Sevgi olan yerdə mədəniyyət var

Sevgi olan yerdə mədəniyyət var

30 Dekabr 2019, 10:00 392
Faiq Sücəddinov: "Kitaba əvvəlki sevgi, əvvəlki maraq yenidən oyanmağa başlayıb”


Bugünkü müsahibim Xalq artisti, Əməkdar İncəsənət xadimi, professor və sadəcə desək, çox sevilən bəstəkar Faiq Sücəddinovdur. Faiq Sücəddinovla musiqi, ədəbiyyat və ümumiyyətlə yaradıcılıq barədə söhbətləşdik. O deyir ki, ailəsində özündən başqa heç kim incəsənətə meyilli olmayıb. Bircə anası onun daxilindəki bu böyük həvəsi, marağı duyub musiqi məktəbinə yazdırıb. Və o gündən taleyi musiqiylə bağlanıb. Bəstəkar sona yetməkdə olan illə bağlı təəssüratlarını bizimlə bölüşdü:

– 2019-cu ilin son günlərini yaşayırıq. Mənim üçün bu il çox uğurlu keçdi. Artıq uzun zaman idi ki, silsilə konsertlər vermək fikrindəydim. Bu il axır ki, bu arzumu müəyyən qədər reallaşdıra bildim. Bu çərçivədə ilk konsertim Bakı Şəhər Mədəniyyət İdarəsinin məktəbində oldu. İkinci konsertim Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində baş tutdu. Kollecin müdiri Nazim Kazımov mənə bildirəndə ki, oranı düz əlli il əvvəl bitirmişəm çox qəribə hisslər keçirdim. Üç gün əlli ilin bir göz qırpımında keçdiyini düşünərək yaşadım. Orda çox gözəl bir konsert verdim. Müəllimlər üçün nəzərdə tutulan bir saat on beş dəqiqəlik konsertdə 17 əsərimi ifa etdim. Mənə çox xoş sözlər dedilər, ürəklə alqışladılar. Bilirsinizmi, mənim üçün bu sevgini duymaq, hiss etmək çox vacib şərtdir. Qeyd edim ki, bu konsertlərə aylarla hazırlaşmışam. Fortepiano çox çətin bir alətdir. Ola bilər kimsə düşünər ki, aylarla, günlərlə fortepianoya yaxınlaşmayıb elə oturan kimi gözəl ifa etmək olar, yanılırlar. İdmançı formada olmaq üçün daimi məşq etdiyi kimi, pianoçu da gözəl ifadan ötrü daimi işləməli, məşq etməlidir. Dünyada bir neçə musiqiçi olub, bəlkə də, müəyyən fasilədən sonra peşəkar ifasıyla gözəl bir musiqi ortaya qoyub. Bildiyimə görə, skripkaçı Paqanini belə olub. Dediyim odur ki, bu çox nadir olur. Mən bu konsertlərə hazırlıq dövründə hər gün eyni əsərləri bir saat yarım olmaqla ifa edirdim. Elə həmin bu minvalla da üçüncü konsertimə hazırlaşdım. O da Milli Konservatoriyada oldu. Ardınca da Azərkitabda gözəl bir konsert verdim. Bu konsertlər mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Sanki yaradıcılığımın hesabatımı verirdim. Mənim üçün nə qədər xoş olsa da, ondan yüz dəfə çox məsuliyyətli idi bu iş. Növbəti ildə Azərbaycanın bölgələrində konsertlər vermək fikrim var. Qismət olsa, hələ ki böyük şəhərlərdə Sumqayıt, Gəncə, Şəki, Mingəçevirdə ilkin olaraq silsilə şəkildə konsertlər vermək istəyirəm. Fikrimdə var ki, gözəl pianoçumuz Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadəylə bir yerdə bunu gerçəkləşdirək. Mən öz əsərlərimi, onlar isə klassik əsərləri ifa etsinlər. Tələbələr üçün sanki bir masterklass təşkil edək. Onlar başqa ifalar görsünlər, hiss etməyə çalışsınlar. Bilirsinizmi, Şopeni hamı ifa edə bilər. İntəhası hamı eyni cür ifa etməyəcək, əlbəttə ki. Musiqi, not eyni olsa da, yanaşma tərzi müxtəlifdir. Çox istərdim ki, 2020-ci ildə bu arzumu da gerçəkləşdirə bilim.

Faiq müəllim pianoçu kimi arzularından danışandan sonra ən əsas fəaliyyətinin bəstəkarlıq olduğunu bildirərək bu sahədə də arzuları, planları barədə danışdı.

– Növbəti il üçün gözəl layihələr nəzərdə tutulub. Onlardan biri Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsiylə bağlı film çəkilməsidir. Prodüseri Tahir İmanov olan filmin bəstəkarı da mənəm. Bundan başqa, Cəlil Məmmədqluzadənin "Danabaş kəndinin əhvalatları” əsasında musiqili operetta üzərində işləyirəm. Bundan başqa, üçhissəli oratoriya da, demək olar ki, hazırdır. Onun da simfonik orkestr və xor üçün aranjeman işləri və tam olaraq ərsəyə gəlməsi, inşallah, 2020-ci ildə olacaq. Mən də bütün insanlar kimi arzularla yaşayıram. Rəsul Rzanın məşhur şeiri var: "Yüz il ömür sürəydim, bir gün xəstələnməyib…”. Görün bir necə gözəl sözdür. Kaş ki bütün insanlar xəstələnmədən ömür sürəydi. Mən hər gün işləyirəm, hər gün ifa edirəm, yazıram. Çox xoşbəxtəm ki, mən öz işimlə – sevdiyim işlə məşğulam. Rəsul Rzanın sözlərinə qüvvət mən də xəstələnmədən yaşayıb yaratmaq istəyirəm. Yaratmaq özü xəstələnməməyə, xəstələnməmək də yaratmağa kömək edir. Hamısı bir-birinə bağlıdır.
 
Bəstəkar deyir ki, musiqiyə ürəyini açdığı ilk gündən özünə mayak Üzeyir Hacıbəyovu, onun yaratdığı musiqini seçib. Və o özünü həmin məktəbin yetirməsi hesab edir: "Mən buna layiqəm, yoxsa yox, bunu da həyat göstərəcək, zaman göstərəcək”.
 
– Mütaliəylə, ədəbiyyatla bağlı fikirləriniz maraqlı olardı…
– Kompüter, daha geniş anlamda desək, internet artıq həyatımızda bizimlə yanaşı gedən texniki bir əsərdir. Onu inkar etmək olmaz. Bu, zamanın tələbidir və zamanın tələbiylə müəyyən qədər ayaqlaşmaq lazımdır. Amma biz ondan düzgün istifadə etməyi bacarmalıyıq. Necə deyərlər, hər şey əndazəsində gözəldir. Mən kitaba çox böyük əhəmiyyət verirəm. Hər bir kəs oxumalıdır, mütaliə etməlidir. İnsan oxuyanda təzə nəsə öyrənir, savadı, biliyi, dünyagörüşü artır. Və bunu mütəmadi şəkildə davam etmək lazımdır. Çünki kitab həm bizə elmlərə, müxtəlif biliklərə yiyələnməkdən ötrü zəruridir, həm də ki bizim mənəvi qidamız, bizim ürək dostumuzdur. Mən çox istərdim ki, gənclər çox mütaliə etsinlər. Bir müddət əvvəl demək olar ki, gənc nəsil kitab oxumurdu. Amma hiss edirəm, görürəm ki, kitaba əvvəlki sevgi, əvvəlki maraq yenidən oyanmağa başlayıb. Bu, çox gözəldir. İnanıram ki, itirdiyimiz bu vərdişi – kitab oxumaq vərdişini qısa bir vaxtda yenidən bərpa edəcəyik. Çünki insan yerində addımlaya bilməz, inkişaf etməlidir. Bu inkişaf da ancaq kitabdadır, elmdədir. Sizə bir misal çəkim. Bəzən heç vaxt eşitmədiyimiz bir musiqini dinləyirik. Ola bilər ki, onu dərhal anlamayaq. Amma dinlədikcə düşünürük. Həmin düşüncə də bizə şüurlatı təsir edir. Bu yaxınlarda fransız bir rəssamın əsəri təqdim olundu. Baxırsan ki, adicə ağ-qara zolaqlardan ibarət bir tablodur, amma onu böyük bir əsər kim təqdim edirlər. Bəlkə, elə o doğrudan da, böyük bir əsərdir. Bəlkə, biz başa düşə bilmirik, onu dərk etməkdən ötrü o yerə gəlib çıxmaq lazımdır?!. Axı dərk etməkdən, anlamaqdan ötrü də oxumaq, biliklərə yiyələnməyə ehtiyac var. Mən yenə də deyirəm, mütaliə çox gözəl bir şeydir. Mənimsə bir bəstəkar, bir pianoçu kimi ən sevdiyim kitab pianomdur. Mən təbii ki, ailəmə, uşaqlarıma, nəvələrimlə vaxt keçirməyi sevirəm. Və bu mənə çox böyük zövq verir. Amma pianoma ayırdığım vaxtlarda mən həm də çox xoşbəxt oluram. Çünki böyük sevgiylə yaradıram. Bu ürəyimdə yaşamaq eşqi alovlandırır.
 
– Siz həm də gözəl mahnılar bəstəkarı kimi tanınırsız, sevilirsiz. Mahnı mətnlərini necə seçirsiniz bəs?
– Şeirdə maraqlı fikirlər, maraqlı xətt olmalıdır. Şeirin içində elə bir misra olmalıdır ki, adamı tutsun, silkələsin. O misranın, o sözün arxasınca düşüb yeni musiqi bəstələyəsən. Nəbi Xəzrinin belə bir şeiri var:

Dəniz olmaq istəyirəm, ay ana!
Öz sinəmi göylər üçün açaram.
– Yox, ay bala, anan qurban boyuna!
Dəniz olsan, necə səni qucaram?


Fikir verin bir necə gözəl misralardır. Mən bu şeirə mahnı bəstələmişəm. Belə-belə çox misallar çəkə bilərəm. Bilirsiz, mən hesab edirəm ki, yazıçı, şair daim düşünməlidir, daim axtarışda olmalıdır ki, yeni nəsə desin, yeni nəsə yazsın. Onun fikirləri mütləq şəkildə digərlərindən fərqlənməldir. O fərq, o qeyri-adi gözəllikdir onları bir-birindən üstün edən.

Faiq Sücəddinov həm də gözəl pedaqoqdur. O deyir ki, müəllim auditoriyaya girəndə hər dəfə eyni şeyi danışmamalıdır. Hər dəfə yeni fikir deməlidir. Tələbəni ardıyca aparmağı bacarmalıdır. Təkcə nəzəriyyə yetmir, tələbələrə tədris etdiyi fənni sevdirmək lazımdır. Və müəllim özü də bu işə yaradıcı yanaşaraq öz fikirlərini, düşüncələrini dərsdə tələbəyə maraqlı olacaq tərzdə dilə gətirməlidir. Bəstəkar sevgi barədə düşüncələrini də dilə gətirdi.

– Nə etsən, əlini nəyə uzatsan, hər şeyi sevgiylə etmək lazımdır. Baharda hər şey gözəlləşir. Niyə? Çünki baharda həyat sevgisi var. Və musiqi də sevginin özüdür. Ümumiyyətlə,mənim düşüncəmdə sevgisiz həyat yoxdur. Hər şey sevgiylə bağlıdır. Sevgi olan yerdə mədəniyyət var, gözəl münasibət var, nəsə yazmaq, yaratmaq həvəsi var. Bütün dünya sevgi üzərində qurulub, sevgi üzərində dayanır. Tanrımıza, vətənimizə, yoldaşımıza, dostumuza olan sevgidir bizi yaşadan. Elə bu meyarlarla da dünya qurulub.

Müsabiqə elan edilir. Bethovenin hər hansı bir əsərini ən gözəl ifaçısı seçilir. Baxırsan, əsər eynidir, notlar eynidir, insanlar fərqlidir, yanaşma fərqlidir, hissiyyat fərqlidir. Ən yaxşı ifaçı daxilində olan sevgidən sanki o əsəri not-not yaşayır, ona öz ruhunu, öz duyğusunu qataraq, sanki Bethovenlə bir vəhdətə düşür. Bu çox vacib bir şeydir – musiqiylə bir vəhdətdə olmaq. Bilirsiz, mən hər dəfə öz əsərimi ifa edəndə bir başqa cür çalıram. İstəyirəm ki, ona yeni çalarlar, yeni tonlar qatım. Və bu, əslində, riskdir. Amma mən bunu sevgiylə, həmin andakı hissimin ahənginə qatılıb edirəm. Yeniləyirəm. Bax bu yaradıcı yanaşmadır. "Metronom” adlı cihaz var. Onunla ritm ölçülür. Yəni verilmiş ölçüdən kənara çıxmaq olmaz. Lakin ifa zamanı mənim hisslərim o qədər aşır-daşır ki, çox vaxt onun ölçüsünə məhəl qoymadan öz hiss etdiyim kimi, öz istədiyim kimi çalıram. Təbiət də belədir. Bir də görürsən ki, baharda adi yabanı bir ot asfaltın altından günəşə doğru boy atır çıxır. Budur həyat eşqi, budur yaradıcılıq və sevgi.
 
– Yəqin ki, insanların da sizə sevgisini hiss edirsiniz.
– Bəli, duyuram. Bu məni xoşbəxt edir. Bilirəm ki, insanlar məni musiqi əsərlərimə görə sevirlər. Bəlkə də, onlar mənim insani keyfiyyətlərimi də musiqimdə duyurlar. Sözüm odur ki, musiqi insana sevinc bəxş edir.

Faiq müəllim 2020-ci ilin astanasında hər kəsə arzularını da deməyi unutmadı:

– Mənim gözümdə təkcə şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, heykəltəraşlar yaradıcı deyil. Düşüncəmdə ana da, ata da, istənilən işlə məşğul olan başqa insanlar da yaradıcıdır. Onlar da öz dünyalarının, öz sahələrinin bəstəkarı, rejissoru, rəssamı, yazıçısıdırlar. Mən hər kəsə xoşbəxtlik arzu edirəm.

Söhbətləşdi: Xanım Aydın