• cümə, 29 Mart, 19:25
  • Baku Bakı 14°C

Seriallarda yeniliklər gözlənilir

21.07.16 11:30 3246
Seriallarda yeniliklər gözlənilir
Mövsümü beləcə qapadırıq. Bir mövsümün sona çatması yeni bir mövsümün başlanğıcı deməkdir. Yeni mövsüm isə özü ilə bərabər yeniliklər gətirir. Bu dəfə biz sizə yeni mövsümün seriallarımıza gətirəcəyi yeniliklərdən bəhs edəcəyik. Belə ki, müxtəlif telekanallarda çalışan prodüser və rejissorlarımızdan yeni mövsümlə əlaqədar seriallarımıza gətirəcəkləri yenilikləri xəbər aldıq. Öyrəndik ki, onlar isti yay günlərində istirahət haqqında düşünmürlər. Yeni mövsümdə tamaşaçılara fərqli ab-hava yaşatmaq üçün daima çalışırlar.
Bundan sonra "106-cı palata” olmayacaq
"Bozbash pictures”, "106-cı palata” seriallarının baş prodüseri İlkin Həsəni bizimlə söhbətində bildirdi ki, tamaşaçılar yeni mövsümdən etibarən ATV telekanalında maraqlı seriallar izləyəcəklər. Belə ki, onun çalışdığı komanda heyəti hazırda yeni serial üzərində işləyir: "Yeni serial üzərində çalışırıq. Bu serial tamamilə başqa üslubda olacaq. Qeyd edim ki, üzərində çalışdığımız serial "Bozbash pictures”lə əlaqəlidir. Bu serial vasitəsi ilə siz maraqlı və fərqli obrazların ifasında xeyli güləcəksiniz. Belə ki, çəkdiyimiz serial vasitəsi ilə tamaşaçılar "Bozbash pictures”in qəhrəmanlarını görə biləcəklər. "106-cı palata” adlı layihəmiz isə bir neçə aylıq nəzərdə tutulmuşdu. Biz də onun öhdəsindən layiqincə gəldik və həmin layihə də bağlandı. Bundan sonra "106-cı palata” olmayacaq. Hazırlayacağımız yeni serialın adına gəlincə isə bu barədə hələ ki düşünürük. Həmin serialın adını avqustun sonlarına yaxın dəqiqləşdirib mətbuata bu barədə ətraflı məlumat verəcəyik”.
Prodüser deyir ki, "106-cı palata” serialını tamaşaçıların "Bozbash pictures”in qəhrəmanları üçün darıxmaları üçün hazırlamışdılar: "Ən uğurlu layihələrimizdən olan "Bozbash pictures” layihəsi efirdə fasilələrlə nümayiş olunub. Belə ki, bizim həftəlik təqdim etdiyimiz bu layihə mini film kimi nəzərdə tutulub. Biz bu mini filmi tamaşaçılara təqdim etmək üçün hər həftə ayrı-ayrı mövzulara müraciət edir və bu mövzulara uyğun bölüm çəkmək üçün müxtəlif bölgələrə getməli olurduq. Bu da bizdən çox enerji və vaxt tələb edirdi. Bu layihəyə ara verməklə biz az enerji yığmaq istədik. Tamaşaçıları çox da intizarda qoymadıq və daima onların nəzərlərində olmaq üçün "106-cı palata”nı düşündük”.
İ.Həsəni müstəqil olaraq çəkdikləri ikinci filmlərinin uğurlarından danışdı və bildirdi ki, artıq üçüncü filmlərinin çəkilişinə başlayıblar: "Sonuncu dəfə tamaşaçılara kinoteatrda təqdim etdiyimiz "Axırıncı yol” filmi kinoteatr filmləri arasında ən çox baxılanlar arasında yer aldı. Təxminən 145 minə yaxın tamaşaçı filmimizi dəyərləndirdi. Ola bilsin ki, bu filmin ikinci hissəsini çəkdik. Adını "Axırıncı yol-2” qoyduq. Adının nə olmasından asılı olmayaraq, bu film də baxımlı film olacaq. İkinci hissə birincidən ssenari baxımdan daha maraqlı macəra komediyasıdır. Hələ ki ad üzərində müzakirələr aparılır”.
"Hazırda istirahət edirik”
"Qız atası”, "Eks bacanaqlar”, "Qardaşlar” serialının baş rejissoru Ramin Hacıyev isə qeyd etdi ki, hazırladıqları seriallarda köklü dəyişikliklər olacaq: "Hər il hazırladığımız seriallarda yeniliklər edirik ki, tamaşaçı bizi izləməkdən bezməsin, onlar üçün maraqlı olsun. Yeni mövsüm başlamamışdan öncə komanda ilə yığışıb nələr edə biləcəyimizi düşünürük. Hazırda istirahət edirik. Avqustun 10-a qədər hazırladığımız seriallarda hansı dəyişikliklərin ediləcəyi bəlli olacaq. Ola bilsin ki, seriallarımızın hansısa ixtisara düşdü. Bu, "Eks bacanaqlar” da ola bilər. Ancaq tam dəqiq bilmirik. Digər tərəfdən isə "Eks bacanaqlar”ı uzunömürlü serial kimi saxlamaq istəyirik. Çünki bu serial yüksək reytinqə malikdir”.
Geridə qoyduğumuz mövsümdə "Həyat sən nə qəribəsən” serialının son bölümü nümayiş olundu. 3 ildir nümayiş olunan serialın rejissoru Ramin Nəbiyev bizimlə söhbətində bildirdi ki, hazırda yeni serial üzərində çalışır. Rejissor açıqladı ki, çəkdiyi serial dram janrındadır. R.Nəbiyev deyir ki, hələ ki hazırlayacaqları serialın mövzusuna uyğun iştirakçılar axtarılır. Bunun üçün kastinqlər təşkil edilib: "Bir həftə ərzində hər şey dəqiqləşəcək. Hazırda işlər gedir. Yeni layihəmiz haqqında əraflı məlumat vermək icazəmiz yoxdur. İnşallah, tamaşaçılar yeni mövsümdən hər şeyin şahidi olacaqlar”.
Rejissor onu da əlavə etdi ki, bu dəfə günlük deyil, həftəlik serial təqdim olunacaq.
Geridə qoyduğumuz mövsümdə final bölümü yayımlanan "Bir ailəm var” serialının baş rejissoru Rüfət Şahbazov da yeni serial çəkilişləri üzərində çalışır. Serialın rejissoru deyir ki, hazırladıqları serial dram janrındadır və hazırda seriala çəkiləcək olan iştirakçılar arasında seçim edilir. Hələlik layihə haqqında mətbuata heç bir açıqlama vermədiklərini deyən rejissor yaxın zaman ərzində mətbuat nümayəndələrinə yeni serial haqqında məlumat veriləcəyini əlavə etdi.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər