• cümə, 19 Aprel, 12:57
  • Baku Bakı 25°C

Sergey Yeseninin anım tədbiri keçirilib - Fotolar

04.10.17 17:27 1327
Sergey Yeseninin anım tədbiri keçirilib - Fotolar
XX əsrin əvvəllərində yazıb-yaratmış, adı həmin dövrün böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən ən lirik rus şairlərindən biri Sergey Yesenindir. Şairin 20 iyun 1924-ci il tarixdə qələmə aldığı tərcümeyi-halından belə məlum olur ki, o, 1895-ci il sentyabrın 21-də, yeni tarixlə isə oktyabrın 3-də Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olub. Onun atası kəndli Aleksandr Nikitiç Yesenin, anası Tatyana Fyodorovna olub. Oxumağı 5, şeir yazmağı 9 yaşından bacaran S.Yesenin ilk təhsilini kilsə məktəbində alıb. Oranı bitirdikdən sonra 17 yaşında ikən Moskvaya gəlib. Əvvəlcə kitab mağazasında, sonra mətbəədə işləyib. 1913-cü ildə Moskva Şəhər Xalq Universitetinin tarix-fəlsəfə şöbəsində azad dinləyici kimi iştirak etməyə başlayıb. Moskva həyatı Yesenini tamamilə dəyişdirib və o, burada dövrün tanınmış yazarları ilə tanış olub. S.Yeseninin sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı nəşr olunub. Onun ilk kitabı – "Радуница” 1915-ci ilin noyabr ayında 1916-cı il qeydi ilə çap olunub. Son kitabı "Персидскиемотивы” isə 1925-ci ilin may-iyun aylarında çap olub. Bunlardan əlavə, şairin sağlığında müxtəlif mənbələrdə 25-ə yaxın kitabın çapa hazırlanması haqqında məlumatlara rast gəlinsə də, naməlum səbəblərdən onlar çap olunmamış qalıb.


Xatırladaq ki, S.Yesenin 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşayıb. Təsadüfi deyil ki, yeseninşünaslar şairin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının "qızıl dövrü” adlandırırlar. Hətta həmin dövrü Puşkin yaradıcılığının "Boldino payızı” ilə müqayisə edirlər. 1924-1925-ci illərdə S.Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 37 şeir və 2 poema daxil olmaqla ümumilikdə 39 əsəri dərc edilib. Sevgi poeziyasında xüsusi yeri olan, S.Yeseninin sevgi himni sayıla biləcək "İran nəğmələri” silsiləsindən bir sıra şeirlər də Bakıda yazılıb. Beləliklə də 1924-1926-cı illərdə S.Yeseninin Bakı mətbuatında 48 seir və 3 poema olmaqla bütövlükdə 51 əsəri dərc edilib. Onlardan 47 şeir və 3 poema "Bakinski raboçi” qəzetində işıq üzü görüb. Bu əsərlərdən 43 şeir və 2 poema S.Yeseninin sağlığında, 4 şeir və 1 poema şairin ölümündən sonra çap olunub. Ümumiyyətlə, "Bakinski raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu baxımdan ikinci sırada 1921-ci ildən etibarən Moskvada A.K.Voronskinin baş redaktorluğu ilə çıxan "Краснаяновь” jurnalı durur. 1922-1925-ci illərdə həmin jurnalda S.Yeseninin 30-a yaxın əsəri çap olunub. S.Yesenin Bakıya sevgisini məşhur "Прощай, Баку" şeirində ifadə edib. Şair 28 iyul 1925-ci ildə Bakıya son gəlişində bakılılar və Bakısız yaşaya bilmədiyini xüsusilə qeyd edib.

S.Yesenin 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın "Anqleter” otelində özünü asaraq intihar edib. S.Yeseninin şeirləri dünyanın 50-dən çox dilinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib.S.Yeseninin Azərbaycanla bağlılığı dövlət səviyyəsində də öz layiqli qiymətini alıb. Azərbaycan KP MK Bürosunun 1 avqust 1974-cü il tarixli qərarı əsasında, Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 1 aprel 1975-ci il tarixli, 22 saylı sərəncamı ilə Mərdəkanda S.Yeseninin yaşadığı evdə onun xatirə muzeyi - otaq-muzeyi yaradılıb. Muzeyin yerləşdiyi yer 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub. Muzey 1975-ci il oktyabrın 3-də S.Yeseninin anadan olmasının 80 illiyi münasibətilə fəaliyyətə başlayıb. Muzeyin yerləşdiyi küçə də şairin adını daşıyır. Muzey Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 89 ünvanında yerləşir. Ötən əsrin 90-cı illərdə muzeyin fəaliyyəti dayandırılıb və təxminən 8 il müddətində muzey fəaliyyət göstərməyib. Nəhayət,Azərbaycan Elmlər Akadamiyası Rəyasət Heyətinin 24 iyul 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə muzeyin fəaliyyəti bərpa edilib. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı sayılan bu muzey S.Yeseninin Rusiyadan kənarda fəaliyyətə başlayan ilk rəsmi xatirə muzeyidir. Muzeydəki ekspozisiyalara, əsas etibarilə, şairin əsərləri, onun haqqında yazılmış kitablar, qəzet məqalələri, fotoşəkillər, ona həsr edilmiş rəsm əsərləri, şairin büstləri və sair daxildir. Hər il oktyabrın 3-də - S.Yeseninin doğum günündə bu muzeydə yeseninsevərlər yığışır, şairin şeirləri oxunur, böyük şair xoş sözlərlə anılır.

Bu il oktyabrın 3-də də Mərdəkandakı muzeydə lirik rus şairi S.Yesenin anadan olmasının 122 illiyi qeyd olunub. Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) Rus dili müəllimələri Arzu Səfərova və Gülnarə Məmmədovanın, həmçinin kollecin bir qrup tələbəsinin də qatıldığı tədbiri muzeyin direktoru Nəzakət İbadova açıb. O, S.Yeseninin həyat və yaradıcılığından danışıb.

"Xəzər” Universitetinin prorektoru, S.Yeseninin tədqiqatçısı İsaxan İsaxanlı ölməz şairin əsərlərindən söhbət açıb. O, şairin Azərbaycanla bağlı xatirələrini, yaradıcılığının Bakı dövründəki məhsuldarlığı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Valentin Denisov da çıxış edərək, ölməz şair S.Yesenin barədə öz fikirlərini bölüşüblər.

Sonda BİTKol tələbələri lirik rus şairi S.Yeseninin şeirlərini Azərbaycan və rus dillərində bədii qiraət ediblər. S.Yeseninin Xatirə Muzeyinin direktoru N.İbadova və Rusiya səfirliyinin müşaviri V.Denisov ölməz şairin xatirəsini əziz tutub onun yaradıcılığını öyrəndiyinə, həmçinin təbliğinə görə BİTKol-un müəllim və tələbələrinə minnətdarlıqlarını bildiriblər.





banner

Oxşar Xəbərlər