Silahlı Qüvvələrimizin təmin etdiyi qətnamələr - Fotolar
BMT və digər beynəlxalq
təşkilatlar buna görə Azərbaycana və hərbçilərimizə minnətdar olmalıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi
1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında
başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda
Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə
Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon
(Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və
məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında
Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa
çatıb. Münaqişə nəticəsində 30 minə yaxın azərbaycanlı həlak olub, 50 minə
yaxın vətəndaşımız yaralanıb və ya əlil olub, 4 mindən çox insan itkin düşüb.
Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər
Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb.
Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları,
Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı
ilin dekabrından isə ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan ibarət
həmsədrlik institutu fəaliyyət göstərir. Lakin əfsus ki, həmsədrlər indiyə
qədər problemi dinc yolla həll edə bilməyiblər.
Ərazilərin işğaldan qeyd-şərtsiz
azad edilməsi
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və ətraf rayonlardan
qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə
qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o
cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT, həmçinin digər təşkilat və
qurumların qətnamələri mövcuddur. Həmsədr dövlətlər məhz bu qətnamələri əsas
tutaraq, işğalçı Ermənistana təzyiq və təsir göstərə, beynəlxalq hüququ,
ölkələrin ərazi bütövlüyü prinsipini əsas götürərək təcavüzkarı torpaqlarımızdan
rədd edə bilərdilər. Necə ki, biz bunu BMT Təhlükəsizlik Şurasının Liviyaya
dair çıxardığı qətnamənin mürəkkəbi qurumamış Fransa qırıcı təyyarələrinin
səmaya qalxması, paytaxt Tripolini bombardman edilməsi, nəticədə Müəmmar
Qəddafinin devrilməsi zamanı müşahidə etmişik. Nədənsə Dağlıq Qarabağ
probleminə yanaşmada BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərdən, o cümlədən
Fransadan, ABŞ-dan və Rusiyadan bu çevikliyi müşahidə edə bilmədik. Bu kimi
səbəblərdən də 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr
tarixlərində BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğalına cavab olaraq qəbul etdiyi 822, 853, 874 və 884 saylı
qətnamələr indiyə qədər icrasız qaldı.
İcrasız qalan qətnamələrin
tələbləri
Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sözügedən
qətnamələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq
sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Sözügedən qətnamələr erməni işğalçı
qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri
dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır.
Misal üçün, 822 saylı qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilib. Qətnamə
bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və
son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb
edirdi. 853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni
qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri
çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl
edilməsini tələb edirdi. 874 saylı qətnamə atəşkəs imzalanmasını, hərbi
əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdiyi Füzuli, Cəbrayıl,
Qubadlı və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə, həmçinin
əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapırdı.
884 saylı qətnamədə isə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası
ilə nəticələnən atəşkəs pozulmaları qınanılır. Qətnamədə hərbi əməliyyatların
dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da
daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb
edilirdi. Təbii ki, sonda əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə
əməl edilməsi də tələb edilirdi.
Cəzasızlıqdan irəli gələn
sərsəmləmələr
Lakin işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının nəinki bu
qətnamələrin tələbini yerinə yetirmir, üstəlik, ATƏT-in Minsk qrupunun həmsədr
dövlətləri – ABŞ, Fransa və Rusiyanın iştirakı ilə aparılan sülh danışıqlarında
qeyri-konstruktivlik nümayiş etdirirdi. Bununla yanaşı, Ermənistan işğal etdiyi
Azərbaycan ərazilərində beynəlxalq hüququn əksinə olaraq infrastruktur qurur, o
cümlədən avtomobil yolları çəkərək qanunsuz məskunlaşdırma siyasəti həyata
keçirirdi. Cəzasızlıq mühitindən istifadə edən Ermənistan dövləti və onun
prezidentləri Dağlıq Qarabağdakı separatçılara hərtərəfli dəstək verir, erməni
baş nazir Nikol Paşinyan "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar
səsləndirir, qondarma qurumun "prezidenti” üçün Şuşada inaqurasiya mərasimi
təşkil edir, bu qədim Azərbaycan şəhərinin separatçılar üçün paytaxta
çevriləcəyinə dair iddialar ortaya qoyulurdu. Öz baş nazirinin cəfəng bəyanatlarından
ruhlanan Ermənistanın müdafiə naziri David Tonoyan isə yerli mediaya
müsahibələrində Azərbaycana hər hansı güzəşt edilməyəcəyini, torpaqlarımızı
nəinki işğaldan azad etməyəcəklərini, üstəlik, hücuma keçərək yeni
ərazilərimizi zəbt edəcəklərini dilə gətirirdi. Bütün bunlar Ermənistan silahlı
qüvvələrinin cəbhə xəttində, eləcə də Azərbaycanla sərhəd ərazilərdə tez-tez
təxribatlar törətməsi, mövqelərimizə hücumlar təşkil etməsi ilə müşayiət
olunurdu.
Ermənistanın davamlı
təxribatları
Amma 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı
nümunəsində deyə bilərik ki, düşmənin hər bir belə cəhdi uğursuzluğa düçar
olur, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna sarsıdıcı zərbələr
vurması ilə yadda qalırdı. Növbəti belə bir təxribat cari il iyulun 12-də Tovuz
rayonunun Ağdam kəndinə yaxın ərazidə - Ermənistan-Azərbaycan dövlət sərhədində
baş verib. Mövqelərimizə soxulmaq üçün hücuma keçən erməni hərbçiləri ciddi
itkilərə məruz qalaraq geri oturdulub. Avqustun 23-də isə cəbhənin Goranboy
rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu
təxribat törətmək məqsədilə mövqelərimizə soxulmağa cəhd göstərib.
Əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində onların bu cəhdinin qarşısı alınıb,
diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan Azərbaycan
Ordusu tərəfindən tərksilah edilərək ələ keçirilib. Ermənistan silahlı
qüvvələrinin sonuncu, lakin daha genişmiqyaslı təxribat cəhdi isə sentyabrın
27-də baş verib. Bütün cəbhəboyu mövqelərimizi, hətta yaşayış məntəqələrimizi
iriçaplı silahlardan, artilleriyadan atəşə tutan düşmən irəliləməyə çalışıb.
Ordumuzun qarşısında duruş
gətirə bilməyən düşmən
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin
əmri ilə Azərbaycan bütün cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatı aparmaq
məcburiyyətində qalıb. İndiyə qədər Azərbaycan Ordusu Ermənistan silahlı
birləşmələrinə sarsıdıcı zərbələr vurub, ümumi dəyəri 2 milyard dollar həcmində
olan hərbi texnika, nəqliyyat vasitəsi və silah-sursatını, həmçinin çoxsaylı
canlı qüvvəsini məhv edib. Erməni əsgərlərinin döyüş meydanında qoyub qaçdığı
tank, BMP, BTR, ZİL, URAL, KAMAZ və sair kimi zirehli texnikalarını, nəqliyyat
vasitələri, həmçinin artilleriya qurğuları qənimət kimi ələ keçirilib. Bununla yanaşı,
rəşadətli Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən düşmən işğal
altında saxladığı ərazilərimizin bir qismindən də geri çəkilmək məcburiyyətində
qalıb. Beləliklə, Murovdağ zirvəsi, bir sıra strateji yüksəkliklər, Cəbrayıl,
Füzuli, Zəngilan şəhərləri, Suqovuşan, Hadrut qəsəbələri, Xudafərin körpüsü də
daxil olmaqla, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan rayonlarının ümumilikdə
130-dan artıq yaşayış məntəqəsi işğalçılardan təmizlənib. Torpaqlarımızın
azadlığı, ərazi bütövlüyümüzün təmini, işğalçı Ermənistanı sülhə məcburetmə
məqsədilə başladılan genişmiqyaslı əks-hücum əməliyyatı hazırda Azərbaycan
Ordusu tərəfindən uğurla davam etdirilməkdədir.
Azərbaycan əsgərinin gücü hesabına
Bu məqamda bir məsələyə xüsusi diqqət çəkərək vurğulamaq istərdik ki,
Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk
qrupunun həmsədr dövlətlərinin 30 ilə yaxın bir müddətdə həll edə bilmədiyi,
bəlkə də etmək istəmədiyi bir problemi kökündən həll edir. Bununla, Azərbaycan
illərdir qəbul etdiyi qətnamələrə sahib çıxmayan, onların yerinə yetirilməsi
üçün heç bir addım atmayan BMT Təhlükəsizlik Şurasının vəzifəsini həyata
keçirir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının
1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın
Zəngilan rayonunun və digər ərazilərimizin işğalı pislənilir, işğalçı
qoşunların həmin ərazilərdən çıxarılması tələb edilirdi. Rəşadətli Azərbaycan
Ordusu artıq Zəngilan şəhəri də daxil olmaqla, Zəngilan rayonunun əksər yaşayış
məntəqələrini işğaldan azad edib. 874 saylı qətnamədə isə Ermənistandan işğal
etdiyi Füzuli, Cəbrayıl və Qubadlını tərk etməsi tələb olunurdu. Bu qətnamənin
tələbini də Azərbaycan əsgəri qanı və canı bahasına icra etməkdədir. Füzuli və
Cəbrayıl şəhərləri, hər iki rayonun yaşayış məntəqələrinin mütləq əksəriyyəti
işğalçılardan təmizlənib. Heç şübhə etmirik ki, yaxın zamanlarda BMT
Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hamısının tələbləri Azərbaycan
əsgərinin gücü hesabına tam təmin ediləcək.
Haqlı davada böyük zəfərlər
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Hikmət Babaoğlu mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin davam etdiyi ilkin mərhələdə BMT Təhlükəsizlik Şurası erməni
işğalçı qruplaşmalarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə
bağlı 4 qətnamə qəbul etsə də, onların heç biri həyata keçirilməyib. Millət
vəkilinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının digər regionlarda qəbul
etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlər qurulur və bu
qətnamələr yerinə yetirilir, amma Azərbaycana münasibətdə bunun əksi müşahidə
edilir: "Bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı
davasında böyük zəfərlər qazanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamələrin icrasını həyata keçirir. Bu, bir növ BMT-nin
nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi
qətnamələr icra olunmamış qalmışdı. Bu gün Azərbaycan Ordusu təkcə öz torpaqlarını
erməni işğalçılarından azad etmir, eyni zamanda, beynəlxalq hüququn tələblərini
yerinə gətirir. Buna paralel olaraq həm də BMT nizamnaməsinin 51-ci maddəsində
nəzərdə tutulan özünümüdafiə hüququnu təmin edir. Bu da bütün dünyada istər
hüquq kontekstində, istər dövlətlərarası münasibətlərdə, istərsə də BMT
Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır,
təqdir olunmalıdır və olunur”.
Böyük qürur, milli
özünəinam, ordumuza güvən hadisəsi
Deputat qeyd edib ki, ötən müddət ərzində Azərbaycan öz suveren
ərazilərini bərpa etmək üçün hüquqi bazanı bir qədər genişləndirib: "Onu
hansısa hüquqa əsaslanaraq ittiham edə biləcək mümkün perspektiv arqumentlərin
hamısını, istər beynəlxalq təşkilatlardan, istər erməniləri, işğalçılığı himayə
edən dövlətlərdən alıb. Azərbaycan ötən illər ərzində hüquqi müstəvidə və
qlobal ictimai rəydə haqlı olduğunu o qədər dəqiq və əsaslı şəkildə bütün
subyektlərin diqqətinə çatdırıb ki, indi heç kəs Azərbaycanın bu addımlarını
qınaya bilmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var və faktiki olaraq
onlardan 3-ü problemi həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupunun
həmsədrləridir. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri Amerika
Birləşmiş Ştatları, Rusiya və Fransa ötən illər ərzində problemin həll ilə
bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər. Yəni Minsk qrupunun fəaliyyəti
uğursuz oldu. 28 ildə, 1992-ci ildən bu günə qədər heç bir uğur əldə edə
bilməyən bir qurumun fəaliyyəti əslində fiasko hadisəsidir. Azərbaycan Ordusunun
öz torpaqlarını işğaldan azad etməsi isə sırf milli kontekstdə bizim üçün böyük qürur, milli özünəinam, ordumuza güvən
hadisəsidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin
icra olunmaması, əslində bizi hazırkı addımları atmağa məcbur etdi. Yəni
Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vasitəçilərə güvənmir, özünə,
ordusuna, Ali Baş Komandanına güvənir və müzəffər ordumuz torpaqlarımızı
işğaldan azad edir”.
Rufik İSMAYILOV