Şeyxülislam BMT-nin beynəlxalq video-konfransında iştirak edib
Mayın 28-də Birləşmiş Millətlər Təşkilatı müstəvisində
"Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusunda beynəlxalq video-konfrans-məsləhətləşmə
keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, konfrans BMT baş katibinin COVID-19 problemi ilə əlaqədar
din xadimlərinin səfərbər olmaları haqqında 11 aprel tarixli çağırışı əsasında
təşkil olunub.
Beynəlxalq tədbirin təşəbbüs qrupu - BMT-nin İnsan
hüquqları üzrə baş komissarı Mişel Baçelet, BMT Sivilizasiyalar alyansının yüksək
nümayəndəsi Angel Moratinos və BMT Soyqırımın qarşısının alınması üzrə xüsusi məsləhətçisi
Adama Diengin birgə dəvət məktubuna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə konfrans-məsləhətləşmədə iştirak edib.
BMT-nin təşəbbüs qrupunun üzvlərindən başqa
konfransda Xorvatiyanın BMT-dəki daimi nümayəndəsi səfir İ.Simonoviç, KAICIID
Beynəlxalq dinlər və mədəniyyətlər arası dialoq Mərkəzinin baş katibi F.
Muammar, Yunan pravoslav kilsəsinin Amerika arxiyepiskopu Elpidoforos, "Bəşəri
qardaşlıq” Ali komitəsinin baş katibi Qazı M.Əbdül Salam, Vaşinqton yəhudi
konqreqasiyasının baş ravvini B. Lustiq, Bruklin katolik icmasının başçısı
yepiskop C.Massa, Din və etiqad azadlığı üzrə BMT-nin xüsusi məruzəçisi dr.
Ə.Şahid və digər ictimaiyyət, dövlət və din xadimləri iştirak ediblər.
Məsləhətləşmə zamanı BMT çərçivəsində koronavirusla
bağlı birgə proqramlarda iştirak etmək, konfrans iştirakçılarının ölkələrində
pandemiya ilə əlaqədar görülən işlər, dünyada qeyri-bərabərlik, dini və irqi
dözümsüzlük, nifrətə çağırış hallarına qarşı səfərbər olmaq, miqrant və məcburi
köçkünlərə mərhəmət göstərilməsi kimi mövzular ətrafında fikir mübadiləsi
aparılıb.
Şeyxülislam Allahşükür Paşazadə BMT baş katibinin
11 aprel çağırışının və müxtəlif din mənsublarının COVID-19 təhlükəsinə qarşı səfərbər
olmalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanda fəaliyyət göstərən müxtəlif
dini konfessiyaların rəhbərlərinin pandemiya elan olunan kimi bir araya gələrək
kütləvi dini ibadətlərin müvəqqəti olaraq dayandırılması haqqında müştərək qərar
verdikləri və Ramazanın müqəddəs İftar süfrəsi ətrafında qardaşlıq mərasimində
dini konfessiyaların rəhbərləri ilə birgə dualar etdikləri barədə məlumat
verib.
QMİ sədri Azərbaycan dövlətinin özünün daxili
imkanları ilə koronavirusla mübarizədə böyük nailiyyətlər əldə etdiyini, dövlət
başçımız İlham Əliyevin fədakarlığını xüsusi qeyd edərək, onun siyasi iradəsi və
fövqəladə səyləri ilə ölkəmizdə insan tələfatı və yoluxma hallarının ən minimal
səviyyədə olduğunu bildirib. Əlavə olaraq, dövlətimiz tərəfindən başqa ölkələrə
humanitar yardımların göstərildiyini, bu dönəmdə BMT və Ümumdünya Səhiyyə Təşkilatı
ilə səmərəli əməkdaşlıq edildiyini vurğulayıb.
Şeyxülislam A.Paşazadə, eyni zamanda, erməni təcavüzü
nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu, ölkəmizin bir
milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini, BMT-nin 4 məlum
qətnaməsinə baxmayaraq işğalın davam etdiyini və bu səbəbdən həmin ərazilərdə
pandemiya dövründə nəzarətin imkanlarımız xaricində olduğunu xüsusi vurğulayıb.
QMİ sədri BMT səviyyəsində Moratinosun və Diyengin
cəmiyyətləri qarşıdurmaya və dağıdıcı aqressiv hərəkətlərə yönləndirən nifrət
çağırışları əleyhinə birgə bəyanatlarını dəstəklədiyini və buna dair mövqenin
Dünya Dini liderlərinin II Bakı Sammitində irəli sürüldüyünü və KAICIID Beynəlxalq
Mərkəzinin bu yaxınlardakı videokonfrans formatlı sessiyasında müzakirə
olunduğunu diqqətə çatdırıb. Şeyxülislam A. Paşazadə qeyd edib ki, pandemiya,
epidemiyalar aradan qalxacaq, lakin nifrətə çağırışın fəsadları, mənəviyyata
vurduğu zəhərli yaralar yeni münaqişə və müharibələrə səbəb olmaqdadır.
QMİ sədri problemin qlobal xarakterini nəzərə
alaraq, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin
bu mövzuda din xadimləri, elm, ictimaiyyət nümayəndələri ilə birlikdə beynəlxalq
səviyyəli tədbir keçirmək niyyətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki,
bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir və BMT tərəfindən
irəli sürülən təşəbbüslə uzlaşır.
BMT baş katibinin dini liderlərin COVID-19-a qarşı
mübarizənin uğuru üçün real fəaliyyətə keçməyə dair qlobal çağırışına öz əməli
dəstəyini ifadə edən Şeyxülislam A.Paşazadə Ulu Rəbbimizin dünyanı bütün bəlalardan
hifz etməsi üçün dualar edib.
Konstruktiv formatda və məhsuldar şəkildə keçirilən
videokonfrans çoxsaylı iştirakçıların ümumi rəyinə görə BMT ilə dini liderlərin
səmərəli işbirliyi nümunəsi kimi təqdirəlayiq dəyərləndirilib, davamlı olması
arzu edilib. Azərbaycanın, Qafqazın dini rəhbərinin bu formatda yer alması ölkəmizin
dinlərarası dialoq və əməkdaşlıq müstəvisində beynəlxalq nüfuzunun daha bir təsdiqi
olub.