• cümə, 29 Mart, 06:18
  • Baku Bakı 5°C

Sərvər Əliyev: “Yaxın bir il ərzində Ağdam teatrı öz dirçəliş dövrünü yaşayacaq”

08.12.14 13:18 2151
Sərvər Əliyev: “Yaxın bir il ərzində Ağdam teatrı öz dirçəliş dövrünü yaşayacaq”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə bir neçə bölgə teatrının rəhbərliyində kadr dəyişikliyi edildi. Bu ünvanlardan biri də Ağdam Teatrı oldu. Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, əməkdar artist Sərvər Əliyev Ağdam Dövlət Dram Teatrına yeni baş rejissor təyin edildi. Biz də Sərvər Əliyevi bu münasibətlə təbrik edib, doğma yurdundan ayrı düşmüş Ağdam teatrında gələcəkdə hansı yeniliklərin baş verəcəyini xəbər aldıq.
Düşünmək üçün bir həftə vaxt verilsə də...
- Sərvər müəllim, ilk olaraq sizi təbrik edirik. Ağdam teatrı ilə ilk tanışlıq necə keçdi?
- Çox gözəl. İlk olaraq onu söyləyim ki, Ağdam teatrına getmək üçün seçim mənə həvalə olunmuşdu. Bundan öncə Dərbənd Azərbaycan teatrına baş rejissor vəzifəsində çalışmaq təklifi almışdım. Onun ardınca Ağdam Teatrında baş rejissor vəzifəsinə təklif gəldikdə, mən Ağdamı seçdim. Çünki hər bir Azərbaycanlı vətəndaşının qəlbində Qarabağ deyilən bir dərd var. Paytaxtdan gedib Ağdam teatrında işləmək cəsarət tələb edir. Düzdür, özümü qəhrəman hesab etmirəm. Ağdam mənim üçün çox doğmadır, baxmayaraq ki, mən başqa bir bölgədənəm. Müharibə veteranıyam, döyüşdə olmuşam və döyüşdən qorxan adam da deyiləm. Ağdam teatrında işləmək təklifi aldıqda mənə düşünmək üçün bir həftə vaxt versələr də, mən düşünmədən orada işləməyə razılıq verdim. Digər tərəfdən mən çətinliyə öyrəşmiş insanam. Gənclər Teatrında işləyərkən uzun müddət Aktyor evində soyuq tamaşaçı salonunda çalışmışıq, heç nədən böyük bir teatr yaratmışıq. Ağdam teatrına gəlincə isə teatrın kollektivi məni çox yaxşı qarşıladı. Teatrın yeni direktoru Məhəmməd Hüseynov da geniş dünyagörüşlü və istedadlı insandır. O da teatra bağlı adamdır. Sözün düzü, Ağdam teatrına gedəndə məni qorxutmuşdular ki, orada kifayət qədər inkişaf etməmiş yaradıcı heyətlə qarşılaşacaqsan. Ancaq teatrın yaradıcı kollektivi ilə tanışlıqdan sonra aydın oldu ki, mənə yanlış məlumat verilib. Bunun qəsdən və yaxud təsadüfən etdiklərini deyə bilmərəm, ancaq çox istedadlı və bacarıqlı bir kollektivlə rastlaşacağımı özüm də gözləmirdim. Ən xoş cəhətlərdən biri odur ki, bölgə teatrlarında aktrisa problemi yaşandığı halda, bu teatrda səkkiz aktrisa var. Yaş həddi isə 20-dən tutmuş 60-a qədərdir. Teatrda bütün yaş dövrlərinə məxsus aktrisa tapmaq mümkündür. Düzdür, gənclər bir az azlıq təşkil edir. Bu, əksər teatrlarda belədir. Onların hamısı sənət yanğısı ilə yaşayan insanlardır. Allahın köməkliyi ilə yeni tamaşalar üzərində işə başlayacağıq. Hazırda teatrda məndən əvvəl təyin olunmuş bir tamaşanın məşqləri gedir. Mart ayından etibarən bu teatrda rəqs, pantomima və bədən hərəkətləri kimi trenaj yeniliklər gətirməyi düşünürəm. Yeni tamaşalar, pyeslər götürmüşəm, həmin əsərlərin adını indidən demək istəmirəm, repertuar planımızı artıq nazirliyə təqdim etmişəm. İnanıram ki, Ağdam teatrına getməyimə peşman olmayacağam. Yaxın bir il ərzində Ağdam teatrı öz dirçəliş dövrünü yaşayacaq, yeni repertuarla digər teatrlara öz qüvvəsini göstərəcək. Teatra yeni nəfəs gətirmək istəyirəm. Ağdam teatrı böyük tarixi və ənənəsi olan bir teatrdır. Təəssüflər olsun ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı olaraq o teatrlar öz varidatını itirib. Teatrın maddi-texniki bazası demək olar ki, yox dərəcəsindədir. Cənab nazirimiz Əbülfəs Qarayev və onun müavini Ədalət Vəliyev məni buraya təyin edəndə bizə hər bir yardım edəcəklərinə söz veriblər. Biz də onlara yardım üçün müraciət etməyi düşünürük.
Özümə çox güvənirəm
- Adətən, rejissorlarımız, aktyorlarımız bölgə teatrlarına və vətənindən didərgin düşmüş “Qaçqın teatrlar”a getməkdən çəkinirlər. Siz isə bu cəsarətli addımı atdınız?
- Hətta buna görə məni qınayan sənət dostlarım da oldu. Dərbənd teatrında mənə çox yüksək maaş da təklif etmişdilər. Mən teatrda olmaq istəyirəm. Özümə çox güvənirəm. Ancaq məlumdur ki, rejissor tək heç nə edə bilməz. Kollektivi görəndən sonra özümə güvənim daha da artdı. Heç kimlə məsləhət etmədən razılığımı verdim. Səbəbin birincisi, Qarabağdır. İkincisi isə qaçqın teatrı olduğu üçün. Hər zaman söyləmişəm ki, Azərbaycan teatrlarının içərisində qaçqın teatrları daha çox qabağa çəkilməlidir. Xarici qastrollara, festivallara daha çox onlar göndərilməlidir. Düzdür, gərək teatr yaxşı tamaşa hazırlasın ki, onu xarici festivallara dəvət etsinlər. Ancaq qastrola gedəndə teatr özü ilə birliklə mütləq şəkildə broşur aparacaq, öz qaçqın dövrünü göstərəcək. Digər ölkələr də onun nə üçün qaçqınlıq dövrü yaşadığı ilə maraqlanacaq, bu şəkildə teatr həm də təbliğat vasitəsinə çevriləcək. Mən bu cəsarəti özümdə tapdım və bu qərarıma da peşman deyiləm.
İndiyə qədər 25 tamaşaya quruluş vermişəm. Müxtəlif teatrlarda işləmişəm.
- Bəli, bildiyimiz qədər siz Mingəçevir teatrında da işləmisiniz. O teatra hansı yenilikləri gətirmisiniz?
- Mənim hazırladığım bütün tamaşalar uğurlu alınıb. Mingəçevir teatrının yaradıcılığında olmayan yenilikləri etdim. Orada “Yad qadının məktubları” tamaşasını hazırladım. Tamaşaçı onu izlədikdə çox təəccübləndi. Həmin tamaşada bir növ tamaşaçını səhnəyə çıxarmışdım. Bu da böyük səs-küy yaratmışdı. Orada bir neçə tamaşa hazırladım. Yenilik o demək deyil ki, mən birdən-birə dəyişiklik edib, sensasiya yaradım. Hər şey yavaş-yavaş olur. Mingəçevir teatrında çalışdığım üç il ərzində teatrın gəlir planının 70 faizini mənim hazırladığım tamaşalar təşkil etmişdi. Bundan əlavə, mən Lənkəran Dram Teatrında tamaşa hazırlamışam və hazırladığım tamaşa ilin ən çox bilet satılan tamaşası olub.
- Biz sizi daha çox Gənclər və Gənc Tamaşaçılar Teatrlarında oynadığınız obrazlarla tanımış və sevmişik. Yenidən sizi səhnədə görə biləcəyikmi?
- Görəcəksiniz. Yəqin ki, mən Ağdam teatrında tamaşalarda oynayacağam. Gənc Tamaşaçılar Teatrında köhnə tamaşalarımı oynamaqda davam edəcəyəm. Bunun üçün teatrın rəhbəri Mübariz Həmidova təşəkkürümü bildirirəm ki, rol aldığım köhnə tamaşalarda mənim üçün yer ayırıb. Ağdam teatrında isə hələ özümə rol vermək fikrim yoxdur. Çünki istəmirəm kollektivimiz fikirləşsin ki, rejissor ilk olaraq özünə rol verir. Qarşıdakı tamaşaların birində yəqin ki, məni səhnədə görəcəksiniz.
- Uzun müddət heç bir rejissorun yadına düşməyən Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasına quruluş vermisiniz. Maraqlıdır, nə üçün siz məhz bu əsərə müraciət etdiniz?
- 1960-cı illərdən bu yana “Ər və arvad” tamaşasına müraciət edilməmişdi. Mən Gənclər teatrında işləyən zaman, Hüseynağa Atakişiyevdən sonra rəhmətlik Rəhman Əlizadə bizim baş rejissorumuz idi. Növbəti ilin planını hazırlamaq üçün məni yanına çağırdı. Hansı tamaşanı hazırlayacağımı soruşdu. Mən ona başqa əsər söyləsəm də, o mənə “Ər və arvad” tamaşasını hazırlamağı təklif etdi. Əsəri oxudum və hazırlayacağıma söz verdim. Daha sonra bu operettanın vurğunu oldum. Biz Musiqili Komediya Teatrına xəbər göndərəndə ki, bu tamaşanı hazırlayırıq, onlar da söylədilər ki, biz də bu tamaşanı hazırlamaq istəyirdik. Hətta onların xahişi ilə mən tamaşanın adını dəyişib “Təzə gəlin” qoydum. Bu da mənim ən uğurlu tamaşalarımdan biri oldu. Üzeyir Hacıbəylinin çox məşhur operettaları var. Ondan sonra “Ər və arvad” tamaşasını bir neçə teatr ard-arda hazırlamağa başladı. Həmin operettanı Ağdam teatrında da hazırlamaq istəyirəm. Çünki Ağdam teatrının özündə musiqiyə meyllilik var. Mən onların bir neçəsinin səsini dinlədim və gördüm ki, gözəl səs imkanlaı var. Məşhur pyesə qaçıb heç nə əldə edə bilməməkdənsə, qorxmadan deyirəm ki, klassik əsərlərə müraciət etmək daha məqsədə uyğundur. Əgər mən “Məşədi İbad” və ya digər operettaya müraciət etsəydim onun üzərinə heç nə qoya bilməyəcəkdim. İndi həmin operettalara nə qədər əlavələr olunsa da, onu dəyişə bilmirlər. Ancaq “Ər və arvad” tamaşaçına mən iki obraz əlavə etdim və əsəri müasirləşdirdim. Tamaşanı izləyənlər onun müasir əsər olduğunu hesab etdilər. Klassika odur ki, hər zaman müasirdir. Sən onu hər an hazırlaya bilərsən. “Ər və arvad” operettasını ona görə götürdüm ki, onunla mən tamaşaçıya mesaj ötürə biləcəkdim və ötürdüm də.
- İndi necə, maraqlı əsər axtarışındasınızmı?
- Bəli. Tapdığım pyes ingilis romanıdır. Mən bir neçə rejissorun yanında o romanın adını çəkdim, onlar da həmin əsəri oxuyaraq ona tamah saldılar. Çox böyük bir əsərdir. Ancaq mən onu Ağdam teatrında səhnələşdirə bilməyəcəyəm. Çünki o böyük bir səhnə və xərc tələb edir. Adını qorxmadan çəkə biləcəyim Çexovun “Vodevillər”, “Evlənmə”, “Ayı”, “Elçilik” kimi əsərləri birləşdirib yeni bir tamaşa hazırlamaq istəyirəm. Baxmayaraq ki, felyeton şəklində onu hazırlayırlar. Çox təəssüflər olsun ki, bu gün Azərbaycan teatrları Çexovun əsərlərinə müraciət etmir. Moskva hər il Çexov festivalı keçirir. Azərbaycan teatrlarının repertuarında isə Çexovun yeri yoxdur. Söyləyirlər ki, Çexovun əsərlərini Azərbaycanda mənimsəyən yoxdur. Mən bu fikirlərin tamamilə əleyhinəyəm. Bu mümkün olan bir şey deyil. Əksinə, onun əsərlərinin müasir dövrlə, hətta Azərbaycanla uyğun olan nüansları da var. Onu hansı teatrda, hansı dildə hazırlayırsınızsa hazırlayın bu, Çexovdur. Və bu gün dünya Çexovla fəxr edir.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər