Sevgi, rəğbət və inam - Fotolar

Sevgi, rəğbət və inam - Fotolar

Siyasət
26 Avqust 2019, 17:30 12495
Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında da Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş ictimai əks-səda doğurur. 
 


Prezidentin və xalqın etimadını layiqincə doğrultmaq

Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan Birinci vitse-prezidenti təyin olunduqdan sonra əvvəlki fəaliyyətini dövlət idarəçiliyində daha sistemli şəkildə, uğurla həyata keçirir. Ötən müddətdə bu yüksək və məsul vəzifədə gördüyü işlərlə Prezidentin və xalqın etimadını layiqincə doğruldur. Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edib. Çox keçmədən Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməli qoyulub. Daha sonra qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillər verilib. İş adamlarının yardımı ilə 214 ailə yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülüb. Bir qədər sonra Masazır, Ramana qəsəbələrində və Xətai rayonunda yeni binaların istifadəyə verilməsi ilə daha 725 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb. Ötən il daha 5923 məcburi köçkün ailəsi, 2019-cu ilin birinci rübündə isə 2227 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.
 


Təhsil və səhiyyənin inkişafı layihələri

Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və yenidən qurulub. "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-a yaxın uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. Səhiyyə sahəsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü olan "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə”, "Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
 
 

Qazilərə fərdi yanaşma

Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi də daim minnətdarlıq hissi ilə xatırlanan hadisədir. Belə ki, Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi həyata keçirilib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib. Onlara fərdi yanaşma tətbiq olunub. Nəticədə əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və protezlərə olan fərdi tələbləri təhlil edilib. Hərbçilər üçün dünyada müasir protez istehsalçısı olan ən qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib. 
 
 

"Ən böyük sərvətimiz Azərbaycan xalqıdır”

Məlumat üçün onu da qeyd edək ki, bu protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluğu yaradır. Bunun sayəsində ayaq, yaxud əl protezlə maksimum uyğunlaşır. İstifadəçi protezi bədəninin itirilmiş hissəsinin davamı kimi hiss edir, rahat addım ata, fəal hərəkət edə bilir. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq keçən il və bu ilin əvvəlindən daha bir qrup əlil yüksək texnologiyalı protezlərlə təmin edilib. Ümumilikdə bu layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq fəal həyat tərzinə qayıdıb və əmək fəaliyyəti göstərir. Cari il aprelin 3-də Heydər Əliyev Mərkəzində aprel döyüşlərinin iştirakçıları ilə keçirilən görüşdə isə Mehriban Əliyeva hərbçilərə qardaşlarım deyə xitab edərək, Azərbaycanın belə oğulları ilə fəxr etdiyini dilə gətirib: "Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da, Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib”.
 
 

Vətənə xidmət fəlsəfəsi

Bir neçə gün bundan öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad edən Mehriban Əliyeva bu insanların qəhrəmanlığı qarşısında baş əydiyini qeyd edib. Bu barədə rəsmi "İnstagram” səhifəsində edilən paylaşımda Birinci vitse-prezident Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr etdiyini vurğulayıb. Bildirib ki, onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Bütün bunlar bir daha sübut edir ki, Mehriban xanımın Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib.
 
 

Azərbaycanın uğurları dünyanı heyran qoyub

Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Mehriban xanım ictimai düşüncədə "bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd edib və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail olub. Birinci vitse-prezident Mehriban Əliyevanın böyük mərhəmət və humanizmi nəticəsində valideyn himayəsindən məhrum qalmış minlərlə körpə ən müasir binalarda, ən yüksək səviyyədə yaşamaq, təhsil almaq şansı qazanıb. Onlar gənclik həyatına qədəm qoyanda yenə də məhz Mehriban xanımın sayəsində evlə və işlə təmin olunurlar. Sağlamlıq imkanları məhdud minlərlə insanın həyata yenidən inteqrasiyası, on minlərlə məhbusun azadlığa qovuşması da Mehriban Əliyevanın təşəbbüslərinin real nəticələridir. Bir mühüm məqam da odur ki, ondan artıq xarici ölkədə təbii fəlakətə, həmçinin səfalətə, digər problemlərə məruz qalan insanlar üçün Mehriban xanımın xeyriyyəçiliyi ilə məktəb, xəstəxana, sosial infrastruktur layihələri həyata keçirilib. Son illər ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi "Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu da üzə çıxarıb. Azərbaycanın bu uğurları dünyanı heyran qoyub.
 


Qarabağ həqiqətlərinin dünyaya çatdırılması

Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü iş aparılır. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını buna misal göstərmək olar.
 
 

Cənubi Qafqazın ən nüfuzlu xanımı

Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi dağıtdığını etiraf edirlər. O, Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın "Şərəf Legionu” ordeni, İtaliyanın "Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın "Böyük Komandor Xaçı” ordeni, Rusiyanın "Dostluq” ordeni, UNESKO-nun "Qızıl Motsart” medalı, Pakistanın "Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının "Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq "Qızıl ürək” fəxri nişanı, Polşanın ali fərqlənmə ordeni, Kanadanın "Dünyanın qızılgülü” mükafatı, Küveytin fəxri diplomu, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru, həmçinin digər yüksək orden və medallarla, fəxri adlarla təltif olunub. 
 


Xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi

Sonda qeyd edək ki, bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası, xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının ona olan rəğbəti, sevgisi və inamıdır.

İlham Quliyev