• cümə axşamı, 25 aprel, 11:46
  • Baku Bakı 14°C

“Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz”

22.02.17 11:00 877
“Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz”
Ötən əsrin əvvəlindən başlayaraq xalqımız erməni separatçıları tərəfindən vaxtaşırı, beynəlxalq hüquq normalarına zidd, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və qeyri-insani rəftarla müşayiət olunan etnik təmizləmə siyasətinə məruz qalıb. Ermənilərin törətdiyi vəhşilik nəticəsində yüz minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə ağır işgəncələr görüb, vəhşicəsinə qətlə yetirilib, onların yaşadıqları bir çox şəhər və kəndlər xarabalığa çevrilib. 1988-ci ildən başlayaraq isə bədnam qonşumuz Ermənistan "Türksüz Ermənistan” şüarı altında etnik təmizləmə siyasətinə əl atmaqla, soydaşlarımızı deportasiya etməklə bərabər, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni əhali arasında separatçılığı da körükləyib, əsassız ərazi iddiaları ilə çıxış edib. 1991-1994-cü illərdə Dağlıq Qarabağ bölgəsi uğrunda gedən müharibə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ətraf 7 inzibati rayonu işğal edib, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatdırılıb. Amma reallıqda müharibə vəziyyəti indiyə qədər davam etməkdədir.

Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olsa da, indiyə qədər problem həllini tapmayıb. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası, AŞPA,ATƏT, İƏT və digər mötəbər qurumların qətnamələri yerinə yetirilməyib. Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktivliyi səbəbindən hal-hazırda da Azərbaycan əraziləri işğal altında saxlanılmaqdadır. Münaqişənin sülh və danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Rusiya, ABŞ və Fransanın işğalçı ilə işğal olunan dövlətə eyni mövqedən yanaşması, Ermənistana təsir və təzyiq edilməməsi problemin həllini daha da yubadır. Baxmayaraq ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq işğalçı Ermənistan üzərində hərtərəfli üstünlüyə malikdir, o cümlədən hərbi gücümüz, insan resursumuz düşmən ölkədən qat-qat üstündür, rəsmi Bakı hələlik müharibə yolunu seçmir. Ərazi bütövlüyümüzü hərbi yolla bərpa etmək Azərbaycanın suveren hüququ olsa da xalqımız danışıqlar prosesinin müsbət nəticələnməsindən ümidini üzməyib. Amma Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan xalqının səbri də tükənməz deyil. Əgər sülh danışıqları bir nəticə verməzsə, ölkəmiz müharibə yolu ilə ərazi bütövlüyünü təmin edəcək.

Prezident İlham Əliyev Azərbaycan xalqının bu mövqeyini, milli maraqlara söykənən siyasəti qətiyyətlə müdafiə edir, xarici ölkələrə səfərlərində, rəsmi görüşlərdə, beynəlxalq əhəmiyyətli tədbirlərdə ən yüksək tribunadan bir daha dünyaya çatdırır. Bu günlərdə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında dövlətimizin başçısı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması məsələsindən söhbət açmaqla bir daha dünyanın, o cümlədən Avropa ölkələrinin diqqətini Dağlıq Qarabağ probleminə yönəldib. Prezidentİlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxış edərək deyib ki, hazırda ölkəmizin üzləşdiyi problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, bu qətnamələr iyirmi ildən artıqdır kağız üzərində qalmaqdadır. O, qeyd edib ki, bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalı, hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir. Azərbaycan Prezidenti bir daha bəyan edib ki, beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. O, Ermənistan və Azərbaycan arasındakı münaqişənin region üçün ən böyük təhlükə olduğunu da diqqətə çatdırıb. Deyib ki, rəsmi Bakının konstruktiv siyasəti münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır.


Dövlətimizin başçısı bu fikirlərlə Avropadan dünyaya səslənib, işğalçı Ermənistanın beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sayğısız yanaşdığını dilə gətirib. Əslində işğalçı ölkənin belə davranışı BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətləri heçə saymaqdır. Qətnamələrin indiyə qədər yerinə yetirilməməsi dünyada böyük güc rolunu oynayan, BMT-də əsas söz sahibi olan dövlətlərin öz qərarlarına da hörmətsizliyidir. Dövlətimizin başçısı ABŞ və Fransanın, həmçinin Ermənistanı özünə forpost hesab edən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi rolu da çox aydın şəkildə izah edib: "Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. Qrupun mandatı münaqişənin həll olunmasına kömək etməkdir. Ümid edirik ki, ATƏT-in Minsk qrupu, onun həmsədrləri bu gün ilə müqayisədə daha da fəal olacaqlar. ATƏT-in Minsk qrupunun həmsədri olan bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu isə o deməkdir ki, bu qətnamələr onların iştirakı ilə qəbul olunmuşdur. Onlar bu qətnamələrin qəbul olunmasına etiraz etməyiblər. Lakin qətnamələr icra olunmayıb və dünyanın bu aparıcı ölkələri işğal olunmuş ərazilərdən geri çəkilmək üçün təcavüzkar Ermənistana kifayət qədər təzyiq göstərə bilmirlər. Lakin biz ümid edirik ki, münaqişə qətnamələr əsasında həll olunacaqdır. Bunu etmək üçün yeganə yol bu cürdür... Rusiya Azərbaycanın qonşusudur. Ermənistanın birbaşa qonşusu deyil, amma regional qonşu ölkədir. Buna görə də münaqişənin həll olunması Rusiyanın da marağındadır. Çünki münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Əlbəttə ki, vəziyyət nəzarət altından çıxsa, regionun bütün ölkələrində problemlər olacaqdır”.


Xüsusilə qeyd olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması, Azərbaycan torpaqlarının işğal altında saxlanılması dünyadakı ikili standartların da ən bariz nümunəsidir. Çünki, Liviya ilə bağlı BMT-nin qəbul etdiyi qərarların mürəkkəbi qurumamış Fransa qırıcı təyyarələri dərhal paytaxt Tripolini bombaladı, NATO qüvvələri güc yolu ilə Müəmmar Qəddafi hakimiyyətinin devrilməsinə nail oldu. Amma BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələr indiyə qədər icra olunmayıb, dünya birliyi də buna seyrçi qalıb. Yaxud başqa bir müqayisə apararaq qeyd edək ki, Krım yarımadası Rusiya hərbçiləri tərəfindən ilhaq ediləndə, Donetsk və Luqanskda separatçılıq meyilləri güclənəndə dünya dövlətləri dərhal Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər. Ardınca isə Ukraynaya hərbi müdaxilə edən Rusiyaya iqtisadi-siyasi sanksiyalar tətbiq etdilər, Krım və Donbasdakı separatçıların Qərb ölkələrinə, o cümlədən Avropaya gediş-gəlişinə qadağalar qoydular. Yəni, Qərb aləmi birmənalı olaraq Ukraynanı dəstəklədi, işğalçıya və separatçılara təzyiq göstərməyə başladılar. Bu siyasət indi də davam edir. Ancaq təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə biz bu mənzərəni müşahidə etmirik. Ermənistanın işğal altındakı ərazilərimizdə yaratdığı qondarma rejimin nümayəndələri heç bir məhdudiyyət görmədən ABŞ və Avropada sərbəst dolaşır, ianələr toplayır, separatçı rejimin ayaqda durmasını təmin edirlər. Dünya dövlətləri də bu qanunsuzluqlara, ədalətsizliyə göz yumur.

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə bu amili də diqqətə çatdırıb. O, Almaniya kansleri Angela Merkelin ərazi bütövlüyünün dəstəklənməsi barədə fikrini əsas gətirərək deyib ki, Azərbaycan Avropadan və hər bir ölkədən postsovet məkanında olan bütün münaqişələrə dair vahid standart yanaşmanı gözləyir. Dövlət başçısı bildirib ki, ərazi bütövlüyünün dəstəklənməsi prinsipi seçmə üsulla deyil, bütün münaqişələrə tətbiq olunmalıdır. Prezident İ.Əliyev Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişini xatırladaraq qeyd edib ki, bu saziş daha çox birtərəfli təlimatlar siyahısına bənzəyib: "Azərbaycanın bu sazişi imzalanmamasının səbəblərindən biri, hətta ən əsas səbəbi onunla bağlı olub ki, onlar Ermənistan ilə Azərbaycan arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması ilə bağlı dəqiq ifadə edilmiş mətni bu sənədə daxil edilməsini istəməyiblər. Lakin onların Gürcüstan və Moldova ilə razılaşmalarında bu müddəa olub. O zaman Ukraynanın belə bir problemi yox idi. Lakin Azərbaycana gəldikdə, ikili standartlar üzə çıxır. Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana qarşı sanksiyalar tətbiq olunmayıb. Bu ikili standartlı yanaşma aradan qaldırılmalıdır. Əlbəttə ki, bu, dərhal münaqişənin həllinə gətirib çıxarmayacaqdır. Lakin biz səylərimizi birləşdirsək və təcavüzkar Ermənistana torpaqları boşaltmaq üçün təzyiq göstərsək, düşünürəm ki, onda münaqişə daha tez həll olunacaq”.

Beləliklə də Prezidenti İlham Əliyev növbəti dəfə iştirak etdiyi mötəbər tədbirdə ölkəmizin milli maraqlarına söykənən siyasətindən söhbət açmaqla, Azərbaycanın uğurlarını növbəti dəfə diqqətə çatdırıb, xalqımızın maraqlarını qətiyyətlə müdafiə edib, onu Avropaya və bütün dünyaya bəyan edib. Ölkə başçısı heç bir gücdən çəkinmədən Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətsizliyini, öz qərarlarına hörmətsizliyini, işğalçı Ermənistana təzyiq göstərməkdə aciz qaldıqlarını dünyaya çatdırıb. Bununla bir daha bildirilib ki, Azərbaycan heç bir zaman ərazi itkisi ilə barışmayacaq, xalqımız Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə hərbi yolla ərazi bütövlüyümüz bərpa ediləcək.

Ərturan İSMAYIL

banner

Oxşar Xəbərlər