• cümə, 26 Aprel, 18:22
  • Baku Bakı 22°C

SİLİNDRİN GÜCÜ VƏ GÜCSÜZLÜYÜ

03.11.14 18:13 2095
SİLİNDRİN GÜCÜ VƏ GÜCSÜZLÜYÜ
İtalyan neorealizminin ən parlaq nümayəndələrindən biri Eduardo de Filippo 55 pyesin müəllifidir. Azərbaycan teatrlarında isə onun “Silindr” pyesi daha çox tanınır. Düzdür bir il əvvəl Nicat Kazımovun quruluşunda “Kölgə” tamaşaya qoyulmuşdu. Bu dəfə isə hamımızın aktyor kimi görməyə adət etdiyi Ramiz Novruz aktyorluqla yanaşı, həm də rejissor kimi tamaşaçıların qarşısına çıxdı. Həmçinin, əsəri rus dilindən azəri türkcəsinə də özü çevirdi.
Oktyabrın 18-də Akademik Milli Dram Teatrında Eduardo de Filipponun “Silindr” pyesinin premyerası oldu. Tamaşada əsas rolları Kazım Abdullayev, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Ramiz Novruz, Dilarə Nəzərova, Ülvi Həsənov və digərləri oynayırdılar. Tamaşadan danışmazdan əvvəl istərdim ki, əsərdə baş verən hadisələr haqqında qısa da olsa məlumat verim: Beləliklə, hadisələr vaqe olur İtaliyanın Neapol şəhərinin köhnə məhəllələrinin birində. Aqostino –Bettino, Rita –Rodolfo qonşudular. Əgər bir həftə ərzində lazimi məbləği toplaya bilməsələr evdən qovulacaqlar. Vaxtilə teatr qaravolçusu işləyən, İkinci dünya müharibəsi zamanı uçurulan teatr binasının yerində otel inşa edildikdən sonra hansısa illüzyonçunun unutduğu Silindri başına qoyub ”çörək ağacı”na çevirir. Evdən çıxmamaq üçün isə Aqostino belə bir plan qurur. Guya Rodolfo qəfildən ölüb, yatağında uzadılıb. Bədbəxt həyat yoldaşı Rita isə ərini basdırmağa belə pulu yoxdur. Elə buna görə də hər axşam eyni vaxtda balkona çıxıb açıq-saçıq geyimi ilə pudralı suda yuyunaraq ordan keçən kişiləri valeh edir, evinə çağırır, pulu alır, məqam işə çatdıqda isə ərinin “meyit”i ilə onları tanış edir, ağlayır, özünü əxlaqsız adlandırır, ərinin qoyub getdiyi borcları qaytarmaq, onu torpağa tapşırmaq, uşaqlarını və özünü dolandırmaq üçün bu yola əl atdığını bəyan edərək “müştəri”ləri xeyirxah və genişürəkli olmağa çağırır. Günlərin bir günü isə Attillino adlı bir nəfər müştəri kimi gəlir. 35 illik evlilikdən sonra 20 ay dul qalmış bu cənab indi həyata başqa gözlə baxır. Lakin o, Ritanı o qədər bəyənir ki, təklif etdiyi məbləğdən dəfələrlə çox pul verməyə belə hazırdı. Həm də o evdəki “meyit”i görəndə onun doğurçu olmadığından şübhələnir və başqaları kimi qaçmır, əksinə sübut edir ki, əslində “ölü” olan ər diri imiş. Pulların çoxluğu Aqustinonu şirnikləndirib Ritanın bu yola getməsinə razı olsa da “əri”ndə “qeyrət” oyadır. Bundan sonra hadisələr artıq gülüşdən, yüngül komediyadan, daha ciddi məna alır.
Əvvəla tamaşanın dekorasiyasında başlamaq istərdim. Arxa fondakı şəkil şəhərin uçuq-sökük divarlı dar bir küçəsini andırır. Və həmin şəklin qarşısına qoyulmuş “körpü” iştirakçılar səhnəyə çıxarkən həqiqətən də onların o küçədən gəldiyi təsəvvürünü oyadır. Qarşı tərəfdə Ritanın hər gün pudralandığı məhəllənin tağlı girəcəyi, iki yanda isə qonşuların qapılarıdır. Yalnız rampanın qarşısında, səhnə önündə Rita və Rodolfun evi açıq təsvir olunur. Sadə bir otaq – qapının girəcəyində küncdə stul, yuxarıda asılmış köhnə saat və maral başı, ortada stol və stullar, küncdə isə pərdə ilə çəkilmiş, içərisində “ölmüş ər” yatan çarpayı. Hər dəfə şən musiqilər səslənərkən səhnəyə körpü vasitəsilə daxil olan iştirakçılar, əllərində gül dolu səbətlər, danışıqları, gülüşləri, əhval–ruhiyyəsi İtaliyanın qədim küçələrini xatırladır.
Tamaşada Kazım Abdullayevin Aqostinosu çox hiyləgər birisidir. Kirayə pulunu verməyin dərdindən o, bu planı ququr. Aqostino bilir ki, Rita gözəl qadındır, ona görə daha çox pul verəcəklər deyə, bu işə məhz onu yollayır. Baxmayaraq ki, arvadı Bettino (Dilarə Nəzərova) vaxtilə sözün əsl mənasında əxlaqsız qadın olub, özü də etiraf etdiyi kimi “on üç yox, bəlkə də daha çox, səksən kişi”. Ancaq artıq onun yaşı keçib. Bu işdə daha gözəli və cavanı gərəkdir. Bütün bunlara baxmayaraq Aqstino gələn gəlirdən Rita və Rodolfoya az məbləğ ödəyir, pulun çoxunu isə özü igötürür.
Bettino isə yaşı o qədər də cavan deyil, elə gözəlliyi də qalmayıb, düzdü bəzi məqamlarda keçmişi üçün azacıq utansa da, yeri gələndə bu işi həvəslə görməyə hazırdı. Hətta Attillio (Ramiz Novruz) gələndə, Rita üçün verdiyi məbləği dəfələrlə artıranda artıq utanmağı yadına da düşmür. Hətta böyük məmnuniyyətlə onun yerində olmağa razıdır. Sonda Rita bu işi görmək istəməyəndə özü ərinin əlindən tutur ki, onu Attillionun yanına aparsın.
Rodolfo (Rövşən Kərimduxt) isə qorxağın, yaltağın, yalandan qeyrətdən dəm vuran “kişilərdəndir”. Hər gün arvadının yalandan da olsa bu işə getməsinə gözüyumulu razı olan birisi, sonda Attillio gələndə, Ritaya aşiq olanda, onu istəyəndə qeyrət davasına başlayır. Əslində Rodolfo kimiləri müasir dövrümüzdə çoxdular. Aqostinonun bir sözü yetər ki, səsini kəssin. Onu ancaq yaxşı yaşayış, güzəran maraqlandırır, bir sözlə “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”.
Rita isə nə qədər bu hərəkətləri etsə də, təkliyə qalanda, ərinə də etirafında bu işdən usandığını deyir, daha taqəti qalmayıb hər gün kişiləri aldadıb pul almağa. Sonda hamı üçün bir əşya olduğuna daha tap gətirməyib, pulları da ərinin üzünə çırpır və öz xoşbəxtliyi dalınca gedir. Tamaşada ən acınacaqlı hala düşən Ritadı. Dərinliyə varanda nə qədər özünü xöşbəxt göstərsə də, bu işdən tamamilə narazıdı. Yalnız məcburiyyət, sonda rahat yaşam arzusu, ərinin təkidi onu bu yola sövq edir. Amma buna baxmayaraq bir dəfə də olsun kiminləsə yaxınlıq etmir. Sadəcə planda da olduğu kimi, pulu almaq üçün hər cür simaya girməlidi.
Düzdür tamaşada bəzi məqamlar, söhbətlər, teatral ədalar adamı azacıq yorsa da, ən yaxşı cəhət odur ki, tamaşa dövrlə səsləşir. Çünki Eduardo de Filipponun pyeslərinin mövzusu həyatdan götürülüb. Və bu əsərlərdə uydurma heç nə yoxdur. İtalyan emosionallığı, həyəcan, qrotesk, məhəbbət və istehza, küçə karnavalı pyesdəki əsas hadisələri təşkil edir. Ona görə də bu əsər hər bir aktyor üçün geniş improvizə materialı var. Ramiz Novruzun da bu mövzuya müraciəti əbəs deyil. Təsadüfi deyil ki, həmişə Bakını da, əhalisini də Neopala bənzədirlər. Belə baxanda elə yaşayışında da, insanlarının rəftarında da bənzərlik az deyil. Tamaşanın üst qatında gülməli, məzəli, teatral danışıqlar olsa da, alt qatında daha dərin məna yatır. Elə müasir dövrümüzdə, nəinki xarici ölkələrdə, öz ölkəmizdə də belə hallar az deyil. Televiziyada, sosial şəbəkələrdə dəfələrlə eşitdiyimiz, gördüyümüz hadisələr üzərində qurulmuş bir tamaşadır və zamanla birmənalı şəkildə səsləşir. Sadəcə Ramiz Novruz həm əsərdən, həm də sözsüz öz təxəyyülündən çıxış edərək nəsə əlavə, nəsə də ixtisar edib iki hissəli komediya qurub. Və nə yaxşı da qurub. Zənnimcə alınıb da.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər