• çərşənbə axşamı, 16 aprel, 19:26
  • Baku Bakı 18°C

“Səyahət kreslodan başlayır” - "Gör-götür"

09.06.17 13:00 6519
“Səyahət kreslodan başlayır” - "Gör-götür"
Səyahət tipli verilişlərə baxanda çox adamın ürəyindən həmin aparıcının yerində olmaq keçir. Çox zaman deyirlər ki, bu elə çətin iş deyil, gedib gəzirsən, sonra da veriliş hazırlayırsan. Amma bu, elə də asan deyilmiş. Çəkiliş və səyahət bir arada olunsa, gözəlliklərdən zövq almaq sual altına düşür. Bu qənaətə onunla söhbətdən sonra gəldim. Müsahibimiz tanınmış teleaparıcı Mirsəməd Cəfərlidir.
- Efirdə etdiyiniz təqdimat maraqlı və diqqətçəkici olur. İstəyərdim elə təqdimatla başlayaq…
- Hər zaman veriliş hazırlayanda ilk cümlələrə böyük önəm verirəm. Çünki həmin bir neçə cümlə tamaşaçını ələ almağa yönəlir. Təqdimat nə qədər maraqlı olsa, verilişin axarı da elə davam edir. O baxımdan, son illər məşğul olduğum telesəyahət janrında da həmişə maraqlı, cəlbedici hissələri üzə çıxarmağa çalışıram.
- Təqdimat elə olur ki, adamın içində həmin ölkəyə getmək arzusu yaranır…
- Bu, səmimiyyətdən doğan məsələdir. Təvazökarlıqdan kənar olsa da, deyəcəm (gülür - A.A.). Çox adam deyir ki, sənin proqramlarında səmimilik duyulur. Çünki mən buna önəm verirəm. Sanki efir qarşısında oturan insanları görürəm. Ona görə də maksimum dərəcədə səmimi olmağa çalışıram.
- Məsələn, "Turne” verilişində kifayət qədər məlumat verirdiniz. Onları toplamaq da yəqin asan başa gəlməz…
- Fövqəladə bir iş olduğunu deyə bilmərəm, amma "Turne” layihəsində daha çox məlumat çatdırmağa çalışırdım, işin maarifləndirici tərəfinə daha çox diqqət yetirirdim. Bunun üçün isə gərək oxuyasan, həmin ölkə haqqında hazırlanmış verilişlərə baxasan.
- "Çox gəzən çox bilər” deyirlər. Amma siz gəzməmişdən əvvəl də öyrənirsiniz?
- Əlbəttə, mən həmişə deyirəm ki, səyahət kreslodan başlayır. Kompüter arxasında oturub internetdə məlumatları götür-qoy edirsən, detalları ölçüb-biçirsən və s.
- Bəzən deyirlər ki, bu, elə çətin deyil, gedib gəzirsən, sonra da veriliş hazırlayırsan. Səyahət jurnalistikasının görünməyən tərəfləri nələrdir?
- Əslində imkan olsa, sponsorlar maraq göstərsələr, bu sahə jurnalistikanın gözəl janrlarındandır. Amma bu janra gəlib çatana qədər jurnalistika təcrübəsi mütləq olmalıdır. Mən televiziyada müxbir, şöbə müdiri, aparıcı, xaricdə xüsusi müxbir, redaktor kimi bütün mərhələləri keçmişəm. Ondan sonra səyahət jurnalistikası ilə məşğul olmaq qərarına gəldim. Görünməyən tərəfləri odur ki, hər hansı ölkəyə getməmişdən əvvəl o ölkə haqda kifayət qədər məlumat toplamalısan, reportajlar üçün danışıqlar aparasan, razılıq alasan. Xarici ölkədə çəkiliş üçün icazə almaq elə də asan deyil. Qərib ölkədir, bilmirsən necə qarşılayacaqlar, kriminal yerlər ola bilər. Amma ümumilikdə xoş bir sahədir.
- Düzdür, istirahət tərəfi var, bəs hər veriliş üçün yollarda olmaq yorucu deyil?
- Biz həmişə yollarda olmuruq (gülür - A.A.). Birbaşa uçuş olmayanda hansısa ölkəyə gedib ordan gedirik. Getdiyimiz ölkədə saat fərqi çox olanda uyğunlaşma çətin olur. Çox vaxt belə məqamlarda yatmaq olmur. Bu zaman yorğunluq olur.
- Səyahətin yaşa təsiri necədir? Qocalmağın qarşısını alır?
- (Gülür - A.A.) Bilirsiniz, səyahətdə keçirdiyim hər bir gün ölkədə keçirdiyin 3-4 günə bərabərdir. Çünki orada o qədər böyük təəssüratlarla qarşılaşırsan, gözünün qabağından o qədər mənzərə, dad, qoxu keçir ki, sən onların hamısını hopdurmağa çətinlik çəkirsən. Bir adam bir ölkəyə getsə, daha çox təəssüratla qayıdar, nəinki mən bu qədər ölkələrə getməklə. Bəzi şeyləri artıq sezmirəm. Adam var ki, getdiyi ölkədə çox xırda bir detalı belə görür. Mən əvvəl hər xırda detala fikir verə bilirdim, amma məlumat çoxluğundan artıq yadda saxlamaq cəhətdən bir yorğunluq olur və hamısına artıq fikir verə bilmirəm.
- Çox gəzənin çox şeyi öyrənməsi məlum. Bəs gəzməklə nəyi öyrənmək mümkün deyil?
- Çox çətin sualdır (gülür - A.A.). Qısa müddət ərzində hansısa ölkəni tam öyrənmək olmur. Qısamüddətli səfərlərdə ancaq gözlə görə biləcəyin şeylər haqqında məlumat ala bilirsən. Bir həftəlik ölkəmizə gələn qonaq Bakının gəzməli, görməli yerlərinə gedə bilər, amma xalqın mental xüsusiyyətlərini öyrənə bilməz. Bəzi şəhərlərdə eyni yerə iki dəfə səfər etmişəm. Birinci təəssüratla ikinci arasında bəzən böyük fərq olub. Elə şeylər olur ki, ikinci dəfə kəşf etmişəm. Elə ölkələr var ki, onlar haqda məlumatlı olmaq üçün gərək orda uzun müddət yaşayasan.
- Məsələn hansı ölkələr? Yaponiyanı demək olar?
- Yaponiya elə ölkədir ki, heç 3 dəfə getməklə də tam dərk etmək olmaz. Çünki ora materikdən kənardır, xaricilərin girişi çox vaxt məhdudlaşıb. Qapalı ölkə olublar, istəməyiblər xarici təsirlər, təzyiqlər olsun. O baxımdan, yaponların adət-ənənələri, dünyagörüşləri tamam fərqlidir. Yaponiyada olanda tez-tez təəccüblənirsən. Ora gedəndə Yaponiya haqda təsəvvürlərin çox yüksəkdə olur. Demirəm ki, gedəndən sonra fikirlər alt-üst olur, amma çox şeylər başqa cürdür. Onlar da bizim kimi insandırlar. Dünyanın hər yerində insanlar eyni cürdür. Amma müəyyən fərqlər var. Onlar da gəzməyi, əylənməyi, yeyib-içməyi sevir. Bəzən yapon elə ağılsız bir şey edir ki, düşünürsən ki, bir yapon bunu necə edə bilər axı? Belə maraqlı çox detallar var.
- İşdən kənar səyahətləriniz də yəqin ki olur. Bu zaman içinizdə qalırmı ki, kaş çəkiliş üçün gələydik?
- Elə Yaponiya səfərim çəkiliş üçün deyildi. Amma orada fikirləşirdim ki, bəlkə də burdan 101 süjet çıxara bilərdim. Yəni, sonsuz sayda. Nəqliyyat, mətbəx, şəhərin quruluşu, insanlar və s. hər şeyindən danışmaq olardı. Kameranı qurub adi yolda getməyi çəkmək belə maraqlı olardı. Hələ təbiətini demirəm.
- Bu gün səyahət jurnalistikasına maraq nə dərəcədədir? Sponsorlar nə dərəcədə maraqlıdırlar bu cür verilişlərdə?
- Sosial vəziyyətin çətinləşməsi bu məsələyə də öz təsirini göstərib. Əvvəllər ölkələr özləri də bizim gedib onları çəkməyimizdə maraqlıydılar. Deyirdilər ki, gəlin bizim ölkəni çəkin, Azərbaycan tamaşaçısı məlumat əldə etsin. İndi görürlər ki, bizdən gedən turistlərin sayı azalıb. Həm də artıq yeni nəsil formalaşıb ki, onlar üçün bahalı səyahətlər vacib deyil. "Avtostop”, ən ucuz səyahət növləri ilə gəzməyə hazırdırlar.
- Bəs sizin "avtostop” tipli, yaxud komfortdan uzaq səyahətiniz olub?
- Düzü, yox. Çünki texnika, televiziya üçün gərək hər şey dəqiq, planlaşdırılmış olsun. Amma maksimum ona yaxınlaşıb. Məsələn, Argentinada buzlaqlar olan yerdə çəkiliş etmək üçün nə qədər yolu piyada, sonra gəmi ilə getdik.
- Verilişdən kənar özünüzün qeyri-adi səfəriniz olub?
- Təəssüf ki, olmayıb.
- İstəyərdiniz olsun?
- Olmasını istəyərdim. Bundan sonra Everestə qalxacağımı deyə bilmərəm. Amma məsələn, bir aylıq Taylandı gəzmək istəyərəm. O yerləri ki, fərqliliklər çoxdur, qloballaşma ora çox təsir etməyib. Yaxud Afrika ölkələrində olmamışam. Misiri, Tunisi çıxaq. Çünki onlar o qədər də Afrika ölkəsi sayılmır. Keniyanın, Tanzaniyanın vəhşi təbiəti, gözəllikləri maraqlı gəlir.
- Səfərdə qarşılaşdığınız maraqlı, yaxud qorxulu hadisələr olubmu?
- Bir neçə dəfə dələduzlarla qarşılaşmışam. Çexiyada bir nəfər yaxınlaşdı ki, gəlin sizin pullarınızı daha yaxşı kursla dəyişim. Elə 100 dolları ona verirdim ki, bələdçimiz arxadan bizə çatdı, pulu əlinə götürdü və dedi ki, bu heç Çexiya kronu deyil ki, Macarıstan forintidi. Sən demə, fırıldaqçı aşağı kursda olan macar pulunu sırımaq istəyirdi. Dərhal pulu da götürüb qaçdı.
- "Ye, dua et, sev” kitabında səyahət edən xanım hansı ölkəyə getsə, dadlı yeməkləri tapır dadına baxır, dua və sevgini önə çəkir. Siz səfərlərdə içinizdə əsas nəyi daşıyırsınız?
- Dua dediniz, yadıma bir detal düşdü. Bir dəfə Qətərin Doha hava limanından tranzit uçuş edirdim. Səhər 5-də ora çatmışdım. Telefonu internetə qoşan kimi, gördüm, "Facebook”dan xanım dostlardan biri mesaj yazıb ki, oğlum xəstədir, istəyirəm onun üçün dua edəsiniz, çünki deyirlər ki səfərdə olan insanların duası daha tez qəbul olur. Bu, mənə çox təsir elədi. Fikirləşdim ki, hətta neçə min kilometr uzaqda olan birinin duası da bəzən insanlar üçün əhəmiyyətli olur. Bu, ananın uşağına olan sevgisindən, ümidini üzməməsindən irəli gəlir.Səfərlərimə gəlincə, daha çox iş məqsədli olduğu üçün yaxşı kadrları, maraqlı faktları daim getdiyim ölkələrdə axtarıram. Məsələn, hansısa ölkə ilə səfər danışmışıq, bilirəm ki, orda maraqlı nəsə var, əgər onu çəkiliş materialının içinə salmayıblarsa, dilxor olacam. Filippinə getmişdim. Onların xoruz döyüşdürməsi var. İl ərzində davamlı keçirilir. Amma onlar ölkələrini başqa istiqamətdən təqdim etmək istəyirdilər deyə, materialın içinə bunu salmamışdılar. Filippinin paytaxtı Manilada insanlar yaşayan bir qəbiristanlıq var. Onu da çəkiliş planına salmamışdılar. Mən soruşanda dedilər ki, biz ora gedə bilmərik, istəyirsinizsə özünüz gedin. Həm də bildirdilər ki, oradakılar çəkiliş etməyi sevmirlər. Amma operatorla ikimiz daxili nəqliyyatla ora gedib çıxdıq, çəkiliş etdik. Evsiz insanlardılar, gəlib qəbiristanlıqda olan sərdabələrin içərisində yaşayırlar, qəbirlərin üstündə yatırlar. Ümumiyyətlə, çəkilişlə səyahətimi fərqləndirməyi bacarmıram. Mənim üçün ilk növbədə kadr olur. İşə o qədər baş qarışır ki, səyahətdən zövq almaq, gözəllikləri tam mənada görmək olmur. Təsəvvür edin, biri var, oturmusan şəhərin mərkəzində, kofe içə-içə ətrafa tamaşa edəsən, biri də var çəkilişə görə, heç o kofeni içməyə vaxt olmasın. Bəzən çəkiliş qurtarıb, komanda qayıdandan sonra tək özüm qalıb bir neçə gün istirahət edirəm.
- Səfərlərdən evə nə gətirirsiniz?
- Baxır getdiyim ölkəyə. Ekzotik meyvələr, dadlı şokoladlar, hətta qışda balıq da gətirmişəm.
- Hər səfərdən dönəndə evdəkilərlə nəyi bölüşürsünüz?
- Səfərlərdən qayıdanda mənə elə gəlir ki, bölüşdüyüm təəssüratlar evdə əks-sədaya səbəb olacaq. Amma artıq öyrəşiblər, nədirsə, hansısa təəccüblü bir məqamdan da danışsam, reaksiyaları çox adi olur. Təəccüblə qarşılamırlar.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər