AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləyək

Şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləyək

Siyasət
07 May 2020, 17:37 4942
Koronavirusun geniş yayılmasının qarşısını almaq üçün bu, olduqca vacibdir

Ötən ilin son günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin Ölkə Ofisi Çinin Hubei əyalətinin Vuhan şəhərində etiologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat verib. Cari il yanvarın 7-də bu fakt daha əvvəllər insanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronavirus COVID-19) olaraq təsdiqlənib. ÜST-ün baş katibi Tedros Adanom Gebreisus Cenevrədə mart ayında keçirdiyi brifinqdə yeni növ koronavirusu pandemiya elan edib. ÜST-ün mayın 6-da açıqladığı məlumata görə, dünyada koronavirusa yoluxma hallarının sayı 3 588 463 nəfərə çatıb, 247 503 insan virusun qurbanı olub. Dünyada COVID-19-a yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınb. Köhnə qitədə 1 518 895 virusa yoluxub, 142,6 mindən çox insan ölüb. İndiyə qədər koronavirus 212 ölkə və bölgədə qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 7-də yaydığı məlumata görə, hazırkı dövrədək Azərbaycanda 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.
 


Təhlükə hələ də sovuşmayıb

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparmaq, onun fəsadlarını minimuma endirmək istiqamətində mühüm addımlar atılıb. İlk növbədə sərhədlər bağlanıb, ölkəyə giriş-çıxış tamamilə məhdudlaşdırılıb, idarə və müəssisələrin fəaliyyəti dayandırılıb, toy, yas və sair bu kimi kütləvi tədbirlər təxirə salınıb. May ayının 4-dən etibarən karantin rejimində bəzi yumşalmalar tətbiq edilsə də hələlik həyat pandemiyadan əvvəlki dövrdə olduğu kimi davam etmir. Müəyyən məhdudiyyətlər, həmçinin "Evdə qal!” prinsipi yenə qalmaqdadır. Lakin əfsuslar olsun ki, bəzi insanlar karantin rejiminin yumşaldılmasını koronavirus pandemiyasının sona çatması kimi qəbul edir, sosial izolyasiya tədbirlərinə əhəmiyyət vermir, qoruyucu maskalardan yararlanmır, bununla da həm öz, həm də başqalarının həyatını təhlükəyə atırlar. Çünki, təhlükə hələ də sovuşmayıb və bu xəstəliyin yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalara riayət etmək, xüsusən də şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləmək hər kəsin borcudur.
 


Xəbərdarlıqları qulaqardına vurmaq olmaz

Millət vəkili Sahib Alıyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, hamı karantin rejiminin tez bitməsini istəsə də, bu arzuda olanların heç də hamısı tələb olunanlara ciddi riayət etmir, məsuliyyətsiz davranırlar: "Karantin rejiminin tez bitməsini istəyənlərin görəsən neçə faizi bunun üçün tələb olunanlara əməl edir? Uzağa getmək lazım deyil, pəncərədən həyətinizə baxın, biləcəksiniz. Görün neçə nəfər karantin rejiminin tələbləri çərçivəsində hərəkət edir, yaxud edən varmı? Dükanda-bazarda, dayanacaqlarda, bankomatların önündə neçə nəfərin virusa yoluxmamaq və yoluxdurmamaq üçün məsafə saxladığını görürsünüz, görürsünüzmü? Məhz ona görə də yoluxanların sayında yenidən artım qeydə alınır. Artım qeydə alınırsa, bu o deməkdir ki, karantin rejimi daha da sərtləşdirilə və uzadıla bilər. Karantin rejiminin uzadılması isə təkcə ilin-günün bu vaxtında evə qapanıb qalmaq, sosial təcridin uzadılması demək deyil. Bu, iqtisadiyyatımıza, dolanışığımıza, təhsilə, ən nəhayət sağlamlığımıza təsirsiz ötüşməyəcək. Ona görə də anlamalıyıq ki, COVİD-19-la bağlı edilən xəbərdarlıqları qulaqardına vurmaq olmaz. Bu virus gücünü bizdən, bizim məsuliyyətsiz və vecsiz davranışımızdan alır. Mən buradan bütün vətəndaşlarımıza səslənirəm. Əziz dostlar, bacılar, qardaşlar, gəlin məsuliyyətli olaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl edək, özümüzü qoruyaq, doğmalarımızı qoruyaq, bir-birimizi qoruyaq, iqtisadiyyatımızı qoruyaq, əmin-amanlığımızı qoruyaq, ölkəmizi qoruyaq”.
 


Xəstəlikdən qorunmağın sadə yolları

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qulaq, burun və boğaz xəstəlikləri kafedrasının assistenti Şirazi İbrahimov da qəzetimizə açıqlamasında bəzi insanların hələ də qorunma qaydalarına tam riayət etmədiyini, xəstəliyə qarşı mübarizə tədbirlərinə ciddi yanaşmadıqlarını dilə gətirib: "Koronavirusun yayılmağa başladığı vaxtdan bu günə qədər kütləvi informasiya vasitələrində virusdan qorunmağın yolları işıqlandırılır, geniş maarifləndirmə işləri aparılır. Amma buna baxmayaraq, bəzi insanlar hələ də qorunma qaydalarına tam riayət etmirlər. Halbuki, bütün dünyada tətbiq edilən qaydalar yayılma yolları nəzərə alınaraq çox sadə şəkildə tərtib olunub. Hava-damcı yolu ilə yayılmanın qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanması, qoruyucu maskalardan istifadə etmək zəruridir. Maskalar çox olduğu üçün istifadə qaydaları da müxtəlifdir. Birdəfəlik maskalardan ikinci dəfə istifadə etmək olmaz. Öskürdükdə və asqırdıqda dəsmaldan istifadə etmək lazımdı. Dəsmal olmadıqda qolumuzun dirsək  hissəsindən yararlana bilərik. Koronavirusun kontakt, yəni toxunma əlaqəsi ilə yayıldığını nəzərə alaraq, adi gigiyenaya qaydalarına mütləq riayət etmək gərəkdir. Belə ki, əllərimizi təmizləmək üçün 20-30 saniyə ərzində sabun və isti su ilə yumaq, yaxud dezinfeksiyaedici geldən istifadə etmək lazımdır. Çirkli əllərlə gözə, buruna, ağıza toxunmaq olmaz. Xəstə insanlarla təmasdan çəkinmək lazımdır”. 
 


Biz virusa qalib gələ bilərik

Həkim qeyd edib ki, karantin qaydaları yumşaldıqca bundan sui-istifadə etmək qətiyyən olmaz: "Bir sıra hallarda vətəndaşlar koronavirus xəstəliyinin olmadığını iddia edir və söyləyirlər ki, guya heç bir şikayəti olmayanı da tutub aparır, onun COVİD-19 xəstəsi olduğunu bildirir, xəstəxanaya yerləşdirirlər. Bu cür düşünən vətəndaşlarımız anlamalıdırlar ki, koronavirusa yoluxan şəxs bəzən bunu bəlli etməyə də bilər. Lakin aparılan test nəticəsində şəxsin virus daşıyıcısı olduğu üzə çıxdığından onu dərhal izolyasiya edir,  xəstəxanaya aparırlar ki, başqalarını yoluxdurmasın. Yəni, sizi, bizi, digərlərini qorumaq üçün onlar mütləq izolə olunurlar. Unutmayaq ki, bu virus həmişə bizim ətrafımızda olacaq. COVİD-19-un çoxlu ştamları var. Yaxın gələcəkdə vaksinin hazır olacağına bir o qədər əmin deyiləm. Payız-qış aylarında yeni koronavirus dalğası yarana bilər. Təşvişə düşmədən qorunma qaydalarına riayət etməklə biz virusa qalib gələ bilərik. İnanıram ki, bu, belə də olacaq”.

Rufik İSMAYILOV