• cümə axşamı, 28 mart, 21:07
  • Baku Bakı 13°C

Sevimli müəllimim Məryəm Əlizadəyə açıq məktub!

16.04.20 10:25 2316
Sevimli müəllimim Məryəm Əlizadəyə açıq məktub!
Salam, sevimli Məryəm xanım!
Müasir Azərbaycan teatrşünaslığının ən aparıcı simalarından biri olan Siz, mənim də həyatımda müstəsna rolu olan insanlardansınız. Siz, məndən ilk qabiliyyət imtahanı götürmüş, altı il kurs rəhbərim kimi əziyyətimi çəkmiş, mənə tearşünaslığın sirlərini öyrətmiş, xeyir-duamı vermiş və bu yolda daim yanımda olmuş əbədi müəllimimsiniz!
Bu gün Azərbyacan teatr prosesini, teatrşünaslığını, teatrşünaslarını sizsiz təsəvvür etmək mümkün deyil. Siz 50 ildən çoxdur ki, teatrla yaşayır, teatr üçün yaşayır və teatrı yaşadırsınız. Bu çətin, mürəkkəb yolda haqqınız olaraq, çoxlu uğurlar qazanmış, mükafatlara, adlara layiq görülmüsünüz. Mən sizin bütün nailiyyətlərinizi sadalamaq fikrində deyiləm. Amma onu vurğulamaq istəyirəm ki, siz həm tearşünas-alim, tənqidçi, həm pedaqoq, həm də bir insan kimi bu uğurlara öz gərgin zəhmətiniz, istedadınız, ən əsası isə teatra, sənətə və insanlara olan sevginiz sayəsində nail olmusunuz.
Ümumiyyətlə, sevgi, qayğı və xeyirxahlıq sözlərini sizin yaşam şüarınız da adlandırmaq olar. Bunu sizin tələbəniz, həmkarınız və müəllim yoldaşınız kimi tam məsuliyyətlə deyirəm. Və bu hisslər sizdə o qədər güclüdür ki, hamıya çatır. Siz daim, həm teatrşünas, həm müəllim həmkarlarınız, həm də tələbələrinizin yanında olursunuz: kiminə dostluq əli uzadır, kiminə ana qayğısı göstərir, kiminə dəstək olur, müdafiə edirsiniz. Ona görə də bütün həmkarlarınız və tələbələriniz sizi sevir.
Amma siz bütün bu yüksək insani keyfiyyətləri həm də bir pedaqoq və teatrşünas-alim olaraq, milli teatrşünaslığımızın öndərlərindən biri kimi ağır yükü çiyinlərinizdə daşıyaraq qoruyub saxlayırsınız. Eynən müəlliminiz, həmişə tələbələrinizə haqqında sevə-sevə danışdığınız Cəfər Cəfərov kimi. Bu mənada, siz də sevdiyiniz teatra bənzəyirsiniz: insan-alim-pedaqoq olaraq sinkretiklik və deməli, harmoniya daşıyıcısısınız.
Sizin elmi yaradıcılığınız, sözsüz ki, ayrı bir yazının mövzusudur. Və nəinki yazının, yaxud yazıların mövzusudu, bütövlükdə, sizin yaradıcılığınızın dissertasiya mövzusu kimi tədqiq olunmaq vaxtı çoxdan çatıb və bu barədə ciddi düşünmək lazımdır. Çünki vaxtıilə Tofiq Kazımov haqqında yazdığınız "onu tədqiq edəndə mədəniyyət prosesini tədqiq etmiş oluruq” fikri bu gün sizin özünüzə aiddir. Çünki siz çağdaş milli teatr prosesimizin üzvi tərkib hissəsisiniz.
Mən sizin elmi yaradıcılığınızdan söhbət açmaq istəməsəm də üç əsəriniz haqqında danışmaya bilmirəm. Bunlar: öz elmi-nəzəri dərinliyi və əhatə dairəsinin genişliyi ilə milli teatrşünaslığımıza töhfə olan "Teatr: seyr və sehr”, görkəmli rejissor Tofiq Kazımovun yaradıcılığından bəhs edən, elmi təfəkkürlə bədii təfəkkürün, elmi başlanğıcla bədii başlanğıcın sintezini özündə əks etdirən "Dördüncü ölçünün rəngləri” monoqrafiyalarınız və Yuğ teatrının banisi Vaqif İbrahimoğlunun bütöv bir şəxsiyyət kimi portretini yaratdığınız "Rejissor haqqında paradoks” məqalənizdir. Bu əsərlərin adını ona görə çəkirəm ki, onlar bütün parametrləri ilə bütövlükdə Azərbaycan teatrşünaslığının nailiyyətləridir. Siz yalnız bu əsərləri yazmış olsaydınız belə, adınız milli teatr tariximizdə qırmızı hərflərlə yazılardı. Çünki bu əsərlərinizin hər biri özündə müasir sənətşünaslığın demək olar ki, bütün elmi-nəzəri-metodoloji nailiyyətlərini ehtiva etməklə həm də çox dəyərli dərsliyə çevrilir. Və biz bu kitabları hər dəfə oxuduqca sizdən dərs almş oluruq. Və biz bunu hər dəfə sevə-sevə edirik.
Sevimli Məryəm xanım!
Bu gün sizin 70 yaşınız tamam olur! Mən sizi bu münasibətlə təbrik edir və sizə yalnız bir arzu diləyirəm: Allah sizi qorusun! Azərbaycan teatrı üçün, milli teatrşünaslığımız üçün, sizi sevənlər və sizin sevdikləriniz üçün!
Dərin hörmətlə,
sizin əbədi tələbəniz Vidadi Qafarov.
Vidadi Qafarov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

banner

Oxşar Xəbərlər