• cümə, 29 Mart, 13:37
  • Baku Bakı 14°C

Separatçılar Sarkisyanın təyin etdiyi nazirə qarşı

20.10.16 12:09 813
Separatçılar Sarkisyanın təyin etdiyi nazirə qarşı
Ermənistan prezidenti Serj Sarkisyanın hökumətin tərkibində həyata keçirdiyi kadr dəyişikliklərinin narazılıqlara yol acacağı barədə proqnozlar özünü doğrultmaqdadır. Narazılıq bu dəfə qondarma Dağlıq Qarabağ ordusunun keçmiş komandanı Samvel Babayandan gəlib. Müdafiə naziri Seyran Ohanyanın istefasına münasibət bildirən S.Babayan bunu düzgün addım hesab etmədiyini bildirib.
"Prezident Sarkisyanın onu nəyə görə istefaya göndərməsi barədə konkret bir şey deyə bilmərəm, məndə belə bir informasiya yoxdur. Onun indiki mərhələdə vəzifədən kənarlaşdırılmasını düzgün saymıram. Hərbi komanda arasında onu ən savadlı kadr hesab edirəm”, - deyə o bildirib. Bu istefanın 4 günlük aprel döyüşlərindəki uğursuzluqla bağlı olmasına gəldikdə isə, o bunları deyib: "Belə düşünmürəm. Əgər burda hansısa bağlılıq olsaydı, onda onu 3 generalla birlikdə elə əvvəlcədən azad edərdilər”. S.Babayan Prezident administrasiyasının keçmiş rəhbəri Vigen Sarkisyanın müdafiə naziri vəzifəsinə təyin edilməsinə qarşıdır: "Ermənistan bu gün müharibə şəraitindədir. Bunu Fransa, Almaniya və başqa Avropa ölkələri edə bilərlər. Amma mülki şəxsin bu gün Ermənistanda bu vəzifəyə təyin edilməsini düzgün məqam saymıram”.
Separatçıların keçmiş komandanı onu da qeyd edib ki, cəbhə zonasında vəziyyət qənaətbəxş deyil. Onun sözlərinə görə, ciddi şəkildə müharibəyə hazırlaşmaq gərəkdir. S.Babayan hesab edir ki, hazırlaşmaq üçün müvafiq vaxt lazımdır. Əlavə edib ki, Azərbaycan bu sahədə ciddi işlər görür. "Onlar raket və mərmi istehsal edən zavod tikirlər, dəmiryol məsələsini həll edirlər. Azərbaycan genişmiqyaslı və uzun müharibəyə gedir, sadəcə, biz bunu düzgün təhlil etmək istəmirik. Məsələ ondadır ki, əgər raket və silah zavodu tikirlərsə, deməli, onlar bu silahları aldıqları tərəfdaşlarına inanmır və hesab edirlər ki, onlar bunu hansısa mərhələdə dayandıra bilərlər. Buna görə də bu silahları özləri istehsal etmək istəyirlər”, - deyə o vurğulayıb. Samvel Babayan qeyd edib ki, Azərbaycan dünyaya silah satan ölkə deyil və bu o deməkdir ki, uzun müharibəyə hazırlaşır.
Beləliklə, separatçı rejimin ilk "müdafiə naziri” olmuş bu şəxsin belə bir bəyanat verməsi bir sıra mətləblərdən xəbər verə bilər. İlk növbədə, bu etiraz separatçıların Sarkisyana qarşı çıxması deməkdir. Erməni mətbuatında dərc edilən xəbərlərdə hətta vəzifəsindən qovulan generalların Babayanla birlikdə hərbi çevriliş cəhdinə hazırlaşmaları iddia olunur. Məsələn, bu yaxınlarda Ermənistanın "Qraparak” qəzeti yazıb ki, Samvel Babayan tərəfdarlarını başına toplayır və onların köməyi ilə Qarabağdakı işğalçı rejimə rəhbərlik etmək istəyir. "Gələn ilin yazında Qarabağda keçiriləcək seçkilərdə o, prezident vəzifəsini tutmağa və 2013-cü ildə Serj Sarkisyana ünvanladığı məktubda qələmə aldığı və son müsahibəsində sadaladığı proqramları gerçəkləşdirməyə cəhd edəcək”, - deyə qəzet yazıb. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Sarkisyana qarşı narazılıq işğal altındakı separatçı rejimdən başlana bilər. Hər halda, qondarma "DQR”in keçmiş "müdafiə naziri”, aprel hadisələrindən sonra müəmmalı şəkildə Moskvadan Yerevana dönən, buradan da Qarabağa gələn Samvel Babayanın və tərəfdarlarının atdığı addımlar bu qənaətə gəlməyə əsas verir.
Bundan əvvəl Samvel Babayan Ermənistan mediasına müsahibəsində aprel döyüşləri zamanı Azərbaycanın iki briqadasının cəmi bir saata ermənilərin müdafiə xəttini yardığını deyib. O bildirmişdi ki, Ermənistan nə insan, nə də maddi resurslara görə Azərbaycanla ayaqlaşa bilməz və bu gedişlə Azərbaycan əsgərləri gəlib Yerevanda çay içəcəklər.
Separatçıların nəzarət etdiyi ərazilərdə S.Babayana dəstək var. Belə ki, Qarabağa gələn Samvelə burada yüzlərlə tərəfdarı qoşulub. Tərəfdarları Babayanın separatçı rejimdə yenidən "vəzifəyə” gətirilməsinə çalışırlar. Lakin Serjikin əlaltısı, separatçı rejimin rəhbəri Bako Saakyanın Babayanı görməyə gözü yoxdur. O, hətta bir vaxtlar tabeliyində olmuş sabiq "müdafiə naziri”ni qəbul etməyib. Əksinə, Yerevandan gələn göstərişdən sonra Samvel Babayanın tərəfdarlarına qarşı güc tətbiq edib və onlar fiziki zorakılığa məruz qalıblar. Babayanın tərəfdarı, deputat Ayk Xanumyanın döyülməsi isə buna misaldır.
Qeyd edək ki, S.Babayan 1993-1999-cu illərdə Qarabağdakı separatçı rejimin "müdafiə naziri” vəzifəsini icra edib. 2004-cü ildə o, qondarma rejimin lideri Arkadi Qukasyana qarşı sui-qəsd təşkilində günahlandırılaraq həbs edilib. Sonradan azadlığa çıxan Babayan özünə partiya yaratsa da, heç bir uğur əldə edə bilməyib. Həddən artıq borcu olması onu ölkədən qaçmağa vadar edib.
Beləliklə, baş verənlər göstərir ki, Samvel Babayan Dağlıq Qarabağ kartı vasitəsilə Ermənistanda yeni siyasi oyunun fəal iştirakçısına çevrilib. Bu oyun isə Ermənistanda yeni çevrilişin baş verə biləcəyini qətiyyən istisna etmir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər