• çərşənbə, 24 Aprel, 00:59
  • Baku Bakı 14°C

Şimali Kiprdə sülh və azadlıq bayramı

18.07.17 17:28 1168
Şimali Kiprdə sülh və azadlıq bayramı
Şimali Kipr Türk Respublikasında sülh və azadlıq bayramının 43-cü ildönümü təntənə ilə qeyd edilir. Bu münasibətlə Şimali Kiprə bir çox ölkələrdən nümayəndələr gəlib. Nümayəndələr arasında siyasilərlə yanaşı, jurnalistlər də var. İyulun 18-də ölkə rəsmiləri tədbirə qatılan jurnalistləri qəbul ediblər.
Əvvəlcə xarici işlər naziri Tahsin Ərtuğruloğlu jurnalistlərlə görüşdü. Nazir iyulun əvvəlində Krans-Montana şəhərində yunan və türk icması arasında Kipr probleminə həsr edilmiş görüş barədə məlumat verdi. T.Ərtuğruloğlu danışıqların yunanların yersiz tələbləri ucbatından nəticəsiz bitdiyini bildirdi. O, bu məsələdə yunan tərəfinin heç bir kompromis variant sərgiləmədiyini vurğuladı: "Danışıqlardan sonra məlum oldu ki, yunanların əsas məqsədi sülhə nail olmaq yox, adada güc müstəvisində üstünlük əldə etməkdir. Onların yeganə istəyi türklərin üzərində hakimiyyətə sahib olmaqdır. Belə yanaşma olacağı təqdirdə, adada sülh əldə etmək mümkünsüzdür".
Tahsin Ərtuğruloğlu beynəlxalq təşkilatların da məsələyə ikili standartlardan yanaşdığını dedi. Nazir bu məsələdən danışarkən, Dağlıq Qarabağ problemini də qabartdı: "Avropa Birliyi adada Türkiyə bayrağını qəbul edə bilmir. Türkiyə Şimali Kipri özünə birləşdirmək niyyətində deyil. Sadəcə, burda yaşayan türklərin təminatçısıdır. Ancaq Avropa Birliyi Türkiyəni işğalçı kimi qəbul edir. Fikir verin, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Ancaq Avropa Birliyi bu işğala göz yumur, Ermənistanı açıq şəkildə işğalçı adlandırmır. Görünür, türk olduğumuz üçün belə ikili standartlarla üzləşirik. Bir müddət əvvəl adada keçirilən referendumda yunanlar birləşmə qərarına "yox", biz isə "hə" dedik. Gözləmək olardı ki, məhz bundan sonra bizə qarşı münasibət dəyişər, üzərimizdən embarqo qadağaları götürülər. Amma gözləntilərimiz özünü doğrultmadı. Türk və müsəlman olmaqla, həm də bir addım arxada olursunuz. Bax, dünya belə standartlara söykənir".
Nazir bildirdi ki, BMT-nin təşəbbüsü ilə keçirilən görüşə də yunanlar aqressiv ruhda qatılmışdılar. O, problemin həlli üçün bir neçə modelin olduğunu, ancaq yunanların bunlardan heç birini qəbul etmədiyini bildirdi: "Onlar özlərini dövlət, bizi isə toplum olaraq qəbul edirlər. Artıq danışıqlar aparmağın mənası da qalmayıb. Bundan sonra necə hərəkət edəcəyimizi Türkiyə ilə məsləhətləşmələrdən sonra planlaşdıracağıq. Problemin həll üçün bir neçə model təklif edilib. Kosova, Tailand modelləri var. Amma yunan tərəfi konstruktiv müzakirələr aparmaq niyyətində deyil. Onları son görüşə də BMT-nin baş katibi uzun danışıqlardan sonra gətirə bilmişdi".
Nazir bundan sonra da Türkiyə ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını vurğuladı. O, türk əsgərinin ada sakinlərinin təhlükəsizliyinin təminatçısı olduğunu bildirdi.

Daha sonra jurnalistləri Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akınçı qəbul etdi. Prezident də iki icma arasında keçirilən son görüşə xüsusi toxunaraq yunan tərəfinin problemin həlli istiqamətində kompromisə hazır olmadığını bildirdi: "Artıq 49 ildir ki, danışıqlar davam edir. Davam edir, amma heç bir nəticə olmayıb. Bizim daha 50 il danışıqlar aparmaq niyyətimiz yoxdur. Yunan tərəfi adadan türk əsgərinin tamamilə çıxarılmasını tələb edir. Ancaq bunun müqabilində bizim təhlükəsizliyimiz üçün heç bir təminat vermir. Niyyətləri türk əsgərini adadan çıxarıb, bizi bu coğrafiyadan silməkdir. Amma bizim də bu adanın bütün torpaqlarına haqqımız var. Müzakirələr zamanı da olduqca konstruktiv mövqe nümayiş etdirdik. Bundan sonra beynəlxalq təşkilatların bizi nədəsə ittiham etməyə haqları yoxdur. Hələ adaya türk əsgəri gəlməzdən öncə beynəlxalq təşkilatlara müraciət edərək, "gəlin adanı xilas edin" dedik. Ancaq həmin vaxt yunanların törətdikləri qətliamları dünya birliyi görmək istəmirdi".

Prezident çətinliklərə, tətbiq olunan embarqoya baxmayaraq, inkişaf etdiklərini, xususən də turizm və təhsil sahəsində önəmli uğur qazandıqlaını bildirdi: "Turizm sahəsi çox inkişaf edib. Elə təhsildə də yüksək inkişafa nail olmuşuq. Hazırda adada 15 universitet fəaliyyət göstərir, daha 15 universitetin isə açılması planlaşdırılır. Şimali Kiprə Nigeriya və Ermənistan istisna olmaqla, dünyanın bütün ölkələrinin vətəndaşları rahatlıqla gələ bilərlər".
Bayram tədbirləri iyulun 21-ə qədər davam edəcək.
Natiq Muxtarlı
Kipr
banner

Oxşar Xəbərlər