bəzi məqamlar da var: "Belə ki, 2001-ci ildə "Tütün və tütün məmulatları haqqında qanun” Milli Məclisdə müzakirə olunarkən tütün məmulatlarının üzərində yaranma tarixi və son istifadə tarixinin olması məsələsini gündəmə gətirdik. Təəssüflər olsun ki, bugünkü standartlara görə qanunda nəzərdə tutulur ki, siqaretlərin üzərində yalnız buraxılma tarixi yazılır. Bu, əslində anormal bir haldır. Ona görə yeni yaradılan standartda bu nəzərdə tutulub. Çalışacağıq ki, yeni standartda hər bir siqaretin üzərində hər iki tarix qeyd olunsun. Hamı bilməlidir ki, siqaretlər tərkibində 400-ə qədər kimyəvi birləşmə olan mürəkkəb bir məhsuldur. Qeyd edim ki, siqaretlər birmənalı şəkildə insan orqanizminə ciddi ziyan vurur. Onların saxlanma müddəti olmadığı üçün ölkənin əmtəə bazarında külli miqdarda vaxtı keçmiş, yararsız siqaretlər var və insanlar onu istehlak edir. Siqaret məişət narkomaniyasıdır. Siqaretin qalın, yaxud nazik olmasının heç bir fərqi yoxdur. Onun yararsızı isə orqanizmə daha dəhşətli ziyan vurur”.
Sonda E.Hüseynov bu sahədə əldə olunan irəliləyişlərdən və mövcud problemlərdən də söz açdı: "Bu illər ərzində Azad İstehlakçılar Birliyi hökumətin dəstəyi ilə bu sahədə əsas olaraq 7-ə qədər filtrsiz tütün fabrikinin bağlanmasına nail oldu. Qeyd edim ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı da oldu. Lakin bu sahədə bu gün müxtəlif problemlərin olması da sirr deyil. Bu problemlərdən biri də bütün dünyadan fərqli olaraq Azərbaycanda böyük supermarketlərdə siqaret stendlərinin ən öndə olmasıdır. Demək olar ki, siqaretin hər yerdə açıq reklamı gedir. Baxmayaraq ki, "Reklam haqqında” qanunda tütün məmulatlarının reklamı qadağan olunub. Azad İstehlakçılar Birliyi Səhiyyə Nazirliyi ilə birgə çalışır ki, marketlərdə kassaların yanında olan siqaret reklamlarının üstü örtülsün. Həmçinin orada qeyd olunsun ki, siqaretin 18 yaşadək olan uşaqlara satışı və istifadəsi qadağandır. Təəssüf ki, bugünə kimi biz buna nail ola bilməmişik. İnsanları siqaretə ilk öncə nazik siqaretlər öyrəşdirir. Nazik siqaretlər insanları sövq edən bir amildir. Bu gün bazarın təxminən 50 faizini nazik siqaretlər təşkil edir. Siqaretlərin satışı nə qədər azaldılsa, bu sahədə müxtəlif işlər görülsə, bir o qədər cəmiyyət üçün yaxşı olar”.
Həkim-terapevt Məlahət Abbasova siqaretin orqanizmə vurduğu ziyandan bəhs etdi. O bildirdi ki, heç bir fərqi yoxdur, qalın, yaxud nazik siqaretlər insan orqanizmi üçün eyni fəsadlar verir: "Siqaret ümumilikdə insan orqanizminə ciddi şəkildə ziyan vurur. Çünki siqaret orqanizm üçün tamamilə yad cisimdir. Üstəlik onun tərkibində xeyli miqdarda zəhərli maddə var. Bunun nə fərqi var ki, nazik siqaret oldu, yoxsa qalın. İkisi də insan üçün təhlükəlidir. Nazik siqaretlərə adətən qadınlar daha çox meylli olurlar. Lakin siqaret ilk növbədə elə qadınların düşmənidir. Qadın dünyaya uşaq gətirir. Orqanizmi nikotinlə zəhərlənən qadının dünyaya gətirdiyi uşaq nə qədər sağlam ola bilər ki? Uşaq doğulmazdan öncə zəhərli maddə qəbul edir. Hətta qadın özü siqaret çəkməsə belə, onun ətrafında çəkilən siqaretin tüstüsü də qadın orqanizmi üçün gələcəkdə dəhşətli fəsadlar törədə bilər. Adətən ikinci hal daha mənfi təsir göstərir. Çünki tüstü orqanizmə passiv şəkildə daxil olur”.
Həkimin sözlərinə görə, siqaret çəkilən zaman insanlar həmin ərazidən uzaq olmalıdır: "Siqaretin fəsadlarını saymaqla bitməz. Amma tütün ilk növbədə ağ ciyərin düşmənidir. Hər şeydən öncə siqaret ağ ciyərdə vərəm xəstəliyinə səbəb olur. Onsuz da şəhər havası, ekologiyası orqanizmimizə mənfi təsir edir. Bir yandan da tüstü və nikotin qəbul etmək öldürücü zərbə olur. Həm qadınlarda, həm də kişilərdə siqaret adətən yuxarı tənəffüs yollarına mənfi təsir göstərir. Qadınlarda daha çox ağzın içinin yanması və rənginin dəyişməsi, dodaqların rənginin dəyişməsi, boğazın yanması, kişilərdə isə adətən qırtlaq xərçənginə səbəb olur. Ən nəhayət, siqaret ağ ciyər və bronxların xərçənginə gətirib çıxarır. Siqaret çəkən şəxslərin içərisində ağ ciyər xərçənginə yoluxanların sayı çəkməyənlərlə müqayisədə iki-üç dəfə daha çoxdur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər