Sığorta agentləri endirim edə bilər?
"Yanacaqdoldurma məntəqəsində maşınıma benzin vurdurarkən bir nəfər
yaxınlaşıb sığorta şirkətindən olduğunu və avtomobilimi endirimlə icbari
sığorta etdirə biləcəyini dedi. Doğrusu, əvvəl fikirləşdim ki, endirimlər qadağan
olunubsa, bu, necə ola bilər. Amma sonra əgər endirim edilirsə, "niyə də yox”
deyib razılaşdım”. Bu sözləri bizimlə söhbətində "Hyundai” markalı avtomobilin
sahibi Cəfər Poladov bildirdi.
Qeyd edək ki, ötən il "İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər edildi. Dəyişikliyə əsasən, qanunla və
ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari
sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin
sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və
ya bu cür sövdələşmələr təklif etmək qadağandır.
Maraqlıdır ki, qanuna edilən bu dəyişiklikdən sonra yenə sığorta şirkətləri
müştəri cəlb etmək üçün endirim təklif edirlər. Müştərilər arasında
razılaşanlar da az deyil. Sığorta agentlərinin etdiyi endirim nə dərəcədə
realdır və müştərilərin aldadılmasına gətirib çıxarmaz ki?
"Bu, qanun pozuntusu sayıla bilməz”
Hüquqşünas Ceyhun Cəfərli deyir ki, sığorta bazarında icbari sığortanı həyata keçirən çox sayda
sığorta şirkəti var: "Bu şirkətlər arasında rəqabət mövcuddur və rəqabətdə
üstünlük əldə etmək üçün müxtəlif metodlara əl atırlar. Hesab edirəm ki, buna
normal baxmaq lazımdır. Əlbəttə, vergi məsələləri baxımından hüquq pozuntusu
olmamalıdır, dövlətin mənafeyi pozulmamalıdır. Qalan məsələlərdə, öz mənfəətindən
müştəri bazarını itirməmək naminə imtina etməyi heç də hüquq pozuntusu saymıram.
Ola bilər ki, sığorta şirkəti sənədləşmə işlərinə və agentə qalan məbləğdən müştəriyə
endirim etsin. Bu, qanun pozuntusu sayılmamalıdır və sayıla da bilməz”.
Qeyd edək ki, bir sıra şirkətlərin sığorta agentləri 5-10 faiz endirimlə
sığorta haqqını müştəridən nağd alır və Hökumət Ödəniş Portalı vasitəsilə
sığorta şirkətinin hesabına özlərinə məxsus debet kartlardan müştərinin adına
tam köçürürlər. Sonradan sığorta şirkətindən 20 faiz komisyon alırlar. 20 faizdən
də vergi faizi və müştəriyə etdiyi 5-10 faiz endirim haqqını çıxanda, yerdə
qalan pul agentin qazancı olur. Yəni agentlər daha az müştəiylə işləməkdənsə,
daha çox müştəriylə işləyib, daha çox pul qazanmağa üstünlük verirlər.
Agentlərin endirim müqabilində vətəndaşın avtomobili barədə məlumatları
səhv sənədləşdirməsinə gəlincə, hüquqşünas deyir ki, bu, saxtakarlıqdır: "Məsələn,
avtomobilin mühərrikinin gücünü az göstərərək sığorta haqqını sənəddə az göstərmək
kimi problemlərin ortaya çıxması saxtakarlqıdır. Bu halda vətəndaş şikayətçi ola
bilər. Sabah şirkət sığorta ödənişini verməkdən də imtina edə bilər. Məsələn, avtomobilin
mühərrikinin həcmi 4000 kub.sm-dirsə,
sığorta sənədlərində 3000 kub.sm kimi göstərilməsi düzgün deyil. Bütün hallarda
vətəndaş öz sənədinə, aldığı sığorta şəhadətnaməsinə baxmalı, məlumatların düzgünlüyünü
özü də yoxlamalıdır. Sabahısı qəza olanda da sığorta şəhadətnaməsi qüvvədədirsə, sığorta müqaviləsi üzrə öhdəlik götürdüyü
məbləğ həddində ödənişləri həyata keçirməlidir. Müəyyən olunan məbləğdən artıq zərər
vurulduğu təqdirdə, qalan məbləği təqsirkar şəxs qarşılamalıdır. Məsələn, vətəndaş şəxsi
avtomobili ilə başqa bir şəxsin avtomobilinə, yaxud öz səhhətinə zərər yetirib.
Əgər onun icbari sığorta şəhadətnaməsi qüvvədədirsə, zərərin sığorta şəhadətnaməsində
göstərilən miqdarı sığorta şirkəti tərəfindən
ödənilir. Məsələn, 5 min manata qədər. Əgər zərər 5 min manatdan çoxdursa, artıq hissəni təqsirkar şəxs
özü ödəməlidir”.
"Endirimin müştəriyə isti-soyuğu yoxdur”
Sığorta üzrə ekspert Hikmət Allahverdiyev deyir ki, avtomobil sahibinə hansısa sığorta şirkəti
tərəfindən endirim təklif edilməsi qanunsuzdur: "Amma hadisə zamanı müştərinin əlində
sistemdə olan müqavilədən çıxarış varsa, müştəri üçün isti-soyuğu yoxdur. Sığorta
şirkəti onun ödənişini həyata keçirməlidir”.
H.Allahverdiyev hesab edir ki, sığorta şirkətləri endirim edə bilməzlər:
"Ola bilsin, sığorta agentləri öz qazanclarından müştəriyə endirim etsinlər. Düzdür,
bu da qanunla qadağan olunub, ancaq edirlər”.
Qeyd edək ki, ötən ilin noyabrından etibarən avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqavilələri
kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır.
H.Allahverdiyevin sözlərinə görə, əgər sənədlərdəki məlumatları sığorta
agenti sistemə doğru daxil edibsə, o, kiməsə hədiyyə etsə də, sığorta şirkətinin
məsuliyyəti yerində qalır: "İstənilən halda müqavilənin ödənişi bank vasitəsilə
sığorta şirkətinin hesabına tam şəkildə daxil olur. Yəni endirim edən əskik hissəsini
cibindən ödəməlidir. Noyabrtın 1-dən sonrakı dəyişiklərdən sonra, məsələn, sığorta
haqqı 100 manatdırsa, müştəriyə 100 manatlıq kod verilir və o kod vasitəsilə bankda,
poçtda, ödəniş terminalında və elektron kartla ödəmə apara bilər. Sığorta
haqqını tam şəkildə ödəmək lazımdır. Endirimi kim edirsə, müştərinin yerinə pulu
da o ödəməlidir. Məsələn, hansısa agent müqavilə əsasında işləyirsə, öz komisyon
muzdunu həftədə, ayda bir dəfə nağdsız hesablaşmalar haqqında qanuna görə, bank
hesabı ilə alır, oradan vergisini ödəyib o pulu nağdlaşdıra bilir. Əgər kiminsə
cibində kifayət qədər vəsaiti varsa, o adamlar bu işlə məşğuldurlar ki, özləri müştərinin
yerinə ödənişi edir və gözləyir ki, bunun komisyon haqqı gələndə ödədiyi pulun bir
hissəsi qayıtsın. Onu da deyim ki, məbləğin minimum 5 faizini də gəlir vergisi
kimi ödəyir. Amma bu üsuldan istifadə etmək belə, qanunsuzdur. Çünki qanunvericilikdə
sözbəsöz yazılıb ki, endirim etmək, hədiyyə vermək qadağandır”.
İcbari Sığorta Bürosunun münasibəti
İcbari Sığorta Bürosundan Trend-ə verilən məlumata görə, ölkədə
icbari sığorta müqavilələrinin rəsmiləşdirilməsi hər bir icbari sığorta sinfi
üzrə tənzimləyici orqan tərəfindən müəyyən edilmiş sığorta haqları əsasında baş
verir və bu məbləğlərdən kənara çıxmalar yolverilməzdir. Bununla belə, icbari
sığorta müqavilələri əldə edərkən sığorta vasitəçiləri tərəfindən bir sıra
hallarda vətəndaşlara endirimlər və güzəştlər təklif olunur. Hazırda bu hallara
əsas etibarilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası (AVSMMİS) sahəsində rast gəlinir. İcbari Sığorta Bürosu sığorta vasitəçilərinin
və sürücülərin nəzərinə çatdırır ki, AVSMMİS müqavilələri bağlayan zaman bu cür
endirimlərin və hər hansı güzəştlərin tətbiqi qanuna ziddir və nəticə etibarilə
sığortalıların hüquqlarının pozulmasına yol açır.
Lalə MUSAQIZI