• cümə, 26 Aprel, 00:14
  • Baku Bakı 16°C

Sərdar Cəlaloğlunun iddialarına daha bir cavab

16.05.13 13:08 2411
Sərdar Cəlaloğlunun iddialarına daha bir cavab
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bir neçə gün əvvəl Səməd Vurğun haqqında işlətdiyi təhqiramiz ifadələr cəmiyyətdə aqressiv qarşılandı. Bu hadisənin üstünə su səpilər-səpilməz S. Cəlaloğlu bu dəfə də tarixi şəxsiyyətlərimizi təhqir etdi. Bu dəfə o, Babəkin qəhrəman kimi süni şəkildə şişirdildiyini deməklə qalmayıb, Koroğlunu da “çətinə düşəndə arvad paltarı geyinib qaçan” adlandırıb. Onun Babəki tənqidi və Koroğlunun ünvanına işlətdiyi təhqirə “Türk tarixinin təbliği” layihəsi çərçivəsində tarixi qəhrəmanlarımızın müasir ideoloji tədqiqinə dəstək verən Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoydan münasibət öyrəndik:
- “Bilirsiz, bunu folklorşünaslarımız dolğun şəkildə tədqiq edirlər. İki il əvvəl ermənilər “Koroğlu”-ya da “göz dikmişdilər”. Həmin vaxt mən rəhbərlik etdiyim xəbər portalına AMEA-nın Folklor İnstitutundan alimlər dəvət etdim ki, adekvat təbliğat quraq. Rəhmətlik Əli Kərimbəyli bu istiqamətdə ciddi işlər gördü. Koroğluşünas kimi tanınan dəyərli alimimiz İslam Sadıq çox dəyərli faktlar təqdim etdi, eləcə də digərləri. İslam müəllim hətta Koroğlunun genetik kodunu açıb. Biz bunları bir neçə dildə yaydıq. Yəni bu cür məsələləri folklorşünaslar tədqiq edir, siyasətçilər yox. Sərdar Cəlaloğlu isə məsələnin ancaq siyasi tərəfinə münasibət bildirib. S. Cəlaloğlu Azərbaycanda mütaliəsi olan az sayda siyasətçilərimizdən biridir. Amma “Koroğlu” dastanı o qədər təhrif olunub ki, oxucunu qınamaq mümkün deyil. Alimlərimizin başqa Türk xalqları ilə birgə apardıqları tədqiqatlar isə bizə məlum olandan tamam fərqli bir dastanı üzə çıxarır.
Türk millətinə məxsus olan və şifahi xalq ədəbiyyatının ən geniş dastanlarından olan Koroğlu dastanı bəlkə də ən başıbəlalı dastanlarımızdandır. Müxtəlif səbəblərdən ən çox təhriflərə məruz qalan dastanlarımızdan biri, bəlkə də birincisi Koroğlu dastanıdır.
Belə ki, Koroğlu Türk millətində xalqların arzularının obrazı olduğu halda, müasir tarixdə Koroğlu ləqəbli insanların obrazları ilə qarışdırılmış və çaşqın bir obraz yaradılmışdır. Bunlardan ən dəhşətlisi Koroğlunun Cəlalilər hərəkatı ilə “calaq” edilməsidir.
Cəlalilər Hərəkatı Osmanlı qoşunlarının Vyana qapılarına dayandığı və Roma İmperiyasını çökdürmək üzrə olduğu bir vaxtda, Osmanlı dövlətinin içində yaranmış və məhz orduya qarşı yaradılmış bir hərəkat idi ki, bunun da Romadan qaynaqlanması və maliyyələşməsi artıq çoxdan təsdiq olunmuş bir faktdır. Cəlalilər Hərəkatı məhz Paşaları hədəf almışdı. Niyəsi isə ondan ibarətdir ki, Osmanlının ordu quruculuğunda Soltanın stabil və dayanıqlı ordusu olsa da bu Osmanlı dövlətinin ordusunun çox kiçik bir hissəsini təşkil edirdi. Osmanlı yürüşləri zamanı ordunu əsasən Paşalar toplayardı ki, bunu da indiki anlamda səfərbərlik kimi başa düşə bilərik. Səfərbərliyi Paşalar, yəni generallar operativ şəkildə təşkil etdikləri üçün onların aradan götürülməsi birinci növbədə ordunun toplanmasına əngəlin ən əsas şərtlərindən idi. Digər tərəfdən isə Roma ilə müharibə vəziyyətində ikən Osmanlının daxilində silahlı qiyam qaldırmaq dövlətin zəifləməsi və ordunun cəbhədən çəkilməsinə hesablanmış bir addımdan başqa bir şey ola bilməzdi. Məhz bu səbəbdən də bir çox tarixçilər hesab edirlər ki, Cəlalilər əslində bu gün Türkiyəyə qarşı yaradılmış PKK-nın Osmanlı üçün anologiyasıdır. Yəni əslində Cəlalilər Osmanlıya qarşı yaradılmış, Osmanlını zəiflətmək məqsədi güdən indiki anlamda desək bir terror təşkilatı olub. Yəni dövrünün PKK-sı.
Bu hərəkatın başında duran Rövşən isə özünə Koroğlu ləqəbi götürmüşdü. Əslində isə Rövşən Romaya xidmət edən və Osmanlı üçün bir vətən xainidir. “Koroğlu” isə bütün türk xalqlarının dastanıdır və dastanın qəhrəmanı olan Koroğlu sadəcə bir əfsanəvi obrazdır. Koroğlu dastanı daha qədimlərə gedir və bir çox araşdırmaçılar Koroğlunun tarixinin bizə məlum olmadığını söyləyirlər. Tanınmış yazıçı Əlisa Nicat bu dastanın bizə məlum olan tarixdən də qədim qaynaqlarda rast gəlindiyini deyir.
Yəni Türk şifahi xalq ədəbiyyatının ən geniş dastanlarından olan Koroğlu dastanı ilə Sovet imperiyası dönəmində bizə “Koroğlu” kimi təqdim olunan “Cəlalilər dastanı” tamam fərqli mövzulardı ki, bizim hazirkı bir çox “sovet alimlərimiz” hələ onun təsirindən çıxmaq istəmirlər.
Xürrəmilər Hərəkatına gəlincə isə, bəli bu siyasi bir cərəyan idi. Amma bu o demək deyil ki, bunun bizə aidiyyatı yoxdur. Xurrəmilər Hərəkatı Azərbaycandan doğub və baş şüari “azadlıq və mülkiyyətin bərabər bölüşdürülməsi” idi ki, bu da Oğuz Xaqandan gəlmə ideologiyadır. Dəyərli türkoloq-alim Aydın Mədətoğlu çoxsaylı mənbələrə istinadən göstərir ki, bəşəriyyətdə ilk yaranmış dövləti məhz Oğuz Xaqan qurmuşdur. Oğuz Xaqan isə dövləti ən əsası məhz bərabərlik yaratmaq üçün qurmuşdu. Biz Xürrəmilərin bütün fəaliyyətində bu iki prinsipə rast gəlirik. Elə sözün özü də hürr-azad mənasındadır. Bəli, qonşu xalqlara da yayılmışdı bu cərəyan. Necə ki, tarix boyu sosial cərəyanlar həmişə geniş bir coğrafiyanı əhatə edib, Xürrəmilər də eləcə. İdeoloji baxımdan Türk ruhuna yaxın bir cərəyan idi. O hərəkata hətta ərəblər də qoşulmuşdular.
Babəkin isə öz Vətəninin və öz millətinin azadlığı uğrunda döyüşməsinə söz ola bilməz. Ərəb İmperiyasının 6 ordusundan 5-ini məhv edən Babək siyasi lider olmaqla bərabər həm də komandan kimi tarixin ən böyük sərkərdələrindəndir. Və nəzərə alın ki, o bütün müharibəni öz vətənində aparıb. Hələ onun özünün də müsəlman olması barədə nə qədər tədqiqat nəticələri var.
Orijinal fikir səsləndirmək istəyən varsa buyursun, “mülkiyyətin bərabər bölüşdürülməsi” şüarını Karl Marksdan əvvəl Oğuz Xaqanın dediyini, bu ideologiya üzərində dövləti isə bolşeviklərdən əvvəl Xürrəmilərin qurduğunu dünyaya bəyan etsin!”
Türkan
banner

Oxşar Xəbərlər