• şənbə, 20 Aprel, 10:53
  • Baku Bakı 14°C

“Sənətinin peşəkarı olduqdan sonra pul qazanmaq problem deyil” – Sadə peşə adamı

24.06.14 09:48 5908
“Sənətinin peşəkarı olduqdan sonra pul qazanmaq problem deyil” – Sadə peşə adamı
Belə bir məsəl var: insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Geyim insan həyatında önəmli faktorlardan biridir. Unutmaq lazım deyil ki, hər gün istifadə etdiyimiz geyimlərin yaradıcıları, onları tikib ərsəyə gətirən peşə adamları var. Bu işi ərsəyə gətirənləri müasir dövrdə “modelyer”, “dizayner” kimi müxtəlif adlarla çağırılır. Amma klassik adı dərzidir. Biz də daim iynələr, saplar, paltar tikən maşınlarla işləyən dərzi Aynur Əliyeva ilə söhbətləşdik.
“Dərzilik uşaqlıq arzumdur”
Həmsöhbətimiz hələ 21 yaşında olmasına baxmayaraq 11 ildir dərzilik sənətinin bütün sirlərinə bələd olub. Aynura bu peşəni ilk dəfə anası sevdirib. Müsahibimizin sözlərinə görə, gözünü açandan anasını tikiş maşının arxasında paltar tikən görüb: “Dərzi olmaq mənim uşaqlıq arzum olub. Bu arzumu reallaşdırdığım üçün çox xoşbəxtəm. Hələ uşaq vaxtından anam paltar tikərkən mən də parçalarla oynayır, bəzən anamın rəngli saplarını açır, onun əllərinə diqqətlə baxırdım. Anam işini o qədər sevirdi ki, onun əlinə baxıb bu sənəti sevməmək mümkün deyildi. O zaman qərar verdim ki, mən də dərzi olmalıyam və anamın sənətini davam etdirməliyəm”.
“Sənətimin xəstəsiyəm”
Aynur deyir ki, 12 yaşında olarkən ailəsi ilə birlikdə Türkiyəyə gediblər və orada məşhur tekstil şirkətlərindən birində çalışıblar: “Qardaş ölkədə anam və bacılarımla birlikdə çalışmağa başladım. Orada çalışarkən 12 yaşım var idi. Anam dərzi kimi işləyirdi. Mən isə köməkçi idim. Həm sənəti öyrənir, həm də dərzilərə parça gətirib-aparır, ortalığı yığışdırırdım. Daha sonra mən də anam kimi dərzi işləməyə başladım. Ailəmlə birlikdə 7 il burada çalışdıqdan sonra vətənimizə qayıtdıq”. Gənc dərzinin sözlərinə görə, sənətini o qədər sevir ki, bir gün paltar tikmədikdə özünü narahat hiss edir: “Dərzilik məndə çalışmaqdan çox vərdiş halını alıb. Sanki bu sənətin xəstəsi olmuşam. Artıq vəziyyət o yerə gəlib ki, mən pul qazana bilməsəm belə, paltar tikməyə davam edəcəm”.
Dərziliyin sirri
Sənətinin sirlərindən danışan Aynur deyir ki, dərzilik sənətində işinin peşəkarı olmaq üçün ilk öncə bu sənəti sevməlisən: “Dərzi olmaq üçün ilk əvvəl insanda həvəs olmalıdır. Çünki bu işə həvəs göstərməsən, işinə sevərək yanaşmasan, çalışmaq mümkün deyil. Dərzilikdə önəmli olan ikinci keyfiyyət isə səbirli və diqqətli olmaqdır. İynələrlə, saplarla işləmək çox incə işdir. Əgər sənə əmanət edilən parçadan yaxşı paltar çıxmasını istəyirsənsə, diqqətli olmalı və tikişlərini düzgün vurmalısan. Dərzi eyni zamanda öz zövqü ilə sifarişçinin zövqünü uyğunlaşdırmağı bacarmalıdır”.
Dərzilik peşəsinin gəlirli sahə olub olmamasına gəldikdə isə, müsahibimiz deyir ki, əgər peşənin kamil bilicisisənsə, bu sənətdə də kifayət qədər yaxşı pul qazanmaq mümkündür: “Bəzi insanlar düşünür ki, artıq satışda necə paltar istəsən, tapmaq olur. Buna görə dərziyə paltar tikdirməyə ehtiyac yoxdur. Amma bu, səhv düşüncədir. Bazarda, mağazalarda satılan paltarlarla dərzi tikən paltar fərqli olur. Onsuz da müştərilər paltarı mağazadan alsa belə, dərziyə düzəltdirirlər, çünki mağazada satılanlar standart formada tikilir. Hər kəsin ölçüləri müxtəlifdir. Dərzi bədən formasına uyğun kəsib tikdiyindən paltar da adamın əynində yaxşı görünür”.
Hər cür sifariş qəbul etdiyini deyən müsahibimizin sözlərinə görə, sadə paltarı 20 manatdan başlayan qiymətlərlə, mərasim geyimlərini isə 50-60 manatdan başlayan qiymətlərlə tikir: “Sifarişlər müxtəlif olur. Bəziləri tikdirmək istədiyi geyimin modelini zövqülərinə görə tərif edir və ya paltarın şəkilini gətirirlər. Bəziləri isə dərzinin fantaziyasına və məsləhətinə güvənir. Qiymətlərsə əlbisələrin formalarına uyğun müəyyənləşdirilir. Tikilişi çətin olan paltarlar baha, asan hazırlananlar nisbətən ucuzdur”.
“Brend paltarları tikirəm”
Hazırda Laçın Ticarət mərkəzində atelyədə işləyən Aynur deyir ki, bəzən müştərilər brend mağazalarda hansısa paltarı görüb çox bəyənirlər. Lakin bu paltarı almağa pulları çatmadığından eynisini tikdirmək üçün dərziyə müraciət edirlər: “Bəzi müştərilər hansısa brend mağazada paltar bəyənir, amma onu almağa gücü çatmır. Həmin modelin şəklini çəkib mənə gətirirlər. Ya da internetdən, moda jurnallarından model seçirlər. Elə müştəri olur ki, əlində parçası gəlir nə istədiyini, nə tikdirəcəyini bilmir. Onda məsləhət verirəm ki, bu parçadan ətəkmi, ya donmu yaxşı çıxar və bu xanıma hansı stildə yaraşar”.
Hər bir sənətdə olduğu kimi, dərzilik peşəsinin də çətinlikləri var. Aynurun sözlərinə görə, bu peşənin ən böyük çətinliyi kaprizli müştərilərlə ünsiyyət qurmaqdır: “Hər sənətdə olduğu kimi, bizim işdə də əsas çətinlik kaprizli müştərilərlə yol getməkdir. Kaprizli adamın sifarişi də çətin başa gəlir. Belə müştərilərin işinə nə qədər diqqətlə yanaşsan da, istədiyi kimi alınmır. Onlar ya sənin işini bəyənmir, ya da nə istədiyini çatdıra bilmir. Bu zaman səbrli olmalı və müştərini gülər üzlə yola salmağı bacarmalıyıq. Müştəri məmnunluğu bizim üçün çox önəmlidir ki, ikinci dəfə o müştəri bizə müraciət etsin”.
“Pul qazanmaq problem deyil”
Aynurun sözlərinə görə, bu gün professional dərzilərə tələbat çoxdur: “Bu sənəti inkişaf etdirmək üçün bacarıqlı insanlar sənətdən qorxmasınlar. Özlərini inkişaf etdirsinlər və sənətlərinə sahib çıxsınlar. Sənətinin peşəkarı olduqdan sonra, pul qazanmaq problem deyil”.
12 ildir bu peşə ilə məşğul olan gənc müsahibimiz sonda vurğuladı ki, ölənə qədər bu peşənin ardınca gedəcək.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər