AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şimali İrlandiyadan Azərbaycan yığmasına qarşı iddia

Şimali İrlandiyadan Azərbaycan yığmasına qarşı iddia

İdman
22 Noyabr 2012, 14:49 1389
İrlandiya Futbol Assosiasiyası (İrish FA) AFFA-ya şikayət etmək niyyətindədir. Lent.az-ın məlumatına görə, bu barədə İrish FA-nın marketinq və kommunikasiya üzrə direktoru Ceff Uilson yerli mətbuata açıqlama verib. O bildirib ki, Şimali İrlandiya və Azərbaycan milli komandaları arasında noyabrın 14-də 2014-cü il dünya çempionatı matçının keçirildiyi “Windsor Park” stadionuna müəyyən ziyan dəyib. Uilsonun sözlərinə görə, oyundan sonra Azərbaycan yığmasının olduğu paltardəyişmə otağında skamyalar qırılıb.

O, meydan sahibi “Linfild” klubundan ziyanı aradan qaldırmağı və ziyanın həcmi barədə İrish FA-nı məlumatlandırmağı xahiş etdiklərini söyləyib: “Biz bütün detallar və smeta barədə AFFA-nı məlumatlandıracağıq”.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Lent.az-a açıqlamasında Şimali İrlandiya tərəfinin iddialarını əsassız sayıb. O bildirib ki, oyundan sonra millimizin olduğu paltardəyişmə otağına heç bir ziyan vurulmayıb. Nərimanoğlu Şimali İrlandiya tərəfindən də hər hansı irad və ya şikayət məktubu almadıqlarını əlavə edib.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı 1:1 hesabı ilə nəticələnib. Yığmamız 5-ci dəqiqədə Rauf Əliyevin vurduğu qolla uzun müddət hesabda irəlidə olub. Lakin 90+6-cı dəqiqədə Devid Hili cərimə zərbəsindən bərabərlik qoluna imza atıb. Şimali İrlandiya mətbuatı məhz sonuncu dəqiqədə buraxılan qol üzündən yığmamızın futbolçularının əsəblərinə hakim ola bilmədiklərini və hirslərini paltardəyişmə otağındakı skamyalardan çıxdıqlarını iddia edir.