Seriallarımız pandemiyanı niyə “görmədi”?
Hətta növbəti mövsümdə də koronavirus, karantin
mövzularına yer verməyə ehtiyac olmadığını düşünənlər var
Serial böyük kütləni özünə cəlb edən, ssenarisinə
inandıran və yaşanan hadisələrin içərisində tamaşaçını yaşadan bir televiziya
nümunəsidir. Təbii ki, tamaşaçını yaşadan məsələsi də hər seriala şamil
edilmir. Son 4 ayda pandemiya ilə əlaqədar serialların bir çoxunun çəkilişləri
dayandırılsa da, onlar bir neçə həftədən sonra yenidən çəkiliş meydançasın dönərək
serialları mövsüm sonuna çatdırdılar. Ancaq bu serialların heç birində hazırda bütün
dünyanı cənginə almış koronovirus pandemiyası ilə bağlı bir dialoq və ya səhnə görmədik.
Hətta ölkədə xüsusi karantin rejimi olduğu və bu qaydalara əməl edilməsinin
vacibliyi ilə bağlı detala da rast gəlmədik.
Hazırda mövsüm sonuna çıxan serialların rejissor və
ssenaristləri arasında sorğu keçirdik. Onlardan növbəti mövsümdə seriallarımızda
maskanın taxılması, sosial məsafənin qorunması, insanlarla məsafə saxlanılması,
görüşmək qaydaları kimi məsələlərə nə qədər yer veriləcəyini soruşduq. Axı, serial
da bir təbliğat vasitəsidir.
"Karantin, pandemiya, koronovirus kimi mövzulara müraciət etməyi
düşünmürük"
"Ata
ocağı" serialının baş rejissoru Rüfət Şahbazov bizimlə
söhbətində yeni mövsümdə serialın çəkilişlərində pandemiya ilə əlaqədar heç bir
əlavə xəttin salınmayacağını deyir. O, hesab edir ki, gündəlik həyatda insanlar
yetəri qədər bununla bağlı informasiya qəbul edir və asudə zamanlarını səmərəli
keçirmək üçün ekran qarşısına əyləşirlər. Belə bir zamanda da tamaşaçılara, demək
olar ki, hər saat eşitdikləri mövzu ilə bağlı məhsul təqdim etmək onları yora
bilər: "Serialımız yeni mövsümdən qaldığı yerdən davam edəcək. Ancaq qeyd
etdiyiniz karantin, pandemiya, koronovirus kimi mövzulara müraciət etməyi
düşünmürük. Ola bilər ki, biz serialın yeni bölümünü çəkən zaman artıq
koronovirusun vaksini tapılsın və bu virus məhv olsun. Pandemiya bitdikdən
sonra qısametrajlı film çəkmək planda var. Hazırda isə pandemiya dövründə bu mövzuya
müraciət etməyi düşünmürük. Onsuz da karantin günlərində insanlar evdən çölə
çıxa bilmir, mətbuatda, televiziyalarımızda bu istiqamətdə maarifləndirici
materiallar nümayiş olunur. Və evdə qalan vətəndaşlar yetəri qədər yüklənir və
stress keçirir. Stress atmaq üçün isə ekran qarşısına keçib, serial izləyirlər.
Orda da pandemiya və bu kimi mövzularla qarşılaşsalar, serialdan bezərlər. Əgər
çəkdiyimiz serial vasitəsi ilə insanları gün ərzində 40-45 dəqiqə problemlərindən
ayıra və fərqli bir dünyaya apara biliriksə, nə xoş bizə".
"Ssenaristlərin işlərinə müdaxilə etmək istəmirəm"
Əməkdar artist,
rejissor Ramin
Hacıyev yeni mövsümdən bir neçə kanal üçün yeni seriallar çəkəcəyini
bildirdi: "Açığını desəm, çəkilən seriallarda pandemiya ilə bağlı mövzu
qoymaq və sosial məsafə, maskadan
istifadə kimi maarifləndirici nüanslar əlavə etmək birbaşa olaraq ssenaristlərdən
asılıdır. Bir rejissor olaraq ssenaristlərin işlərinə müdaxilə etmək istəmirəm.
Əgər yeni mövsümdə pandemiya davam edərsə, bu kimi xırda nüanslar və gigiyenik
qaydalara əməl olunması ilə bağlı əlavələr edərik. Belə ki, aktyorların ictimai
yerdə maskadan istifadə etməsi, sosial məsafəni qoruması, spirtdən istifadə etməsini
göstərməyə çalışacağıq. Hələ ki serialların ssenariləri yazılır, müzakirələr gedir.
Sözün düzünə qalsa, bu zamana qədər serialların yazılan hissələrinə bu mövzular
daxil edilməyib. Ancaq ola bilər ki, daxil edilsin. Çünki bu günün tamaşaçısı
hazırda baş verən hadisələri efirdən izləmək istəyir. Bu isə realdır və bunu
göstərmək mümkündür".
"İndidən bu detalları ssenariyə əlavə etsək, payızda öz əhəmiyyətini
itirə bilər"
Yazıçı-ssenarist Pərviz
Seyidli ikinci mövsümdə seriala qaldığı yerdən davam edəcəklərini
və pandemiya ilə bağlı hələ ki mövzu nəzərdə tutulmadığını bildirdi: "Bilirsiniz
ki, serialların çəkilişləri bitib və yeni mövsüm üçün hazırlıqlar avqustda
davam edəcək. Pandemiya ilə bağlı yeni bir ssenari hazırlamışam və onun təsdiqlənməsini
gözləyirəm. Əgər o mövzu təsdiqlənsə, yeni mövsümdən onun üzərində çalışacağıq.
Bundan əlavə, bir ailə-məişət mövzusunda, bir də detektiv janrında ssenarim var.
Bu elə bir mövzudur ki, indidən dəqiq bir söz demək mümkün olmur. Hələ müzakirələr
aparılır. Əgər serialın çəkildiyi dönəmdə karantin qüvvədə qalacaqsa və biz
bunu nümayiş etdirməli olacağıqsa, süjetlərdə çəkilişimiz üçün müəyyən çətinliklər
yaranacaq. Belə ki, karantində çəkilişləri küçədə, kafedə, ictimai yerlərdə
apararkən bu prosedurlara əməl etmək vacibdir. Digər tərədən isə, bu, həyatın
özüdür, hesab edirəm ki, belə olduqda, daha təsirli və təbii alınar. İnsanlar
efirdə, serialda öz gündəlik həyat şəraitlərini görəndə, sakitləşirlər. Serial
tamaşaçıya həyatın axarını göstərəndə, tamaşaçı ilə empati qura bilir. Hazırda
üzərində işlədiyimiz ssenarilər, demək olar ki, oktyabrda çəkiləcək və
pandemiyanın həmin dönəmdə olub-olmayacağı da sual altındadır. Yəni indiki
halda bu detalları ssenariyə əlavə etsək, payızda öz əhəmiyyətini itirə bilər.
Ancaq istənilən halda, efirdə nümayiş olunan materiallarda günümüzün
reallığının əks olunması arzulanandır".
"Hazırda müzakirə mərhələsindəyik"
Ssenarist,
rejissor Valeh Əhmədov isə bildirir ki, günümüzün ayrılmaz hissəsinə
çevrilən bu pandemiyayla bağlı planları var: "Təbii ki, koronavirus, pandemiya,
karantin - serialda bunlarla bağlı nələrsə əlavə etməyi də düşünürük. Yeni mövsümə
hazırlıq planlarında bu mövzu var. Açığını desəm, hələ tam dəqiq bilmirik.
Hazırda müzakirə mərhələsindəyik".
"Ssenaridə maarifləndirmə xarakterli mövzular düşünürük"
"Uçurum”
seriyalının ssenaristi Xanım Aydın bildirir ki, "Oscar
Film Production”da çəkilən, ARB kanalında yayımlanan serial yaxın günlərdə ikinci
mövsümü başa çatdırıb: "Aldığımız tamaşaçı rəyləri və eləcə də reytinq cədvəlinə
nəzər salaraq əminliklə deyə bilirəm ki, dünyanı və eləcə də ölkəmizi ağuşuna
alan "Covid-19”
pandemiyası ucbatından qarşılaşdığımız bir çox çətinliklərə baxmayaraq,
serialın ikinci mövsümü elə birinci mövsümdə olduğu kimi, uğur və sevgi qazandı.
Bu uğurdan yola çıxaraq artıq üçüncü mövsümə hazırlaşırıq. Artıq ssenari üzərində
işləyir, növbəti mövsümdə baş verəcək hadisələr, obrazlar və s. haqqında ciddi
müzakirələr aparırıq. Müzakirələrimiz hələlik onlayn rejimdə keçsə də, hesab
edirəm ki, nəticəsi yaxşı olacaq. Yaşadığımız günlər bizə tarix və ədəbiyyat
kitablarından dəhşətlə oxuduğumuz və bəlkə də faciəsinin ağırlığına yazılan
cümlələrdən belə tab gətirə bilmədiyimiz vəba, taun, qarayara günlərinin müasir
dövrə uyğun təkrarıdır. Və biz bunu hazırda canlı yaşayırıq. Bu vəziyyət gördüyümüz,
bildiyimiz bütün sahələrə, o cümlədən film, serial sahəsinə də təsirini göstərməkdədir.
Bu ağır dönəmdə xəstəliyin çox yayılmamasının qarşısını almaq məqsədilə evdə
qalmaq məcburiyyətində olan insanlara televiziya kanallarında daha çox "evdə
qal”, "özünü qoru”, "gigiyenaya əməl et” şüarları ilə səslənirlər. Ədəbiyyat
sahəsində bu mövzuda yeni əsərlər yazılır, kino sahəsində filmlər çəkilir. Qeyd
etmək istərdim ki, "Uçurum” serialı ailə-məişət mövzusunda olsa da, baş qəhrəmanlarımız
həkimlərdir. Və biz də öz növbəmizdə yeni mövsüm üçün ssenaridə maarifləndirmə
xarakterli mövzular düşünürük. Bir halda ki baş qəhrəmanlarımız həkimlərdir,
bunu daha məqsədəuyğun və həm də vacib hesab edirəm. Seriala baxmaqla
insanlar asudə vaxtlarını həm əyləncəli,
həm səmərəli keçirəcək, həm də, eyni zamanda müəyyən qədər maariflənəcəklər".
Serial yaradıcıları hər nə qədər mövzu ilə bağlı
müzakirələrin aparıldığını desələr də, serialda pandemiya ilə bağlı hər hansı səhnələrin
əlavə edilməsinin tamaşaçını yoracağını vurğulasalar da, unutmayaq ki, serial
da bir təbliğat vasitəsidir. Ekspertlərin də dediyi kimi, tamaşaçıya real həyatı,
gündəlik yaşayış tərzini efirdən göstərdikdə, o daha çox inanacaq. İnandırıcı
olmaq zəhmət və yaradıcılıq tələb edir.
Bütün bunlarla yanaşı, ümid edək ki, yeni mövsüm
üçün artıq pandemiya bitmiş olacaq və belə məsələlərə ehtiyac qalmayacaq.
Xəyalə Rəis