• cümə axşamı, 25 aprel, 01:15
  • Baku Bakı 19°C

Separatçı rejimdə “seçki” niyə təxirə salınmadı?

30.03.20 16:15 1922
Separatçı rejimdə “seçki” niyə təxirə salınmadı?
Politoloqların fikrincə, Paşinyan qondarma rejimdə tələsik "seçkilər” keçirməklə, məsələni öz xeyrinə həll etmək istəyir
Dünyada koronavirus pandemiyası ilə əlaqədar olaraq seçkilər, referendumlar, kütləvi tədbirlər təxirə salınıb. Lakin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondar rejimdə "parlament və prezident seçkiləri”nin keçirilməsi nəzərdə tutulub. Martın 31-də keçiriləcəyi bəyan edilən "seçki” ilə bağlı olaraq, Paşinyan bəyan edib ki, qondarma rejimdə heç bir koronavirus təhlükəsi yoxdur. Lakin maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 500-ə yaxınlaşıb. Mövcud təhlükənin aradan qaldırılması ilə bağlı Ermənistan rəsmiləri maliyyə yardımı üçün müxtəlif dövlətlərə müraciət edib. Hətta hərbi rəhbərlik gizlətsə də, Ermənistan ordusunda virusun yayılması xəbəri də var. Bəs onda necə ola bilər ki, Ermənistanla mütəmadi gediş- gəlişi olan qondarma rejimin ərazisində koronavirus təhlükəsi olmasın? Hansı səbəblərdən Paşinyan qondarma "Dağlıq Qarabağ” rejimində virus təhlükəsi olduğu halda "seçki”ni təxirə salmır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Nikol Paşinyan qondarma rejimdə tələsik "seçkilər” keçirməklə, məsələni öz xeyrinə həll etmək istəyir: "Ona görə də koronavirus təhlükəsini də nəzərə almayaraq bu qondarma seçkiləri təxirə salmadı. Onların guya "Dağlıq Qarabağ”da bu virus təhlükəsinin olmaması ilə bağlı verdikləri açıqlamalara şübhə edirəm. Əgər Ermənistanda koronavirusa yoluxanların sayı 500-ə yaxıındırsa və yaxın günlərə qədər işğal olunmuş ərazirlərə gediş-gəliş mövcud olubsa, necə ola bilər ki, "Dağlıq Qarabağ”da virus yayılmasın? Əgər bu təhlükənin olduğunu etiraf etsəydilər, məcbur qalıb "seçkini” təxirə salmalı idilər. Necə ki, Rusiya kimi böyük dövlət aprelin 12-də konstitusiya dəyişiklikləri ilə bağlı referenduma hazırlaşırdı, amma virus səbəbindən bunu təxirə saldı. Rusiya prezidenti Putin də elan etdi ki, obyektiv səbəblərə görə referendum başqa vaxta keçirilir. Halbuki, özü bu referendumun keçirilməsində çox maraqlı idi”.

E.Şahinoğlu qeyd etdi ki, ermənilər, böyük ehtimalla, Qarabağda virusun yayılmasını gizlədirlər: "Ona görə də bu "seçki”ni keçirmək istəyirlər. Amma yəqin ki, Azərbaycanın da bu qondarma "seçki”yə kəskin reaksiyası olacaq. "Seçki”də isə yenə də "Qarabağ klanı” nəzarəti öz əlində saxlamaq istəyir. Çox təəssüf ki, onlara Rusiyadakı müəyyən mərkəzlər də dəstək verirlər. Fikrimcə, beynəlxalq aləmin bir müraciəti olmalı idi. ATƏT-in Minsk qrupu yaxın günlərdə bir bəyanat verdi ki, indiki ağır vəziyyətdə atəşkəsə riayət etmək lazımdır. Yaxşı, bunu deyən vasitəçilər gərək onu da deyərdilər ki, belə ağır vəziyyətdə "seçki” keçirməyin də yeri yoxdur. Çox təəssüf ki, belə bir açıqlamanı biz eşitmədik”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Paşinyan koronavirus təhlükəsinin olmasına baxmayaraq, qondarma "Dağlıq Qarabağ” rejimində "seçki”lərin keçirilməsində maraqlıdır: "Halbuki, biz bilirik ki, dünyanın bir çox ölkəsində seçkilər, o cümlədən Rusiyada keçirilməsi nəzərdə tutulan referendum təxirə salınıb. O cümlədən, Dağlıq Qarabağda yaşayan ermənilər seçkilərin təxirə salınmasını istəyirdilər. Buna baxmayaraq, Nikol Paşinyan fürsətdən istifadə edərək tez bir zamanda öz adamını Dağlıq Qarabağdakı separatçı rejimin başına gətirmək istəyir. Onsuzda bu "seçki”nin nəticəsi bəllidir. Biz bilirik ki, Paşinyan uzun müddətdir "Qarabağ klanı” ilə mübarizə aparır və indi ən böyük intriqa qondarma rejimin "rəhbərliyinə” Paşinyanın, yoxsa Koçaryanın adamının gətirilməsi ilə bağlıdır. İnternetdə yayılan video kadrlardan da görünür ki, Paşinyanın tərəfdarları qondarma rejimdəki erməniləri məhz onun namizədinə "səs verməyə” vadar edirlər. Bununla bağlı sadə ermənilərin də video müraciətləri var. Bütün bunlar onu deməyə əsas verir ki, dünyanın diqqət mərkəzinin koronavirusa yönəldiyi bir vaxtda, ermənilər Cənubi Qafqazda yenə də öz niyyətlərinə çatmaq üçün çirkin oyunlarından çəkinmirlər”.

Z.Məmmədov vurğuladı ki, Azərbaycan üçün qondarma rejimdə keçirilən "seçki”nin əhəmiyyəti yoxdur: "Orada "hakimiyyət”ə kimin gəlməsindən asılı olamayaraq, onsuz da bu rejim Ermənistan tərəfindən idarə olunur. Paşinyanın "mən oradakı rejimin işinə qarışmıram” deməsi, lakin "seçki”ni təxirə salmaması və onun Ermənistan tərəfindən hazırlanması bir daha onu göstərir ki, Azərbaycan torpaqlarını məhz Ermənistan işğal edib. Hər halda, qondarma rejimdə keçirilən "seçki” qeyri-legitimdir. Bundan əvvəl də bir neçə dəfə belə "seçkilər” keçirilib. Lakin "Dağlıq Qarabağ” dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb və bu rejimdə "seçki”nin keçirilməsi Azərbaycana beynəlxalq aləmdə imkan verir ki, işğalçı rejimin əsl simasını dünyaya göstərmiş olsun. Hər halda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2020-ci ildə Paşinyana verilən müddət başa çatır və o, bundan lazımınca istifadə etməyəcəksə, 2021-ci ilin sonlarına qədər hakimiyyətdən uzaqlaşdırılmasının şahidi olacağıq”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər