Sevgi - rəssamın gözü ilə - Köşə

Sevgi - rəssamın gözü ilə - Köşə

Gənclik qəzeti
21 İyul 2015, 12:10 2153
Sevgi! Belə az hərfdən ibarət olub da bu qədər gözəlliyi daşımaq çətin deyilmi görəsən ona? Bu sözün özü bizə çox şey öyrədir. Sev deyir, sevil deyir, sevgini doya-doya yaşa deyir. Mənə görə, dünyada varlığı əsla inkar olunmayacaq bir şey var, o da sevgidir. Sevgi gözə görünməsə də, toxuna bilməsək də, nə qədər güclü olduğunu hiss edə bilirik. Bəli, hisslər...Onun bizə yaşatdığı hisslər ən xoşbəxt anlarımız olur. Nədən doysaq da, sevməkdən, sevilməkdən nə doyur, nə də yoruluruq.

Sevgi o qədər saf və məsumdur ki, orda nə pislik, nə kədər, nə qəm-qüssə görə bilərik. Yaşlı bir insandan soruşsaq ki, geridə qoyduğunuz illərdə sizi nə xoşbəxt edib, əmin olun ki, ilk öncə sevdiyi, sevildiyi anlardan söz açacaq. Sevdiyi insan, onun sevgisi, yəni sevgiylə bağlı nə varsa, onları xatırlayıb,onları danışacaq.

Həmin sevgi ki, illərlə döyüşən,düşmən olan ölkələri birləşdirir, qanın nifaq saldığı tayfaları, nəsilləri, illərdir küsülü olan insanları birləşdirir.
Çox maraqlıdır, Allah içində bu qədər xainin, əclafın, şərəfsizin, namussuzun, yalanın olduğu bir dünyaya necə bu qədər müqəddəs bir hiss göndərib? Bitməz, tükənməz pisliklərin içində günəş kimi doğan bu sevgi bəlkə də bəşəriyyətin xilasıdır.
Əsrlər öncə həyatdan götürülərək yazılan hekayələri, romanları oxuyur, ya da filmlərə baxırıq. Ancaq, sadəcə, geyimlərin, mühitin, təbiətin fərqli olduğunu görürük. Əsərin baş qəhrəmanlarının ibrətamiz sevgisidir tək dəyişməyən. Baxışları, toxunuşları, hissləri bugünkü, bu əsrin romanını yazan insanlardakı kimidir.

Sevgi bəzən insanın üzündə yaranan səbəbsiz gülüşdür, oyananda içindəki rahatlıqdır, adını görəndə anidən yaranan həyəcandır, gözünü yumanda göz qapaqlarında gizlənən xəyallardır. Sevgi xoşbəxtlikdir.

Şairlər, yazıçılar, musiqiçilər, rəssamlar, bir sözlə, incəsənət adamları sanki hisslərimizi ifadə etmək üçün yaranıblar. Mənə elə bir şeir, roman, mahnı, tablo göstərin ki, orada sevginin izləri olmasın. Əlbəttə, tapa bilmərik. Çünki dünya sevgi üzərində qurulub. Bir şairin şeirini oxuduqda kövrələ, bir əsəri oxuduqda duyğulana,bir mahnını dinləyəndə ruhumuz dincələ bilər. Ancaq bu hissləri ayrı-ayrılıqda yaşayırıq. Bir rəssam isə çəkdiyi şəklə bütün bu hissləri yerləşdirə bilər. Tabloya baxanda bütün bu hissləri eyni anda yaşayırıq. Sanki rəssamlara ilahi güc verilir. Sevgini al-əlvan şəkillərlə elə ifadə edər ki, aşiq olarsan, bəyaz kağızı soyuq rənglərlə elə boyayar ki, ruhumuz donar. Rəssamlar eyni dünyada yaşamırlar. Onlar üçün hər boya, hər fırça, hər insan bir dünyadır. Daxili ruhları bu qədər zəngin olan rəssamlar çəkdikləri hər rəsmdə, hər cizgidə sevgini ifadə edə bilərlər. Çəkə-çəkə onların göz bəbəklərinə baxıb şəklin tamamını,ordakı məhəbbəti görə bilərik. Rəssamlıq daxili ruhun işidir. Sevgini ən gözəl bir rəssamın ruhu, əlindəki fırçası,bəbəyindəki boyaların əksi və ürəyindəki məhəbbəti əks etdirə bilər.
Çək onun qaradan qara telini
Çək,rəssam, çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim.

Şeirdə gözəli ifadə edən misralar var. Amma burda da rəssama xitab edərək deyib. Çünki onun incə belini də, qara telini də yalnız bir rəssam əks etdirə bilər.
Sevgi ən gözəl bir rəssamın gözündə gözəldir, sevgi o gözdə döyünən ürək qədər gözəldir.

Mehriban Mürsəlova
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi