Sıfırdan şirkət quran gənc - Uğur hekayəsi
Onun bir
məqsədi olub-məşhur olmaq. Uşaqlıqdan düşünüb ki, fərqli insandır və istədiyi hər
şeyə nail ola bilər. Bu yolda uğursuzluqlarla da qarşılaşsa, "mən bunu
bacaracam” deyib və davam edib. 25 yaşı olmasına baxmayaraq, artıq özündən
yaşca böyük və kiçik 8500 nəfərə təlim deməklə, istədiyi məqama çatıb.
MüsahibimizOrkhanway Coaching şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi
Orxan Şahbazdır. Orxan həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
özünəməşğulluq proqramının biznes təlimlərini həyata keçirir. Hazırda İsveçrənin
Sürix Universitetində master təhsili alır.
"İlk dəfə ürəkdən ağladım”
Orxan müəllim
ailəsində böyüyüb. Deyir ki, uşaqlıqdan tək məqsədi məşhur olmaq, insanlar
arasında tanınmaq və onlara faydalı olmaq olub: "Karyera yoluna ilk dəfə
idmanla başladım. Karate ilə məşğul idim və Azərbaycan çempionu oldum. 9-cu
sinifdə 8 dəfə Azərbaycan çempionu olmuşdum. Lakin gözümə zərbə aldıqdan sonra
peşəkar idmanı yarıda qoymaq məcburiyyətində qaldım. Bundan sonra sırf təhsilə
yönəldim. Universitet dövrü də çətin mərhələ idi. Tələbəlik illərində bütün gənclər
təşkilatları ilə əlaqə yaradırdım. Siyasi görünüşündən asılı olmayaraq, hamı ilə
danışıb analiz edirdim. Təlimlər, treninqlər, bütün ictimai fəaliyyətlərdə
olurdum. Hər dəfə hiss edirdim ki, öz yaşıdlarımdan fərqliyəm. Dayanmadan
çalışmağı xoşlayırdım. Birinci kursda fəhlə, satıcı, kassir... demək olar ki,
bütün günü işləyir, oxuyurdum. 4-cü kursda əvvəlcə tələbələrə təlimlər keçməyə
başladım. Hərbi xidmət vaxtı gəldiyindən təlimləri yarıda qoyub xidmətə
yolandım. İdmançı olduğum üçün kəşfiyyata seçdilər. Bir müddət xidmət etdikdən
sonra düşündüm ki, burada qalmalıyam. İdmanda öyrəndiklərim, bütün oxuduğum
kitablar orada köməyimə çatırdı. Zabit olmaq qərarına gəldim və kurslara
yazıldım. Lakin gözüm zəif olduğu üçün məni yararlı hesab etmədilər. İlk dəfə
orada ürəkdən ağladım. Artıq karyeramda ikinci uğursuzluğum idi. Nə məşhur ola
bilirdim, nə də insanlara faydalı...”.
- Yenə də uğurlu və məşhur olacağınıza
inanırdınız...
- A və B variantlarım boşa getdi. Amma hələ C
planını işə salmamışdım. Gələndən sonra boşluğa düşdüm, iş tapmaq üçün çox yerə
CV verdim. Mühafizə şirkətinə işə düzəldim. Evdə də məni təbrik edir, iş
tapdığım üçün sevinirdilər. Düzdür, nə varlı atam, nə "dayday”ım, nə də qayınatam
var idi. Amma ümidli idim. Mühafizədə işləyərkən də, kitablar oxuyur, beynimdə
biznes planları qururdum. Bir müddət sonra mühafizəçi işlədiyim şirkətdə
imtahan verdim və kiçik mütəxəssis oldum. O iş mənə çox sıxıcı gəlirdi. İşlədiyim
prosesdə də təlimlər keçirdim. Artıq gördüm ki, təlimlərim uğurlu alınır və
kütlə məni qəbul edir. Bundan sonra 0 manat pulla bu şirkəti yaratdım. 1 il 6
ay ərzində təlim auditoriyam 8522 nəfərə çatdı və ümumi təlim sayım 413-dür.
- Orxan bəy, sosial şəbəkələrdə tez-tez yaşınızla
bağlı ironik statuslar paylaşırsınız. Təlim deyərkən yaşınızın az olmağı
problem yaradırmı?
- Əslində, yaş məsələsi ilə bağlı çox problemlə qarşılaşmışam. İlk günlər
təlimə başlamazdan əvvəl auditoriya məni ciddi qəbul etmirdi. Xüsusilə müəllimlər,
yaşlı insanlar əllərini qoynuna qoyub qəribə nəzərlə baxırlar ki, bu gənc bizə
necə təlim keçə bilər? Amma təlimdən sonra bütün fikirlər dəyişir. Etiraz edənlərə
deyirəm ki, Şah İsmayıl 14 yaşında hakimiyyət qurub. Burada təəccüblənəsi heç nə
yoxdur.
- Universitetlərdə təlimləri pulsuz keçirsiniz. Bu
təlimlərdən qazancınızın nədir?
- İstənilən
prosesin sonunda mənfəət var. Bu maddi də ola bilər, mənəvi də. Sosial fəaliyyətim
mənə sonda mənfəət gətirir. Əgər 100 nəfərə pulsuz təlim keçirəmsə, onlardan
10-u hansısa şirkətin nümayəndəsidir. 100-dən 10 nəfər mənim haqqımda danışır və
dəvət edirlər. Bu gün şirkətlər özləri bizi dəvət edir. O da həmin təlim
dediyimiz insanların nəticəsidir. Mənim qazancım tanıtımdır. Pul üçün
çalışmıram. Çalışdıqdan sonra, pul özü gəlir.
- 0 manatla şirkət qurmusunuz. Alınmamağından, xərclərin
çox çıxacağından qorxmurdunuz?
- Bəziləri
düşünür ki, insan sıfır manatla biznesə başlaya bilməz. Mən bununla razı deyiləm.
Bəli, başlamaq olur. Azərbaycan toplumunda çatışmayan bir şey var. İnsanlar əvvəl
pul istəyir, sonra biznes. Amma əksinə olmalıdır. Biznesi qurmalısan, sonra
qazanmalısan. Mən çalışa-çalışa bu işi yönləndirirdim. Düşünəndə ki, bu iş mənə
gəlir gətirəcək o biri işdən çıxdım. Hətta atam belə qəbul etmirdi ki, təlim nədir
get, aylıq maaşını al otur yerində! Amma mən bilirdim ki alınacaq. Analiz
qabiliyyətim yaxşı idi və görürdüm ki, kütlə məni qəbul edir. Əgər kütlə səni qəbul
edirsə, qazana biləcəksən.
- Dediniz ki, uşaqlıqdan məşhur olmaq istəyirdim.
Sizcə, insanın uşaqlıqdan nəsə istəməyi və ona çatmağı, məqsəd qoymağı nə dərəcədə
önəmlidir?
- Maslovun
ehtiyaclar piramidasında deyilir ki, insan doğulandan ölənə qədər 5 ehtiyac
sistemi keçir. Fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, sevgi və kiməsə aid
olmaq ehtiyacı, hörmət və tanınmaq ehtiyacı və özünü aktuallaşdırmaq ehtiyacı.
Digər ehtiyaclarda olduğu kimi, hörmət və tanınmaq ehtiyacı hər bir insan üçün
vacibdir. Hər yerdə seçilmək istəyirsən. Hamı daxilində ən yaxşı olmaq istəyir.
Məsələ odur ki, bütün insanlar bunu istəyir, amma ona çatmaq üçün nəyi isə
etmir. İnsan istədiyi hər şeyə nail ola bilər. A planı alınmadısa B-yə keç, o
da alınmadısa C planı ilə daha yaxşı edib A-nı və B-ni kölgədə qoya bilərik.
Ona görə, uşaqlıqdan istəməli, ona çatmaq üçün əlimizdən gələni etməliyik.
- Karyeranızda uğursuzluqlarla qarşılaşmısınız və
onlara da pozitiv baxmısınız. Nədən stimul alırsınız?
- 1-ci
kursda "Semasko”da fəhlə işləyirdim. Sement qarışdırır, boş vaxtlarımda fəlsəfə
kitabı oxuyurdum. Hamı mənə deyirdi ki, fəhləsən kitabı neynirsən. Yaşlı Nuri
dayı var idi. Mənə dedi ki, "oğlum, neçə vərəq oxumusan”, dedim 20. Dedi ki, "oxuduğun
yerlərdən bir vərəqin cırıb verə bilərsən yeməyin altına qoyum”. Siz təsəvvür
edin ki, belə fikirlər birinci kurs tələbəsini necə motivasiyadan sala bilər.
Düşünürsən ki, 60 yaşı var məndən savadlı, dünyagörüşlüdür. O, məndən daha
yaxşı bilər. Amma mənə heç vaxt ətrafın fikirləri önəmli olmayıb. Depressiya vəziyyətinə
də düşmüşəm. Bütün çətinliklərdən çıxmağımın əsas səbəbi maddiyatı ikinci hissəyə
atmağım olub. "Pullu ata”, "pullu qayınata”, "dayday” fikirlərini kənara
atmasaydım, bu gün də olduğum yerdə sayardım.
- Sizcə, uğurun formulu nədir?
- Məncə,
uğurun konkret formulu yoxdur. Yaponların kayzen fəlsəfəsinə görə, uğur bir yerə
qədərdir. Gəlir və bitir. Məncə, uğur məqsədlərin yüz faiz həyata keçdiyi
yerdir. Çox adam karyera qurub, çox pul qazanmaq istəyir. Düşünürlər ki, istədiyim
maşını, evi, telefonu ala biləcəyəmsə, xoşbəxtəm. Amma anladım ki, xoşbəxtlik
maddiyyatla ölçülmür. Cibimdə 5 min nağd pul olub, amma kefim olmayıb. Amma
pulum olmayanda özümü xoşbəxt hiss etdiyim günlər olub. Ən böyük uğurum daha
çox pul qazanmağım yox, istədiyimi özümün ala bilməyimdir. Əgər 1-ci kursdan 4-cü
kursa qədər pul yığıb yenə də istədiyimi ala bilmirdimsə, bu gün bir dəfəyə alıramsa,
bu, mənim ən böyük uğurumdur. Bu gün atamı anamı müalicə etdirə bilirəm. Həyatda
hər şeyə özüm nail olmuşam. Özüm etmişəm və heç kim də məndən bunu ala bilməz.
Asılılığı özünüzdən kənarlaşdırın. Özümü ona görə uğurlu sayıram ki, istədiklərimi
edə bilirəm.
- "Varlı ata”, "varlı qayınata” və "dayday”ın
olmadısa, karyera qura bilməzsən” kimi fikirləri olan gənclərə məsləhətiniz nədir?
- Mənə də
varlıq qız tapmışdılar, qohumlar görüşdürmək üçün əllərindən gələni edirdilər.
İnsanlar o zaman inkişaf edə bilmirlər ki, onlar düşdüyü situasiyanı düzgün
analiz etmək qabiliyyətinə malik deyillər. Hər şey pulla ölçülmür. Sistem və
toplum anlayışı var. Toplum sistemə uyğunlaşır. Birinci növbədə gənclər Azərbaycana
düzgün adaptasiya olmağın yollarını bilmirlər. Reallığa uyğunlaşa bilmirlər. Bəli,
ola bilər kiminsə "dayday”ı var. Mən beynimi inkişaf etdirirəm. Hər "dayday”ın
bilikli adama ehtiyacı var. Biliklisənsə, işini bilirsənsə, səni tapacaqlar.
100 manat maaşa işləsəniz də, heç vaxt məqsədlərinizdən yayınmayın. Pul üçün
yaşamaq lazım deyil. Xoşbəxtlik pulu yaratmaqdadır. Pulu yaratmaq isə sənin
göstərdiyin fəaliyyətdir. Kasıb olsan da, varlı düşün. Daxilinizdəki məşhurluq
hissini öldürməyin. O öldüsə, insan bitir.
- Atanız təlimçi olmağınıza razı deyildi. Bəs indi
fikri necədir?
- İndi
atam fəxr edir. Atam məni təlimlə bağlı ruhdan salırdı. İndi deyir ki, vaxt var
idi deyərdilər ki, Orxan Nizami müəllimin oğludur, indi deyirlər Nizami Orxan
müəllimin atasıdır. Bundan böyük motivasiya yoxdur. Atam hər dəfə deyirdi ki,
"işləyirsən də, bundan artıq nə istəyirsən. Amma indi görür ki artığı var
imiş...
Aygün
ƏZİZ