• cümə axşamı, 28 mart, 23:21
  • Baku Bakı 13°C

Simləri para-para olan saz

09.10.18 11:30 1144
Simləri para-para olan saz
İsti yay günlərindən biri idi. Hava o qədər isti idi ki, nəfəs almaqda belə insanlar çətinlik çəkirdilər. Gecə yarısından ayağa qalxıb kənd sakinləri gün qızana qədər işlərini qurtarırdılar. Mal-qaranı otlaqdan tez gətirirdilər ki, istidən tələf olmasınlar. Amma bunlara baxmayaraq qoca Şamxal qızmar günəş altında on baş qoyununu otarmağa davam edirdi. Qoca olmasına baxmayaraq fiziki işlərdən çəkinmirdi. Hər zaman ən ağır işləri belə görməyi bacarırdı. Şamxal kişini gümrah, cəld edən onun sazı idi. Qoyunlar heç zaman Şamxal kişisiz otlağa getmirdi, həmçinin Şamxal da sazsız evdən bayıra çıxmırdı.
Şamxal kişi elində-obasında böyük nüfuz qazanmış bir şəxs idi. Xeyirdə-şərdə hər zaman məclisin yuxarı başında əyləşərdi. Hərdən bir toylarda saz çalıb, şabaş da yığardı. Şamxal kişinin altmış beş yaşı var idi və ailə həyatı qurmamışdı. İstədiyi qızı başqası zorla qaçırdıqdan sonra, bir daha qəlbində ikinci Gülnaz sevgisi bəsləməmişdir.
Şamxal kişi qoyunlarını hər zaman Dilcan dərəsində otarardı. Hər gün də orda "Yanıq Kərəmi" mahnısın ifa edib ağlayırdı və öz-özünə deyirdi: vay Kərəm, vay Kərəm. Sən nə əzablara düçar olmusan. Allah qara keşişə min lənət eləsin. Sizi bir-birinizdən ayırdı. Şamxalla Gülnazı bir-birindən ayırdıqları kimi.
Bir gün Şamxal kişi möhkəm xəstələndi. Xəstəlik o qədər güclü idi ki, əlini belə qaldıra bilmirdi. Şamxal kişinin xəstəliyindən istifadə edənlər onun bir quzusunu tutub Dilican dərəsində kəsərək kabab eləyib yeyə-yeyə qəhqəhə ilə gülürdülər. Bu xəbər tezliklə Şamxal kişinin qulağına çatdı. Elə bil onu bir anlığa tok vurdu. Sonra dərhal ayağa qalxaraq Dilican dərəsinə sarı getməyə başladı. Yolla gedərkən gah yıxılır, gah da büdrəyirdi, amma bunların heç biri onu yolundan saxlaya bilmirdi. Nəhayət Dilican dərəsinə gəlib çatdı. Qara quzusunun sümükləri, dərisi və bir də konyak butulkasından başqa bir şey tapa bilmədi.
Bu hadisə onu çox bərk sarsıtmışdı, hətta yemək də yemirdi. Şamxal kişi o qara quzunu qonşusu yetim Əlinin toyunda kəsmək üçün saxlamışdı. Elə həmin gün yetim Əli Şamxal kişini çağıraraq ondan toyunda kəsmək istədiyi qara quzunu istəyirdi. Tez ayağa qalxıb tövləyə sarı getdi və iki kök toğlu seçərək Əliyə verdi. Əlinin gözləri sevincdən alışıb yanırdı. Amma Şamxal kişi hələ də qara quzunu yaddan çıxara bilmirdi. Öz-özünə hey deyinirdi: oğru aparsaydı heç nə deməzdim, canavar yesəydi belə yanmazdım. Amma biri gəlib mənim quzumu aparanda bax indi ölüm ya yox?! Güclə də olsa Şamxal kişi özünü toparladı, qonşusu yetim Əlinin toyuna getdi. Məclisə çiynində qara sazla daxil olan Şamxal kişini görcək hamı hörmət əlaməti olaraq ayağa qalxdı, ucadan xoş gəlmisən deyərək ustada səsləndilər. Şamxal kişi qara sazını bağrına basıb çalmağa başladı. Məclisdə hamı bir nəfər kimi ayağa qalxaraq "var ol ustad, var ol ustad” deyə qışqırırdı. Məclis sona çatdı, hər kəs evinə qayıtdı. Şamxal kişi də evinə döndü. O hər toydan qayıtdıqdan sonra özünü qəmgin hiss edirdi. Bir anlıq sevgilisi Gülnaz ağ gəlinlik paltarında gəlib gözünün önündə dayanırdı. Səhəri kirpik yummadan oyaq qalan Şamxal kişi qoyunlarını yenə də Dilican dərəsinə apardı. Elə təzəcə ora çatmışdı ki, bir neçə nəfər yeyib-içmək üçün Dilican dərəsinə gəldi. Şamxal kişi gələnlərə əhəmiyyət verməyərək qoyunlarını otarırdı. Yeyib-içmək üçün gələnlərdən biri dedi:
– O gün Şamxal kişinin kök bir quzusunu tutub kabab edib yedik.
Bu sözün üstündən o biri yoldaşı dedi:
– Hələ bu harasıdı. Mən qırx il bundan qabaq Şamxal kişiyə elə bir ağır zərbə endirmişəm ki, çətin özünə gələ. Onun sevgilisi Gülnazı zorla da olsa özümə arvad elədim.
Bu sözlər Şamxal kişiyə güllə kimi dəydi. Qara sazını özünə dayaq tutaraq ayağa qalxdı və boğunuq səslə: – "ay alçaqlar, sizi öldürəcəm” deyə qışqırmağa başladı. Bu sözləri eşidən adam həmişəki kimi qorxusundan qaçmağa üz qoydular. Şamxal kişi arxaları ilə yüyürdü. Nədənsə onlar dayandılar, ancaq bir kimsə yox idi. Şamxal kişi çatar-çatmaz əlindəki çomağı ilə onları döyməyə başladı. Bir anlığa Şamxal kişinin gözləri qaraldı, başı fırlandı. Sən demə onu arxadan biri bıçaqla vurub. Əlindəki qara sazı ilə arxaya dönüb həmin adamın başına çırpdı. Sanki sazın naləsi göylərə ucaldı. Bu nalədə: Koroğlunun nərəsi, Kərəmin, Əslinin isə fəryadı qopdu. Həmin yerindəcə öldü. Digər iki nəfər isə qaçaraq canlarını qurtardı.
Şamxal kişinin qara sazla vurduğu onun sevgilisi Gülnazı əlindən alan adam idi. Ərinin ölüm xəbəri Gülnaza çatmışdı. Tələm-tələsik Azərbaycana ərinin nəşini aparmağa gəlmişdi. Şamxal kişi aldığı bıçaq yarasından ölümcül yaralanmışdı. Polislər onu tutmağa gələndə artıq məlum idi ki, O, çox yaşamayacaq.
Gülnaz ərinin Şamxal tərəfindən öldürüldüyünü eşidəndə bir anlığa qaçırıldığı gün gözünün önünə gəldi, qışqırıqları, nalələri qulaqlarında cingildədi. Sonra dərhal şoferinə Şamxal kişinin evinə sarı sürməyi tapşırdı. Özü isə qaçırıldığı gün geyindiyi paltarı əyninə geyindi. Şamxal kişinin həyətində adam əlindən durmağa yer yox idi. Hətta qonşu kəndlərdən də adamlar gəlmişdilər. Gülnaz həyətə daxil olan kimi hamı heyrət içində onu süzməyə başladı. Qapı, stol, su qabları gördüyü kimi qalmışdı. Əlləri əsə-əsə qapını açdı. Şamxal kişi Gülnazı görən kimi elə bildi ki, onun gözünə görünür. Gülümsəyərək dedi: Leyli ilə Məcnun bu dünyada qovuşa bilmədiyi kimi, biz də bu dünyada bir-birimizə qovuşa bilmədik. Mən səni səbirsizliklə o biri dünyada gözləyəcəm.
Gülnaz tez əlini Şamxalın ürəyinin üstünə qoyaraq dedi:
– Qorxma əzizim, day mən burdayam, səni buraxmayacam. Bu sözləri eşidən kimi Şaxmal kişi güclə də olsa ayağa qalxdı. Əlini onun gözlərinin üstünə qoyaraq güclə də olsa danışmağa başladı:
– Artıq mən ölürəm. Bu həyatda səndən başqasına könül verib sevmədim. Bir olan ulu Tanrım buna şahiddir.
Bu sözləri deyən kimi Şamxal kişi birdəfəlik gözlərini yumdu. Çox qəribə bir hadisə baş verdi. Həyətindəki yeddi qoyunu heç nədən öldü. Başı üzərindəki qara sazının simləri para-para oldu. Sanki saz o ağır dərdi çəkə bilməyib bağrı çatladı. Şamxal kişini dəfn etməyə aparanda Gülnaz da özünü öldürdü. Şamxal, Gülnaz və bir də qara saz bir yerdə dəfn olundu. Qara sazı torpağa qoyanda sanki bir anlıq rəngi dəyişdi. Qara rəngli saz ağ rəngli saza döndü. Bir müddət o qəbirlərdən saz havaları eşidilirdi. El-obada bunu belə yozurdular:
O saz havası Şamxalla Gülnazın toy havasıdı...
İlkin Elsevər
banner

Oxşar Xəbərlər