• cümə, 19 Aprel, 05:45
  • Baku Bakı 18°C

Sevda Yəhyayeva və Elçin Cəfərov: Biz sevgili deyilik

04.03.14 10:16 3653
Sevda Yəhyayeva və Elçin Cəfərov: Biz sevgili deyilik
Ötən gün gənclərin sevimli ifaçıları olan Sevda Yəhyayeva və Elçin Cəfərov “Kaspi”nin qonağı oldular. Onlar bizə duet şəklində ifa etdikləri “Səni sevirəm” mahnısından danışdılar. Aralarında sevgi olmadan belə mahnılar oxumağın da riskli olduğunu söyləyən gənclər gəzən söhbətlərin cəfəngiyat olduğunu dedilər. Deməli, Sevda Yəhyayeva və Elçin Cəfərov sevgili deyil. Hər ikisi də onlara həmdəm ola biləcək yarlarını axtarırlar.
– “Səni sevirəm” deməklə nə demək istədiniz?

Elçin: Hərdən mənə ilham gəlir, o, ilhamın təsirindən oturub mahnı yazıram. Həmin hisslər baş qaldıranda bu mahnının musiqisini hazırladım. Musiqi Azər Şirinin xoşuna gəldi və o da bu musiqiyə söz yazdı. Mahnıda “Eşq nə qədər gözəldir” sözləri isə daha əvvəl var idi. Azər Şirin də sözlərin bu mahının üstündə qurdu. Sualınıza gəlincə isə, “səni sevirəm” sözü xalq arasında ucuzlaşmışdı. Bu söz bir çox mahnılarda tez-tez istifadə olunurdu və bir növ şablona çevrilmişdi. Biz də həmin o şablonu kənara qoyub, tamaşaçılara təmiz, saf sevgini nümayiş etdirməyə çalışdıq.
Sevda: Bəli, biz o şablonu məhv etdik.
- İki gənc, subay ifaçı duet oxuyur və “Səni sevirəm” deyir. Bu, tamaşaçılara bir mesaj deyilmi?

Sevda: Qorxan gözə çöp düşər (gülürük). Duet oxuyan tərəflər əgər maraqlı simalardırsa, hər zaman onların sevgili olmaları haqqında şayiələr yayılır. Bu danılmaz faktdır. Elçinlə biz uzun illərdir dostluq edirik, onunla yaxın münasibətimiz var. Aramızda sevgi var, amma bu dostcasına olan bir sevgidir, biz bir-bizimizə hörmət edirik. Haqqımızda danışanlar onsuz da danışacaqlar. Mənim əsas istəyim odur ki, tamaşaçılar mahnını dinləsinlər və sevsinlər. Çünki biz mahnını onlar üçün hazırlamışıq. Mahnını bütün sevənlərə həsr edirik. Sevgi elə bir hissdir ki, sərhəd tanımır və onun yaşı, zamanı yoxdur. İnsan istənilən zaman kiməsə vurula bilər. Mahnın tez bir zamanda sevilməsi çox sevindirici haldır. İnşallah, gələn ay da bu mahnıya klip çəkdirməyi düşünürük.
- Klipin rejissorluğunu kimə həvalə etmək istəyirsiniz?

Sevda: Bir neçə rejissorlarımıza klip çəkmək üçün müraciət etmişik. Həmin rejissorlar artıq ssenarini yazırlar. Hansı ssenari xoşumuza gəlsə, yəqin ki, həmin rejissora da klipi həvalə edəcəyik.
Elçin: Klipin Azərbaycanda yoxsa ki, xaricdə çəkilməsi haqqında heç nə düşünməmişik. Hələ ki, danışıqlar gedir. Bu mahnıdan çox böyük uğur gözləyirik.
- Sosial şəbəkələrdə hər ikinizin də adına özəl səhifələr açılıb. Onları sizmi idarə edirsiniz? Yoxsa tamaşaçılar yalançı profillərlə təsəlli tapırlar?

Sevda: Mənim instagram səhifəmə özüm nəzarət edirəm. Orada məni 27 minə yaxın insan izləyir. Elə adam var ki, heç məni izləmir, amma səhifəmə girib məni acılayıb çıxır. Ancaq o səhifəmdə olan insanların çoxu haqqımda xoş sözlər yazır, bu da bizə işləmək üçün böyük stimul verir. Biz tamaşaçılarla virtual olaraq əlaqələr saxlayırıq.
- Elçin, bəs sizi nə qədər tamaşaçı izləyir?

Sevda: 50 min. Elçin instgramda çox tənbəldir. Aylarla səhifəsinə şəkil yükləmir. Mən instagramda özümə ev almışam. Orada yaşayıram. Orada bir otaqlı mənzilim var (gülür). Hər gün ən azı instagramda üç şəkil paylaşıram. Çalışıram instagramı zibil yeşiyi kimi istifadə etməyim. Tamaşaçılara maraqlı olan xəbərlər və şəkillər paylaşım. Mən facebookdan istifadə etmirəm. Facebook fan səhifəmi Tolik idarə edir. Mən ömrümdə facebooka girməmişəm. Orada 36 min fanatım var.
Elçin: Həm facebookdan, həm də instagramdan şəxsən özüm idarə edirəm. Özüm üçün maraqlı olan məqamlara görə, facebookdan daha aktiv şəkildə istifadə edirəm.
- Sizcə sizi xarici görünüşünüzə görə çox sevirlər, yoxsa mahnılarınıza görə?

Elçin: İfaçı həm xarici görünüşə, həm də mahnılarına görə sevilməlidir. İstər saç düzümü, istərsə də geyimi ilə müğənni hər kəsə nümunə olmalıdır. Bizim üzərimizə çətin bir iş düşür. Təəssüflər olsun ki, hazırda bu vəzifədən pis istifadə edən müğənnilərimiz də var. Çox şükür ki, biz bunu yaxşı istifadə edən müğənnilər sırasındayıq.
Sevda: Əgər müğənninin səsi yoxdursa, onun ifası nə zamana qədər maraqlı ola bilər? Müğənni model deyil ki, deyim ki, bütün günü podiuma çıxır və öz gözəlliyini, əynindəki paltarı göstərir. Gözəlliklə bərabər müğənninin səsi də olmalıdır. İnsan öz işini sevəndə, çalışanda istədiyi uğura nail ola bilir. İşi sevəndən sonra nailiyyət də əldə etmək olur. Kənardan bu sənət çox asan görünür. Deyirlər ki, müğənnilərin çox parıltılı və dəbdəbəli həyatı olur. Ancaq o parıltını tamaşaçı qarşısına çıxarana qədər onu nə qədər yontalayırıq. O, nə qədər çətinliklərdən keçir və tamaşaçının qarşısına hazır vəziyyətdə çıxır.
- Gənc müğənnilər öz tamaşaçılarını itirməmək üçün çox zaman evlənməmək istəmirlər. Siz necə düşünürsünüz?

Sevda: Ona görə evlənməmişik də. (gülürük) Əslində hər bir insan işini və karyerasını sevəndə ona bağlanır, istəyir ki, daha çox uğur qazansın. Uğur qazandıqca da davamlı olmasına can atır, belə olan halda evliliklə bağlı düşünməyə vaxt qalmır. Ancaq düşünürəm ki, biz də hələ cavanıq, vaxtımıza var. Mən özüm fikirləşirəm ki, hələ öz işlərimlə bağlı arzularım var. gələcəkdə qismət olarsa, evlənərəm. Əgər həyatımda biri olarsa, bundan PR kimi istifadə etməyə çalışmaram, yəni bununla gündəmə gəlmək istəmərəm. Şükürlər olsun ki, sənətə mahnılarımla, qalmaqalsız başlamışam və belə də davam edəcəm.
Elçin: Evliliyin məşhurluğa müəyyən qədər təsiri var. Düşünürəm ki, ifaçı evlənəndən bir müddət sonra tamaşaçı əgər onu ürəkdən sevirsə, ona fanatlıq edirsə yenə də onu qəbul edəcək.
Sevda: (Elçinə müraciət edərək)Amma sən keçən il müsahibə vermişdin ki, 2014-cü ildə nəhayət ki, ailə quracam. Bəs nə oldu?
Elçin: Orada başqa bir məqam var idi. Demişdim ki, üzümüzə gələn il mən ailə həyatı qurmaq istəyirəm. Bu bir az şəxsi məsələdir Sevda. (gülürük)
- Sevda, səhərdən Elçini sual atəşinə tutmusan. İndi sənə sual versəm deyəcəksən ki, bizə elçi gəlməyib.
Elçin: Eşq nə qədər gözəl (oxumağa başlayır). Yəqin ki, olub. Sevda xanım gözəldir, olmayıb desə, yalan olar.
Sevda: Elçin bizim qonşumuz olub, elçilərim gələndə qıraqdan bizi güdürmüş. (gülürük)
- Elçin, ötən il “Onu mənə çağırın gəlsin” deyərək mahnı oxudun. Bəs nə oldu, gəlmədi?

Elçin: Çağırdıq, amma gəlmədi. Zarafatsız, çağırmamışıq gəlsin. Elə bir insan olanda heç çağırmağa ehtiyac olmayacaq. Hələ həyatımda elə biri yoxdur. İnşallah, olar.
- Deyirlər ki, yaşlı və orta nəslin ifaçıları şou aləmində at oynadır. Siz necə düşünürsünüz bu meydanı onlardan təhvil almağın vaxtı çatmayıbmı?

- Müəyyən şeylər var ki, bu gün o məsələlər məni gənc müğənni kimi çox narahat edir. Biz böyüklərdən, Xalq artistlərindən görüb-götürürük. Narahat oluram ona görə ki, pis məqamları götürən gənc sənətçilər də ola bilər. çalışıram yaşlı nəslin ifaçılarından yaxşı şeylər götürüm.
Sevda: Mən də həmişə çalışıram ki, yaşlı nəslin sənətçilərindən yaxşı şeylər götürüm. Pislərə də baxıram və onların hərəkətlərindən yaxşı nəticələr götürməyə çalışıram.
- Heç yaşlı nəslin ifaçılarının qısqanclığına tuş gəlmisinizmi?

Sevda: Yeni-yeni başlayanda istər-istəməz ifaçının qarşısına maneələr çıxır. Həyatda heç nə asan deyil, hər şey çətinliklə olur. Təzə başlayanda çox çətinliklər çəkdim. Əslində, pislik etmək insanın yaşı olmur. Bir də görürsən ki, öz nəslinin nümayəndəsi sənə quyu qazmağa çalışır.
Elçin: Qısqanclıq nəinki yaşlı sənətçilər, hətta gənc sənətçilər arasında da var. bu normal bir şeydir. Yaxşı ifaçını qısqanmaqdansa, dəstəkləmək daha yaxşı olardı.
Qeyd: Səhifəmizin imkanlarını nəzərə alıb söhbətimizi sizə ixtisarla çatdırırıq. Sonda ifaçılar «Gənclik qəzeti»nə uğurlar arzulayaraq bol şanslar dilədilər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər