• cümə, 29 Mart, 11:07
  • Baku Bakı 5°C

“Sinfə daxil olarkən, uşaqların simasında yaranan təbəssüm nəyə desən dəyər” – Təhsil

12.05.17 11:30 3247
“Sinfə daxil olarkən, uşaqların simasında yaranan təbəssüm nəyə desən dəyər” – Təhsil

Müəllimlik müqəddəs sənətdir. Gələcəyin memarı, insanların inandığı, ən dəyərli varlıqları olan uşaqlarını etibar etdiyi şəxsiyyətdir müəllim. Amma öz yerindən, yurdundan, rahat şəraitindən imtina edib, ucqar kənddə dərs deyən müəllimlər haqqında nə qədər gözəl, təsirli sözlər desək də, kifayət etmir... Onlar öz fədakarlıqları ilə icra etdikləri peşənin qarşısında baş əydirirlər. Eynilə müsahibim Xəyalə Əsgərli kimi...
Xəyalə 1995-ci ildə Gədəbəydə anadan olub. Ailəsi ilə birlikdə Bakıda yaşayan müsahibimiz orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra isə dərs demək üçün Quba rayonunda Qəçrəş kənd orta məktəbinə yollanıb.

Bu peşəni necə sevməmək olar...


Deyir ki, uşaqlıqdan müəllimlik sənətinə sevgisi olub və məhz uşaqlıq arzusunu reallaşdırıb: "Təhsil mənim üçün hər şeyin başında gəlir. Məncə, insana ilk olaraq sağlamlıq, sonra təhsil lazımdır. Gənclər təhsilə çox önəm verməlidir. Təhsilsiz gənc müasir dövrdə heç vaxt irəliyə gedə bilməz. Müəllimlik müqəddəs peşədir. İnsan həyatı boyunca valideynlərinin və müəlliminin borcundan çıxa bilməz. Belə müqəddəs peşəni necə sevməmək olar... Valideyn səni böyüdüb, müəllimlər isə təhsil verib, gələcəyini təmin edir. Bu səbəbdən müəllim olmağı uşaqlıqdan istəyirdim. Tarix müəllimliyinə gəldikdə isə tariximizi bilmək hər kəsin borcudur. Tarix keçmişdir, gələcəkdir. Mənim ən sevimli fənnimdir. Belə fənni uşaqlar tədris etmək, onlara tariximizi sevdirmək şərəfli peşədir”.

Şəhərin səs-küyü, kəndin sakitliyi...

Şəhər həyatından sonra kənd həyatının çətinliklərindən danışan Xəyalə deyir ki, ilk günlər darıxsa da, xəyallarını gerçəkləşdirdiyi üçün xoşbəxtdir: "Şəhər həyatının səs-küyündən sonra kənd həyatı ilk günlər insana darıxdırıcı gəlir. Ailədən uzaq olmaq, sakit mühitə düşmək birdən-birə bütün həyatını dəyişmək asan deyil. İnsanların dünyagörüşü ilə sənin dünyagörüşün üst-üstə düşmür. Kənd mühiti şəhər mühitindən çox fərqlidir. Amma bütün bunlarla mübarizə aparmaq o qədər də çətin başa gəlmədi. İlk günlər ailəm üçün çox darıxırdım. Sonra işim başladı. Daha çox işimlə məşğul oluram. İnsanın işini, uşaqları sevməsi, daha çox öyrətmək istəyi mənə çətinliklərlə mübarizədə kömək edir. Müharibə şəraitində olan ölkəyik. Tarixi bilmək bizim üçün çox vacibdir. Uşaqların əvvəlki səviyyələrinə baxanda narahat olurdum. Daha çox öyrətməyə çalışırdım. İstəyirdim daha çox bilsinlər. İndi isə şagirdlərimlə fəxr edirəm”.

"Müəllim məfhumu uca, toxunulmazdır”

Kənd əhalisinin şəhərdən gələn müəllimi necə qarşılamasına gəldikdə, həmsöhbətimiz deyir ki, ucqar kənd yerlərində müəllim məfhumu hələ də uca, toxunulmaz qəbul olunur: "Bu kəndi çox sevirəm. İnsanları o qədər mehribandır ki... Belə qarşılanacağımı, mənə olan münasibətin bu dərəcə yaxşı olacağını təsəvvür etmirdim. Mən bura elə gəldim ki, sanki illərdir bu kənddə yaşamışam. Rayon, kənd yerlərində müəllim məfhumu hələ məhv olmayıb, müəllimə hörmət, izzət qalıb. Şəhər yerlərində müəllimə rayondakı qədər dəyər vermirlər. Müəllim bizim üçün uşaqlıqda həmişə heyrətlə baxdığımız, yerində olmağı çox istədiyimiz varlıq olub. O hissləri indi bu kənddə yaşayıram. Bu ən böyük motivasiyamdır”.

"Kənd məktəbinin təhsil səviyyəsi yaxşıdır”


Xəyalə deyir ki, məktəbləri kənd məktəbi olsa da, yüksək səviyyəli avadanlıqlarla təchiz olunub. Şagirdlərin universitetə qəbul səviyyəsi isə çox yaxşıdır: "Bəzi insanlar kəndə gəlib dərs deməkdən qorxurlar. Burada həm ehtiyacı olanlara təhsil verirsən, həm də ruhun dincəlir. Şəhərdə yaşayıb müəllim olsaydım, avtobuslarda, metrolarda çox vaxt itirəcəkdim. Amma kəndin tərtəmiz havası, sakitliyi, evin məktəbə yaxınlığı insana zövq verir. Əvvəl qələbəliyi sevsəm də, indi anlayıram ki, səs-küydən uzaq olmaq insana daha yaxşı təsir edir. Uşaqların oxuma, öyrənmə həvəsi işimi mənə daha çox sevdirir. Kənddə işləməkdən qorxmayın. Ən çox kənd uşaqlarının müəllimə, təhsilə ehtiyacı var. Ucqar kəndlərdəki uşaqlar da bizimdir. Onların da təhsil almaq hüququ var”.

Kənd uşaqlarının müəllim sevgisi...

Xəyalə deyir ki, kənd uşaqları öyrənməyə daha çox həvəslidirlər: "Mən şəhərdə də hazırlıqla məşğul olmuşam, təcrübə vaxtı da uşaqlarla işləmişəm. Amma şəhər uşaqlarında o həvəs, müəllimə hörmət, emosional hisslər qalmayıb. Hər şey adiləşib. Burda uşaqlar daha təmiz, daha inamlıdırlar. Bu adamı sevindirir. Şəhər uşaqlarında müəllimə qarşı əvvəlki hisslər, duyğular itib. Kənd uşaqları hələ ki, o hissləri saxlayıblar. Şəhər məktəblərində müəllimlə anlaşılmazlıqlar çox olur. Burada isə o problemlərlə üzləşmirik. Kənd mühitində dərs deməyin çətinliyi odur ki, valideynlər təhsilsiz olduğuna görə, uşağı evdə öyrədən yoxdur. Uşaqlar ancaq özləri öyrənməyə meyllidirlər. Biz səhnəciklər hazırlayır, tədbirlər keçirik. Görürəm ki, uşaqlar daha çox həvəs göstərirlər”.

Nişanlı məktəbli qızlar

Kənddə qızların təhsil səviyyəsinə gəldikdə, həmsöhbətimiz deyir ki, qızların uşaq yaşda evlənmək həvəsi onu heyfsləndirir: "Bu, ən yaralı yerimdir. Bu kənddə də erkən nikah hallarına tez-tez rast gəlinir. Məktəb rəhbərliyi, psixoloqlarımız, müəllimlərlə birlikdə uşaqlarla tez-tez söhbətlər aparır, başa salmağa çalışırıq ki, erkən nikah yolverilməzdir. Amma bu, ailədən gələn tərbiyədir. Düzdür, oxuyan qızlar da var, amma azdır. 11-ci sinifdə universitetə yalnız 2 qız hazırlaşır. Məni təəccübləndirən qızların erkən evlilik istəyidir. Biz məktəbdə oxuyarkən sinif yoldaşlarımızın arasında nişanlı qız yox idi. "Filankəs nişanlandı, mən qaldım, mən də nişanlanım” deyə bir fikir də yox idi. Adətən "filankəs oxuyur, mən də oxuyum, ona çatım” kimi rəqabət var idi. Ancaq kənd mühitində psixologiya elə formalaşıb ki, sanki belə də olmalıdır. Nişanlı məktəbli olar?! Valideynlər nişanlayır. Gözləyir ki, nikah yaşı tamam olsun, toy etsinlər. O uşağın təhsilə həvəsi olmaz axı...”.

Müəllim olmaq...
Xəyalə üçün müəllimlik fədakarlıq tələb edən sənətdir: "Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yol göstərəni, bələdçisidir. Hər bir şagirdin taleyi müəllimin əlində olur. Məhz müəllimin düzgün yol göstərməsi və təhsil verməsi şagirdin, xüsusilə də ucqar kənd şagirdlərinin bütün həyatını dəyişə bilər. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. O, gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir. Müəllim olmaq istəyənlərə demək istərdim ki, özlərinin mənafeyini fikirləşməsinlər. Müəllim olmaq üçün uşaqların və dövlətin mənafeyini fikirləşsinlər. Hər şeyi maaş və rahatlıqla ölçmək lazım deyil. Müəllim olmaq istəyən insanların ilk məqsədi o fənni uşağa yaxşı tədris etmək olmalıdır. Təhsil millətin gələcəyidir. Uşaqları öyrətmək, həvəsləndirmək də bizim borcumuzdur”.
"Sonda yaxşı müəllim necə olmalıdır” sualını müsahibimiz belə cavablandırır: "Müəllim bəzən ana, bəzən bacı, bəzən də qardaşdır. Öz tələbələrini, şagirdlərini övladın, bacın, qardaşın kimi sevmək, onlara dərsi sevgi ilə tədris etmək müəllimin borcudur. Sinfə daxil olarkən, uşaqların simasında yaranan təbəssüm nəyə desən dəyər. Müəllim ilk olaraq həyatı, insanları sevməlidir. Ən yaxşı müəllim, məncə, şagirdlərin sevdiyi müəllimdir. Ən yaxşı rəyi insan haqqında onun şagirdləri deyə bilər”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər