AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sərt karantin insanlar arasında təmasların azaldılmasına yönəlib

Sərt karantin insanlar arasında təmasların azaldılmasına yönəlib

Siyasət
10 İyul 2020, 16:11 589
Mütəxəssislər düşünür ki, dünyanın bir çox ölkələrində tətbiq edilən məhdudiyytlər yoluxma sayını azaldacaq
 
Koronavirusun qeydə alındığı ölkələrdə virusa yoluxma hallarının sayının artması ilə bağlı statistika infeksiyanın daha çox yayılması təhlükəsinin artdığını göstərir. Ayrı-ayrı ölkələrin statistikasına əsasən demək olar ki, hazırda dünyada koronavirusa ümumi yoluxma sayı 12 milyonu keçib. Bununla yanaşı, ən son məlumatlara görə, COVID-19-un qeydə alındığı ölkələrdə 557 mindən çox insan təhlükəli virusdan ölüb və ölüm halları hər gün artmaqdadır.
Görünən odur ki, yoluxmaların sayını minimuma endirmək mümkün deyil. Nəticə etibarı ilə ölkələrin əksəriyyəti virusla mübarizədə karantin rejiminin səərtləşdirilməsini çıxış yolu hesab edir. Belə ki, hazırda dünyanın bir çox ölkəsində məhdudiyytələr daha da sərtləşdirilir.
 
Son bir həftədə Birləşmiş Ştatların 30-dan çox ştatında yoluxma hallarının ciddi artımı qeydə alınıb. ABŞ-ın məşhur infeksionisti Antoni Faucinin fikrincə, hazırda koronavirusla mübarizə aparmaq üçün ən səmərəli yol məhdudiyyətlərin yenidən tətbiq olunmasıdır. O deyib ki, virusun yaratdığı problemlərdən əziyyət çəkən hər bir ştat ciddi məhdudiyyətlər tətbiq etməlidir.
İsraildə də koronavirus infeksiyasının yayılması səbəbindən hakimiyyət yenidən məhdudiyyət tədbirlərinə əl atmağa məcbur olub. İsrailli professor Leonid Eydelman yoluxma hallarının çox olduğu ərazilərdə karantin rejiminin tətbiqinin zəruri olduğunu bildirib. Fələstin Dövlətinin hakimiyyət orqanları da karantin tədbirlərini sərtləşdirib. Koronavirusa yoluxma sayında gündəlik sürətli artım Qazaxıstanda da qeydə alınır. Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bununla əlaqədar ölkədə mövcud karantin rejiminin uzadılmasını istisna etməyib.
COVID-19 pandemiyası ilə əlaqədar avqustun 1-dək Özbəkistanda şəhərlərdə və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır. Özbəkistanın Səhiyyə Nazirliyi yanında koronavirusla mübarizə üzrə qərargahın üzvü professor Həbibulla Okilov ölkənin sərt karantin rejiminə qayıtmasının səbəbinin yumşaldılma tədbirlərindən sonra insanların qaydalara əməl etməməsi olduğunu deyib.
İspaniyada da vəziyyət ürəkaçan deyil. Ölkənin şimal-qərb regionunda rəsmilər çıxış yolu kimi məhdudiyyətlərin yenidən tətbiqini görürlər.
Qeyd edək ki, dünya ölkələrində həyata keçirilən sərt karantin rejimi ölkəmizdə də mövcuddur. Mütəxəssislər məhdudiyyətlərin sərtləşməsini zəruri hesab edirlər.
Həkim-Terapevt Sevinc Qurbanova məhdudiyyətlərin sərtləşdirilməsinin səbəbini yoluxma sayında müşahidə edilən artımla bağlı olduğunu bildirir: "Xəstəliyin sürətlə artması ilə əlaqədar olaraq karantin rejiminin sərtləşdirilməsi zəruridir. Vətəndaşların vəziyyəti qəbul etməməsi, karantin qaydalarına riayət olunmaması acınacaqlı vəziyyət yaradıb. Koronaviruslu xəstələrin müalicəsi üçün ayrılan xəstəxanalarda müəyyən sayda çarpayı fondu var, onlar dolsa, insanlar harada müalicə alarlar. Yoluxma sayının artması ilə əlaqədar həm dünya ölkələrində, həm də bizdə bəzi xəstələrin ev şəraitində müalicə məsələsi aktuallaşıb. Abşeron yarımadasında 60 faizdən çox yoluxma var. Bu səbəbdən məhdudiyyətlərin tətbiqi qaçılmazdır".

S.Qurbanovanın sözlərinə görə, sərt karantin tədbirləri insanlar arasında təmasların azalmasına yönəlib: "Vətəndaşların qaydalara əməl etməməsi yoluxma sayının artması ilə nəticələnir. Eyni vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə edilməkdədir. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejiminin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhərdə insan sıxlığı və ictimai nəqliyyatdən istifadə aşağı düşüb. Hesab edirəm ki, məhdudiyyətlər nəticəsində əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşmasına və müsbət tendensiyanın müşahidə edilməsinə gətirib çıxaracaq”.
Sosioloq Əhməd Qəşəmoğlu sərt karantin qaydalarının tətbiqini əhalinin qoyulan qaydalara əməl etməməsində görür: "Əslində, karantin rejiminin dünya ölkələrində və Azərbaycanda sərtləşdirilməsi təəssüf doğuran haldır. Görünən odur ki, yoluxma sayında olan artım ölkələri belə bir addımın atılmasına sövq edib. Bunun əsas səbəbi əhalinin hələ də təhlükənin hansı səviyyədə olduğuna inanmamağıdır. Əhali lazımı davranış qaydalarına əməl etmir. Koronavirusun ilk yayıldığı dönəmdən mən "SOS” siqnalı çalıram, sosial mediada bu istiqamətdə paylaşımlar edirəm ki, əhalini maarifləndirmək lazımdır. İnsanlar arasında maarifləndirmə işi apararaq onlara işin ciddiyətini izah etmək vacibdir. Hazırda dünyanın bir çox ölkəsində pandemiya ilə mübarizə çərçivəsində sərt karantin qaydaları tətbiq edilir. Bu, artıq bir çox ölkə üçün zəruri hal alıb. Ona görə düşünürəm ki, tətbiq edilən məhdudiyytlər, sərt karantin rejimi əhali arasında yoluxma sayını azaldacaq. Sərt karantin bitdikdən sonra, yenə eyni qaydada qoyulan gigiyenik qaydalara əməl etmək əsas şərtdir”.
 
Günel Azadə