
Səsli dünyanın səssiz fenomeni - Fenomen
Gənclik qəzeti
19 İyun 2020, 12:00
8466
Mahmud Səfərov: Özüm eşidə və danışa
bilməsəm də, çevrəmdəki insanlara pozitiv enerji ötürürəm
O bir fenomendir. Mümkünsüzü mümkün
etmək üçün var gücü ilə çalışır. Eşitmə və danışma imkanlarından məhrum olsa da,
insanların üzündə təbəssüm yaratmağı bacarır. "Səssiz dünya” ictimai birliyinin
baş katibidir. Söhbət Azərbaycanda jestika - işarət dili ilə ilk "Vine"
çəkən şəxs Mahmud Səfərovdan gedir.
Futbol oynamağı çox sevir. 16 yaşında AFFA-nın dəstəyi ilə eşitmə və danışma
problemli şəxslər arasında keçirilən yarışda Azərbaycanı Avropada təmsil edib.
Elə təkcə "Instagram” səhifəsində 190 minə yaxın izləyicisi var.
- Sosial
şəbəkə fenomeni olmaq necə bir hissdir?
- Fenomen olmaq çox gözəl hissdir. Tanınmaq
insanın həyatına xüsusi bir ləzzət qatır. Hər hansı bir məkana gedəndə, istər-istəməz
məni tanıyır, yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Gündəlik həyatımda tez-tez
belə hallarla qarşılaşıram. Bu da göstərir ki, mən doğru yoldayam. İnsanlardan
müsbət emosiya və enerji alıram, sevildiyini hiss etməkdən gözəl nə ola bilər?

- Potensialınızı
daha necə istifadə etmək istərdiniz?
- 16 yaşımda AFFA-nın dəstəyi ilə
eşitmə və danışma problemli şəxslər arasında keçirilən yarışda Azərbaycanı
Avropada təmsil etmişəm. Slovakiya, Vyanadan medal və təşəkkürnamələrlə vətənə qayıtdım.
Azərbaycanda keçirilən payız turnirlərində yarışlara qatıldım. Futbolda özümü sınadım
və bu məndə yaxşı alındı. Ən böyük istəyim aktyor olmaqdır. Bu sahədə özümü təqdim
etməyə və tanıtmağa çalışıram. Potensialımı həm vine və həm də film sahəsində göstərməyə
çalışıram. Özümü daha geniş şəkildə filmlərdə göstərmək istəyirəm.
- Vine
çəkməyə başlayanda gözləyirdinizmi ki, bu qədər izləyici toplaya bilərsiniz?
- İlk dəfə 14 yaşımdan vine çəkməyə başlamışam.
O zaman telefonların funksiyaları indiki kimi güclü deyildi. Ssenarini yazıb,
çəkiliş edib, hər şeyi sıfırdan hazırlayırdım. Telefonun funksiyası güclü olmasa
da, çəkib montaj edirdim. İlk videomu çəkib paylaşdım və insanların reaksiyasını
gözlədim. Bu videom çox bəyənildi, izlənildi. Gördüm ki, bu video insanların marağına
səbəb olur. Bu məni daha da həvəsləndirdi. Həmin dövrlər Azərbaycanda jest dilində
çəkilən vine-lar yox idi. Bu, bir ilk idi.
Bununla da tarixə düşdüm və bir ilkə imza atdım. Normal danışıq qabiliyyəti olan
insanlar vine-lar çəksə də, jestika ilə vine-larımız yox idi.

- İzləyiciləriniz
hansı yaş kateqoriyasını əhatə edir?
- Dünyanın hər bir ölkəsindən
izləyicilərim var, istər "İnstagram” olsun, istər "Facebook”, istərsə də
"Youtube”dan. Əslində bütün yaş kateqoriyaları var, ancaq videolarımı daha çox
gənclər paylaşır. Hətta bir dəfə moda ilə bağlı bir video çəkmişdim və bunu 70 milyona
yaxın insan izləmişdi. Hər yaş kateqoriyasından izləyicilər rəylər yazır, xoş münasibət
bildirirlər. İzləyicilərlə canlı ünsiyyətimiz olur, rəylərinə cavab yazıram. Onlar
öz sevgilərini bildirirlər, canlı bağlantılara qatılıram.
- Cəmiyyət
sizi necə qarşılayır?
- Həm Azərbaycanda, həm də xarici ölkələrdə
çox müsbət qarşılayırlar. Hətta xaricdən dəvət alarkən böyük izdiham yaşanır.
Bir neçə dəfə xaricdə səfərdə olanda, şəkil çəkdirmək üçün böyük növbə yarandığının
şahidi oldum. Bu da sevgidən irəli gəlir. Hətta gömrükdən keçəndə məni tanıyır,
sevgilərini bildirirlər.
- Ümidsizliyə
qapıldığınız anlar olubmu?
- Uşaq yaşlarımda çox vaxt ümidsizliyə qapanırdım.
Yəni, eşitmə və danışma məhdudiyyətli olduğum üçün bunu özümə kompleks edirdim.
Kimsənin məni danışdırmasını istəmirdim. Bir müddət qapalı həyat yaşamışam.
Ailəmin də dəstəyi və sevgisi ilə bu düşüncələrdən azad oldum. Ümidsizliyə qapandığım
o anlar artıq geridə qalıb. Bu gün o komplekslərin heç birini yaşamıram. Əksinə,
bu gün çevrəmdəki insanlara pozitiv enerji ötürürəm. Həm fiziki məhdudiyyətli, həm
də bu məhdudiyyəti olmayan insanların üzünün gülməsinə səbəb oluram. Bacardığım
qədər videolarımda da bu pozitivliyi nümayiş etdirməyə çalışıram.

- Vine-larınızın
həm sosial, həm də komedik yükü var. Özünüzü ifadə etmək üçün bu sizə kifayət edirmi?
- Bəli, sosial yönümlü videolarım var ki,
burda mən ailə münasibətlərinə yumor qataraq cəmiyyətimizə ötürürəm. Pis vərdişlərin
acı tərəflərini göstərirəm və bunu daha çox qabartmağa çalışaram. Düşünürəm ki,
özümü kifayət qədər ifadə etməyi bacarmışam. Həm komedik, həm də digər janrda özümü
aktyor kimi təqdim etməyi bacarıram.
- Biri
var, təqdim etməyi bacarmaq, biri də var, təqdim etmək. Bunlar tamamilə fərqli
anlayışlardır. O duyğunu dadmısınızmı?
- Azərbaycanda
ilk dəfə eşitmə və nitq məhdudiyyətli aktyorların çəkildiyi tammetrajlı bədii
film olan "Mənim hekayəm”in baş qəhrəmanı idim və filmin təqdimatı "Nizami”
Kino Mərkəzində keçirilirdi. İlk dəfə onda səhnəyə çıxdım və səhnənin yaratdığı
o həyəcanı yaşadım. Ötən il noyabrda Beynəlxalq Paralimpiya Komitəsinin 30
illik yubileyi münasibətilə Gənc Tamaşaçılar Teatrında "Yenilməzlər” adlı
beynəlxalq qala tədbir keçirildi. Fiziki məhdudiyyətli bir insan kimi həmin ssenaridə
mən də yer almışdım. Bir çox ölkələrin səfirliklərinin nümayəndələri təqdimatda
iştirak edirdi. Mehriban xanım Əliyeva da orada idi. Mən bu layihədə Çarli Çaplin
obrazında səhnəyə çıxdım. O gündən sonra mənə "Əsrimizin Çarlisi” deməyə
başladılar. Çarli də insanları danışmadan güldürürdü. Onun obrazını səhnədə canlandırmaq
mənim üçün önəmli idi. Bu obrazım çox izdihamla qarşılandı. Mən səhnəyə çıxanda
insanların üzündə təbəssüm yaratmağı bacardım. Düşünürəm ki, bütün bu uğurlara zəhmətimlə
nail olub, kifayət qədər özümü təqdim edə bilmişəm.
- Mesajınızın
hədəfini tuta bilirsinizmi?
- Düşünürəm ki, insanlara ötürdüyüm mesaj
yetərincə ünvanına çatıb. Bacardığımı, əlimdən gələni etmişəm.

- İzləyiciləriniz
işarət dilindən anlayırmı?
- Bəli, anlayırlar. Hətta məndən işarət
dilində kurslar təşkil etməyimi xahiş edirlər, onlara jest dili öyrətməm üçün mənə
müraciət edirlər. Mən təlimçi olaraq bir çox ali təhsil ocaqlarında işarət dili
təlimləri keçmişəm. Karantinə görə bu dayandırıldı. Karantin bitəndən sonra biz
bu işi yenidən davam etdirəcəyik. İnsanların işarət dilini öyrənməsinə mən də həvəsliyəm.
İşarət dilindən dərs dediyim insanlar içərisində məni izləyərək öyrənənlər də var.
Çəkdiyim vine-larda alt yazıdan istifadə edirəm ki, oradakı jestin mənası açıqlansın,
həm də tamaşaçılar izləyərək də jest dilini öyrənsinlər.
- Sizi
ən çox nə təsirləndirir?
- Eşitmə və danışma məhdudiyyətli
insanların işsiz olması məni daha çox təsirləndirir. Bəzən fiziki məhdudiyyətli
insanları ələ salırlar və bu məni hədsiz dərəcədə əsəbiləşdirir. Ümumilikdə, onların
problemindən bir çıxış yolu axtarıram. Eşitmə və digər əngəlləri olduğu üçün heç
bir müəssisə onlarla işləmək istəmir. Ümid edirəm ki, bu insanlar üçün gələcəkdə
iş yerləri açılar və onlar işə cəlb olunar.
- Cəmiyyətə
ismarıcınız nədir?
- Fiziki məhdudiyyətli insanlara dəstək
olun, onları ələ salmayın. Bəzən sosial şəbəkədə fiziki məhdudiyyətli insanları
ələ salan videolar yayımlanır və bu da mənə çox pis təsir edir. Bu videolar yumor
şəklində təqdim olunur. Ancaq ailəsində fiziki məhdudiyyəti olan insanlara çox pis
təsir göstərir. Yəni, onlara dəstək olmaq əvəzinə, ələ salınmaları mənə pis
təsir edir. Onlar da insandır, içlərindəki potensialı üzə çıxarmaqda dəstək olmaq
əvəzinə, belə videoların çəkilməsi qəbulolunmaz haldır. Mən özüm kimi eşitmə və
danışma məhdudiyyəti olan şəxslərə dəstək məqsədi ilə ictimai birlik yaratdım. Hazırda
"Səssiz dünya” işarət dili ilə danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin
təsisçiyəm. Bu təşkilatı bacımla birlikdə yaratmışam. İctimai birliyimiz Ədliyyə
Nazirliyində qeydiyyatdan keçib. Təşkilatı yaratmağımızda məqsəd özüm kimi eşitmə
və danışma məhdudiyyəti olan şəxslərə dəstək olmaq və onların potensialının üzə
çıxmasına, bacardıqları idman növləri üzrə yarışlara qatılmalarına kömək etməkdir.
Bizim bir çox layihələrimiz var ki, karantinə görə müvəqqəti təxirə salmışıq.
Əsas məqsədlərimizdən biri də odur ki, beynəlxalq və yerli qurumlarla əməkdaşlıq
edək. İşarət dilinin daha çox mənimsənilməsinə, eyni zamanda idmanın inkişafına
fiziki məhdudiyyətli insanları cəlb etməyə çalışırıq. Düşünürəm ki, gələcəkdə daha
böyük nailiyyətlərimiz olacaq. "Səssiz dünya” ictimai birliyi olaraq 6 sosial
çarx çəkmişik. Baxmayaraq ki, təşkilatımızın bir yaşı hələ tamam olmayıb.
Xəyalə Rəis


Digər xəbərlər