
Silikon Vadisinin yüksək dəyərə malik texnologiya şirkətində işləyən azərbaycanlı - Uğur hekayəsi
Gənclik qəzeti
19 İyun 2020, 10:00
8331
Ələkbər
Əyyubov: İnsan, "birdən səhv edərəm”, yaxud "camaat nə deyər” kimi düşüncələri
həyatından çıxarsa, o ağırlıqdan xilas olacaq və hava şarı kimi uçacaq”
Riskləri sevir. Deyir ki, risk etməsən, limitləri
bilməzsən. O, həyatı bir kitab kimi qəbul edir. Keçmişdə baş verənlər sənin,
artıq oxuduğun səhifələr kimidir. Həmin kitabın yeni səhifələrini oxumaq sənə
daha çox şey verəcək, nəinki köhnə səhifəni açıb təzədən oxumaq. Buna görə də həmişə
gələcəyə doğru baxır və qorxmadan məqsədlərinin ardınca gedir. Qorxmur. Çünki uğursuzluğun gətirəcəyi biliklər onun
üçün çox vacibdir. Deyir ki, insan o zaman püxtələşir.
Müsahibimiz İngiltərədə "Big data analitikası” sahəsində
fəaliyyət göstərən, "Forbes” jurnalının məlumatına əsasən, Silikon Vadisinin ən
yüksək dəyərə malik texnologiya şirkətlərindən biri olan "Palantir
Technologies” Şirkətində data üzrə mütəxəssis və magistral üzrə mühəndis işləyən
Ələkbər Əyyubovdur.
Həmsöhbətimiz Şəkidə anadan olub. İbtidai təhsilini
Şəkidə orta məktəbdə, 7-ci sinifdən isə humanitar təmayüllü liseydə aldıqdan
sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Əsas məqsədi informatika
sahəsində atasını yolunu davam etdirmək idi. Elə ilk proqram yazmaq təcrübəsini
də atasının dərs dediyi məktəbdəki kompüterlərlə öyrənib. 2006-cı ildə Neft
Akademiyasında bakalavrı bitirdikdən sonra, magistratura pilləsində təhsilini
davam etdirib, xarici şirkətlərdə təcrübə keçib. BP-də data üzrə nəzarətçi, sistem
koordinatoru və ofşor data üzrə qrup rəhbəri kimi vəzifələrdə çalışıb. Rəhbər vəzifədə
4 ay işlədikdən sonra dövlət proqramı ilə Londona "Imperial College”-ə proqram
təminatı mühəndisliyi ixtisasını oxumaq üçün yollanıb. Təhsil aldığı bütün
ixtisasları fərqlənmə ilə bitirib: "Burada təhsil almazdan öncə elə bilirdim
ki, ixtisasım üzrə kifayət qədər bilirəm. Təəssüflər olsun ki, bizdə təhsil
sistemi fərqli idi. Tədris materiallarının köhnəliyi, onların üzərində işlərin
aparılmaması bizi çətinliyə salırdı. Orada məndən yaşca kiçik tələbələr elə
universitetlərdə təhsil alıb, şirkətlərdə təcrübə keçmişdilər ki, mən özümü çox
geridə hiss edirdim. Bacardığım qədər çalışdım ki, heç olmasa, onların səviyyəsinə
müəyyən qədər də olsa, çatım. 2010-cu ildə universiteti fərqlənmə ilə başa
vurdum. Diplom işini yazarkən mənə e-mail gəldi ki, "Datum 360” adlı bir şirkət
neft-qaz sektorunda olan şirkətlər üçün informasiya emal platforması düzəldir və
məni müsahibəyə çağırdılar. Məlum oldu ki, onlar məni data konsaltinq kimi işə
götürmək istəyirdilər. Mənim verdiyim məlumat onların fikrini dəyişdi və
proqramçı kimi işə başladım. Bununla da, İngiltərədə iş təcrübəm başladı”.

- Gənc
yaşınızda BP kimi şirkətdə rəhbər vəzifədə işlədiyiniz halda, təhsil üçün
İngiltərəyə getməyə necə qərar verdiniz? Özünüz də vurğuladınız ki, çətinliyə
düşübşünüz...
- Həmin dövrlərdə BP prestijli şirkət sayılırdı.
Düzdür, çox insan orda işə düzəlməyə can atırdı. BP-nin işə qəbul proseduru bir
neçə müsahibəni, testləri özündə cəmləşdirirdi. Mənim müsahibə proseslərim
uğurla getdi. Orada atmosfer fərqli idi. BP sanki, tam fərqli mühitdə boya-başa
çatan insanların külliyyatı idi. Orada ilk başladığım vəzifə də data-analist
idi, sonra rəhbər vəzifəyə qədər yüksəldim. Lakin mən özümü proqramlaşdırma sahəsində
görür, o sahədə mükəmməl olmaq istəyirdim. Qarşıya məqsəd qoyulubsa, məncə, heç
bir səbəb səni öz amalından kənar salmamalıdır. Məni yolumdan saxlayan qüvvə
ancaq ailəmin səhhəti ilə bağlı problem olardı. Şükürlər olsun ki, hər şey
yaxşı oldu və qarşıma qoyduğum məqsədə çatmaq üçün İngiltərəyə gəldim. Düzdür,
rəhbər işləyən şəxs üçün sıfırdan təhsilə başlamaq çətin idi. Amma İngiltərəyə
gəlib o təhsil mühitinə düşdükdən sonra anladım ki, bu, tam fərqli səviyyədir.
Burada adi tələbə kimi universiteti bitirəndən sonra sıfırdan başlamaq mənə əzab
verirdi, amma öz məqsədini bilirsənsə, bu tərəddüdlər çox qısa bir müddət sonra
meydandan çıxır. Amalını başa düşərək o istiqamətdə gedəndə, hər şey gözəl
olur. Sadəcə olaraq, məqsəddən kənara
çıxmamaq lazımdır. Çünki əlavə faktorlar insanın diqqətini yayındırır.
- Dediniz ki,
İT sahəsinə İngiltərədə təhsil tam fərqli idi. Bəs bizdə necə idi və sizcə, İT,
kompüter mühəndisliyi, proqramlaşdırma necə tədris edilməlidir?
- Mənim dövrümdə proqramlaşdırma üzrə təhsil almaq
məsələsi çox çətin, universiteti yola vermək isə asan idi. Dərsdə sakit olur,
qiymətimizi alıb gedirdik, amma təhsil almaq məsələsində axsayırdıq. Mühazirədə
müəllim danışır, sən yazırsan. Sual vermək imkanı yoxdur. Seminarlarda elə bu
konspektdən sualın olurdusa, onda verə bilirdin. Onda da 90 faiz uşaqlar, içi mən
qarışıq vecimizə deyildi. Çünki təhsilə maraq yox idi. Bilirdik ki, az oxumaqla
imtahanlardan da keçə biləcəyik. Ürəkdən təhsil almaq hissi yox idi. Bizim fakültədə
kompüter otağının qapısı həmişə bağlı idi. Sən proqramlaşdırmanı öyrənmək istəyirsənsə,
mütləq təcrübə lazımdır. O vaxt bizim də imkanlarımız yox idi, kompüter alaq.
Bu sahədə normal kitablar isə ancaq rus dilində idi. Çox şadam ki, mən məktəbdə
rus dilini öyrənmişdim. Yoxsa heç bir məlumatım olmazdı. Başqa problem o idi
ki, müəllimlər öz üzərində işləmir, biliklərini yeniləmirdilər. 50-60 il öncə
hansı informasiya mövcud idi, onu da keçirdilər. İngiltərədə isə bizə dərs deyən
müəllimlər kollecdə hansısa proyektin üzərində işləyən professorlar idi. Onlar
öz istəkləri ilə tələbələrə dərs deyirdi. Dərs sistemi elə idi ki, müəllim
mövzu ətrafında məsələni izah edir, məsləhətlərini verirdi. Təcrübə çox idi. Nəzəri
məlumatları əldə edib əzbərləyə bilərsən, amma təcrübədə istifadə etməsən,
yadda saxlamaq mümkün deyil. Mühəndislik sahəsində İmperial ilk beşliyə daxil
olan universitetlər siyahısında idi. Çətin də olsa, mən onlarla ayaqlaşa
bildim.

- Görünür,
siz komfort zonadan rahat çıxa bilirsiniz. Bunu hər insan bacarmır. Bu zonadan
çıxa bilmək və risklər sizə nə verir?
- Passiv həyatı sevmirəm. Passiv həyat komfort
zonanın yaratdığı vəziyyətdir. Bu zonaya düşdünsə, özünü tapmaq istiqamətində
bütün fəaliyyətini dayandırırsan. Risk etməsən, bilməzsən ki, sənin limitlərin haradadır və bu
limitləri necə aradan qaldıra bilərsən. Bu, yalnız karyeraya aid deyil. Həyatın
bütün aspektlərini özündə cəmləşdirən ünsürdür. Etmək istədiyinin reallaşması
üçün o qorxuları aşmalısan. Sudan qorxan insan heç vaxt hovuza girmir. Amma
addımını ataraq digər insanların köməyi ilə bu problemləri aşa, öyrənə,
yeniliklər əldə edə bilərsən. Komfort zonadan çıxmağın riskləri var, amma bu
risklər sənə kömək edir. Risk özünə olan inamı artırmaq üçün ən gözəl vasitələrdən
biridir. İnsan uduzmaqdan qorxmamalıdır. Səhv etməsən, yeniliklər əldə edə bilməyəcəksən.
İnsanlar addım atmağa tərəddüd edir. "Düz, ya səhv edərəmmi” deyə çox düşünür.
İnsan səhv etməyi bacarmalıdır.
- "İnsanlar səhv
etməlidir” deyirsiniz. Amma səhv edəndə, motivasiya da düşür. Yıxılan, necə
ayağa dursun?
- Hər birimiz uşaq olmuşuq. Qaçmağı öyrənəndə,
velosiped sürəndə, gəzmək istəyən hər dəfə yıxılıb, yenidən dururduq. Bizdə
uşaq istəyi olmalıdır. Uşağın məqsədi var. Ayağı yer tutana qədər fiziki
prosesi davam etdirir. Məşq edir, öyrənir və reallaşdırır. Uğursuzluğun pozitiv
tərəfi odur ki, sən məsələni həll edəndə, digər baxış açısı ilə edirsən.
Onlardan dərs çıxarır, tətbiq edir, yoxlayırsan. 1,3,5...15 fərq etməz. Hər dəfə
böyük biliklər əldə edirsən. Ruhdan düşməmək lazımdır. Uğursuzluqdan doğan
bilik, səni uğura aparmaq üçün yeni pillədir. İnsanlar bunu qəbul etməlidirlər.
Bizim cəmiyyətdə insanlarda qorxu hissi uşaqlıqdan gəlir. Uşaqlıqda da öz
fikrimizi ifadə etmək istəyəndə, bizə hər dəfə böyüklər və valideynlər tərəfindən
müdaxilə olunub. Bu, qorxunu mücərrəd olaraq içimizdə saxlayır. İnsan, "bunu
belə etsəm düz olmaz”, yaxud "camaat nə deyər” kimi düşüncələri həyatından
çıxarsa, o ağırlıqdan xilas olacaq və hava şarı kimi uçacaq. Qorxmayın.
Uğursuzluğun gətirəcəyi hədsiz qiymətsiz biliklər çox vacibdir, insan o zaman
püxtələşir.

- Həyatınızda və karyeranızda dönüş yaradan
hansısa məqamı bizimlə bölüşə bilərsinizmi? Yəqin ki, sizi istiqamətləndirən
belə hadisələr az olmayıb...
- Bir neçə hadisəni sadalaya bilərəm. İlk belə
hadisə Bakıda KBR şirkətində işləyən zaman baş verdi. Belə ki, o vaxt bizimlə Cənubi
Koreyadan olan Keysi adlı regional menecer çalışırdı. Yaşlı və çox müdrik, həyat
fəlsəfəsinə malik insan idi. Bir dəfə onunla keçmişdən və gələcəkdən ümumi söhbət
edən zaman məni şəxsi və peşəkar həyatımda narahat edən bir-iki məqamı
bölüşdüm. O, bir misalla problemlərə və məni narahat edən məqamlara baxışımı
tam olaraq dəyişdi. Mənə dedi ki, həyatı bir kitab kimi qəbul et və keçmişdə
baş verənlər sənin artıq oxuduğun səhifələr kimidir. Həmin kitabın yeni səhifələrini
oxumaq sənə daha çox şey verəcək, nəinki köhnə səhifəni açıb təzədən oxumaq.
Buna görə də həmişə gələcəyə doğru bax və get. Bu hadisə və bu məsləhət iş və
karyera seçimimdə, KBR-dən BP şirkətinə keçməyimdə mənə stimul verib və həyatımı müsbət dərəcədə dəyişib. Digər belə hadisə
İngiltərədə universitetdə oxuduğum vaxtda baş verib. Deməli, oxuduğum "İmperial
college” təhsil ocağının yemək və istirahət zonası 2 mərtəbədən ibarətdir.
Birinci mərtəbədə bakalavr, ikincidə isə daha yuxarı pillədə oxuyan tələbələr və
müəllimlər vaxt keçirirlər. Bir gün yeməyimi götürüb nahar etməyə hazırlaşırdım
ki, orta yaşlı bir kişi yaxınlaşıb mənimlə oturmaq üçün icazə aldı, çünki digər
masalarda boş yer yox idi. Yemək yeyən vaxt mənim haradan gəldiyimi və nə işlə
məşğul olduğumu soruşdu. Danışığından başa düşdüm ki, müəllimlərdən biridir.
Bir qədər söhbət etdikdən sonra həmin universitetdə mənim xoşuma gələn və gəlməyən
məqamlardan söz açdım. Məsələn, orada dərs seçiminə və qərar verilməsinə çox az
vaxt verilirdi. Həmin insan isə bildirdi ki, dediklərimi nəzərə alacaq. Sən demə,
o, universitetin rektoru imiş. Belə bir məşhur və nüfuzlu təhsil müəssisənin
rektorunun adi tələbələrlə nahar edib,
onlarla söhbət etməsi məni çox təəccübləndirdi. Başa düşdüm ki, insan qazandığı
nailiyyət və vəzifəsindən asılı olmayaraq sadə olmalıdır. Bu sadəlik xüsusiyyətinə
malik olan insanlar öz məqsədlərinə daha çox çata bilirlər. Bu, mənə digər bir
vacib dərs idi. Atalar sözümüz da var ki, bar verən ağac həmişə boynunu aşağı əyər
və bu atalar sözünün əsl mənasını həmin anda başa düşdüm. Sadə olmağı öyrənmək,
məndə bir az vaxt apardı, çünki bizim cəmiyyətdə statusa malik olmaq məsələsinə
bir qədər fərqli baxılır. Lakin bunun öyrənəndən sonra sadə olmaq, karyeramda mənə
çox kömək edib.
- Sizcə,
uğurun sirri nədir?
- İnsan istəməlidir. Özünün nə əldə etmək istədiyini
müəyyənləşdirməlidir. Ondan sonra bunun üzərində işləməlidir. Uğur heç vaxt təsadüfən
olmur və sənin qapını özü döymür. Uğur sənin etdiyin və atacağın addımların zəncirvari
reaksiyasıdır. Çalışmaq və qorxmamaq lazımdır. Ən əsası isə baş verən hadisə və
problemə tam fərqli baxmağı
bacarmalısan. Əgər çoxluq eyni şey haqqında düşünürsə, bu o deməkdir ki, heç
kim düşünmür. Çünki sən standart olanı qəbul edirsən. Əgər sən əzmkarlıq göstərsən,
həmin sahədə ağıllana-ağıllana gedirsən və bu proses səni uğura gətirir.
Aygün ƏZİZ
Digər xəbərlər