• çərşənbə axşamı, 19 mart, 06:01
  • Baku Bakı 8°C

“Səsimə güvənirdim” - Fotolar

15.06.17 09:30 4990
“Səsimə güvənirdim” - Fotolar
İyunun 12-də 3 aydır davam edən və nəticəsini səbirsizliklə gözlədiyimiz "Muğam televiziya müsabiqəsi-2017” yekunlaşdı. Bu üç ay müddətində gənc xanəndələr, birincilik uğrunda, sözün əsil mənasında, sağlam mübarizə apardılar.Altıncı "Muğam televiziya müsabiqəsi”nin final mərhələsində münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli Qran-pri mükafatına layiq görüldü. Onun qalibiyyəti həm münsiflər, həm də tamaşaçılar tərəfindən ən layiqli iştirakçı kimi dəyərləndirildi.İfaçının səsi nəinki münsiflər heyətinin, eyni zamanda tamaşaçıların da marağına səbəb oldu. Müsabiqədən sonra isə avqust ayında 16 yaşı tamam olduqdan sonra onun AzTV-də solist kimi fəaliyyətə başlayacağı xəbəri verildi. Eyni zamanda, Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəsgahlar teleradionun "qızıl fond”unda saxlanılacaq. Bu xəbər müsabiqənin gənc qalibi üçün ikiqat sevinc oldu.S.Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbini qırmızı diplomla bitirən Almaxanım Əhmədlinin dünən şagird həyatında "Son zəng”i çalındı. Yİfaçı sevincli günündə "Kaspi”nin suallarını da cavablandırdı.
- Sizi təbrik edirik. Muğam müsabiqəsinin qalibi olmaq hər adama qismət olmur.
- Çox sağ olun, təşəkkür edirəm. Sizin vasitənizlə məni təbrik edən hər kəsə, xüsusən də mətbuat nümayəndələrinə təşəkkürümü çatdırıram. Çox sağ olun ki, diqqət göstərib, təbrik edirsiniz.
- Müsabiqənin qalibi kimi hansı hissləri keçirirsiniz?
- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Sevincimin həddi-hüdudu yoxdur. 3 ay yarım müsabiqə davam etdi və bu müddət ərzində öz üzərimdə durmadan çalışdım. Ondan əvvəl də müəllimimlə məşqlərimiz oldu. Hər həftə yeni qəzəllər əzbərləyir və repertuarlar hazırlayırdıq. Klassik şairlərimizin şeirlərini qəzəllərə oturdurduq. Respublikanın Əməkdar artisti Təyyar Bayramov mənim müəllimim idi və onun üzərimdə əməyi çoxdur. Uğurumda onun da payı var. Müsabiqədən əvvəl də, indi də ondan çox şey öyrəndim. Elə olurdu ki, müsabiqə ərzində hər həftə bir dəsgah öyrənirdik. Bu, çox əziyyətli bir işdir. Kənardan baxanda elə görünür ki, sadəcə, qəzəldir oxuyursan, vəssalam. Ancaq belə deyil. Bu, çox qəliz bir prosesdir və əziyyətlidir. Bir həftə ərzində böyük bir repertuar hazırlayırdıq. Hətta elə olurdu ki, bir dəsgahı bir həftə ərzində hazırlamalı olurduq. Ancaq onu deyim ki, kim əziyyət çəkmişdi, bəhrəsini də gördü. Əziyyətimiz yerdə qalmadı. Çox sevinirəm ki, Qran-pri mükafatına layiq görüldüm. Bu, məni çox qürurlandırdı. Ayın 12-dən - müsabiqənin nəticələri açıqlanandan sonra xəbəri eşidən hər kəs əlaqə saxlayıb, bizi təbrik edir. Qalib olmaq gözəl hissdir.
- Ümumiyyətlə, Qran-pri mükafatının sizin olacağını gözləyirdiniz?
- Əslində gözləyirdim. Çünki çox əziyyət çəkirdim. Müəllimim də mənimlə bərabər fasiləsiz işləyirdi. Bilirdim ki, əziyyətim heç vaxt yerdə qalmaz. Münsiflər heyəti də sağ olsun ki, mənim əziyyətimi qiymətləndirdi. Bu müsabiqə ərzində həddindən artıq əziyyət çəkdim. Ən əsası, səsimə də güvənirdim. Münsiflər heyəti də əziyyətimi görüb, məni mükafata layiq gördülər.

- İstedad çox nadir hallarda yetişir. Çox zaman da bu, ailədən gəlir. Ailənizdə dayınızdan başqa musiqi ilə məşğul olan varmı?
- Bizim ailəmiz hər zaman keyfiyyətli musiqini dinləyib. Valideynlərim bizə də keyfiyyətli musiqilər dinlətdirib. Bildiyiniz kimi, mənim dayım İzzət Bağırov da ifaçıdır. O, muğam janrında ifa etməsə də, estrada janrının mahir ifaçılarındandır. Atamın da musiqi təhsili var. Uşaqlıqdan bəri musiqini sevmişəm və bu sahəyə böyük marağım olub. Bizim ailəmiz də muğamsevərdir. Mən də bu ailədə doğulduğum üçün onların verdiyi tərbiyəni almışam. Onlar muğamı sevib və hörmət etdikləri üçün mənim də muğama böyük hörmətim yaranıb. Uşaqlıqdan muğama və musiqiyə bağlı olmuşam. Bunun təsiri böyükdür. Hər bir uşağın musiqi zövqü ailədə formalaşır. Mənim ailəmdə də musiqiçilər çoxdur. Atam musiqiçi olmasa da, 7 illik musiqi təhsili var. Özü də musiqişünasdır. O, bütün muğamları gözəl bilir.

- Adətən, atalar qız övladlarının ifaçı olmasına qarşı çıxırlar. Bu baxımdan, bəxtiniz bir qədər gətirib.
- Elədir. Bunun üçün xoşbəxtəm. Atam mənə güvənir və oxumağıma icazə verir. O, bilir ki, mən heç vaxt onun güvənini boşa çıxarmaram. Bir də ki, mən muğam janrında ifa edirəm. Bu, Azərbaycanımızın mili adət-ənənəsidir. Muğam janrı xalqımızın mənəvi irsidir. Biz onu bütün dünyaya tanıtmalıyıq. Muğamla ölkəmizi beynəlxalq festivallarda, müsabiqələrdə təbliğ etmək istəyirəm. Yeri gəlmişkən, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanım həmişə gənc muğam ifaçılarımıza dəstək olur.

- Sizin muğam müsabiqəsinə qədər müəyyən uğurlarınız da var idi.
- Bəli, muğam müsabiqəsindən iki il əvvəl efirlərdə az da olsa çıxış edirdim. Tam muğam janrında olmasa da, başqa janrlarda mahnılar oxuyurdum. Bu müsabiqəyə qatılmaqda məqsədim özümü muğam janrında da ifadə etmək idi. Muğam ifaçısı kimi özümü təsdiqləmək istəyirdim. Bunun üçün müsabiqəyə qatıldım. İlk olaraq müsabiqəyə 400 nəfər müraciət etmişdik. Onların içərisində istedadlı və gözəl səsli ifaçılar da var idi. Əslində bu, məni heç də qorxutmadı. Çünki səsimə və istedadıma güvənirdim. 4 ay ərzində əziyyət çəkdim və məqsədimə nail oldum. Bunun üçün ailəm mənə çox dayaq oldu. Bəlkə də qalibiyyətimin əsas səbəbkarı onların arxa-dayağını hiss etməyimdən qaynaqlanır. Mən valideynlərimə minnətdarlığımı bildirirəm. Çünki dünyaya gələndən onlar mənim yanımdadırlar, dəstəkçimdirlər. Onlara nə qədər təşəkkür etsəm də azdır.
- Az.TV-nin ən gənc solisti olmağa iddialısınız. Yəqin ki, bunun məsuliyyətini üzərinizdə hiss edirsiniz.
- Əlbəttə. Bir neçə aydan sonra, 16 yaşım tamam olan kimi Az.TV-nin solisti olacağam. Təbii ki, üzərimdə məsuliyyət hiss edirəm. Bu, mənim üçün böyük şansdır. Dövlət televiziyasında solist kimi çalışmaq hər ifaçıya qismət olmur. Bunun üçün dövlət televiziyasına və rəhbərliyinə təşəkkür edirəm. Onlar gənclərə hər zaman dəstəkdirlər.
- Müəlliminiz Təyyar Bayramov Opera və Balet Teatrının səhnəsində çıxış edir. Bəs siz necə, həmin teatrın səhnəsinə çıxmağı arzulayırsınızmı?
- Əlbəttə istəyirəm. Yeri gəlmişkən, Təyyar Bayramova da təşəkkürümü bildirirəm. Onun üzərimdə əziyyəti çoxdur. Onunla bərabər xalq artistimiz Mənsum İbrahimovdan da çox şey öyrəndim. Opera və Balet Teatrının səhnəsində çıxış etmək arzularımın sırasında ən öndə yer tutur. Arif müəllim dedi ki, inşallah səni gələcəkdə Leyli kimi görərik. Mənim də istəyimdir ki, "Leyli və Məcnun” operasında Leyli obrazını canlandırım. İnşallah, gələcəkdə layiq görsələr, sevə-sevə bu rolu oynayaram.
- Gələcək planlarınızdan danışın. Özünüzü gələcəkdə necə görürsünüz?
- Mən öz potensialıma güvənirəm. Bilirəm ki, əziyyət çəkərək, istənilən uğura nail ola bilərəm. Beynəlxalq festivallarda ölkəmizi təmsil etmək istəyirəm. Gələcək planlarım hamısı xalqdan asılıdır. Xalqın sevgisi hər şeyə dəyər. Xalqın rəğbəti sayəsində Qran-priyə layiq görülmüşəm.
- Dünən 11-ci sinfi bitirərək, məzun oldunuz. Məktəbdə necə şagird olubsunuz?
- Məktəbdə dərslərimi çox yaxşı oxumuşam. Bütün siniflərdə əlaçı olmuşam. İfaçılıq sənəti ilə yanaşı, dərslərimə də önəm verirdim. Valideynlərim musiqi ilə məşğul olmağıma ona görə icazə verirdilər ki, musiqi ilə yanaşı, dərslərimi də yaxşı oxumalıydım. Dərslərimi heç zaman musiqidən ayırmamışam. Ona görə də, hər zaman əlaçı olmuşam. Bu gün mənim üçün ikiqat bayramdır. Hətta iki sevinci birgə yaşayıram. Qran-pri almaq ayrı bir sevincdir. Bu sevincin yerini heç nə vermir. Məzun olmaq da ayrı bir hissdir. Bu sevinci ancaq yaşamaq lazımdır, onun izahı mümkünsüzdür.
- Təhsilinizi harada davam etdirmək istəyirsiniz?
- Azərbaycan Milli Konservatoriyasına hazırlaşıram. Hələ bu sənətdə öyrənəcəyim çox şeyin olduğunu düşünürəm.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər