• cümə axşamı, 28 mart, 22:00
  • Baku Bakı 13°C

Sığorta sahəsində ciddi islahatlar gözlənilir

28.02.17 10:30 861
Sığorta sahəsində ciddi islahatlar gözlənilir
"Bu il sığorta sistemində strateji nöqteyi-nəzərdən çox ciddi dəyişikliklər edəcəyik”. "APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədriRüfət Aslanlı deyib. Onun sözlərinə görə, MBNP sığorta sistemində çox ciddi təşəbbüslərlə çıxış etməyi planlaşdırır: "Bu təşəbbüslərlə bağlı qanunvericilikdə dəyişiklik olacaq. Biz 2016-cı ildə bank sektorunda stabilləşməyə nail olmaq üçün tədbirlər gördük. Bu tədbirlər daha dərin islahatlar üçün platforma yaradır. Bu il isə sığorta sistemində strateji nöqteyi-nəzərdən dəyişikliklərə başlayacağıq. Sığorta sistemi daha uzunmüddətli yığımları və investisiyaları təmin edə bilir. Sığorta sistemində ödəniş sistemlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasına dəyişikliklər ediləcək. Artıq Azərbaycan Mərkəzi Bankı aidiyyatı qurumlarla birgə qanun layihəsi üzərində işi başa çatdırıb".
Bəs görəsən bu dəyişikliklərin məğzi nədir və sığorta bazarında hansı nəticələrə gətirib çıxaracaq? Yeni dəyişikliklər bu sahəyə olan inamı bərpa edə biləcəkmi? Ümumiyyətlə, bu sahədə hansı yeniliklər tətbiq olunmalıdır, hansı dəyişikliklər edilməlidir?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, qanunvericiliyə hansı istiqamətdə dəyişikliyin ediləcəyi haqda hələlik məlumat yoxdur. İqtisadçı hesab edir ki, ümumilikdə sığorta sahəsində müəyyən islahatlara ciddi ehtiyac var: "Əvvəlki dövrlərlə müqayisədə bu sahədə təbii ki, müəyyən qədər inkişaf var. Təklif olunan sığorta məhsullarının çeşidləri, xidmətin keyfiyyəti əvvələ nisbətən dəyişib. Amma hələ də bu sahə müavfiq dünya göstəricilərindən kifayət qədər aşağı səviyyəyə malikdir. Eyni zamanda qeyd etməliyik ki, sığorta bazarı yenicə inkişaf dövrünə başladığı vaxtda risklə üzləşib. Belə ki, mövcud iqtisadi vəziyyət sığorta bazarına da öz təsirini göstərməkdədir. Belə bir situasiyada sığorta sisteminin daha zəif nöqtələri qısa müddətdə özünü büruzə verir. Amma bu nöqsanların aradan qaldırılması üçün əslində münbit şərait də yaranıb. Hesab edirəm ki, növbəti dövrlərdə məhz bu nöqsanların aradan qaldırılması ilə bağlı addımlar atılacaq. Sığorta sisteminin dünya maliyyə bazarlarının və o cümlədən Azərbaycan maliyyə bazarlarının tələblərinə uyğun şəkildə xidmət və fəaliyyətinə şərait yaradılacaq”.
R.Həsənov deyir ki, əsas problemlərdən biri də ictimai inamın bu sahəyə bərpa olunması məsələsidir: "Xüsusilə bu istiqamətdə xeyli nöqsanlar yaşanır. Sığorta hadisəsi zamanı vətəndaş öz hüquqlarını sona qədər təmin və müdafiə edə bilmir. Bu isə son nəticədə hazırki informasiya dövründə ictimailəşərək sığorta bazarının imicinə mənfi təsir göstərir. Yaxşı olardı ki, sığorta hadisələrinin daha düzgün qiymətləndirilməsi, müəyyən sığorta hadisələri zamanı şirkətlərin qeyri-qanuni şəkildə ödənişlərdən yayınması, bəhanələr gətirilməsi, müqavilələr bağlanarkən vətəndaşların bilərəkdən hansısa formada aldadılması kimi məsələlərə aydınlıq gətirilsin. Eyni zamanda sığorta şirkətlərinin dayanıqlığı, onların məcmu kapitalının həcmi, ehtiyat normaların həcmində bəzi düzəlişlərə ehtiyac yaranacaq. Çünki sığorta bazarı böyük bi bazardır və onların fəaliyyətində risk amili də böyükdür. Bu baxımdan risk amili onların fəaliyyəti ilə uyğunlaşdırılaraq ehtiyat normaları müəyyən edilməlidir”.
İqtisadçı sonda bəzi vacib məqamları da vurğuladı: "Sığorta sahəsində təklif olunan xidmətlər əsasən riskli sahələri əhatə edir. Məsələn, Azərbaycanda kənd təsərrüfatının sığortasının inkişafında sığorta sisteminin iştirakçıları maraqlı deyillər. Düşünürəm ki, yeni dəyişikliklər zamanı sığorta şirkətlərinin bu sferalarda fəaliyyətini təşviq edəcək hansısa mexanizmlərin də düşünülməsi və ortaya qoyulmasına ehtiyac var. Yəqin ki, dəyişikliklər zamanı bu amilə də diqqət yetiriləcək. Amma böyük ehtimalla ümumi qanunvericiliyə dəyişikliklərin daha çox hissəsi bu bazarda fəaliyyət göstərən subyektlərin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı olacaq. Həmçinin qanunvericilkdə mövcud boşluqların müəyyən qədər aradan qaldırılması məsələsi də ilk növbədə diqqət mərkəzində olacaq. Hesab edirəm ki, nəzarət mexanizmləri böyük ehtimalla daha da gücləndiriləcək”.
Milli Məclisin İqtisadi siyaəst, ənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, bu sahədə bəzi dəyişikliklərə ehtiyac var: "Sığorta ilə əlaqədar müəyyən qanunlar qəbul edilib. Həmçinin sığorta şirkətlərinin sığorta bazarına cəlb ediləsi üçün əlavə səlahiyyətlər verilib. Düzdür, qəbul edilən bu qərarlar ciddi bəhrə verməyib. Bu sahədə müəyyən dəyişikliklərə ehtiyac var. Sığorta hadisələri ilə əlaqədar insanları incitmək, sığorta haqlarının gecikdirilməsi kimi müxtəlif problemlər var. Bütün bu məsələlərə Milli Məclisdə baxılacaq. Əslində bu məsələ həmişə aktualdır. Sığorta bazarının fəaliyyətində son beş ildə bəzi irəliləyişlər olsa da, qaneedici səviyyədə deyil. Çalışmaq lazımdır ki, insanlarda sığortaya inam yaradılsın”.
İq­ti­sa­diy­yat Na­zir­li­yi İq­ti­sa­di İs­la­hat­lar El­mi-Təd­qi­qat İnsti­tu­tu­nun apa­rı­cı el­mi iş­çi­si Pər­viz Hey­də­rovqəzetimizə açıqlamasında bildirdi ki,sığorta bazarında normal münasibətlərin təşəkkül tapması üçün çox iş görmək tələb olunur: " Buraya həm qanunvericilik sahəsində, həm də müvafiq stimulun təmin olunması və səmərəliliyin yaradılması baxımdan görülməli olan işlər daxildir. Bütün bunlar isə müəyyən vaxt istəyir. Sözsüz ki, cari ildə, məsələn, bilavasitə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində tələb olunan addımlar atılarsa, məqsədə çatmaq işi xeyli yaxınlaşmış olacaq. Sığorta fəaliyyəti özü bir biznes növüdür. Burada cəlb olunan pul vəsaitləri gəlir gətirməlidir. Bundan ötrü isə həmin vəsaitlərin əlverişli investisiya imkanları olmalıdır. İnamın təmin ediməsi yalnız bütün bunlardan sonra gəlir. Unutmaq olmaz ki, sığorta məsələsi maliyyə bazarının əsas elementlərindən birini təşkil edir. Demək, maliyyə bazarının özü də hərtərəfli inkişaf etdirilməlidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər