• şənbə, 20 Aprel, 03:19
  • Baku Bakı 15°C

Sığorta yığımları ilə ödənişlər arasındakı böyük fərq

01.11.19 09:00 1423
Sığorta yığımları ilə ödənişlər arasındakı böyük fərq
Ekspert deyir ki, bazar inkişaf etdikcə, fərq də azalacaq
İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11% və ya 17.1 mln. manat artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 201.7 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3.6 mln. manat artım), daşınmaz əmlakın icbari sığortası (21% və ya 4.9 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1.1 mln. manat artım) növləri olub. Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar, ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29% (8.1 mln. manat) artım olub. Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.4 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.6 mln. manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.
Sığorta yığımları ilə sığorta ödənişləri arasındakı fərq nisbəti 321 milyon manata yaxındır. Bəs görəsən bu fərq nisbətinin belə böyük olmasının səbəbləri nədir? Ümumiyyətlə, dünya təcrübəsində ümumi situasiya necədir?
Sığorta üzrə mütəxəssis Kamran Babayevqeyd etdi ki, mənfəət normasının yüksək olmasının bir sıra səbəbləri var. Mütəxəssis bildirdi ki, sığorta bazarı inkişaf etdikcə, bu fərqin aradan qalxacaq: "İnkişaf etmiş ölkələrdə belə, mənfəət normasına demək olar ki, tək-tük hallarda rast gəlinib. Adətən sığorta ödənişləri ilə sığorta yığımları arasındakı fərq inkişaf etmiş ölkələrdə xeyli aşağı olur. Yəni dünya təcrübəsində belə böyük fərq normal deyil. Hal-hazırda Azərbaycanda sığorta bazarı öz inkişaf dövrünü yaşayır. Buna görə də, göstəricini yaxşı qiymətləndirmək olar. Bazarın potensialı böyük olsa da, hələlik sığorta sahəsi bizdə tam inkişaf etməyib. Mənfəətin böyük olmasının müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri vətəndaşların sığorta hüquqlarını hələ də tam bilmədikləri ilə bağlıdır. Böyük əksəriyyət sığorta haqqında az məlumatlıdır. Bu sahədə maarifləndirmə işləri də zəif aparılır. Bölgələrdə insanların əksəriyyəti sığorta haqqında məlumatsızdır. Hadisə olduğu zaman öz haqqını tələb etməyən insanlar var. Bu da məlumatsızlıqdan irəli gəlir. Düzdür, son illər ərzində bu sahədə inkişaf hiss olunur. Aparılan maariflənmə işləri sığorta ödənişlərinin artmasına səbəb olur. İnsanlar yavaş-yavaş öz hüquqlarını öyrənir və sığorta ödənişlərini tələb edirlər. Digər tərəfdən, sığortanın bütün növləri bizdə inkişaf etməyib. Bəzi sığorta növləri var ki, zərəri az, yaxud yox dərəcəsindədir. Hadisə tezliyi yüksək olan sığorta növlərinin zərəri o qədər də böyük olmur. Məsələn, əmlak sığortasında hadisə tezliyi çox aşağıdır. Avtomobil sığortasında isə hadisə tezliyi yüksəkdir. Əmlak sığortasının zərəri çox aşağı olduğu üçün ödənişlər yığımlardan çox azdır. Sığorta bazarı inkişaf etdikcə, aradakı fərq də azalacaq”.
İqtisadçı alim Vüqar Bayramovsöylədi ki, hər bir şirkət çalışır ki, illik mənfəəti böyük olsun: "Sığorta şirkətləri, adətən çalışır ki, yığımlarla müqayisədə sığorta ödənişlərini daha az həyata keçirsinlər. Dünya praktikasında belə mənfəət normasına çox nadir hallarda rast gəlinir. Mənfəət normasının yüksək olmağı, sığorta xidmətlərinin bahalı olması ilə bağlıdır. Sığorta ödənişlərinin az olmasının digər bir səbəbi sığorta hadisələrinin az olması ilə bağlıdır. Nə qədər az sığorta hadisəsi baş verirsə, şirkətlər o qədər az ödəniş həyata keçirir. Qeyd olunan rəqəmlər şirkətlərin birbaşa əldə etdiyi gəlirin göstəricisidir. Bu göstərici ondan xəbər verir ki, şirkətlər daha çox gəlir əldə ediblər. Beynəlxalq təcrübədə də sığorta şirkətləri daha çox gəlir əldə etməyə çalışır. Amma dünya ölkələrində sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq o qədər də böyük olmur. Əslində 300 milyon böyük mənfəət normasıdır. Şirkətlər çalışmalıdır ki, sığorta haqları əlçatan olsun. Daha uyğun sığorta haqlarının tətbiqinə ehtiyac var. Sığorta haqlarının yüksək olması sığorta ödəmələrinə mənfi təsir göstərir. Bu göstərici sığorta hadisələrinin az, sığorta haqlarının xidmətinin baha olması ilə birbaşa bağlı olan məsələdir. Ona görə də, şirkətlər öz xidmətlərini əlçatan etməlidir. Əslində bu hal da şirkətlərin daha böyük mənfəət əldə etməsinə şərait yaranacaq. Xidmətlərin ucuz olması, vətəndaşların bu sahəyə marağını daha da artıra və sığorta bazarını böyüdə bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər