• cümə axşamı, 25 aprel, 07:45
  • Baku Bakı 14°C

“Şimal Axını-2” ətrafında həlqə daralır

14.11.17 10:00 1690
“Şimal Axını-2”  ətrafında həlqə daralır
Rusiyanın ən iri enerji layihəsi – "Şimal Axını-2” layihəsinin baş tutmamaq ehtimalı günbəgün artmaqdadır. Kremlin Ukraynadan yan keçəcək layihəsinin gerçəkləşməsinə qarşı müqavimət hərəkatına getdikcə daha çox ölkə qoşulmaqdadır və belə getsə "Qazprom” meydanda tək qalacaq. Məsələ ondadır ki, layihədə Rusiyanın ən yaxın müttəfiqi olan Almaniya da susqunluq nümayiş etdirir. Ötən gün isə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Aİ ölkələrini Rusiyanın "Qazprom” şirkətinin "Şimal Axını-2” qaz kəməri layihəsinin qarşısını almaq üçün tezliklə qanunlar hazırlamağa çağırıb. Tusk bununla bağlı Aİ ölkələrinin liderlərinə məktub ünvanlayıb. Hələ Aİ liderlərinin hamısı məktubu almadığı üçün onun tam mətni dərc edilməyib. Məktubun məzmunu isə belədir ki, Aİ ölkələri sürətlə Avropa Komissiyasının bir neçə gün əvvəl qaz təlimatına dəyişikliklə bağlı təklif etdiyi layihəyə diqqət yetirsinlər. Yeni qayda dənizin dibindən keçməklə çəkilən kəmərlər də daxil olmaqla, qız ixracı üçün nəzərdə tutulan bütün kəmərləri əhatə edir.
Qeyd edək ki, "Şimal Axını-2” Rusiya qazının Baltik dənizinin dibi ilə Almaniya üzərindən Avropaya ixracını nəzərdə tutur. Rusiya nəşrləri yazır ki, Avropa Komissiyası qaz kəmərinin inşasında monopol nizamlayıcı qismində çıxış etmək niyyətindədir.
Layihənin reallaşmasında Rusiyanın əsas dəstəkçisi və müdafiəçisi olan Almaniya isə yeni hökumət daxilində fikir ayrılıqları üzündən hələ ki, səsini çıxarmır. Seçkilərdə yaşanan nəticə qaz layihəsinin perspektivlərini şübhə altına alıb. Yeni hökumət "Şimal Axını-2” layihəsinin müdafiəsi ilə bağlı ritorikanı azaldıb. Hazırda layihənin avropalı iştirakçıları da Berlindən qaz kəməri ilə bağlı qəti mövqe gözləyirlər. İlk olaraq bu barədə Avstriyanın OMV enerji layihəsinin rəhbəri Rayner Zele çıxış edib. O bildirib ki, Almaniyanın yeni hökuməti layihənin reallaşması ilə bağlı qəti mövqe nümayiş etdirməlidir. Berlində qaz kəməri ilə bağlı vahid mövqe yoxdur. Britaniyanın Financial Times nəşri açıq şəkildə yazır ki, layihənin dəstəklənməsi ilə bağlı mövqe zəifləyir. KİV bu cür dəyişiklikləri qaz kəməri ilə bağlı sərt mövqe nümayiş etdirən AFR-in yeni hökuməti ilə əlaqələndirir. Kansler Angela Merkel hökuməti seçkilərdən əvvəl layihənin qatı tərəfdarı kimi tanınıb. İndi isə vəziyyət kökündən dəyişib.
Vəziyyəti gərginləşdirən başqa hal odur ki, Avropa Komissiyası (AK) Üçüncü Enerji Paketinə dəyişiklik edilməsi barədə bəyanat verib. Bu bəyanatı AK-nın vitse-prezidenti Maroş Şefçoviç səsləndirib. AK-nın təklifləri Avropa İttifaqının qazla bağlı direktivlərinə dəyişiklikləri nəzərdə tutur. Bu dəyişiklik reallaşarsa, onda Avropa Komissiyası "Şimal Axını-2” layihəsi ilə bağlı yeganə tərəf olur.
Qeyd edək ki, layihənin dəstəkçiləri sırasında Almaniya ilə yanaşı, Fransa, Avstriya və Niderland çıxış edirdilər. Adları çəkilən ölkələrin enerji şirkətləri də layihədə iştirakçı kimi çıxış edirlər. Layihəyə qarşı çıxan dövlətlərə isə Polşa rəhbərlik edir. Bu ölkə hətta müvafiq koalisiya da formalaşdırmağa müvəffəq olub. Onların əsas tələbi odur ki, layihə Avropa İttifaqının təhlükəsizliyi üçün təhlükədir. Ən əsası, Ukraynanı Rusiya qazının tranzitindən əldə olunan gəlirdən məhrum edir. Bu gəlir isə Ukrayna ümum daxili məhsulunun 3 faizi deməkdir. Özü də gəlirdən tək ukraynalılar məhrum olmurlar. Məsələn, Slovakiyanın mavi yanacaqdan əldə etdiyi gəlir 800 mln. avro təşkil edir. AK ilin əvvəlindən "Şimal Axını-2” layihəsi ilə əsas danışıqçı mandatı əldə etmək istəsə də, bu cəhdi alınmayıb - Almaniya buna imkan verməyib. Berlin bəyan edib ki, Aİ qaz kəməri ilə bağlı işlərə qarışmamalıdır. Danimarkanın da mövqeyi vəziyyəti gərginləşdirir. Hazırda parlament enerji layihələri ilə bağlı qanunun müzakirəsinə başlayıb. Bu qanun enerji layihələri qəbul edilərsə, bu layihələrlə bağlı qərarın xarici siyasət və təhlükəsizlik məsələləri nəzərə alınmaqla qəbulu nəzərdə tutulur. Bu qanun qəbul olunarsa, onda layihənin reallaşması növbəti problemlə üzləşə bilər.
Rusiyanın mövqeyinə gəldikdə, Moskva heç bir halda Üçüncü Enerji Paketinin qaydalarına tabe olmaq istəmir.
Bir faktı da qeyd edək ki, "Şimal Axını-2” layihəsinin reallaşmasına ABŞ-ın sanksiyaları da böyük təhlükə ola bilər. Ötən həftənin sonu layihə iştirakçıları ABŞ prezidenti Donald Trampın müvafiq qərarı ilə tanış olmaq imkanı əldə ediblər. Burada isə qeyd edilib ki, Rusiya boru kəmərlərinin inşasına böyük həcmdə investisiya yatıran şirkətlər sanksiyanın təsiri altına düşmüş olurlar. Burada, həmçinin ABŞ-ın gələcəkdə də açıq şəkildə "Şimal Axını-2” layihəsinə maneə olacağı vurğulanıb.
Azər
banner

Oxşar Xəbərlər