• çərşənbə, 24 Aprel, 03:05
  • Baku Bakı 14°C

Sinənizdəki ağrı ürəyinizin fəryadı ola bilər

28.09.16 13:15 63822
Sinənizdəki ağrı ürəyinizin fəryadı ola bilər
Hər kəsin həyatı boyunca mütləq nə zamansa sinəsində ağrı olub. Sinədə ağrı olduğu zaman ilk növbədə "Ürəyimmi ağrıyır?” - deyə düşünür və qorxuruq. Bir xəstə sinə ağrısıyla həkimə müraciət edirsə, həkim bu ağrının ürək mənşəli olub-olmamasını mütləq müəyyən etməlidir. Sinə ağrılarının o qədər səbəbləri var ki, ağrının səbəbinin nə olduğunu müəyyən etmək də bir həkim üçün o qədər asan deyil.
Yuxarıda da qeyd etdiyim kimi, sinə ağrısının ürəklə əlaqəli olub- olmaması mütləq müəyyən edilməlidir. Çünki ürək mənşəli ağrının müəyyən edilməməsi insanın ölümüylə nəticələnə bilər. Sinə ağrısı olan bir insanda infarktın müəyyən edilib müalicə edilməsində vaxt çox önəmlidir. İnfarkt keçirən bir insan üçün keçən hər bir dəqiqə çox önəmlidir və həkim olaraq siz vaxtla yarışırsınız. Sinə ağrılarının 30-50 faizi sümük və əzələ mənşəli, 10-20 faizi mədə-bağırsaq mənşəli, 5 faizi isə tənəffüs sistemi mənşəlidir. Sinədə olan ağrıların 10 faizi ürək-damar tıxanması, 2-4 faizi isə infrakt ağrıları olur ki, bunlar çox təhlükəli ağrılardır. Göründüyü kimi, sinə ağrılarının az bir qismi ürək mənşəli olsa da, həm xəstəni, həm də həkimi bu sinə ağrılarının ürək mənşəli olub-olmaması narahat edir.
Sinədə ağrı şikayəti olan bir xəstə əvvəlcə ətraflı şəkildə müayinə edilməli, xəstənin şikayətləri diqqətlə dinlənilməli və ürək-damar daralması baxımından risk faktorları da ətraflı şəkildə öyrənilməlidir. Sinədə olan ağrının xarakteri onun ortaya çıxma xüsusiyyəti, bu ağrının ürək mənşəli, yəni təhlükəli ağrı olub-olmaması haqqında önəmli məlumatlar verir. Məsələn, yeməkdən sonra ortaya çıxan ağrılar adətən mədə-bağırsaq sistemi ilə əlaqəli ağrılardır. Xüsusilə də yeməkdən sonra ağıza acı maye gəlirsə, bu ağrıların mədə-bağırsaq mənşəli olması ehtimalı çoxdur. Və ya yemək yedikdən sonra ağrısı olan bir insan mədə turşusu əleyhinə dərman içdiyi zaman ağrı keçərsə və ya azalarsa, böyük ehtimalla bu, bu ağrıların mədə-bağırsaq mənşəli olmasının digər bir göstəricisidir.
Yıxılan, travma keçirən və ya döş qəfəsi zədələnən bir insanda sinə nahiyəsində ağrı varsa və bu ağrının şiddəti döş qəfəsini hərəkət etdirməklə və ya nəfəs alıb-verməklə artarsa, bu ağrılar zədələnmiş döş qəfəsindəki sümük və ya əzələnin ağrısıdır.
Sinədə ağrıyla bərabər öskürək, bəlğəm varsa, buna səbəb böyük ehtimalla pnevmaniyadır. Pnevmaniyada ağrılar döş qəfəsinin yan tərəflərində də ola bilir. Pnevmaniyada bəzən yüksək temperatur da olur.
Sinə nahiyəsində bir nöqtədə olan ağrılar və ya iynə batması, yaxud sancması şəklində olan ağrılar önəmsiz ağrılardır. Stress sonrası bu cür ağrılar çox sıx şəkildə ortaya çıxır.
Hansı ağrıların ürək mənşəli olma ehtimalı çox yüksəkdir?
Ürək mənşəli ağrılar bir insanın həm yeridiyi, həm də sakit bir vəziyyətdə olduğu, istirahət etdiyi zaman ortaya çıxa bilir. Məsələn, istər daha öncə heç şikayəti olmayan sağlam bir insan, istərsə də daha öncə infarkt keçirən, stent taxılan və ya şuntlama əməliyyatı olan bir insan son zamanlarda yol yürüdüyü və ya yoxuş çıxdığı zaman sinəsində basqı, yanma, ağırlıq, sıxma və ya sıxışdırma, gərginlik şəklində ağrı hiss edirsə və xüsusilə də dayanıb dincəldiyi zaman və ya "nitroqliserin” deyə adlandırdığımız dilaltı həbi içdiyi zaman bu şikayəti keçib gedirsə, bu ağrının ürək mənşəli olma ehtimalı çox yüksəkdir. Yəni yol yürüdüyünüz və ya yoxuş çıxdığınız zaman olan sinə ağrıları önəmlidir. Ürək-damar tıxanması zamanı ortaya çıxan bu cür ağrıların şiddəti nəfəs alıb-verməklə və ya hərəkətlə nə artar, nə də azalar. Ağrı sinədə sadəcə yol yürüməklə deyil, əsəbləşmə, emosional stress və ya cinsi əlaqə zamanı da ortaya çıxa bilir. Sinədə ortaya çıxan bu ağrılar bəzən sol çənəyə, boyunun sol yanına, sol kürək nahiyəsinə, sol çiyinə, sol qola, sol dirsəyə də yayıla bilir. Bəzi xəstələrdə ağrıyla bərabər tərləmə, nəfəs darlığı, bəzən də ürəkbulanma ola bilər. Nəticədə yürüməklə sinəsində ağrı ortaya çıxan insanlar ürək-damar tıxanıqlığı baxımından mütləq araşdırılmalıdır.
Eynilə istər daha öncə heç şikayəti olmayan sağlam bir insan, istərsə də daha öncə infarkt keçirən, stent taxılan və ya şuntlama əməliyyatı olan bir insan son zamanlarda sakit dayandığı və ya istirahət etdiyi zaman sinəsində basqı, yanma, ağırlıq, sıxma, sıxışdırma, gərginlik şəklində ağrılar hiss edirsə, bu ağrıların ürək mənşəli (yəni infarkt və ya işemiya mənşəli) olma ehtimalı çox yüksəkdir. Xüsusilə də əgər ağrı birdən ortaya çıxıbsa, bu, çox önəmlidir. Bu cür ağrılar bəzən də birdən ortaya cıxmaz, son bir neçə həftə və ya gündür ki, ara-sıra var olan ağrılardır. Onu da qeyd edim ki, infarkt keçirən insanların yarısında ağrı birdən ortaya çıxar. Yəni bunlar daha öncə heç bir ağrıları olmayan insanlardır. İnfarkt keçirən xəstələrdə ağrı bəzən o qədər şiddətli ola bilir ki, adətən fikirlərini "Həkim, sanki sinəmə bir nəfər oturub, sanki sinəmə bir yük, ağırlıq qoyublar” şəklində ifadə edirlər.
İnfarkt olmadığı müddətcə ürək-damar tıxanması ilə əlaqəli ağrılar ən azı 2-5 dəqiqə, maksimum 20-30 dəqiqə çəkir. Ancaq infarkt zamanı ağrının müddəti adətən 20-30 dəqiqədən çox olur.
"Mədə ağrısı ilə xəstəxanaya müraciət etdi...”
Mediada "‘Mədə ağrısı ilə xəstəxanaya müraciət etdi, infarkt keçirdiyini öyrəndi” başlıqlı xəbərlərə tez-tez rast gəlinir. Çünki bəzi xəstələrdə ağrı sinədə yox, epiqastrik bölgə dediyimiz döş qəfəsinin altında, ortada (xəstələr mədəmin üstü deyir) ortaya çıxa bilir. Ona görə də epiqastrik bölgədə ağrısı olan bir xəstə mütləq ürək-damar tıxanması baxımından da araşdırılmalıdır.
İstər istirahət, istərsə də yürüş zamanı bu cür ağrıları olan bir insan mütləq ən qısa zamanda həkimə müraciət etməlidir. Sinəsində bu cür ağrısı olan hər kəs ətraflı müayinə edilməli, mütləq elektrokardioqram çəkilməli və lazım olarsa, qan testinə baxılmalıdır. Ancaq infarkt keçirən bir insan ağrı hiss etməyə bilər və ya infarkt və ya ürəyin işemik ağrılarına məxsus olmayan bir ağrı hiss edə bilər. Əsas olan da bu məhz cür xəstələrə düzgün diaqnoz qoymaqdır. Bu mövzu haqqında sonrakı yazılarımın birində danışacam. Ancaq təəssüf ki, infarkt keçirən bəzi xəstələr sinə ağrısından dəqiqələr sonra xəstəxanaya çatdırılmadan itirilir.
Perikardit
Sinəsində ağrısı olan bir insan nəfəs alıb-verdiyi və ya öskürdüyü zaman və ya önə əyildiyi zaman ağrı artarsa, bu insan muayinə edilməli, elektrokardioqram çəkilməli və lazım olarsa, qan testinə baxılmalıdır. Çünkü bu, ürəyin ətrafını örtən "perikart” deyə adlandırdığımız kisənin iltihabı ola bilər.
Səssiz infarkt
İnfarkt keçirən bir insan ağrı hiss etməyə bilər. Bəzən şəkərli diabeti olanlar, yaşlı insanlar, qadınlar infarkt keçirdikləri zaman sinələrində ağrı hiss etməzlər. Buna səssiz infarkt və ya işemiya deyilir. Belə olan halda infarkt diaqnozunu qoymaq çox çətin olur və infarkt müəyynləşdirilmədiyi üçün də xəstələr itirilə bilər. Hətta bəzi xəstələrə analizlər edildiyi zaman analiz nəticələrində daha öncə nə vaxtsa infarkt keçirdiyi müyyən edilir. Bu mövzu haqqında isə başqa bir yazımda söz açacam.
Uzman doktor Yalçın Velibey
Kardiologiya uzmanı
banner

Oxşar Xəbərlər