• cümə axşamı, 28 mart, 22:21
  • Baku Bakı 13°C

Sevgi və hörmətdən yoğrulan ailə - Ailə

18.04.16 14:42 5850
Sevgi və hörmətdən yoğrulan ailə - Ailə
Rəmzi Özyürek: “Məhsəti və övladlarım mənim xoşbəxtliyimdir”
Onları bir-birinə yaxınlaşdıran iki ölkənin gözəlliyi, problemləri və siyasi qalmaqalları olub. Deyirlər, bütün ölkə məsələlərini politoloq kimi müzakirə edərək evlənmə “nöqtə”sinə qədər gəliblər. Elə evlənmə təklifi də mesajla gəlib. Cütlüyümüz düşünür ki, xoşbəxt ailənin sirri sehirli sözlərdən ibarət olan “sevgi” və “hörmət”dir. Buna əməl etsən, hər şey yolunda gedəcək.
“Ailə” rubrikamızın bu dəfəki qonaqları Türkiyə vətəndaşı ilə ailə quran jurnalist Məhsəti Şərif və həyat yoldaşı Rəmzi Özyürəkdir. 4 ildir eyni həyatı bölüşən cütlüyümüzün 1 qız, 1 oğul övladları var.

Türkiyədə başlayan sevgi

Onlar qardaş ölkə Türkiyədə tanış olublar. Rəfiqələri ilə birlikdə İstanbula gedən Məhsəti gələcək həyat yoldaşı ilə hüquq firmasında rastlaşır. Bu sirli rastlaşmadan sonra onların telefon danışıqları başlayır: “Rəmzinin vəkil qohumunun hüquq firması var idi. İstanbula gedəndə məni və rəfiqələrimi ofisə dəvət etdi. Ailə şirkəti olduğuna görə, orada ailəsi ilə tanış olduq. Hətta bizi çox təmtəraqlı qarşılamışdılar. Qohumu Rəmzini də dəvət etmişdi. Elə bizim tanışlığımız da bu məkanda başladı. Həmin gün Rəmzi məndən Bakıdakı telefon nömrəmi soruşdu. Təbii ki, onda başqa məqsəd yox idi. Sadəcə, nə vaxtsa Bakıya gələrsə, ona bələdçi olmamız üçün əlaqə saxlayacaqdı. Hər halda mən belə düşünürdüm... Tale elə gətirdi ki, bir ay sonra yenidən İstanbula gedəsi oldum. Biz yenidən görüşdük. Artıq bu dəfə iki tanış kimi görüşürdük. Çünki bir ay ərzində internetdə danışıb, fikirlərimizi bölüşmüşdük. Amma kənardan biri bu yazışmaları oxusa düşünərdi ki, Türkiyə və Azərbaycanın diplomatları danışır. Ölkələrimizin problemlərindən, gözəlliyindən, siyasi qalmaqallarından danışırdıq. Bəlkə də elə ikimizin bu baxışı bizi yaxınlaşdırmışdı. İkinci görüşdə də təxminən bu tip söhbətlərlə zaman keçirirdik. Amma bu dəfə Rəmzi mənə ailəsindən, yaşayışından da danışırdı”.
Rəmzi bəy qismətə inanır. Deyir ki, Məhsətini ilk görəndən anlayıb ki, bu azərbaycanlı qız onun qismətidir: “Məhsətini Məhsəti olduğu üçün sevirdim. Onun səmimi və dürüst olması diqqətimi çəkirdi. Ailə qurarcağım xanımda bu iki xarakterin olması mənim üçün çox önəmli idi. Məhsətidə bunlar yetərincə olduğu üçün, anladım ki, bu xanım mənim həyatımın qadını olmalıdır”.
“Səninlə evlənəcəm”

Yuxarıda qeyd etdiyim kimi, evlənmə təklifi də elə mesajla gəlib. Hətta bu təklif olduqca sərt və müəyyən şərtlərlə olub: “Bir dəfə “facebook”da bir şəklimə baxırdım. Gördüm ki, Rəmzi şəklin altına yazıb ki, səninlə evlənəcəm! Mən də tez şəkildəki rəyi sildim və Rəmziyə heç nə demədim. Biz elə ara-sıra söhbət edirdik. Bir gün telefonunma mesaj gəldi. Mesaj çox qəribə idi. Rəmzi mənə evlənmə təklif edirdi. Çox gülməli idi... Adamın mənə evlənmə təklifini mesajla etdiyi azmış kimi, hələ şərt də kəsirdi. Mesajda yazılmışdı ki, “ilk və son dəfə təklif edirəm”. Bir gün düşündüm və mən də təklifinə mesajla cavab verdim. Cavabım elə qısaca “hə” idi. Bəlkə təklifinə peşiman oldu” (gülür).
“Hiss etdim ki, qismətimdir”

Məhsəti xanım deyir ki, Rəmzinin onun qisməti olduğunu hiss etdikdən sonra ona “hə” deyib: “Rəmzi yalansız, çox dürüst adamdır. Humanistdir, zəhmətkeşdir. Nə istədiyini bilən insandır. İnadçıldır. Bu günün işini sabaha qoymağı sevmir. Həyatla bağlı düşüncələrimiz tam eynidir və bunlar Rəmzi ilə ailə qurmağıma kifayət edirdi. Onunla danışarkən hiss etdim ki, qismətim odur”.
Əcnəbi ilə ailə quran müsahibimiz deyir ki, başqa ölkəyə getməsi ilə bağlı ailəsində bəzi narazılıqlar olsa da, toydan sonra unudulub: “Ailə qurarkən ciddi problemlə rastlaşmadım. Sənəd işlərini rahat həll etdik. Sadəcə, ailəmin uzaq ölkə fobiyası var idi. Onu da həll etdim. Qardaş ölkəyik, ailə qurmaq istədiyim insan bizdən biri idi. Toydan sonra bütün narazılıqlar unuduldu və biz həyatımıza davam etdik”.
“Xoşbəxtliyin tərifi yoxdur”

Cütlüyümüzün xoşbəxtlik anlayışları fərqlidir. Rəmzi bəy üçün xoşbəxtlik həyat yoldaşı və övladlarıdır: “Məhsəti və övladlarım mənim xoşbəxtliyimdir. Onların gözündə gördüyüm işıq mənim başlıca xoşbəxtliyimdir. Mənim xoşbəxt olmağım üçün onların varlığı yetər. Problemlər hər zaman var. Onlara baxıb bədbəxtliyi həyatına buraxmamalısan. Mən hər zaman ailəmə, övladlarıma baxıb xoşbəxt olmağı bacarıram”.
Məhsəti xanım isə düşünür ki, xoşbəxtliyin tərifi yoxdur: “Xoşbəxtlik anidir. Bir gün özünü dünyanın ən xoşbəxti hiss edərsən, o biri gün əksinə. Mənim üçün sağlamsansa, ailən, yaxınların sağ-salamatdırsa, xoşbəxtsən. Ölkəndə əmin-amanlıqdırsa, şəhidin yoxdursa, analar ağlamırsa, xoşbəxtsən. İnanın, pafos deyil. Hazırda ölkəmizdə bu qədər şəhid varkən xoşbəxtliyin izahı da dəyişir...”.
Ailənin sehirli sözü: Sevgi və sayğı...

Müsahiblərimiz xoşbəxt ailədə qadın-kişi münasibətlərindən də danışdı. Rəmzi bəy deyir ki, əsil qadın dürüst və güclü olmalıdır: “Qadın, ana dürüst olmalıdır. Həyatı yalansız yaşamalıdır. Həyatın çətinliklərindən qorxmamalı, ona boyun əyməməli, çətinliklər qarşısında dimdik ayaqda durmalıdır. Hər zaman haqqını bilməli və müdafiə etməlidir. Ailəsini bir arada tutmağı bacarmalıdır. Qadın və ana fərqlidir. Hər kəs qadın ola bilər, dünyaya övlad da gətirər, amma ana olmaq çətin və məsuliyyətlidir. O məsuliyyətləri bilən qadın anadır”.
Məhsəti xanım da Rəmzi bəy kimi, ailədə kişinin dürüst olmasının tərəfdarıdır: “Ailə quran kişilər dürüst, kənardan gələn müdaxilələrə, söz-söhbətə qulaqları bağlı olmalıdır. Qadını ilə ortaq düşünməyi, bir-birilərini dinləməyi bacarmalıdır. Bir-birilərinin şəxsi əşyalarını qarışdırmamalıdırlar. Nə qadın kişinin, nə də kişi qadının haqqını yeməməlidir. Bir-birilərinin zəhmətini qiymətləndirməyi bacarmalı və təşəkkür etməyi biməlidirlər. Hər ailənin bir sehirli sözü olmalıdır; “sevgi” və “sayğı”. Buna əməl etsən, hər şey yolunda gedəcək”.
Hər ailədə olduğu kimi, müsahiblərimizin də həyatında müəyyən problemlər ortaya çıxır. Problemlərin həll edilməsində “od” rolunu Rəmzi bəy, “su”yu isə Məhsəti ifadə edir. Məhsəti xanım deyir ki, ən çox güzəştə gedən tərəf odur: “İkimiz də emosionalıq, inadçılıq. Çox vaxt mən su oluram. Çünkü Rəmzidə tərslik var. Mübahisə ediriksə, dediyindən dönməz. Məcbur susuram, güzəştə gedirəm. Amma sonra əvəzin çıxıram (gülür). Əslində od və su olacaq durumlarımız çox olmur. İkimiz də tez unuduruq, kin saxlamırıq. Səhv etdiyimiz məqamı anlayırıq. Bəlkə o gün olmur, amma bir neçə gün sonra oturub danışırıq. Aramızdakı anlaşılmazlığı həll edirik. Bəzən səhv etdiyimizi qürur edib etiraf etməsək də, davranışlarmızla bunu bir-birimizə hiss etdiririk”.
Uşaqların tərbiyəsinə gəldikdə, cütlüyümüzün əsas məqsədi övladlarını azad fikirli böyütməkdir.
“Cəmiyyətə yararlı övlad yetişdiririk”

Məhsəti xanım deyir ki, uşağı müəyyən çərçivələrdən çıxarmaq lazımdır: “Mən çalışıram övladlarımız həm Türkiyənin, həm də Azərbaycanın adət-ənənələrini mənimsəsinlər. Hələ balacadırlar. Amma hər şey indidən başlayır. Sayğılı olmağı, təşəkkür etməyi öyrənsinlər. İstiqanlı və duyğusal olsunlar. Çərçivədə böyütmək istəmirəm, azad fikirli olsunlar. Öz haqlarını bilərək böyüsünlər”.
Rəmzi bəyin əsas məqsədi vətənə, millətə xeyirli övlad yetişdirməkdir: “Mən öz ailəmdə türk adət-ənənələri ilə böyüdüm. Anamdan, atamdan böyüyə sayğı, dininə bağlı, vətənə, millətə xeyirli övlad olmağı öyrəndim. Övladlarımı da o şəkildə böyütməyə çalışıram. Qəlblərində sevgi və mərhəmət olsun ki, cəmiyyət üçün yararlı olmağı bacarsınlar”.
Məhsəti xanım türk ailəsinin bilmədiyimiz tərəflərindən də danışdı. O deyir ki, türklərin ən çox xoşuna gələn xüsusiyyəti bayramlarda böyüklərin əllərinin öpülməsidir: “Onlarda hər şey plan və proqramlıdır. Çox kiçik məsələni belə, müzakirə edib plana salırlar. Məsələn, həftənin əvvəlindən artıq bilirsən ki, bu həftə nələri edəcəksən. Kimsə o proqramı poza bilməz. Məsələn, ən yaxın qohumuna qonaq getmək istəyirsənsə, ona zəng vurub xəbər edirsən. O da çox soyuqqanlılıqla deyə bilər ki, “bu gün boş deyiləm, evdə təmizlik işlərim var”. Amma ən xoşuma gələn xüsusiyyətləri bayramlarda böyüklərin əlini öpməyə getmələridir”.
Zamana buraxılmayan məsələ

Müsahiblərimiz sonda ailə qurarkən gənclərə ən çox diqqət ediləsi məqamlar haqqında da məlumat verdilər: “Əvvəlcə bir-birilərini yaxşı tanımalı, nə olursa-olsun, evlənmək üçün tələsməməlidirlər. Ailələrin də anlaşmaları vacibdir. Çünki çox evliliklərin bitməsinə səbəb ailələrdir. Bu səbəbdən hər mənada seçimini düzgün etməlisən. Ailə qurduqdan sonra isə dünyaya uşaq gətirməlisən. Bu məsələ zamana buraxılmamalıdır. Çünki övlad pis gedən evlilikləri də toparlayır və yaxşılığa doğru aparır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər