• cümə axşamı, 28 mart, 14:25
  • Baku Bakı 16°C

“Səni axtarıram”ı halallıqla başqa bir kanalda davam etdirmək istəyirəm”

14.04.15 11:56 2808
“Səni axtarıram”ı halallıqla başqa bir kanalda davam etdirmək istəyirəm”
Son günlərin mövzusu Azərbaycan teleməkanında böyük tamaşaçı kütləsi toplayan, 5 ildir ki, reytinqlərdə birinciliyi qoruyub-saxlayan “Səni axtarıram” verilişinin bağlanması ilə bağlı yayılan xəbərlər oldu. Layihənin müəllifi Xoşqədəm Hidayətqızı bu gün mətbuat nümayəndələrini ətrafına cəm edib, yayılan xəbərlərə aydınlıq gətirdi. Məlum oldu ki, X.Hidayətqızı Azad Azərbaycan MTRK (ATV) ilə əməkdaşlığına son qoyub.
X.Hidayətqızının sözlərinə görə, 5 il öncə “Səni axtarıram” layihəsi ilə bir neçə kanala müraciət edib. Televiziyalarımız Xoşqədəm xanım o zaman tanınan sima olmadığı üçün bu verilişin yayımlanmasına tərəddüd ediblər. Çünki televiziyada yayımlanan verilişlərdə sponsorlar yalnız tanınan simalarla işləməyə üstünlük verirlər: “Belə bir məqamda sevimli kanalımız olan ATV mənim üçün öz qapılarını açdı. Bu 5 ildə tamaşaçı sevgisini məhz o kanalın ekranlarında qazandım. Hər şeyin başlanğıcı kimi bir sonu da varmış. Üç gün ərzində susmağımın bir səbəbi var idi. Mənə məxsus olan layihə ilə bağlı susmalı idim. Bu müqəddəs bir layihədir. Zaman-zaman lağ obyektinə çevrildik, sosial şəbəkələrdə bir çox xoşagəlməz sözlər yazıldı. Bu müqəddəsliyi qorumaq üçün beş il savaş verdim”.
Xoşqədəm Hidayətqızı bildirdi ki, onun kanaldan ayrılma səbəbi madiyyatla bağlı deyil: “Dəfələrlə ATV-dən getmək istəmişəm. Hər dəfə mənə müxtəlif vədlər verirdilər. Digər tərəfdən də ATV mənə doğma kanal olduğu üçün buradan ayrılmaq istəmirdim. Baxmayaraq ki, başqa kanallardan mənə dəfələrlə təkliflər gəlirdi. Sabah mən yenə gedib bu kanalda işləyə bilərəm. Ötən ilin avqust ayında komandam ilə başqa kanala keçməyi düşünürdük. Ancaq vəziyyət elə gətirdi ki, ATV–də fəaliyyətimizə davam etdik. Sentyabrda yayım başlayanda gördüm ki, hər şey əvvəlki kimi deyil. Yanvarda isə Vüqar Qaradağlı bildirdi ki, layihəni yayımdan qaldırmaq istəyir. Bu sözü eşidəndə şok oldum. O, bildirdi ki, kanala bu günə kimi 68 min 500 məktub, 180 mindən çox SMS gəlib. Axtarışla bağlı dünyanın hər bir nöqtəsindən 60 mindən çox müraciətlər olunub. Bildirdim ki, bu layihəni birdən-birə bağlamaq olmaz. Bu, tamaşaçı etirazına səbəb ola bilər. Ciddi şəkildə həm kanalın, həm də öz nüfuzumuza zərbədir. Mən bunun qarşısını aldım. Aprelin ilk həftəsində eyni söhbət yenə oldu. İkinci təklifdən sonra layihənin bağlanmasına razılaşdım. Ona bildirdim ki, layihə mənim haqqımdır və mənə bir arayış verəcəksiniz ki, bu layihənin müəlliflik hüququ və səlahiyyəti məhz Xoşqədəm Hidayətqızına məxsusdur. Mən də gedib istənilən kanalda verilişimi təqdim edəcəyəm. Düzdür, başqa bir layihə ilə yenə də efirdə ola bilərəm. Ancaq burada yüzlərlə insanın ah-naləsi, göz yaşı, axtarışı var. Bunlardan asanlıqla vaz keçə bilmərəm. Bu xəbər yayıldıqdan sonra tək ANS-dən deyil, digər kanallardan da bizə təkliflər gəldi. Üç gün bundan öncə isə V.Qaradağlı söylədi ki, o sənədi sənə verməyəcəyəm, ancaq tam əmin ol, mən belə bir layihə etməyəcəyəm. Axı, haqq və halallıq deyilən bir şey var. Burada on minlərlə insanın göz yaşı, ah-naləsi, ümidi var”.
Layihənin müəllifi ATV telekanalını ata ocağına bənzətdi və oradan ayrıldığı üçün çox qüssələndiyini dilə gətirdi: “Mənə Türkiyədə də bir layihəni həyata keçirmək üçün müraciət etmişdilər. Bu layihəyə görə mən ondan da imtina etdim. ANS-də yayımlanacaq verilişimə komandamla birgə gedirəm. Hazırda yanımda olanların hər biri dedi ki, “Səni axtarıram” layihəsini kim yaradıbsa, siz haradasınız, biz də oradayıq. Heç bir əməkdaşımı özümlə dəvət etmədim. Mən bu prosesdə vicdanlı medianın gücünü hiss etdim”.
Mətbuat nümayəndələrinin suallarını cavablandıran aparıcı verilişin müstəsna hüquq sahiblərindən biri olduğuna baxmayaraq, gəlirlərin 50 faizindən xəbərinin olmadığını və bu günə qədər də o gəlirin 50 faizini almadığını iddia edir: “Veriliş bitdikdən sonra müəlliflər yazılanda mənim orada adım yazılmadı. Mən onu heç tələb də etmədim. Çünki mənim üçün çox dəyərli bir şey vardı. Mənə müraciət edən insanlar. Məhz bu gün məcburiyyət qarşısında qalaraq bütün olanları danışdım. Allah keçsin günahımdan. Çünki iki nəfərin arasında olan söhbəti mən ictimailəşdirdim. Artıq bu, iki nəfərin arasında olan söhbət deyil, mənimlə milyonlarla insanın arasında olan münasibətdir. Televiziyaya gələn gəlirlərdən, pullardan mənim xəbərim olmayıb”.
Xoşqədəm bu layihəni başqa telekanalda davam etdirmək hüququnun olduğunu və Vüqar Qaradağlının da buna etiraz etmədiyini bildirdi: “Verilişin müstəsna hüquq sahibləri Xoşqədəm Hidayətqızı və Azad Azərbaycan müstəqil teleradio kompaniyasıdır. Bu məsələdə ATV də hüquqi sahibidir. Sabah başqa bir kanalda mən bu layihəni davam etdirə bilərəm. Ancaq bu, mənim layihəmdirsə, o hüququ mənə verməlidir. Qarşılıqlı razılaşma olmalıdır. Hər şey qanunla tənzimlənməlidir. İstəmirəm ki, kanallar arasında toqquşma olsun. Bu layihə davam edəcək. Mən başqa kanala işləməyə gedəcəyəm, oraya qalmaqalla gedirəm. Amma bu, kimə lazımdır?”
X.Hidayətqızı həyat yoldaşı Doğuşla bağlı ünvanlanan sualları da cavablandırdı: “Doğuşun Türkiyədə işləri çoxdur. Yeni filmə çəkilir. Onun Azərbaycanla bağlı planları yoxdur. Doğuşu Azərbaycanda seriala dəvət etmişdilər, razılaşmadı. Əslində istəyərəm ki, Doğuşla birlikdə veriliş təqdim edim. Bu, maraqlı ideyadır. Lakin Doğuş çox qonorar istəyir. O vaxt verilişimə də qonorar alıb gəlmişdi. Doğuşun istədiyi qədər qonorar verməyə imkanım yoxdur. Ona ancaq min manat maaş verə bilərəm”.
Mətbuat nümayəndələri telekanala rəhbərlik etmək istəyinin olub-olmadığını sual etdikdə, Xoşqədəm heç zaman vəzifə iddiasının olmadığını və bundan sonra da olmayacağını dilə gətirdi. Bildirdi ki, o, kasıb ailədə doğulub, arxasında da heç kim dayanmır: “Mən kasıb bir ailədə doğulmuşam. Atam bir fəhlədən də daha kasıb idi. Ucqar bir rayonda sovet dönəmində çalışmış, özünə ad qazanmış bir insandır. Mən Xoşqədəm Hidayətqızı adını 20 ildə öz zəhmətimlə bu günə gətirmişəm. Tək, gücsüz qadınam, arxamda da gücüm yoxdur. Vəzifədə heç bir qohumum yoxdur. Bir kişinin qadına qarşı mübarizə aparıb qalib gəlməsi güc demək deyil. Mənim istəyim halallıqla bu layihəmi götürüb başqa bir kanalda davam etdirməkdir. Düzdür, Vüqar müəllim mənə deyib ki, sən bu layihəni başqa kanalda davam etdirə bilərsən. Ancaq mən bunun hüquqi, qanuni müstəvidə olmasını istəyirəm. Bildiyimə görə, Vüqar Qaradağlı kitab-namaz əhlidir. Onun bu məsələyə diqqət yetirməsini istəyirəm”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər