• cümə, 29 Mart, 19:50
  • Baku Bakı 14°C

Separatçılar bir-birini didir

10.06.16 10:35 1111
Separatçılar bir-birini didir
Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejim daxilində vəziyyət gərginliyini saxlayır. İndiki "müdafiə naziri” Levon Mnatsakanyanla keçmiş "müdafiə naziri” Samvel Babayan arasında münasibətlər kritik həddə çatıb. Separatçı rejimin nümayəndəsi Babayanı 1994-cü ilin yanvar-fevral aylarında bircə gün ərzində 21 kilometrlik ərazini Azərbaycana təhvil verməkdə günahlandırıb. Bundan əvvəl Samvel Babayan aprel əməliyyatları zamanı erməni tərəfinin səhvlərə yol verdiyini demişdi.
"Bu laqeydlik idimi, yoxsa bizimkilər mövqeləri zəiflətmişdilər, yaxud başqa səbəblər olub - bunu nazirlik araşdırmalıdır... Fakt odur ki, yarım saat, yaxud bir saat ərzində bütün mövqelər təhvil verilmişdi. Bundan sonra biz hücumlar edərək itirilmiş ərazilər üzərində nəzarəti bərpa etməyə çalışdıq, bu da itkilərə səbəb oldu”, - deyə S.Babayan bildirib. İndiki "nazir” Levon Mnatsakanyan isə ərazilərin itirildiyini danmır, ancaq Babayanı "yaddaşını təzələyərək” vaxtilə torpaqları necə verdiyini xatırlamağa çağırıb. Samvel Babayanın müdafiə sistemlərinin yaradılmaması barədə iradına cavab olaraq indiki "müdafiə naziri” soruşub ki, onun özü vəzifədə olduğu vaxt belə sistemləri yaratmışdımı: "Bundan başqa, o, vəzifədə olduğu günlərdə bizim elə mövqelərimiz var idi ki, düşmənin mövqelərindən cəmi 50 metr aralı yerləşirdi. Onda o niyə düşmənə 50 metr məsafədə mövqelər qurmağa imkan vermişdi?”
S.Babayanın aprelin əvvəlində baş verənlərin müharibə yox, diversiya əməliyyatı olduğu barədə sözlərinə cavab olaraq indiki "nazir” iddia edib ki, "qarşı tərəf təmas xəttinin bütün perimetri boyunca, 200 kilometrdən çox ərazidə 1000-dən çox xüsusi təyinatlı döyüşçü, 200 tank, artilleriya sistemləri, zərbə vuran pilotsuz uçan aparatlardan istifadə edib. O deyib ki, Azərbaycan tərəfi aprelin üç günü ərzində 20 mindən çox mərmi buraxıb. Halbuki 1992-1994-cü illərdə üç il ərzində buraxılmış mərmilərin sayı 100 mini keçməmişdi. Bundan əvvəl Qarabağ "parlamentinin” Hayk Xanumyan adlı müxalifətdən olan deputatı tələb etmişdi ki, Samvel Babayan yenidən "müdafiə naziri” vəzifəsinə təyin edilsin. Həmin deputat nəticədə ağır döyülüb. Deputatın bu tələbindən sonra Xankəndidə çıxış edən S.Babayan deyib ki, onu keçmiş vəzifəsi maraqlandırmır. Mnatsakanyan Babayanın bu çıxışını Qarabağa qarşı diversiya adlandırıb. "Onun bəyanatlarında kadr dəyişikliklərinə çağırış var. Mən bunu təhlükəli hesab edirəm. Onun bu hərəkətlərini cəmiyyətimizə, suveren dövlətimizə, onun müdafiə gücünə qarşı təxribat hesab edirəm” - deyə o bildirib.
Xatırladaq ki, bir neçə il Rusiyada yaşayan Samvel Babayan ötən bazar günü Qarabağa qayıdıb. Yüzlərlə yerli sakin sabiq "müdafiə naziri”ni təntənə ilə qarşılayıb. S.Babayanı Xankəndində az qala qəhrəman kimi qəbul ediblər. Separatçı rejimin keçmiş nümayəndəsini sakinlər əllərində "Milli qəhrəman” şüarları ilə qarşılayıblar. O, erməni hakimiyyət orqanlarını öz xalqını aldatmaqda və Azərbaycanın real hərbi potensialını gizlətməkdə günahlandırıb. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən qüdrətli raket əleyhinə müdafiə sisteminə malikdir. Onun fikrincə, 1-2 il Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara başlamayacaq. Bu səbəbdən də erməni tərəfinin öz müdafiə sistemini gücləndirmək üçün vaxtı var. Əlavə edib ki, Ermənistanın adi silahları almağa belə vəsaiti yoxdur.
Ən maraqlısı isə odur ki, sabiq "müdafiə naziri”ni vəzifəsinə qaytarmaq təklifi ilə çıxış edən Hayk Xanumyan döyülüb, hazırda xəstəxanada yatır. Hadisə ilə bağlı yerli hakimiyyət orqanları tərəfindən cinayət işi qaldırılıb. Separatçı rejim tərəfindən döydürülən deputatla bağlı bir sıra təfərrüatlar da bəlli olub. Bu barədə S.Babayan bildirib. "Xanumyanı döyənlər ondan tələb ediblər ki, guya mənim onu maliyyələşdirdiyim barədə məktub yazsın. Əks təqdirdə öldürəcəkləri barədə xəbərdarlıq ediblər. Bu artıq 16 ildir ki, Qarabağda baş verir. İnsanları zorla özlərinə tabe etdirirlər. Qorxudurlar, nəfəs almağa imkan vermirlər”, - deyə o bildirib.
Bu arada, bir qrup erməni deputatı separatçı rejimin və Ermənistanın hərbi birləşmələrində, Müdafiə Nazirliyində korrupsiyanın miqyası barədə bəyanatla çıxış ediblər. "Tert” saytının məlumatına görə, Edmon Marukyan adlı deputat başda olmaqla bir qrup parlamentari deyib ki, Müdafiə Nazirliyindəki korrupsiya yumağı özünə günü-gündən daha çox adam cəlb etməklə ordunu "udub”. Vahan Maxsudyan adlı digər bir deputat isə deyib ki, aprel ayındakı eskalasiya zamanı uğradıqları məğlubiyyət erməni ordusundakı çatışmazlıqların, rüşvətxorluğun artıq qarşısıalınmaz bir hala gəldiyini göstərir. Aleksandr Arzumanyan: "Balıq başdan iylənir, Ermənistanda korrupsiyanın mövcud olmadığı bir yer yoxdur”. Deputatlar bildiriblər ki, 1 general və iki polkovnikin 4 günlük müharibədən sonra saxlanılması rüşvətxorluğa görə deyil, məhz günahı onların boynuna atmaqla bağlıdır.
Ən önəmlisi isə odur ki, aprel sindromundan sonra erməni siyasi dairələrində və mətbuatında Rusiya rəhbərliyinin ittiham edilməsi əsas xətt kimi keçir. Müxalifət mətbuatı ilə yanaşı, iqtidar mətbuatında da mütəmadi olaraq rəsmi Moskva ittiham olunur, uğursuzluq və canlı qüvvə sarıdan xeyli itki verilməsində birbaşa günahkar hesab edilir. Bütün bunların isə birbaşa hakimiyyətin sifarişi ilə edildiyi heç kimdə şübhə doğurmur. Forpost ölkə artıq sözün əsl mənasında müstəqilliyin nə olduğunu indi anlamağa başlayır. Əsas ittiham da odur ki Rusiya onlara silah almağa imkan verməyib. Köhnə silahları onlara sırımaqla öz büdcəsini doldurur. Lakin bu ittihamları elə rus ekspertlərin özləri bir neçə dəfə gözəl formada cavablandırıblar. Onlar bildiriblər ki, Ermənistanın mövcud durumu Rusiyanın heç köhnə silahlarını almağa da imkan vermir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər