• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

Sığorta bazarı inkişaf edə bilər

21.09.16 13:05 1084
Sığorta bazarı inkişaf edə bilər
Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının nəticələrini açıqlayıb. Fins.az-ın məlumatına görə, bazar üzrə yığımlar 14 %, sığorta ödənişləri isə 17,4 % artıb. Könüllü sığorta növləri üzrə yığımlar 16,7 % və ya 32,5 milyon manat artaraq 226,5 milyon manat təşkil edib. Maraqlıdır ki, könüllü sığorta növləri üzrəbazar payı artıb. Belə ki, 2015-ci ilin 8 aylıq göstəricilərinə əsasən könüllü növlər üzrə yığımlar bazarın 62 %-ni təşkil edib. Bu ilin eyni dövrünün statistik göstəricilərinə görə, könüllü sığortalar bazarda toplanan sığorta haqlarının 63,6 %-nə sahib olub.
Könüllü növlər üzrə yığımlarla yanaşı, ödənişlər 14,5 % və 12,7 milyon manat artımla100,1 milyon manat təşkil edib. Könüllü sığorta növləri üzrə bazar payı isə ötən ilin eyni dövrü ilə müqayisədə 75,3%-dən 73,2%-ə kimi azalıb.
Könüllü sığorta bazarında əsas artım həyat növlərinin payına düşüb. Belə ki, könüllü həyat növlərində yığımlar 42,4 % artaraq 80,3 milyon manat təşkil edib. Ödənişlər üzrə bu rəqəm 48,3 % artımla 46,2 milyon manat təşkil edib. Könüllü sığorta bazarının 64,5 %-ni təşkil edənqeyri-həyat növlərində yığımlar 6,2 % və ya 8,6 milyon manat artıb. Ödənişlər isə əksinə, 4,9 % və ya 2,3 milyon manat azalıb.
İcbari sığorta növlərində də yığımlarda artım müşahidə edilir. Yanvar-avqust aylarının nəticələrinə əsasən icbari sığorta bazarı 9,12% və ya 10,8 milyon manat artaraq 129,6 milyon manat təşkil edib. Könüllü sığorta növlərindən fərqli olaraq, icbari növlər üzrəbazar payı 38 %-dən 36,4 %-ə qədər kiçilib. İcbari sığorta bazarında da qeyri-həyat növləriüzrə yığımlar 12,1% artaraq 104,5 milyon manat, ödənişlər isə 26,8 % artaraq 34,4 milyon manat təşkil edib. 8 aylıq göstəricilərə əsasən qeyri-həyat növləri icbari sığorta bazarının 80,6 %-nə sahib olub. Bu bazar üzrə həyat növlərində isə yığımlar əksinə, 1,7 % və ya 453,1 min manat azalıb. Ödənişlər isə əksinə, nə az nə çox, düz 40,4 % və ya 633,5 min manat artıb.
Bəs görəsən, mövcud iqtisadi şərtlər daxilində sığorta yığımlarının artmasının əsas səbəbi nədir? Bu sahədə perspektivlər necədir? Hazırda hansı boşluqlar var?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən sığorta mütəxəssisi deyir ki, artımın özlüyündə müxtəlif səbəbləri ola bilər: "Ümumi bazar üzrə konkret olaraq hər hansısa bir səbəbi əsas fakt kimi göstərmək, fikrimcə, düzgün olmazdı. Əslində ötən illə müqayisə edəndə artımın olduğu doğrudur. Amma rəqəmləri iki il öncəki göstəricilərlə müqayisə etdikdə görərik ki, burada əslində artımdan yox, azalmadan söhbət gedə bilər. Yəni belə desək, statsitik göstəricilərə əsasən 2015-ci ilə nisbətən artım müşahidə oluna bilər. Amma 2013-cü ilə nisbətən müqayisə etsək, könüllü sığorta növlərində azalmanın olduğunu aydın şəkildə görə bilərik. Könüllü sığorta bazarında keçən illə müqayisədə 16 faiz artım olduğunu demək, fikrimcə, düzgün qiymətləndirilmə deyil”.
Ekspert azalmanın müxtəlif səbəblərinin ola biləcəyini vurğuladı: "Gəlirlər azaldığından artıq insanlar sığorta xidmətlərindən imtina edirlər. İdxal olunan avtomobillərin sayı kəskin azaldığından avtomobil sığortasında əvvəlki illərə nisbətən çox ciddi azalma var. Son dövrlərdə icbari sığorta ilə bağlı maarifləndirici tədbirlər həyata keçirirlir. Amma bu da tam arzuolunan səviyyədə deyil”.
Ekspertin sözlərinə görə, ötən illə müqayisədə cari ilin 8 ayı ərzində müxtəlif sığorta növləri üzrə bazar payının artması əslində müsbət haldır: "Əgər hansısa bir artımdan söhbət gedirsə, əlbəttə, bunun yalnız müsbət tərəfləri var. Lakin yenə də qeyd edim ki, bu artımın müxtəlif səbəbləri mövcuddur. Məsələn, bəzi müştərilər mövcud iqtisadi şərtləri nəzərə alaraq bu sahədə risklərin olduğunu dərk edir. Ona görə də onlar sığorta şirkətlərinə müraciət edirlər. Bu günə kimi sığorta etdirməyən bir çox müştərilər var ki, onlar artıq narahat olmağa başlayıblar. Yaxud da bazarda hər hansı yeni bir şirkət fəaliyyətə başlayır və çox böyük məbləğdə əmlaklarını sığortalayırlar”.
İqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, hazırki şərtlər daxilində sığorta ödənişlərinin həcminin artmasının iki səbəbi var: "Bu səbəblərdən biri sığorta şirkətlərinin öz fəaliyyətlərini təkmilləşdirməsidir. Getdikcə əhalinin daha böyük qismi sığorta bazarının iştirakçısına çevrilir. Bu, mütəmadi olaraq müşahidə olunan tendensiyadır və bu proses hazırda da davam etməkdədir. Amma mövcud iqtisadi şərtləri nəzərə alsaq, ödənişlərin artmasının əsas səbəbi kimi məhz xarici valyuta ilə ödənilən sığorta haqlarını sonradan milli valyutaya çevirərkən yaranmış fərqdir. Yəni konkret olaraq manatın 2 dəfə dəyər itirməsi bunun əsas səbəblərindən biridir. Qeyd edim ki, burada əsas söhbət sığorta şirkətlərinin gəlirlər qisminə edilən təsirlərdən gedir. Sığorta yığımları ilə sığorta mükafatları arasında qalan fərq sığorta şikrətlərinin gəliridir. Ümumilikdə deyə bilərəm ki, sığorta yığımları devalvasiya nəticəsində artıb. Buna görə də xarici valyuta ilə ödənilən sığorta haqlarının sığorta mükafatları da xarici valyuta ilə ödənilməlidir”.
R.Həsənovun sözlərinə görə, ümumi tendensiyanı qiymətləndirdikdə, 10 il bundan öncəki ilə müqayisədə bu gün Azərbaycanda sığorta bazarının böyüdüyünü görə bilərik: "Amma məsələyə müştərilərin sayı, əhalinin sığortaya cəlb olunma faizi konteksindən yanaşdıqda hələ də dünya ortalamasından geri qaldığımızı görə bilərik. Bu gün mövcud iqtisadi şərtlər bu sektorda fəaliyyət göstərən şirkətlərin gəlirlərinə, inkişaf strategiyasına öz təsirini göstərir. Ümumiyyətlə, sığorta Azərbaycanda yarımçıq inkişaf etmiş sahələrdən biridir. Növbəti dövrlərdə əgər sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə imkan yaranarsa, hazırda nəzərdə tutulan "yol xəritəsi” fəaliyyət planının icrası təmin olunarsa, bu zaman Azərbaycanda sığorta bazarı inkişaf edə bilər. Bunun üçün Azərbaycanda geniş imkanlar var. Bu gün mövcud potensialın çox az bir hissəsi istifadə olunur. Əlverişli şərait yaranarsa, sektorun böyümək imkanları da genişdir”
İqtisadçının sözlərinə görə, bu sahədə hələ də müəyyən boşluqlar var: "Bu gün sığorta şirkətlərində müqavilələrin təklif olunma formasında, maarifləndirmə işlərində və eyni zamanda reklam çarxları, mətbuatla işləmə formalarında müsbət dinamika hiss olunur. Lakin hələ də bu sahədə öz işinə səhlənkar yanaşan bir çox şirkət var. Belə ki, sığorta şirkətləri sığorta hadisəsi ilə bağlı daha çox subyektiv mövqe sərgiləyir. Yaxud da sığorta edən şəxsləri aldatmağa çalışırlar. Bu kimi hallar mətbuatda sürətlə yayılır və bu da prosesiin inkişafına neqativ təsir göstərir. Amma bütövlükdə müsbət dinamika artıq hiss olunmaqdadır. Ümid edirik ki, bu proses davamlı olacaq və sığorta şirkətləri öz fəaliyyətlərində daha məsuliyyətli olmağa çalışacaqlar. O cümlədən şirkətlər vətəndaşlarla işləmə qabiliyyətlərini inkişaf etdirməlidirlər. Çünki bazarın inkişafında təməl şərt sığortaçı və sığorta olunan şəxs arasında olan inamdır. Şirkətlər bu inamı qazana bilsə və öz fəaliyyətlərini bu istiqamətdə qura bilsələr, artıq növbəti dövrlərdə şirkətlər böyüyə və bazar paylarını genişləndirə bilərlər. Əks halda isə bir neçə on il sonra bazarın daha təkmilləşdiyi bir dövrdə məsuliyyətsiz, qısa müddətdə böyük gəlirlər əldə etmək istəyən şirkətlər məhv olub sıradan çıxacaqlar. Onlar ədalətli rəqabətə davam gətirə bilməyəcəklər”.
İqtisadçı könüllü sığorta növlərindən fərqli olaraq icbari növlər üzrə bazar payının 38 %-dən 36,4 %-ə qədər kiçilməsi məsələsinə də aydınlıq gətirdi: "İcbari olan istiqamətlərin bir çoxunda azalma müşahidə olunur. Vətəndaşlar işləmirsə, yaxud işlədiyi yerdən icbari tibbi sığorta tələbi yoxdursa, icbari sığortaya ehtiyac olmur. İcbari sığorta demək olar ki, Azərbaycan vətəndaşının istifadə etdiyi sığorta növlərindən sayılmır. Bu sığorta növündən adətən xarici şirkətlərdə çalışan əməkdaşlar istifadə edir. Ölkədə fəaliyyət göstərən xarici şirkətlərin sayında azalma var. Ona görə də icbari həyat sığortasının həcminin azalması müşahidə olunur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər