• cümə axşamı, 25 aprel, 23:12
  • Baku Bakı 21°C

Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı

02.11.17 10:30 1746
Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi səviyyəsində mümkün olub. Bu xəttin istifadəyə verilməsi iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən də dəstəklənir. Sözügedən layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 mln. tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq. BTQ dəmir yolu vasitəsilə Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək. Bu dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Yəni, dəmiryolu ilə bir günə Qarsa və iki gün yarımaİstanbulagetmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 mln. dollar təşkil edəcək. Bu layihənin istifadəyə verilməsi ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.

Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyevmövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, BTQ iqtisadi baxımdan olduqca sərfəli layihədir. Onun sözlərinə görə, söhbət təkcə ondan getmir ki, hazırda Avropa İttifaqı ilə Çin arasında illik 240 milyon ton civarında yükün böyük bir hissəsinin daşınması məhz bu əlverişli xətt vasitəsilə mümkün ola bilər. Bununla yanaşı, deputat bildirib ki, region ölkələri, xüsusən də Mərkəzi Asiya dövlətlərinin, elə Azərbaycanın özünün istehsal etdiyi məhsulların daşınması bu xətt vasitəsilə mümkün olacaq: "Təbii ki, bütün bunlar tranzit gəlirləri ilə paralel olaraq, Azərbaycanın ixrac potensialını, imkanlarını da artırır. Xarici bazarlara çıxış daha asan, təhlükəsiz, əlverişli, sərfəli olduğu təqdirdə, yerli sahibkarlar da bu xəttin imkanlarından yararlanacaqlar. Bu xəttə vasitəsilə əvvəlcə 1 milyon, sonralar isə 3 milyon sərnişinin daşınacağı gözlənilir. Bu faktor regionun, o cümlədən Azərbaycanın turizm potensialına da müsbət təsir göstərəcək. Bu da ayrıca gəlir deməkdir. Eyni zamanda, bu dəmir yolu türk dövlətlərini bir-biri ilə birləşdirir, xalqlar arasında inteqrasiyanı daha da sıxlaşdıracaq. Tarixi kökləri bir olan insanlar arasında bağlılıq güclənəcək. Hesab edirəm ki, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə türk dünyasının kəsilən bağlantısı BTQ vasitəsilə yenidən bərpa ediləcək. Siyasi, strateji baxımdan bu, olduqca mühüm məsələdir. Bu xəttin istifadəyə verilməsi Azərbaycanın regionda, dünyada nüfuzunu, rolunu artırmaqla bərabər, müstəqilliyini, dövlətçiliyini daha da möhkəmləndirəcək, gücləndirəcək. Azərbaycanın belə bir layihəni reallaşdırması Xəzər dənizinin o tayındakı türk dövlətləri üçün də faydalıdır, onların müstəqilliklərinin möhkəmləndirilməsinə, manevr imkanlarının artırılmasına xidmət edəcək. Türkiyəyə yanaşmada da bunu demək mümkündür. Bakı-Tbilisi-Ceyhan Türkiyəni Avropanın gözündə böyük bir oyunçuya, BTQ nəqliyyat qovşağı isə vazkeçilməz dövlətlərdən birinə çevirir. Bu da məhz Azərbaycanın reallaşdırdığı layihə vasitəsilə baş verir. Digər tərəfdən, bu dəmir yolunun Naxçıvana qədər uzadılması da nəzərdə tutulub ki, bu da muxtar respublikanın blokadadan çıxarılması deməkdir. Eyni zamanda, Naxçıvan BTQ vasitəsilə tranzit qovşağına çevrilir. İrandan gələn və ya İrana gələn yüklərin bir hissəsi bu yol vasitəsilə daşınacaq. Ən azından, İran və Türkiyə üçün yüklərin daşınması baxımından bu yol daha sərfəlidir. Bu reallıqlar İrandan Ermənistana dəmir yolu çəkilməsi kimi layihəni də arxivə atır. BTQ-nin reallaşması ilə Ermənistanın tranzit ölkə olmaq arzusunun üzərindən birdəfəlik xətt çəkilir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də BTQ-nin əhəmiyyətindən danışarkən, bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb. Bildirib ki, bu layihə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mühüm bir hissəsidir: "Hazırda Avropa və Asiya arasında olan ticarət əlaqələri, yük daşımaları hər il genişlənir. Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 mlrd dolları, yük daşımalarının həcmi isə illik 100 milyon tonu keçir. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu ilə daşınır. Şimal dəmir yolu marşrutu əsasən siyasi cəhətdən Avropa Birliyi ölkələri ilə sabit münasibətləri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşrutu isə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranıb”.

Millət vəkili bildirib ki, məhz 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb: "O zaman digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin bəzi hissələri hazır idi. Ancaq Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin nüfuzu və BTQ layihəsinin iqtisadi potensialı o layihəni gündəmdən çıxardı. BTQ dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. BTQ layihəsi Qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Hazırda Qazaxıstanın Aktau limanının yük aşırma gücü ildə 19.5 milyon tona qədər çatıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır. Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 mlrd dollardır. İlkin hesablamalara görə, BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 mlrd dollara çatacaq”.

T.Mirkişili bildirib ki, layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq: "Bununla yanaşı, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır. Bu, Şimal-Cənub beynəlxalq dəmir yolu layihəsidir ki, bu layihənin də BTQ dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaq. Layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da hesab edir ki, BTQ dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Onun sözlərinə görə, bu proses bir daha Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasət yürütdüyünü sübuta yetirir: "Bu layihənin reallaşmasını istəməyən qüvvələr var idi. Bu layihədə Azərbaycan təkcə tranzit ölkə kimi deyil, aparıcı dövlət rolunu oynayacaq. Layihə Avropa ilə Asiyanı birləşdirən coğrafi məkanda yerləşən Azərbaycanın qeyri-neft sektorunun inkişafına da töhfələr verəcək. Mən inanıram ki, Azərbaycan dövlətinin maraqlarına xidmət edən bütün layihələr bundan sonra da reallaşdırılacaq. Çünki, vaxtilə BTQ-nin reallaşdırılmasına da maneələr var idi. Ancaq bütün çətinliklərə rəğmən, sözügedən layihə həyata keçirildi. Bu, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində baş tutub”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər