• cümə axşamı, 25 aprel, 04:16
  • Baku Bakı 19°C

“Serjik”in növbəti Rusiya səfəri

17.11.17 11:00 2136
“Serjik”in növbəti Rusiya səfəri
Forpost ölkənin prezidenti növbəti dəfə Rusiya paytaxtındadır. Erməni mədəniyyəti günlərinin açılışında iştirak etmək bəhanəsi ilə növbəti dəfə Moskvaya yollanan Serj Sarkisyanın Rusiya liderindən nələri xahiş edəcəyi bəllidir. Sözsüz ki, burada prioritet Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişidir. Yəni, "Serjik” Kremldəki ağasından xeyir-dua almaq istəyir. Rusiyalı həmkarı Vladimir Putinlə görüşən Serj Sarkisyan görüşdən sonra iki ölkə arasındakı sıx bağları bir daha alqışlayıb: "Rusiya-Ermənistan əməkdaşlığının inkişafı bütün sahələrdə özünü büruzə verir. Xalqlarımız arasında mədəniyyət, təhsil və elm sahəsində sıx əlaqələr bizim üçün xüsusilə böyük əhəmiyyət daşıyır”.
Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, "iki ölkəni sözün əsl mənasında müttəfiqlik münasibətləri, çoxəsrlik tarix, mənəvi yaxınlıq bağlayır”. Kremlin yaydığı bəyanatda deyilir ki, prezidentlər "iki ölkə arasında siyasi və iqtisadi, habelə təhlükəsizlik və humanitar əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər”. Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarına 1995-ci ildə Yerevanda oğurlanmış və sonradan bərpa edilmiş, Mixail Vrubelin sulu boya ilə çəkdiyi "Tamara qəlbli mələk və İblis” rəsm əsərini hədiyyə edib. Rusiya prezidenti S.Sarkisyanla birlikdə Tretyakov qalereyasını da ziyarət edib. Onlar rəssam Martiros Saryanın əsərlərindən ibarət sərgiyə tamaşa ediblər.
Yeri gəlmişkən, Putinlə Sarkisyanın görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə heç bir rəsmi açıqlama verilməyib. Rusiya xarici işlər nasiri Sergey Lavrovun gələn həftənin əvvəllərində Ermənistan və Azərbaycana səfər edəcəyi gözlənilir. Bu səfərin rəsmi səbəbi kimi Rusiya ilə müstəqil Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü göstərilir. Lakin Rusiyanın TASS xəbər agentliyi bildirib ki, Lavrov Yerevanda və Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır. S.Lavrov TASS agentliyinə deyib: "Biz müəyyən etməyə çalışacağıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən sonra, Dağlıq Qarabağ münaqişəsinin çözümü cəhdlərində indi hansı mərhələdəyik”. Oktyabrın 16-da İsveçrədə görüşləri zamanı Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev Dağlıq Qarabağ sülh prosesini canlandırmağı və münaqişə zonasında atəşkəs rejimini möhkəmləndirməyi vəd etmişdilər. Erməni mediası isə yazır ki, Moskvada prezidentlərin gündəmində Rusiya-Ermənistan münasibətlərinin müzakirəsi, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq, regional problematika məsələləridir.
Yerevandakı siyasi dairələrdə də "Serjik”in səfərinə xüsusi diqqət var. Mətbuat qeyd edir ki, Sarkisyanın səfəri ərəfəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sərt bəyanatla çıxış edib. "Biz danışıqlar naminə danışıqlar aparmaq niyyətində deyilik, məntiqi danışıqlar gərəkdir. Biz danışıqlar prosesinin ölü nöqtədən tərpənməsini xahiş yox, tələb edirik. Mən bu məqsədlə Moskvaya yollanıram. Bu mövqeni Sergey Lavrovla müzakirə edəcəyəm”, - deyə Rusiya nəşrləri nazirin sözlərini sitat kimi qeyd ediblər. "Nezavisimaya qazeta” E.Məmədyarovun bu bəyanatını Ermənistanın ekspert dairələrində ciddi müzakirələrə səbəb olduğunu yazır. Müəllif yazır ki, erməni ekspert dairələrində Məmmədyarovun sərt bəyanatı Moskvanın Yerevana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təzyiqinin ola biləcəyi ehtimalını gücləndirib. Xüsusi vurğulanır ki, münaqişənin həlli ilə bağlı ermənilərin güzəştə getmələri tələb kimi qoyula bilər. Nəşr yazır ki, erməni cəmiyyətinin qərbyönümlü dairələrində də vəziyyət yaxşı deyil. Qeyd edilir ki, noyabrın 24-də Avropa İttifaqı ilə Ermənistan arasında Assosiativ üzvlüklə bağlı sazişin imzalanması planlaşdırılır. Özü də bu, ilk təşəbbüs deyil. Belə ki, birinci dəfə 2013-cü ildə tərəflər arasında saziş imzalanmalı idi. Lakin Putinlə görüşdən sonra Sarkisyan sazişdən imtina etdi. İndi də Ermənistanın Qərb vektorunun tərəfdarları ehtiyat edirlər ki, prezident yenə də Avropa İttifaqı ilə yaxınlaşmaqdan imtina etsin. Əgər bu baş verərsə, onda Qərb birdəfəlik Ermənistandan əlini çəkəcək, erməni dövlətinin reputasiyası ciddi zərbə almış olacaq.
Lakin Rusiya ekspertləri nədənsə bu dəfə sazişin imzalanacağına optimist yanaşırlar. Məsələn, MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev hesab edir ki, bu dəfə sazişin imzalanmasına heç bir təhlükə yoxdur. "İndi söhbət Yerevanın seçimindən getmir. O, artıq Avrasiya İqtisadi İttifaqına doğru seçim edib”, - deyə ekspert vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də Yerevana təzyiq göstəriləcəyinə inanmır. "Əldə etdiyim xəbərlərə görə, Moskva və Bakı Rusiyada prezident seçkiləri ərəfəsində Qarabağda vəziyyətin gərginləşməməsi barədə qeyri-rəsmi razılıq əldə ediblər. Lakin seçkilərdən sonra bu razılıq pozulacaq”, - deyə rusiyalı ekspert vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər